Zümrüd Yağmur
Hər şeyi, bütün arzuları, istəyi, ehtirası, yaşamaq eşqi göydəki ulduzlar səhərin ağuşunda öldürdüyü kimi, sevdiklərinin yanındaca ölmüşdü. O nə xoşbəxt ola bilmişdi, nə də bədbəxt… Sadəcə zaman onu bu dünyaya mıxlamışdı, öz ağır zərbəsini bir dəfəlik endirmişdi və hər şey qurtarmamış bitib tükənmişdi.
Darıxa bilmək üçün darıxırdı, amma darıxmaq ondan çox uzaqda idi, daha heç də ola bilmirdi, heç olanda hər şey uğrunda vuruşub çarpışırdı, həyatla cırmaqlaşırdı, nifrət edirdi, sevirdi, kin bəsləməyi bacarırdı, arzulamaq qabiliyyəti də vardı. Amma indi hər şey keçmişdə idi...
İndisi, gələcəyi, olmayan keçmişdə...
Əslində onun xatırlanacaq keçmişi də yox idi, həmişə hər şey indisinə sığınıb qalmışdı və o qəlbinin dərinliklərində hiss edirdi ki, indisi də onunla birlikdə qeybə çəkilib.
“Yox, heç bir qeyb yoxdur, sadəcə mən indi də belə yaşamağı bacarmaq üçün bundan bərk-bərk yapışmaq istəyirəm. Başqa kim, nə var ki?! Mənim ömrüm?..
Olub ki?! Nə vaxt, harada, necə? Sadəcə zorla yaşamaqdan başqa bir şey olmayıb. Bu dünya ilə mənim işim olmadığı kimi, dünyanın da mənimlə işi olmayıb. Biz sadəcə bir-birimizə sırınmışıq, nə mənim arzum soruşulub, nə də dünyanın...
Olub ki?! Nə vaxt, harada, necə? Sadəcə zorla yaşamaqdan başqa bir şey olmayıb. Bu dünya ilə mənim işim olmadığı kimi, dünyanın da mənimlə işi olmayıb. Biz sadəcə bir-birimizə sırınmışıq, nə mənim arzum soruşulub, nə də dünyanın...
İşə bir bax, bu ki, faciə deyil. Kimdən nə soruşulub, kimin arzusu nəzərə alınıb ki? Bu boşluğun içində mıxlanıb qalmaq mənim nəyimə lazımdır, kim məndən nə gözləyir, ətrafdakılara mənim aidiyyatım varmı, asanlıqla təhqir olunub təhqir etməkdən, boşluq, heçliyin içimdə puça çıxardığı heç olmağı bacarmaq qabiliyyəti də tədricən məhv olub. Kim idi maraqlanıb məni məhv etsin? İlahi, məni məhv etmək belə kimsəni maraqlandırmayıb. Hım, qəribəsi odur ki, adam iddiasız, sakit yaşayanda bəlkə də bunların heç biri baş vermir. Elə ki iddia edib nəsə istəməyə başlayırsan, bax onda səni ən çox sevənlərin də sevgisi nifrətə, yaxud maraqsızlığa çevrilir. Eynən övlad kimi. Övlad da iddiasız, sakit olanda onu sevmək asan olur.
Mənim də övladlarım var axı, bəs onlar, onlar da məni sevmir? Yox, əlbəttə sevir, amma bu, seçilmiş bir sevgi deyil. Onların anası olmaq mənim taleyim olduğu kimi, məni sevmək də onların taleyinə yazılıb, hələ zorən sevməlidirlər, başqa yolları yoxdur. Bir başqası anaları olsaydı, onu sevəcəkdilər...”
Düşüncələrindən lap cana doydu. Yata bilmirdi, hər yeri ağrıyırdı, amma inildəmədi. Ərinin heç bir şey eşitməyib onun ağrısını hiss etmədən beləcə yatması dəhşətinin içində yaradacaqlarından qorxurdu. Dişlərini sıxıb döndü, yataq ona narahat idi, durub səssizcə qapıdan çıxmaq, gecənin qaranlığından əriyib gözdən itmək istədi, amma hara gedəcəkdi? Gecə əbədi deyildi, sabah yenə açılacaqdı, yenə hər şey yenidən başlayacaqdı? Ağlamaq istədi, amma boğazına yığılan qəhər tıxac kimi nəfəs yoluna tıxandı, iki gündən bəri ağrıyan boğazı daha da incitməyə başladı.
Bir-iki dəfə ağrıdan şikayətlənmişdi, amma əri məhəl qoymamışdı. Bəzən bərk ağrıyanda onun nəzakət xatirinə kömək etməsini yadına salıb köks ötürdü, amma bu onu əvvəlki kimi ağrıtmadı, tək ona heyfsiləndi ki, lap bərkdən, hönkür-hönkür ağlaya bilmir...
“Bu gün mənə nə olub, lap kövrək olmuşam, adamlıqdan çıxmışam. Niyə, nə baş verib ki? Hər şey əvvəlkidirsə, niyə əzabım artıb?.. Bu gün ayın neçəsidir, daha doğrusu açılan səhərdə tarix nə olacaq? Dünənə qədər yadımdaydı, unutmamışam. Hım, xatırlanası nə var ki? Ərimin “bu gündə bədbəxtliklərimin təməlini qoymuşam mən əbləh” deməsindən başqa heç nə”.
Hər dəfə ərinin bu tip sözlərinin cavabında “məndən ayrıla bilərsən, kim səni məcbur edir” deyib üstündən keçəndən sonra onun içində, qəlbində nə uçurumlar açılmışdı... Ehtiyatla başına vurulmaq üçün deyilmiş sözlərdən doğan yarı xəcalət, yarı əlacsızlıq hissi ona nələr etməmişdi? Etdikcə də məhv olmuşdu, cismi, qadınlıq ruhu bu əzabların ağırlığı altında həmişəlik ölmüşdü, kimsəyə, həyata, özünə belə bəlli olmayan bir şəraitdə hər şey əriyib yoxa çıxmışdı.
Günlərlə güzgüdə özünə baxmırdı. Əvvəllər həyacanlanırdı, saçına ağ düşəndə, əlləri qırışanda, gözlərinin altı kölgələnəndə gah depressiyaya düşürdü, gah da aqressivləşirdi, indisə heç adi narahatlıq da keçirmirdi. Heç səliqəsinə də fikir vermirdi, günlərlə daraq dəyməmiş saçları, yarı çirkli paltarı ilə evə gələnin qarşısına çıxmaqdan utana bilmirdi. Hər dəfə nəyəsə həvəslənib bir şey etmək istəyəndə gözlədiyinin, istədiyinin əksi olurdu, eynən sabahkı gün kimi... Hələ haradasa hüceyrələrinin bölünüb-parçalanıb yaşamaq eşqindən doğan bir istək doğmuşdu içində...Süfrə açıb toy tarixini qeyd etmək istəyi... Hətta hədiyə də düşünmüşdü əri üçün. Amma heç nə alınmamışdı, hazırlayacaqları üçün lazım olan ərzaqların siyahısını ərinə verə bilməmişdi, bir gün əvvəl əri evə gec gəlmişdi. İçindəkilər qəzəbinin kölgəsində quruyub məhv olmuşdu.
Əri heç bir ailə bayramını xatırlamazdı. Bu illər ərzində bir dəfə olsun ondan ürəyincə bir hədiyə də almamışdı, aldıqları da ərinə uzun müddət eşitdirib arzuladığını zorən qəbul etdirdikləri idi.
“Sonra məcburi romantikadan yorulub çəkildim, beləcə hər şey bu günkü hala gəldi ”.
Qalxıb fikrində şişmiş başına əllərinin arasında sıxdı. Əri rahat yatmışdı, Hər şeydən xəbərsiz idi. Bilirdi ki, o da bədbəxtdi, onunla xoşbəxt ola bilməmişdi. Sadəcə nəyisə dəyişmək üçün hələ forma tapa bilməmişdi, ya da tapdığı formanı gerçəkləşdirməyə hələ lazımi şərait yox idi. Olsaydı, bu sevgi xarabalıqları üstündə, ərinin ona dediyi kimi, “bayquşla” bərabər yaşamazdı. Qadın bundan əmin olsa da, ərinin ona necə yanaşdığını bilib əzab çəksə də, yenə onu oyatmaq arzusu doğdu içində. Pıçıltı ilə onu çağırdı, əri onu eşitmədi. Qadın lap ruhdan düşüb əlini üzünə çəkdi, ağrıyan boğazını sığallayıb yenidən uzandı. Bu dəfə özünü saxlaya bilməyib inildədi, hətta qəsdən bir az bərkdən, ərinin oyanacağına ümidlənmişdi deyəsən...Yox, əri yatırdı. Qadın başını çevirib gözlərini yumdu. Bir az keçməmiş ərinin oyanmasına şükür elədi. Onsuz da nəvaziş, qayğı olmayacaqdı. “Nə olub? ” sualı ilan kimi içini daha da buzladacaqdı, qadın da eynən “heç nə” deyib bəlkə bir az nəvazişin olacağına bel bağlayıb ərinin səsində narahatlıq doğacağını gözləyəcəkdi...
Amma bütün bunlar olmayacaqdı. İlahi, onda yenə bir az öləcəkdi, tam ölmək üçün hər şeydən yardım diləyəcəkdi, amma əlacsız olduğunu bilə-bilə...
“Mən sənin bacarmadığını tələb edirəm, sən o vaxta qədər sevə bilirsən ki, o sevgidə iddia, tələb, nələrdənsə imtina olmur, ancaq bu halda ”- qadın ərinə demək istədiklərini ürəyindən keçirib dərindən köks ötürdü. Əslində əri sanki, ailə həyatına məcbur edilmişdi, qadın bundan əmin idi.
Düşüncələri bütün vücudunu sarsıtdı, üzünü yastığa sürtüb səssizcə ağladı, hər şeyin elə indi qurtarmasını arzuladı, ölmək istədi, amma bütün arzu, istəkləri kimi bu arzusu da həyata keçmədi. Özüsə bu arzusunu gerçəkləşdirə bilmirdi, övladlarının taleyi üçün qorxurdu, onların özünün ölümündən sonrakı kimsəsizliyini düşünəndə ölmək arzusu qəlbinin dərinliklərində gizlənirdi. O çox şeydən məhrum olduğu kimi, dünyasını dəyişməyə də haqqı yox idi.
Ağlamağını kəsib gözlərini açmadan ərinin sakit nəfəsini dinlədi. İçi bomboş idi, ağlamaq əzabı da yuyub aparmışdı, sanki axıb harasa getmişdi, onun özündən əvvəl torpağa qarışmışdı. Hərdən ona elə gəlirdi ki, daha ölümü də əri üçün ağrılı olmaz. Əvvəllər övladları kimi əri üçün də qorxurdu, onsuz ona çətin olacağını düşünürdü, gözləri dolurdu, indisə qorxmurdu, əksinə onun üçün çətin bir düyünün asan və öz-özünə açılmış olacağını fikirləşirdi. Bu əminlik qadının düşüncələrinə, hüceyrələrinə hopmuşdu.
Qadın bir qədər rahatlanıb beyni, düşüncələri bomboş halda taqətsiz uzanıb qaldı. Gecənin səssizliyində bütün əzaları süstəlib keyimişdi, qalxmaq, burdan həmişəlik getmək istəyi yenə ona hakim kəsildi, amma yenə də tərpənə bilmədi, getdikcə ağırlaşıb daşlaşan bədəni sanki qəlbini sıxıb onu boğmağa başladı. Çətinliklə qalxıb eyvana keçdi, hava o qədər boğucu , isti idi ki, əzabı daha da artdı. Kötüyü dönmüş ayaqlarını sürüyə-sürüyə uşaqlarının otağına keçdi, səssizcə böyük uşağın çarpayısına əyləşib onlara tamaşa etməyə başladı. Əslində onu bu duruma, aciz vəziyyətə salan əri yox, uşaqları idi, rahatlığını pozmaq, alışdıqları həyatdan ayırmaq qorxusu onu əzib bu hala gətirmişdi.
Əvvəllər ərinin sevirdi, çox, canı, övladları qədər, indisə yox, əksinə onunla birgə yaşamaq, üz-üzə qalmamaq üçün çox şeyini verərdi. Amma uşaqlarının rahatlığını qurban verə bilmirdi.
Çünki onda qadın olmaq adına hər şey məhv olmuşdu, ancaq ana olaraq qalmışdı və indi tək dayaq yeri bəlkə də bu idi. Bilirdi ki, bu dayaq o qədər də etibarlı deyil, çünki övladları böyüdükdən sonra onun həyatını yaşamayacaqlardı.
Bəzən beyninə gələn düşüncədən, övladlarının kaş olmamasını düşünəndə qorxurdu, özünə lənət yağdıra-yağdıra bu düşüncələri beynindən qovmağa çalışırdı, sonra ağlaya-ağlaya dua eləyib onların qorunmasını diləyirdi.
Son illər sanki onlara da zorən analıq edirdi və bunu özündən başqa kimsə bilmirdi. Övladlarını çox, lap çox sevirdi, amma bu sevgi onu “zorən analıq” düşüncəsindən, hissindən qurtara bilmirdi. Həyata onun üçün bir vəzifəyə, sevmədiyi, bəlkə bacarmadığı, zorla qəbul etdirilmiş borca çevrilmişdi. Nə getmək, nə imtina etmək haqqı vardı!
Sanki onun ruhu buralardan çoxdan köçüb getmişdi. Bədəni, fiziki əzablarısa onu dara çəkib nəyinsə, kiminsə qisasını alırdı. Bəzən ona elə gəlirdi ki, əri bütün bunları qəsdən, onun bezib həyatdan getməsi üçün edir. Bəzən dözməyib “gec-tez gedəcəyəm” qışqıranda ərinin “qorxma, fürsət düşən kimi mən də yaxamı qurtaracağam ” deməsi onu əvvəllər o qədər incidirdi ki... Sonra alışdı, insanın hər şeyə alışdığı kimi tədricən, yavaş-yavaş bu düşüncə ilə yaşamağa başladı.
Buralardan getmək... ən böyük arzusu məhz bu idi.
Ərinə o qədər nifrət edirdi ki, bəzən onun ölməsini arzulayırdı. Bunu arzulayanda hər şey qarışırdı, birinin ölümünü arzulamaq qəbahəti ilə azad ola bilmək eşqi bir-birinə qarışırdı. Rahat, təhqirsiz, əzabsız, nifrət və küfrsüz həyat ona o qədər şirin görünürdü ki, ömrün başqa çətinliklərini düşünüb bu şirinliyə heç nə qatmaq istəmirdi. Heç olmasa hərdən, lap qısa da olsa xoşbəxt, rahat olmaq onun haqqı idi.
Qalxıb yenidən yataq otağına keçdi. Əri yatırdı. O bədbəxtliyində qovrulub yanırdı. Əri yatırdı. O, ümidsiz, çarəsiz idi. Əri hər şeyə hakim kimi arxayın yatırdı.
O bu gecənin qaranlığında ömrünə düşmüş qaranlıqdan qorxa-qorxa çırpınırdı, əri xəbərsiz, sakit-sakit yatırdı... Çünki o, qaranlıqdan qorxurdu, əri yox.
Bütün qadınlar qaranlıqdan qorxur. Demək bu, qadın olmaq idi...
Gecə keçirdi. Milyon illərdi bu gecələr beləcə gəlib keçir, milyon illərdi ki, bu gecələrin qaranlığında qadınlar qorxub qıvrılır, əzab çəkir, bədbəxt olur!.. Çünki dünyanın, onda nə varsa hər şeyin xarakteri, xasiyyəti kişisəldir - qaba, özünübəyənən, aldadıcı, yalançı, keçici... Və kişilər bu dünya ilə dil tapıb burda rahat yaşaya bilirlər.
Qadınsa bilirdi ki, bu gecə də keçəcək, o yenə səhəri qarşılayıb növbəti gecəni, onu əzib qorxudan gecəni qarşılayacaq. O, bütün bunları kimsəylə paylaşmayacaqdı, “zəif”, “iradəsiz” elan olunacaqdı. Amma tək o, yalnız özü nə olduğunu bilirdi.
Onun yaşamağa həvəsi yox idi. Çünki o, səhv olaraq bu dünyaya gəlib çıxmışdı, sonra xoşbəxt olmaq üçün yola çıxıb azmışdı və bir kişinin yanına gəlib çıxmışdı.
Sadəcə, kişinin...
Bütün qadınlar kimi...
Комментариев нет:
Отправить комментарий