22.04.2012

“Oteldə oturub kofe içə-içə müharibədən yazmaq absurd bir şeydir”

KƏNAN HACI: “İndi nazirlər qəzetlərə müsahibə vermir”

Müsahibimiz yazıçı-publisist Kənan Hacıdır

-Kənan bəy, ötən il “Ən yeni ədəbiyyat” seriyasından “Yağ kimi” romanınız nəşr olundu. Roman necə qarşılandı? Ümumiyyətlə, reaksiya necə oldu?
-Əvvəla, sualınıza kiçik bir düzəliş edim. Bu roman ötən il deyil, 2010-cu ilin dekabrında nəşr olundu. Dekabrın 30-da nəşriyyatdan mənə bildirdilər ki, kitabınız artıq çapdan çıxdı. 2011-ci ilin fevral ayında isə təqdimat oldu. O ki, qaldı reaksiya məsələsinə, kifayət qədər müsbət reaksiyalar oldu. Zövqünə inandığım qələm dostlarım roman haqda müsbət fikirdə olduqlarını dedilər.
Az da olsa, yazılar yazıldı. Yenə sağ olsunlar. İndi hər şeyi münasibətlər həll edir, bir-birini tərifləmə kompaniyası gedir. Mən yazdığım əsərin gücünə bələdəm və ona görə də çox arxayınam.
- “Yağ kimi”dən sonra nəsə yazdınızmı?
-“Yaddaş kartı” adlı avtobioqrafik romanın böyük bir hissəsi artıq yazılıb. Bir də “Çəhrayı qan” romanını yenidən nəşr etdirməyi düşünürəm. Bu əsər mənim ilk irihəcmli nəsr əsərimdir, onu 2006-cı ildə yazmağa başladım, sonra yarımçıq qaldı və üç il keçdikdən sonra yenidən həmin əsərə qayıtdım və tamamladım. 2010-cu ildə kitab şəklində çıxdı, amma təəssüf ki, cəmi iki yüz tirajla nəşr etdirə bildim. Moskvada yaşayan bir sinif yoldaşım var, indi biznesmendir, o, kitabın yüz nüsxəsini pulunu verərək götürdü ki, bunu orda yaşayan azərbaycanlılara paylayacam, qoy  oxusunlar. Əsəri oxumuşdu və çox xoşuna gəlmişdi. Qalan yüz nüsxəsini isə dost-tanışa payladım, indi özümdə bir nüsxə də qalmayıb. Yəni ədəbi mühit bu əsərdən demək olar ki, xəbərsizdir. O vaxt “525-ci qəzet”də Sevinc Mürvətqızı bu əsər haqqında yazı yazmışdı, o yazıdan sonra dostlar maraqlandılar, İbrahim Sel “Ədəbi moda” adlı bir yazı yazdı. İndi həmin əsərin təkrar nəşri haqqında düşünürəm.
-Yəqin etiraf edərsiniz ki, neçə illərdən bəri jurnalistikada çalışmağınıza baxmayaraq son dövrdə daha çox tanınmağa başladınız.
-İlk yazım 1995-ci ildə “İki sahil” qəzetində çap olunub. Sizə bir şey deyim, bəlkə də inanmayacaqsınız. Mənim ən çox səs-küy doğuran yazılarım bu qəzetdə çap olunub. Bir dəfə Hacı Sabir Həsənlidən müsahibə götürmüşdüm, müsahibənin başlığına kifayət qədər sensiyalı bir cümlə çıxarmışdım, aləm bir-birinə dəymişdi. Təsəvvür edin, redaksiyaya axın-axın teleqramlar gəlirdi. Etiraz, hiddət, hədə dolu teleqramlar... İlk dəfəydi belə şeylə qarşılaşırdım deyin, əməlli-başlı çaşıb qalmışdım. Məcbur olub geniş bir izahat yazısı yazdım və bu yazıdan sonra vəziyyət bir qədər də gərginləşdi. Çıxılmaz durumdaydım, amma daxilən sevinc hissi keçirirdim. Qəzetin rəhbərliyi işə müdaxilə edəndən sonra qalmaqal səngidi. İlk dəfədir bu haqda danışıram. Bu, 1996-cı ildə olub. Gənc idim, populizmə, qalmaqala can atan vaxtlarım idi, həddən artıq maksimalist idim. Yenicə işə başlamışdım ki, parlament müxbiri oldum. O dövr mənim jurnalistlik fəaliyyətimin ən qaynar, ən gərgin çağlarıydı. Gün ərzində bəzən 3-4 tədbirdə olurdum və axşam gəlib redaksiyada yazıları yazıb təhvil verəndən sonra evə gedirdim.
O vaxt nazirlərdən müsahibə götürmək çox asan idi. Vəfa Quluzadə, Həsən Həsənov jurnalistlərə qarşı çox diqqətli idilər, hər birindən vəzifədə olduqları dövrdə ayrı-ayrılıqda geniş müsahibələr götürmüşəm. Ən yadda qalan müsahibəm isə Vilayət Quliyevlə olub. Onunla bağ evində görüşüb müsahibə almışam və bütün suallarımı cavablandırıb. Üç qəzet səhifəsi həcmində müsahibə alınmışdı. İndi nazirlər ümumiyyətlə, qəzetlərə müsahibə vermir. Bir də rəhmətlik Əbülfəz Elçibəylə Kələkidəki söhbət mənim üçün unudulmazdır. İndi bütün bunlar mənə inanılmaz gəlir.
-Amma Kənan Hacı olaraq son zamanlarda tanındınız.
-Mən Kənan Hacı olaraq jurnalist kimi deyil, bir yazar, ədəbiyyat adamı olaraq tanındım. 1999-cu ildə mən mətbuatdan getdim, üç il heç nə yazmadım. Üç il tam boşluq yarandı, təbiətən çox azad, sərbəstliyi sevən bir insanam və birdən-birə elə bil yoruldum. Kənddə həyətyanı sahəmiz vardı, atam orda təzə ev tikmişdi, cürbəcür ağaclar əkmişdi, yüzdən çox göyərçini vardı. Başladım kənddə yaşamağa, şəhərlə büsbütün əlaqəmi kəsdim. “Çəhrayı qan” məhz həmin dövrü əks etdirir. 2002-ci ildə 27 yaşında hərbi xidmətə yollandım və o vaxt artıq atam rəhmətə getmişdi. Yaşlı, xəstə anam o boyda evdə tək-tənha qaldı. Hərbi xidmətdə şeirlər yazırdım, anama məktublar yazırdım, anam yazırdı ki, oğlum, çox qəliz yazırsan, bir az sadə yaz. Qayıdandan sonra baxıb gördüm ki, bu qadın mənim bütün məktublarımı yığıb saxlayıb, eynilə mən də onun məktublarını saxlamışdım. Öz yazdıqlarımı yenidən oxudum, gördüm ki, bunlar publisistikadır. Nə vaxtsa həmin məktubları çap etdirəcəyəm. O vaxt bu haqda ayrıca bir hekayə də yazmışdım, indiyəcən çap olunmayıb. Hərbi xidmətdən qayıtdıqdan sonra bir neçə ay Axundov adına kitabxanaya gedib-gəldim. Təsəvvür edin, hər gün səhər kitabxanaya girib axşam iş vaxtının sonunda çıxırdım. İşsiz vaxtlarım idi. Mən indi Kənan Hacı olaraq nə qazanmışamsa, o kitabxanaya borcluyam.
Sonra Samir Sədaqətoğlu ilə “Sənət qəzeti”ni yaratdıq. O qəzet məni ədəbi mühitdə tanıtdı, Tofiq Abdin Aqil Abbasdan xahiş elədi və mən “Ədalət” qəzetində çalışmağa başladım. Rasim Qaraca ilə birlikdə “Nar” səhifəsini hazırladıq. Yəni mən heç vaxt cəhd etməmişəm ki, tanınım, məşhurlaşım. Bəlkə də bu, mənim qüsurumdur. Sadəcə, yazılarımı yazmışam, özünüreklam haqqında düşünməmişəm. Amma indiki zamanda bu, çox vacibdir. Hardasa iki ildən çox müddətdə “Vətəndaş həmrəyliyi” qəzetinə yazılar yazdım. Tanınmaq üçün yazmırdım ki... Yazmaq daxili bir ehtiyac hissidir.
-Son vaxtlar müxtəlif saytlarda yazıların dərc olunur. Yəqin tanınmağında internetin də rolu olub.
-Mən indi ancaq Kulis.az internet dərgisinə yazıram. Ora həm də mənim iş yerimdir, orda redaktoram. Yeri gəlmişkən, dostum Qan Turalıya təşəkkür edirəm ki, məni bu kollektivlə işləməyə dəvət etdi. Mən bu işdən çox böyük zövq alıram. Ondan əvvəl abzas.net saytına yazmağı da mənə o, təklif etmişdi. Bir dəfə İstanbulda olanda İbrahim Nəbioğlu dedi ki, mən səni yazar olaraq abzas.net-də kəşf etdim. Abzas.net-ə də çox böyük həvəslə yazırdım.
-Bu sualım bəlkə də çox şablon görünəcək, ədəbiyyatda idealın kimdir?
- Bəlkə də mənə inanmayacaqsınız, mənim heç vaxt idealım olmayıb. İdeallar insanı kor edə və kimisə kor-koranə təqlid etməyə vadar edə bilər. Ancaq təbii ki, sevdiyim, izlədiyim və öyrənməyə çalışdığım yazıçılar var.
-Kimlərdir onlar?
-Mən Markesin magik realizmini həmişə sevmişəm. Bu günlərdə “Yüz ilin tənhalığı”nı oxudum və çox böyük zövq aldım. Bu möhtəşəm əsəri dilimizə Günel Mövlud çevirib və hesab edirəm ki, çox uğurlu tərcümədir. Orxan Pamuk çox sevdiyim yazıçılardandır, o, Avropanın görmək istədiyi Türkiyəni yazıb. Urbanist ədəbiyyat həmişə beynəlmiləl düşüncə olan yerdə formalaşır. Pamuk İstanbulu millətçi olaraq deyil, kosmopolit düşüncə ilə təsvir edir. Bundan başqa Nabokovu, Selinceri həmişə oxuyuram. Xoşladığım yazıçılar çoxdu. Ən son olaraq Xalid Hüseyninin adını çəkmək istəyirəm. Onun “Çərpələng uçuran” romanını oxudum və gördüm ki, yazmaq çox təhlükəli, hətta partladıcı maddə ilə oynamaq qədər təhlükəli bir işdir. Bu, çox ağır bir qismətdir. Uşaqlığı olmayan əfqan uşaqlarının acı taleyini bu dərəcədə yandırıcı bir dillə yazmaq üçün istedad çox azdır, bunun üçün qovrulan ürək lazımdır. Mən bu əsəri zülm çəkə-çəkə oxudum, bu əsər məni ağlatdı.
- Son zamanlar Azərbaycan ədəbiyyatında roman bumu yaşanır. Bu haqda nə düşünürsən?
-Kütləvilik olan yerdə sənət yoxdur. İndi elitar roman oxunmur, kütləyə hesablanmış bayağı əsərlər oxunur. Məsələn, mən Çingiz Abdullayevin əsərlərini ciddi ədəbiyyat hesab etmirəm, amma millət bunu gözünə təpir. Pərvizin kifayət qədər ağır dili olan “Yad dildə”romanı ən çox satılan kitablar sırasında birinci olanda mən o qədər sevinmişdim ki! Ciddi ədəbiyyatı oxucuya kobud səslənsə də, yedizdirmək lazımdır. Roman bumu yaşanır, lap yaxşı, bunun ziyanından çox müsbət tərəfi var. Onsuz da pis əsərlər sıradan çıxacaq, necə ki, sovet dövründə yüzlərlə kollektivləşmə, təsərrüfat romanları yazılırdı, sonra o kitablar makulatura kimi istifadə edildi. O sicilləmələri yazanları da zamanın dalğası çör-çöp kimi vurub sahilə atdı. Yaxşı əsər qalacaq. Bizim nəslin üstünlüyü ondadır ki, biz sələflərimizdən fərqli olaraq istədiyimizi yazmaq və çap etdirmək imkanına malikik. Bu, bizim nəslin ən böyük şansıdır.
Son dövr yazılan əsərlərdən Şərif Ağayarın “Haramı” romanı məni çox sevindirdi. Açığı, Şərifdən bu qədər qüvvətli əsər gözləmirdim. Bu əsəri oxuyandan sonra bizim nəslə inamım daha da artdı. Qan Turalının “Mustafa”sı çox maraqlı bir roman tipidir. Bu əsər ideyalı əsərdir, ictimai məzmun daşıyan, topluma ciddi mesajlar ötürən bədii bir mətndir.  Bu mənada “Mustafa”nı həyatlarının keçid mərhələsini yaşayan gənclər üçün istiqamətverici bir kitab hesab edirəm. Seymur Baycanın “Quqark” romanı da Azərbaycan ədəbiyyatında qalacaq əsərlərdəndir. Seymur publisistikada daha güclüdür, amma bu əsərdə onun uğuru bundan ibarətdir ki, o publisistik gücü bədii mətnə tətbiq edə bilib. Məncə, müharibə onu öz gözləriylə görmüş, onu taleyində yaşamış yazıçılar vasitəsilə ədəbi fakta çevrilir. Başqa cür mümkün deyil. Oteldə oturub kofe içə-içə müharibədən yazmaq absurd bir şeydir. Başqa diqqətimi çəkən hansı əsəri deyə bilərəm... Hə, onu da deyim, Şəbnəm Karslının yazdığı roman məni sözün açığı, xeyli təəccübləndirdi. Vaxtilə “Alma” qəzetinin baş redaktoru olmuş bu xanımı publisistik yazılarından tanımışam. Amma bu yaxınlarda onun  “2087-ci il” adlı bir romanını oxudum. İndi deyəcəyim fikir çoxlarını qıcıqlandıracaq. Azərbaycan ədəbiyyatında hələ indiyəcən bu aspektdə yazılmış romana rast gəlməmişəm. Yəqin ki, yaxın vaxtlarda o roman çap olunacaq. Mən o əsəri çox bəyəndim.

Söhbətləşdi: Anar Ibrahimli    

Комментариев нет:

Отправить комментарий