21.04.2012

Anar: “Özlərini “cavan yazıçı” kimi sırımaq istəyənlər nə cavandır, nə yazıçı”


Xalq yazıçısı Anarla müsahibə


– Anar müəllim, “525-ci qəzet”də dərc olunan “Daşlama”nız həm mətbuatda, həm də virtual məkanda qalmaqala səbəb olub. Yazını dəstəkləyənlərin və əleyhinə olanların mübahisələri səngimək bilmir. Bu barədə nə düşünürsünüz?


– Məni başa düşənlərə, dəstəkləyənlərə təşəkkürümü bildirirəm. Əleyhimə yazanlara da təşəkkür edirəm, çünki onlar da öz iradlarıyla məni xeyli güldürdülər, kefimi açdılar. Onlar da deyirlər ki, mənim yazım onları çox sevindirib. Doğrusu, onları bu qədər sevindirəcəyimi bilsəydim, bu yazını çoxdan yazardım.
Məni güldürən onların özlərini bu qədər gülünc vəziyyətə salmalarıdır. İzah edim: Mən ki, heç kəsin adını çəkmədən ədəbiyyatımızda çoxdan mövcud olan bir janrı – “Daşlama” adıyla yenidən canlandırmağa çalışmışam. Bunlar niyə özlərindən çıxıblar? Məsələn, Sirkə Badımcan deyəndə konkret olaraq heç kəsi nəzərdə tutmurdum. 

“Heyvərə Sirkə Badımcan” Mirzə Cəlilin “Zırraması” kimi ümumiləşdirilmiş bədii obrazdır. Kimsə bunu özünə aid edirsə, Rəşad Məcidin dediyi kimi, qanadlanıb “Anar məndən yazıb” deyə kef çəkirsə, bu onun sevincidir, mənim günahım deyil. 
 



Eləcə də özü-özünün internet ünvanını “murdar” kimi göstərənə bu adı mən yox, özü verib. Özünə məhz bu adı münasib bilirsə, mənim nə təqsirim var? Həmin zat (özü-özünə qoyduğu adı daha işlətmirəm ki, incə qəlbini qırmayım) yazır ki, Anarın “ayıbını sovet senzurası örtürmüş, ordakı əjdahalar yazılarının böyür-başını düzəldib adam arasına çıxarılası şəklə salırmış”. Bu sərsəm fikirləri deyəni normal adam saymaq olar? Mən bir şey demirəm, qoy oxucu özü nəticə çıxarsın. Belələri konkret olaraq mənim adımı çəkir, mənə çirkab atırlar. Amma mən bir yerdə də onların adını çəkmədən “əzvaylar”, “cahillər”, “buyruq qulları” deyəndə dərhal “qarğa, məndə qoz var” yaxud “soğan yeməmisən, için niyə göynəyir” prinsipinə uyğun olaraq bütün bu sözləri məhz özlərinə aid edirlər, bəlkə, hələ pay-püşk edib öz aralarında bölüşürlər, “məni deyir, yox məni deyir” – deyə öcəşirlər... Belə çıxır ki,bundan sonra da mən yazılarımda məsələn, “dələduz”, “yekəbaş”, “mürtəd” sözlərini işlətsəm, bunlar vay-şivən qoparacaqlar ki, bizi deyir. Həm qəribə, həm də gülməli məntiqdir.

– Dəfələrlə təkzib olunsa da, yenə də iddia edirlər ki, siz cavan yazıçılara qarşısınız...


– Mənim haqqımda dedikləri silsilə yalanlardan biri də budur. İstedadlı cavanların gözüm üstə yer var, onlara hər cür dəstək vermişəm, dəstək verirəm və dəstək verəcəm. Amma gəlin görək özlərini cəmiyyətə cavan yazıçı kimi sırıyanlar, doğrudan da, cavandırlarmı və doğrudan da yazıçıdırlarmı? Məncə, onlardan bəziləri nə cavandır, nə yazıçı. Məşədi İbad yaşında da “cavan” olar? Əsər yazmadan da yazıçı sayılmaq olar? Bu günlərdə hansı yazıdasa oxudum ki, Anar özündən əlli yaş cavanlarla mübahisə edir, əgər bu “cavan” əlli yaşındadırsa və məndən əlli yaş cavandırsa, deməli məni yüz yaşlı hesab edirlər. Allah ağızlarından eşitsin. O ki qaldı yazıçılıq məsələsinə, bunu hələ özləri öz aralarında həll edə bilməyiblər. “Azadlıq” qəzetinin 23 mart nömrəsində yazıblar ki, Göyçayda bir nəfər məni yox, üç başqa adamı yazıçı sayır. Çox əcəb. Eşq olsun bu göyçaylıya! Müəllifin sözlərinə görə, göyçaylının yazıçı saydıqlarından biri, əlbəttə ki, yazı müəllifinin özüdür. Ancaq ən qəribəsi odur ki, yazıçı elan edilənin bir başqası həmin “Azadlıq” qəzetinin 18 aprel sayında təvazökarlıqla etiraf edir ki, “ədəbiyyat adamı deyiləm”. Deməli, öz etirafına görə ədəbiyyat adamı olmayan şəxs, başqasının gözəl Göyçaydan gətirdiyi şad xəbərə görə yazıçı imiş. Həmin bu “ədəbiyyat adamı” olmayan “yazıçı” mənim yaradıcılığıma aid çox dəyərli fikirlər söyləyir: “Anar Viktor Hüqonun Kozettanın otağını təsvir etdiyi kimi bir bədii mətn yaza bilərmi? Andrey Platonovun “Takır”ını icad edə bilərmi, Berhard Şlinkin “Qiraətçi”si kimi əsər yarada bilərmi?”. Ağıllı suallardır! Məntiqə də söz ola bilməz. Yazıçıların bu qəribə siyahısını oxuyanda əvvəl təşəkkür etmək istədim, axı hər halda məni Viktor Hüqoyla, Platonovla müqayisə edir, daha özü və özü qəbilindən olan yazıçılarla yox. Fikirləşdim ki, axı nə səbəbdən mən Kozettanın otağını təsvir etməliydim. Sonra başa düşdüm, adı çəkilən əsərlər, yəqin ki, bu müəllifin oxuduğu yeganə kitablardır. Arzu edərdim ki,başqa kitablarla da tanış olsun. Onda mənə verdiyi məsləhəti həyata keçirəndə – “kimləri yamsılamağın vacib” olduğuna aid daha geniş ədəbi siyahı tərtib edə bilər.

– Sizcə, bu “cavan yazıçılara”, ya da siz demiş, çox da cavan olmayan müəlliflərə qarşı çox kəskin mövqe tutmursunuz ki?


– Bu dediyiniz “cavan yazıçılardan” bir sitat gətirim, sonra kimin kəskin mövqe tutmasını özünüz deyin. Birisi deyir: “Mən Anarın və digər 60-cı illər nəsli nümayəndələrinin haqqında danışanda həmişə Sorokinin bir sözünü xatırlayıram: 60-cılar nəsli nə təhqirə, nə nifrətə layqdir. Onlar sadəcə, fiziki cəhətdən məhv olmalıdır ki, ədəbiyyatın canı onlardan qurtarsın” (“Yeni Müsavat” qəzeti, 16 aprel 2012). İndi özünüz deyin, kim-kimə qarşı sərt və kəskin sözlər deyir? Mən heç kəsin fiziki məhvini nə arzu etmiş, nə yazmışam. 37-ci illərin ab-havasını qaytarmağı istəyənlər kimlərdir, biz, ya bizi məhv etməyə can atanlar? Ən əxlaqsız (amma bunlardan fərqli olaraq istedadlı) rus yazıçısı Sorokini yamsılayaraq bizi məhv etmək istəyən zat daha sonra yazır: “Bunlar (yəni biz, “altmışıncılar”) “çox istedadın anasını ağladıblar!” Anasını ağlatdığımız bircəciyinin özünün, ya anasının adını çəkə bilərmi? Əlbəttə, yox. Binədən istedadı olmayan adamlar yazıçılıq, şöhrət, rəyasət həvəsinə düşübsə və buna nail ola bilmirsə, səbəbi bizdə niyə axtarırlar?
İndiyəcən mən heç kəsə birinci olaraq hücum etməmişəm. Yalnız haqqımda yazılan hədyanlara hərdən-birdən cavab vermişəm.

Bir gülməli cəhəti də qeyd edim. Mən internetə qatılmıram, orda haqqımda deyilənlərdən xəbərim yoxdur. Odur ki, qanımı internetdə qaraltmaq istəyənlər boşuna zəhmət çəkməsinlər, qızıl vaxtları hayıfdır. Amma görəsən “Azadlıq”da yazanlar heç olmasa öz yazılarını oxuyurmu? Fərqinə varırlarmı ki, mən “Daşlamam”da yalnız onların özlərinin mənim haqqımda işlətdikləri sözlərin bəzilərindən istifadə etmişəm. İndi deyirlər ki,bu ifadələri işlətmək Anara yaraşmır. Deməli, işlətdiyi sözləri və ifadələri özlərinə yaraşdırırlar, amma mənim işlətməyimi rəva bilmirlər. Yaxşı ki, aramızdakı fərqi başa düşüblər. Hər halda haqqımda belə yüksək fikirləri üçün təşəkkür edirəm. Deyəsən, bizim bu qalmaqal elə ancaq qarşılıqlı təşəkkürlərdən ibarətdir. Əleyhdarlarımdan biri acı-acı etiraf edir ki, illər boyu məndən yazmasına baxmayaraq, üç tək-bir cüt curundan başqa kimsəni inandıra bilməyib. Yazıq. Axır cəhdlərinin boşa çıxdığını dərk edib qərara gəlib ki, daha məndən yazmasın. Amma elə səhərisi gün dolu qəlbi dözməyib başqa qəzetdə yazıb ki, “Mən artıq onun (yəni mənim, Anarın) qıcıq olduğu (qıcıq olduğu nə deməkdir, Allah bilir, bir də bu yazını yazan), məqamları müəyyənləşdirdim (əhsən, min əhsən!) Onları təkrar-təkrar yazacam”. Yazacaq, ya yazmayacaq, hələ ki, özü də bilmir, amma məsələ ondadır ki, mənim “qıcıq olduğum məqamları” axır ki, tapıb. Cavan, ya o qədər cavan olmayan ömrünü “anarşünaslığa” həsr edən adamın get-gedə püxtələşməsi, yeni-yeni məqamlar kəşf etməsi məni sevindirir. Zarafatı buraxıb, tam ciddi deyirəm, mənim bu adamlara yazığım gəlir. Yazığım gəlir ki, həyatlarının yeganə sevinci kiminsə qanını qaraltmaq, kiminsə təzyiqini qaldırmaq, şəkərini artırmaqdan ibarətdir, ən yüksək amalları kiminsə ad gününü burnundan tökməkdir. Yenə ciddi deyirəm, bir də ona yazığım gəlir ki, bunların dünyasında ən böyük kef demə Kislovodska, ya Yesintukiyə getməkmiş, bu “kefi” heç cür bağışlaya bilmirlər “altmışıncılara”.

Birisi ağlayıb-sızlayır ki, “qəzetlərdən qovula-qovula, heç kəsə heç nə izah edə bilməyə-bilməyə, aşağılana-aşağılana illər boyu “aqrar düşüncəylə” mübarizə aparıb. Görünür, “aqrar” sözünün mənasını bilmir. Azərbaycan dilinin izahlı lüğətinə baxsın, “aqrar – torpağa, əkinçiliyə aid olan” deməkdir. Anar dura-dura bu biçarə illər boyu əkinçiliklə niyə mübarizə aparır? Anara aid planları da maraqlıdır “Biz onu qəhrəman kimi ölməyə qoymayacayıq” – deyir. Əzizim, əvvəla kimin haçan və necə ölməsi Allahın əlindədir, ikincisi də qəhrəman kimi ölmək bir yana dursun, sənin kimilərlə bir vaxtda yaşamaq və buna dözmək özü elə qəhrəmanlıq deyilmi?

– Anar müəllim, bəs dediklərində cüzi də olsa bir doğru məqamlar yoxdurmu?


– Olsaydı, nə dərdim vardı? Bir yazıçı xanım da “Yeni Müsavat” qəzetinin iki nömrəsində məndən yazıb. Birincisi onu deyim ki, “Yeni Müsavat” anarfobiyada “Azadlıq”a çatmaz. “Azadlıq”da məni hər gün sancırlarsa, “Yeni Müsavat”da bu savab işi həftədə bir dəfə edirlər.
“Dil dolaşıb düzün deyər”, əgər çox nadir hallarda “Azadlıq”da, ya “Yeni Müsavat”da bir namuslu jurnalistin mənim haqqımda obyektiv yazısı çıxırsa, dərhal onun özünün üstünə düşürlər, o da abrına qısılıb, ya da şantajdan qorxub susur, cavab vermir. Demokratiya, fikir müxtəlifliyi budursa, onda mənəvi terror, qanqster üsulu necə olur görəsən?

O ki qaldı həmin xanıma, mən onu doğrudan da yazıçı sayıram. Hadisələri düzgün qiymətləndirə bilmədiyi köşə yazılarına görə yox, oxuduğum iki-üç hekayəsindən aldığım xoş təəssürata görə onu yazıçı hesab edirəm. Fikrət Qoca çox mülayim şəkildə bu cavan xanıma məsləhət görmüşdü ki, gələcəkdə xəcalətini çəkəcəyi yazıları yazanda bir az düşünüb-daşınsın. Amma kimə deyirsən? Əvvəllər əleyhimə yazdıqlarını qoyuram bir yana (amma gələcək üçün hamısını saxlamışam), elə son günlərdə “Yeni Müsavat”da “Özünü basdıran adamlar”, “Anara vida məktubu” adlı yazıları çıxıb. Adamı bir dəfə basdırırlar, bunlar bizi neçə dəfə basdırıblar, neçə dəfə vidalaşıblar bizimlə? Heç cür basdırıb qurtara bilmirlər, heç cür vidalaşıb əl çəkmirlər. Xanım yazıçı da kişi həmfikirlərinin metoduna əl atır, mənim demədiyim sözləri adıma yazır, sonra özü uydurduğuna özü irad tutur. Mənim adımdan yazır “Qrant alanlar, ölkədəki inkişafı bəyənməyənlər”. Guya dırnaq arasında verdiyi bu sözlər mənim “Daşlamam”dır. Götürüb bir də oxusun həmin “Daşlama”nı, əgər orda inkişaf haqqında bir söz tapsa, mən bu xanımdan üzr istəmyə hazıram. Tapmasa (tapmayacaq da!) onun məndən üzr istəyəcəyinə inanmıram. İndiyəcən hansı təkzib olunmuş yalanlara görə üzr istəyiblər ki...

– Anar müəllim, amma bu dəstədən olmayan bəzi tanınmışlar da, məsələn, Əkrəm Əylisli və Aqil Abbas sizin şeirinizdən narazıdırlar, gərək Anar bunu yazmayaydı deyirlər.


– Köhnə palan içini tökmək istəmirəm. Amma indi mənə qarşı yazanların bir çoxu bir vaxtlar hücumlarını elə vaxtiylə Aqil Abbasın redaktə etdiyi qəzetdə çap etmirdilərmi? Sonra Aqil dəfələrlə mənə peşman olduğunu deyib. Tutalım mən bu üzrxahlığın səmimiyyətinə inandım. Amma məgər Aqil Abbas, ya Əkrəm Əylisli, ya başqa susub səsini çıxarmayan “dostlarım” mətbuatı izləmirlər, illər boyu mənə qarşı, ailə üzvlərimə qarşı ən çirkin, ən iyrənc atmacalardan xəbərsizdirlər? Niyə bir dəfə mətbuatda buna münasibət bildirməyiblər? Belə yerdə “Yəqin belə yazılar onların da ürəyindəndir” deyə düşünməyib neyləyəsən? İyirmi-iyirmi beş il bir vəzifədə qalanlar da var, iyirmi-iyirmi beş il bu vəzifələrin xiffətini çəkənlər də... Yaxud mənə deyirlər ki, internetdəki tərəfdarlarımın bəziləri də mənim şeirimdən narazıdır, bəs mənə qarşı yazılanlardan necə, razıdırlar? Razı deyillərsə, onlara haçan münasibət bildiriblər? İllər boyu özlərini görməməzliyə, eşitməməzliyə qoyublar, indi nə üzlə mənə irad tuturlar? Gündə qətrə-qətrə zəhərləndiyimi görən xeyirxahlarım nəyi gözləyirlər, gözləyirlər ki, bu zəhərlər haçan axırıma çıxacaq, bunlar da dəsmal çıxarıb üstümdə ağlayacaqlar? “Heyf qədrini bilmədik, heyf qoruya bilmədik” qəbilindən riyakar nitqlər kimə gərəkdir?

O ki qaldı özü demiş, “köhnə dostum” Əkrəm Əylisliyə, yeri gəldi-gəlmədi ədəbi vicdandan dəm vuran Əkrəmin öz hücumları bir yana dursun, mənim kimi onun özünü də bəyənməyənlərin həyasız yazılarına bircə dəfə etiraz edibmi? Axı, son vaxtlarda mövqeyini 180 faiz dəyişənə qədər, onun özünü də mənə və ümumən altmışıncılara qatıb söyürdülər. Yəqin bu prinsiplə cavab vermirdi ki, “qoy ara-sıra mənə də sataşsınlar, təki Anarı hər gün sancsınlar. “Altmışıncılardan” ən çox hucümlara məruz qalan mən olsam da,o biriləri haqqında da hərdən-birdən ən təhqiramiz ifadələr işlədilir. Fikrət Qocadan başqa hansı buna reaksiya verib? Ya Anarın vurulmasından ləzzət çəkirlər, ya da sadəcə olaraq qorxurlar. “Qoy məni beş dəfə söysünlər, cavab verməyim, bəlkə insafa gəlib altıncı dəfə söymədilər” – deyə düşünürlər. “Onlar kimdir ki,onlara baş qoşasan” fikri də ancaq cəsarətsizliyin ifadəsidir. Oğrulara,cibkəsənlərə müqavimət göstərəndə məgər deyirsən ki, onlar kimdir mən onlara baş qoşum?

“Heç nə bilmirəm, heç nə görmürəm, heç nə eşitmirəm” deyə dəvəquşu davranışıyla yaşaya bilmərəm və nəyin bahasına olur-olsun, ömrümün axırına kimi bu sayaq yaşaya bilməyəcəm.
Əkrəm yazır ki, Anar mənim ümidlərimi doğrultmadı. Bilmirəm hansı ümidlərini doğrutlamamışam, onun təki deputat olanda iqtidarçı, deputatlıqdan gedəndən sonra müxalifətçi olacağımamı ümid bəsləyirmiş? Amma Əkrəm son iyirmi beş ildə mənim bütün ümidlərimi doğrultdu. Bilirəm ki, kimlə konfliktə girirəm-girim, kim mənə hansı haqsız sözü deyir-desin, Əkrəm həmişə mənim yox, onun tərəfində olur və olacaq. Mən Əkrəmdən incimirəm, o da məndən inciməsin. Əkrəm mənə dönük çıxanların nə birincisidir, nə axırıncısı. Bu da bir taledir görünür, kimə yaxşılıq etmişəmsə, bir müddət sonra onlardan bəziləri (əlbəttə, hamısı yox!) məndən bunun hayıfını çıxıb. Kimisi karyerası üçün, kimisi tamahına görə, kimisi həsəddən, kimisi kiməsə yarınmaq üçün, kimisi də elə-belə “muşğulatçün” üz döndərib.

Əkrəm “Daşlama”mı zəif hesab edir. Etirazım yoxdur. Vaxtilə köhnə dostum Əkrəm mənim haqqımda iri bir həcv yazmışdı və əlyazması şəklində “26-lar bağın”da keçib gedənlərə paylayırdı. Bu həcv doğrudan da, minillik Azərbaycan şeirinin ən yüksək zirvələrindən biriydi. Onun bu şedevri hara, mənim şeirim hara?

– İndi nə üzərində işləyirsiniz?

– Vacib yaradıcılıq işlərim var, əl-ayağıma dolaşmasalar, onları yazıb bitirməliyəm. Odur ki, internetdə də, mətbuatda da əleyhdarlarıma atəşkəs elan edirəm. Atəşkəsi pozsalar, cavab atəşiylə susdurulacaqlar.

525.az

Комментариев нет:

Отправить комментарий