23.04.2012

OBAMA-ZƏMANƏMİZİN SƏYAVUŞU?


Həmid Herisçi

OBAMANIN MƏKTUBU. İran, Britaniya siyasi-dini pərdəarxasını yaxşı tanıdınsa, vəssəlam, day sənə ölüm yoxdu, fani dünyanın digər düyünlü sirləri, bəli, özü bir-bir növbəynən gəlib sənin ovcuna düşəcək. «Pərdəarxası» dedikdə söhbətimizi neyçün məhz İran, Britaniyadan başlayırıq?» sualını qulağıma pıçıldasanız, əsla çaşıb diksinmərəm, anında cavabınızı verərəm-İngiltərə, İranda çox qəliz pərdərxası qüvvələr, eeey neçə min ildir mövcuddu axı! 
Məsəlçün, Britanya pərdəarxası, öz bədii poetikasını, süjetlərini həmişə detektiv ədəbiyyatına ötürüb, Konan Doylun qələməyilə Skotland-Yardı ingilis pərdəönünün vecsiz əlavəsi, əvəzində, Şerlok Xolmsla doktor Vatsonu isə, dumanlı Albionun gizli pərdəarxası, «dərin dövlət»i simasında təsvir edib, üstünlüyü verib sonunculara, dövlət xəfiyyələrini həmişə qeyri-peşəkar, «mülkü» konspiroloqları isə- ay atan rəhmətlik!-  Bəhlul danəndə elan edib. Bununla da, bəli, bəli, Britaniya kral sarayının gizli sifarişini həyata keçirib- yəni, dövlət, toriylə leyboristlər, eyni bezin qırağıdır, tam mənasız qondarma qurumlardırlar. «Keçmiş zabit» Doktor Vatson, zadəgan ədalı Şerlok Xolmslar isə, tam tərsinə, gizli pərdəarxası qüvvələri, belə deyək, Kraliça ətrafında cəmlənmiş Britaniya aristokratiyasını təmsil edirlər, məqsədləri isə tək budur-gizlənmək! Üzə çıxmamaq! Skotland-Yardı önə verib, tamaşaçını aldatmaq, pərdəarxası dünyanı, onun düyünlü sirlərini, həəə, belə de, bədnəzərlərdən, profanizmdən qorumaq.
Nə isə, hamamda qaldı kisə, söhbətimizi başqa istiqamətə yönləndirək, Britaniya pərdəsi haqda bu qədər. Dumanlı Albiondan, sisli Temza sahillərindən ayrılıb keçək İran pərdəarxası barədə tam məxfi söhbətlərə.
***
Siz bədbəxtlər hardan biləsiz ki, İrandakı ən güclü pərdəarxası qüvvə, «Höccətiyyə» adlanan gizli şiə təşkilatıdır. Cəmi 12 üzvü var. Şüarı belədir-«İmam Mehdi zühur etməyənə qədər kimsə onun adından danışa bilməz!» Mətləb aydındır-«yəni, biz, İmam Mehdinin kollektiv portreti, onun bir növ nazirlər, kölgə kabinetiyik, bizim iradəmizdən kənar, ölkədə heç nə baş verə bilməz» Ölkənin bəzi çox mötəbər simaları-ən peşəkar xalça ustaları, hərbçilər, kəşfiyyat rəhbərləri, alimlər, elmi mütəxəssislər, bilin, «Höccətiyyə» ilə sıx tellərlə bağlı olub, həmişə, onun ötürdüyü qəlyandan bir qüllab tüstünü sinəsinə çəkib, o cümlədən dahi şairimiz Şəhriyar. Ona təklif olunmuşdu- «Şair-dərviş tayfasının ən layiqli nümayəndəsi kimi, bizimlə təmas saxlayın. İranın iki sultanı var axı-birincisi, ən kasıb dərviş baba, ikincisi, ən varlı ölkə hakimi. Baba dərviş, sən demə, əbədi saf ruhun, iqtidardakı hakim isə, fani maddiyyatın sultanıdır. Ağaye Şəhriyar, sizin boynunuzda  öhdəlik düşür-elə yaşayın, elə mənəvi yüsəkliklərə qalxın ki, bir gün, bəli, hakim iqtidar sahibi, gecə yarısı, məhz özü gəlib sizin qapınızı döysün. Məsləhətləşsin sizlə. Təmsil etdiyiniz saf ruhla, fani maddiyyat, bəli, həmin görüş nəticəsində, bir nöqtəyə gəlməlidir, lakin, elə edin ki, bu işdə ilk hərəkət, ruh deyil, maddiyyat tərəfindən, yəni, hakim iqtidar ünvanından gəlsin»
Hər bir şairin boynuna düşən bu mənəvi vəzifəni ustad Şəhriyar ən yüksək səviyyədə həyata keçirir-vəfatından 6 ay öncə ölkə rəhbəri Xamenei onu ziyarət edir, «Höccətiyyə»nin tapşırığı yerinə yetirilir, saf ruhla fani maddiyyat dünyası bir araya gəlib düz bir gecə sıx təmasda olurlar.
Başınızı ağrıtmayıram ki? Söhbətimizi davam edək? «Höccətiyyə»nin  bir başqa maraqlı cəhəti Qumdakı Cəmkaran məscidiylə əlaqədardır.
***   
İranda bir adət var-başına bir bəla gəldimi, əlin dünyadan üzüldümü, hə, özünü boş yerə yoraraq fani dünyadan çarə gözləmə. Get Qumdakı mübarək Cəmkaran məscidinin sərin kölgəliyinə, bir məktub yaz Qeyb İmamın ünvanına, götür at onu həmin məscidin həyətindəki dərin quyuya, İmam dərdini oxuyub sənə çarə bular əvvəl-axır.
İran islam inqilabınadək, əsrlər boyu, bu məktublar «Höccətiyyə»nin xüsusi analizindən keçirilir, son nəticədə ölkədəki ictimai durum dəqiq dəyərləndirilir, sadə insanları düşündürən ən incə mətləblər barədə tam bilgi əldə edilirdi. Bəzi məktubların yiyələrinə, -şükür sənə ay Allah, - gizli şəkildə yardım edilirdi hətta. Camaata da elə gəlirdi ki, bu yaxşılığı onlara İmamın özü edib.
Qeyb imam deyəndə ki, bilin,  həmin dərin quyada gizlənmiş «Höccətiyyə» qurumu, əslinə qalsa, İmam axir-zamanın elə özüdür axı!
İran xüsusi xidmət mərkəzi «ETEALAT», prezident Əhmədnecatın səyi nəticəsində «Höccətiyə»nin tam ixtiyarına keçdikdən sonra, bu sahədə vəziyyət lap qəlizləşdi. Vallah-billah, o məktublar bir başqa cür oxundu bu dəfə. Ayılın ey Parezident sarayımızın avam politoloqları, «Azadlıq, «Exo» qəzetlərinin piyada şərhçiləri! Əhmədnecat «İmam Mehdi», «Mehdi ordusu» dediyi vaxt, gözünüzün önündə, uzaq üfüqlər arxasından boylanan nurlu sifət sahibi, məchul bir qüvvə görünməsin, tam real «Höccətiyyə» təşkilatı, bəli, canlansın fikirlərinizdə.
İlahi qüdrət sahibinə məktub yazmaq adəti, eşidin-bilin, uzaq İsraildə də var. İndiki ABŞ prezidenti Barak Hüseyn Obama bu yaxınlarda Qüdsdə səfərdəykən, belə bir məktubu öz adından yəhudi Allahına ünvanlayıb. 
***
24 iyul 2008-ci il tarixində,  İsrail işğalındakı Qüdsü ziyarət etmiş Barak Obama qəfildən, gecə yarı, öz müşayətçilərinə elan edir ki, bəs, bəli, biz burda bütün işlərimizi görüb qurtardıq, bircə qalır burdakı «ağlaşma divarı»na baş çəkmək, sonra hava limanına gedib təyyarəyə minməyimiz…
 Bildiyiniz kimi, həmin divar, Süleyman məbədindən salamat qalmış yeganə nişanədir, mömünlər alınlarını ona dirəyib zikrə dalır, sonra yəhudi Allahına ünvanlanmış məktublarını bu abidənin dəliklərində gizlədirlər.
Ravvin Şamuel Rabinoviçin bələdçiliyi ilə Obama «ağlaşma divarı» önünə gəlir, orda göz yaşlarını axıdıb, sonra, Yəhvaya ünvanladığı məktubunu divarın dəliklərində gizlədir. Obamanın bu vəziyyətdə çəkilmiş fotosu necə də mənalıdır, ilahi-hə, tale səni, qaradərili Amerika siyasətçisini, gətirib yəhudi divarına dirəyib, sən ya tabe olmalısan bu daş kabusa, yaxud onu dağıtmalısan.
Başqa çərən yoxdu.
Sabahısı gün, «Mossad»a yaxınlığı ilə tanınan «Maariv» qəzeti bütün dini-mənəvi qanunları pozaraq, götürüb çap edir yazıq Obamanın həmin bu gizli məktubunu.
Yaxşı, bu heç, sadəcə, baş verən hadisələrin zahiri tərəfidir, bəs, gizlində nələr baş verib, neyçün Obama bu divarı, hamı kimi, öz səfərinin ilk dəqiqələrində deyil, lap axır dəqiqələrində ziyarət edib, neyçün göz yaşları içində tərk edib müqəddəs Qüds şəhərini?
Yenə də tarixi analogiyalara qayıdaq.
***
Obama, bəli, öz məktubunu yəhudi Allahına ünvanlayıb. Lakin, onların əski Allahına deyil, bu günkü tanrısına. Süleyman məbədinə haqsızcasına yiyələnmiş bu son tanrıya qarşı hələ 2000 min il öncə İsa peyğəmbər savaş açıb, həmin məbədi puldəyişmə məntəqəsinə, banka çevirmiş «fərrusi»ləri, ruslar demiş, fariseyləri, ordan qovmaq istəyiylə xalqa müraciət edib.
Bu fariseylərin indiki varisləri müasir bank sahibləri, Amerika-sionist kapital dünyasıdır. Fərrusilərə qarşı İsa peyğəmbərimiz öz İncilini yazdı, lakin, həmin bəd əməllərin sahibləri Məsihi eşitməyib onu çarmıxa çəkdirdilər. Vəziyyəti belə görən yəhudi Karl Marks daha da irəli getdi, fərrusilərə qarşı məşhur «Kapital» əsərini qələmə alsa da, bank sahibləri yenə də əclaflığa əl atdılar, bu dəfə, sosializmi, SSRİ-ni çarmıxa çəkib qara əməllərindən qalmadılar.
«Üçüncü dəfə Allah onlara Barak hüseyn Obama adıyla müraciət edir» cümləsini qorxa-orxa qələmə alıram. Lakin dəqiq bilirəm, bəli, kapitalizmin indiki kəskin iqtisadi böhranı ərəfəsində Obama məhz elə İsa kimi, Karl Marks kimi müraciət edib həmin fərrusi tayfasına. Nyu-Yorkun Uolt-strit dəllallarına.
Heyrət, ey büt! Elə eynən İsa kimi də ziyarət edib Qüdsdəki Süleyman məbədini. Uşaq olmayın, kor-korana baş verməyib bu ziyarət, bəli, tam ayıq başla həyata keçirilmiş bir iş olub əslində. Öz islamafobiyası bütün dünyada ad çıxarmış  sionist Daniel Paypsın Amerika mətbuatında parta-partla çap olunan antiObama məqalələrini diqqətlə vərəqləsəz, hə, dediklərimi şübhə altına almazsız.
Fərrusilər, «Mossad» bax buna görə tarixi ənənəyə zidd çıxaraq, Obamanın məktubunu götürüb çap ediblər!
Təsəvvür edin, bu bankirlər, əslində pulla deyil, boş havayla alver yapır, sonra, indiki kimi, özlərini bankrot elan edir, sonra, Amerika dövlət xəzinəsindən 700, Britaniyadan 600, hətta bədbəxt Portulaqaliyan belə, 22 milyard dollar nağd, gerçək maliyyə vəsaitini götürüb mənimsəyirlər. Bax budur fərrusi tayfasının əbədi məşğuliyyəti-talançılıq, quldurluq, olmayan pullarla alver etmək bacarığı!
Əslində dünya zəhmətkeşlərini qara qəpiksiz qoymuş bu fərrusilər Buş, Sarkozi, Braun, Merkel, Berluskoni, Putin, Heydər Babayev vasitəsiylə gözümüzün önündə sanki dövlət çevrilişi etdilər, xəzinələri talayıb hakimiyyəti bankların birbaşa nəzarətinə ötürdülər.
Solçu, islamçı dairələrə yaxınlığı ilə tanınan, deyilənə görə hətta bir müddət  trotskist Amerika Sosialist partiyasının üzvü olmuş,  dünya solçularının gizli şəbəkəsi tərəfindən dəstəklənən Obama yaxşı bilir ki, bu böhran sıravi  iqtisadi böhran deyil, marksist terminoloqiyayla danışsaq, kapitalizmin dünya miqyasında iflasıdır. Tarixin çərxi geri dönməyə başlayır, 70-ci illərdə, xanım Tetçerin təkidiylə İngiltərədən başlayan, sonra SSRİ-yə sıçrayan, xalq mülkiyyətini qeybə çəkib postsovet məkanını müflisləşdirən özəlləşdirmə xəstəliyi bitir artıq, cənablar! İqtisadiyyata, bank sektoruna  yenidən milliləşmə siyasəti qayıdır. Hələ 70 il öncə Lev Trotski, Amerika iqtisadiyyatını diqqətlə öyrənib belə bir qəti qərara gəlmişdi ki, gələcəkdə bəlkə yalnız bu ölkə həqiqi sosializmə keçəcək.
Bəli, hazırlaşın, Obamayla Amerikanın sosialist quruculuğu dövrü başlayır.
OBAMA-ZƏMANƏMİZİN YENİ QORBAÇOVU?
Bezdirici amerikanizmə, yaxud, konspiroloji dillə danışsaq, Ağ Evin gizli-açıq birbaşa təlimatlarına yoluxmuş dünya TV-lərini diqqətlə izləsəniz, bəli, gözünüzdən eyni oxşar bir cəhət gərək ki, yayınmayacaq. Deyəcəksiniz ki, balam, nədir eey bu belə, qaradərili teleaparıcılar neyçün Rusiyanın NTV, Ukraynanın İctimai, Bakının ANS ekranlarında qəfildən peyda olub, yerli dillərdə sırf daxili məsələlərlə bağlı televerilişlər aparırlar? Dərin ehtyacmı vardı bu cür əcaib yeniliyə? Noolub ee bizim öz teleulduzlarımıza, xeyr ola, hardan gəlib soxuldu bu zəncibalaları bizim daxili telebazarımıza?
Nədir bu, Vaşinqtonun göstərişi, yaxud xoş, bəlkə kor bir təsadüf, yoxsa, soruşuram sizdən, çağdaş postmodernistik bir ədabazlıq, həə?
Mövzunu bir azacıq inkişaf etdirək bəlkə?- qaradərili teleaparıcıların dünya efirinə müdaxilə dinamikasını, belə deyək, siyasət sahəsində də izləyək, həə? Fikirləşib görək-neyçün, qaradərili Kandaliza Rays, ABŞ dövlət katibi vəzifəsini alınca, bəli, buyur, elə eyni vaxtda, dünya teleekranlarında zənci spikerlər peyda olub?
Həmin mövzu ətrafında müzakirələrimizə, indiki Amerika prezidenti Barak Hüseyn Obamanı da qatsaq, hə, onda bu mənzərənin dəqiq çərçivələri bizimçün tam anlaşılar. Bəli, süngünü çuvalda gizlətmək əbəsdir, zənci mənşəli teleaparıcı şəbəkəsi bütün dünyanı özünə öyrətdikdən az sonra, bax bu möcüzə baş verdi- şəbəkənin baş qəhrəmanı Barak Hüseyn Obama ən nahayət lap axırda həmin halqanı qalibcəsinə qapadı.
Əlbətdə ki, bu bir xoş zarafatdır biz tərəfdən. Əslində məsələ daha qəlizdir, qardaşlar. Razılaşın, əslinə qalsa, Amerikada Oktyabr inqilabı baş verib, özü də bu inqilab üçün qoca tarix  90 il əvvəl olduğu kimi, eşidin, yenə də yağışlı oktyabr ayını seçib haa…
Obamanı ikinci Qorbaçov, yürütdüyü siyasəti növbəti «yenidənqurma» da sayanlar var-ola bilsin ki, bu qaradərili prezident Qorbini təkrarlasın öz daxili-xarici siyasətiynən- o, sosializmi yox etdiyi kimi, bu zəncibalası da kapitalizm ehkamlarından, ehramlarından əl çəksin, Sarkozi, Merkel, Berliskoni, Saakaşvili, Yuşenko, Putin kimi ifrat sağ siyasətçiləri, yallah, istefaya göndərsin. Bəli, 20 il öncə bu siyasəti SSRİ yeritdi, öz konservativ həmkarları Çauşesku, Xonekkerləri təqaüdə göndərdi. Neyçün eyni oxşar hadisələr Avroatlantik məkanda baş verməsin, hə?
Bəlkə, konspiroloji araşdırmalarımızı dərinləşdirək burda? Qorxmayaq, Qorbinən Obamanın eyni qlobalist qüvvələr tərəfindən dünyaya atıldığı fərziyyəsini irəli sürək nəhayət? Deyək hamıya-dünya tam yeniliyə, modernə keçid edir-əvvəlcə sosializmdən əl çəkdi, indi kapitalizmdən. Bir sözlə,  o hər cür imperializmdən yaxasını qurtarıb, tarixin başqa bir mərhələsinə qədəm basır şayət bəlkə?
Obamanın oxşarını Qorbi timsalında, gördüzmü, tapdıq. Lakin, analogiyalarımızı burda bitirməyək, daha da cürətlənək, gedək qoca tarixin lap dərinliklərinə-orda da Obamanın oxşarı var axı- Firdövsinin Səyavuşu, necə, sizə indiki Amerika prezidentini xatırlatmır ki? Hər ikisində qan qarışıqlığı var, metisdirlər, hər ikisi, amansız siyasi ziddiyyətləri həll etmək, İranla Turanın barışığını təmin etmək fikrindədirlər.
Bir sözlə dünyaya yeni Səyavuş gəlib. Rəsulzadə demiş-zəmanəmizin Səyavuşu.
Bəlkə biz yanılırıq bu qənaətlərimizdə, sadəcə, indiki postmodern dövr, yenidən öz hoqqabazlığından qalmır, bu dəfə, Səyavuş əfsanəsini imitasiya edib onu da xırdalayıb boşboğazlığa çevirmək niyyətindədir ancaq?
Bəli, Obama ilk olaraq, dünya pərdəönünün Putin, Berluskoni, Markel, Sarkozi, Braun, Medvedyev, Yuşşenko, Kaçinski kimi simalarından başlayıb, sonra, pərdəarxası aristokrat elitaları, mason lojalarıyla, maliyyə tuzlarıyla toqquşacaq. Yəni, protestant fundamentalistləri sayılan Amerika dispensialistləriylə. Yəni, neokonlarla, Leo Ştrus məktəbiylə, onun xırda tələbələri, lakin, Azərbaycanda böyük görünən Metyu Brayza, Zeno Baran kimi islamafoblarla (türk sənədlərində Zeno deyəsən Zeynəb adını daşıyır).
Görəcəksiz, Obamaya qarşı, Rus, Avropa maliyyə elitaları birləşəcək, nəticədə dünyadakı siyasi güc nisbəti sabah tamam başqa dona bürünəcək. Rusiya-Avopa qarşıdurmasın sabah ilğıma çevrilərək əriyib gözdən itəcək, «NABUKKO» lahiyəsində biz ruslarla avropalıların birləşdiyini seyr edəcəyik. 
OBAMA-ZƏMANƏMİZİN İMAM HÜSEYNİ. Zəhrimaraqalmış digər kapitalist ölkələrində olduğu kimi, vaxsey, bütün postsovet məkanında yeni komprador «elita» hakimiyyətə daraşaraq başlayıb başımızda qoz sındırmağa. Rusiya, Azərbaycan mətbuatında «ailə» ifadəsi artıq siyasi məna kəsb edir. Lakin, tələsməyin, bu məfhuma aldanmayın, elə bilməyin ki, burda biz, digər  demokratik ölkələrə baxanda istisna təşkil edirik-Qərbin özündə də «300 ailə» adlı çox qədim zadəgan hakim zümrəsi mövcuddur. Lakin postsovet siyasi elitalarıla müqayisədə onlar pərdəönündə deyil, pərdəarxasında öz işini görür, çox da gözə girmirlər. «300 ailə» məfhumunu bəzən konspiroloqların qondarması sayanlara belə cavab verərdim-getsinlər Rusiya prezidenti köməkçisi A. İqnatyevin son məqalələrini oxusunlar, görsünlər ki, bu vəzifə sahibi, «300 ailə»ni əfsanə deyil, tam gerçəklik nümunəsi bilir, ruslara məsləhət verir ki, onlarla öz münasibətlərini birdəfəlik həll etsinlər. Bu barədə eyni oxşar fikirləri, son vaxtlar Bakıda flaş-mob vasitəsiylə əl telefonlarından yayılan bir video süjetdə gördüm-orda, Jdanov adlı bir rus konspiroloqu geniş kütlə qarşısında, dünyanı idarə edən 300 ailə barədə geniş məlumat verir. 2001-ci il 11 sentyabr olaylarını da bu hakim zümrənin bəd əməli elan edir, həmin hadisədən düz bir ay öncə çap olunmuş  rus masonlarının «Obustroystva i uyut» dərgisində bu barədə xəbərdarlıq çap edildiyini hamının diqqətinə çatdırır.
KİÇİK HAŞİYƏ: Yeri gəlmişkən deyim ki, həmin 300 ailə siyahısında erməni Anastas Mikoyanın da ismi var- bu 27-ci Bakı komissarı həmin siyahıya düşməkdən ötru görünür ən azı, 26 komissarı özü şəxsən güllələyib. Sonra, bir Allah bilir daha nələr etməyib həmin 300 ailənin xeyrinə, nəticədə, Vladimir İliçdən tutmuş ta Leonid İliçə qədər hakimiyyətdə qala bilib, SSRİ-nin bəzi tapşırıqlarını çatdırıb digər 299 hakim dünya elita üzvlərinə. İndi onun bu siyahıdakı yeri vakantdır.
Bu 300 ailəylə Obamanın sərt toqquşması yaxın gələcəyin işidir. İndiki maliyyə böhranı həmin təşkilatın əməlidir axı.
Deyəsən bu, lap İmam Hüseyn müsibətini xatırladacaq.
BİZİM KİÇİK ANTANTA. İndi görək Obama hakimiyyət uğrunda vuruşduğu vaxt bizim bölgədə hansı hadisələr baş verirdi.
Nəzərə alın-Obamanın xarici siyasət üzrə müşaviri  Zbiqnev Bjezinskinin nə vaxtdır ki, Buş administrasiyası, gizli «neokon» təşkilatı, sionistlərlə sözü düz gəlmir. Yazdığı son «Daha bir şans» kitabında o, Amerikadan tam yeni siyasət, islamafobiyadan üzüləşmək tələb edərək, «İslam+Çin+Amerika» üçbucağında dünyanın yeni güc mərkəzini müəyyənləşdirir.
Lakin, qoca Zbiq, polyakdır haa…Antirusdur, QUAM ideyasının müəlliflərindəndir, o heç vaxt bu lahiyələrdən əl çəkməz. Onun Obamayla tandemi sübut edir ki, bizim bölgə hələ uzun zaman Sem dayıya maraqlı görünəcək. Lakin bu, ilk növbədə bölgəmizdə İsrail maraqlarının azalması, Bakı-Ceyhan kimi isrilpərəst layihələr əvəzində, Avropayönlü neft-qaz marşrutlarının artmasıyla nəticənəcək.
Görək də. «Qazprom» lövhəsi arxasında gizlənmiş Rusiya Ordu Kəşfiyyatı, QRU buna icazə versə, hə, arzunuza çatarsız. Özəlləşmə nəticəsində xalq mülküyyətini, neft-qaz sahəsini bütün postsovet məkanında ələ keçirmiş keçmiş(?) KQB işçilərini 2003-cü ildən sıxışdıran, Xodorkovskiləri qazamata basan, FSB, SVR-i qoz qabığına soxan, Abxaziya, Şimali-Cənubi Osetiya, Ermənistan, Çeçenistanda tam hakim olan, bu günlərdə Zyazikovu taxtdan salıb İnquşetiyanı da ələ keçirən QRU-nu uşaq bilməyəsiz haa… Azərbaycan siyasi elitası, yadda saxlayın, KQB məktəbiylə  həmişə sıx tellərlə bağlı olsa da, ay dadi-bidad, o heç vaxt, KQB-nin qatı düşməni sayılan QRU-nu tanımayıb.
Həə, tərsliyə bir bax -bax bu gün həm bizimçün, həm Obama, Bjezinski, «NABUCCO» lahiyəsi üçün həmin tanışlıq dövrü başlayır. Neft-qaz borularıyla isə, həmişə 99 faiz siyasət axıdılır, vur-tut cəmi 1 faiz yanacaq.
***
Bəsdir özünüzü aldatdığınız, «NABUCCO» layihəsi iqtisadi deyil, tam siyasi bir lahiyyədir-bu əfsanə adı altında keçmiş soialist düşərgəsi ölkələri – Azərbaycan, Gürcüstan, Ukrayna, Rumınya, Latviya, Litva, Estoniya, Polşa, Macarıstan və digərləri birləşib ANTİMDB quruluşu yaratmaq, Qərbin sifarişiylə MDB-ni, SSRİ ideyasının dirçəlməsini birdəfəlik məhv etmək istəyirlər.
Burda qaz məsələsi heç də birinci yerdə deyil.
Hadisələrə bir başqa gözlə nəzər etsək görərik ki, bu gün Bakıda əslində yeni kiçik ANTANTA yaradılıb!
Öncəki yazımızda qeyd etmişdik ki, QUAM simasındakı ANTİMDB ideyası vaxtilə 20-30-cu illərdə Polşada təşəkkül tapmış «Prometey» liqasının antisovet, millətçi mirasından qidalanır. Qərb kəşfiyyat mərkəzlərinin hələ o vaxt başladığı bu siyasi oyun, indi QUAM adı altında davam etdirilir. Yəni, bu gün də o Qərb xüsusi xidmət mərkəzlərinin tabeçiliyindədir. Ayrıca  qeyd edək ki, cənab Saakaşvilinin 7 avqust avantyurası, bəli, bəli, Pekin olimpiadasının Prometey məşəli yandırılarkən baş verib.
Gördüyümüz kimi, Pilsudski, Rəsulzadənin müəllifliyi ilə yaranmış  Prometey liqası indi QUAM-a çevrilərək yenə antirus yönlü bir təşkilatdır. Lakin indiki postmodern dövründə bütün hadisələr imitasiya mahiyyəti daşıdığından, Prometey ideyasını da gəlin buna uyğun olaraq tam tərsinə dərk edək. Modernizm, yəni, sovet dövründə, bəli, Prometey insanlara od gətirirdi. İndiki postmodern dövründə bu əfsanə öz tərs mənasını yaşayır-bu dəfə Prometey əks hərəkət edərək insanlara verdiyi alovu onlardan geri almaq istəyir.
Yəni, postsovet elitası bu dəfə xalqın əlindən neft-qaz yataqlarını alıb, onu imperializmin istifadəsinə buraxır.
Lakin, rusları da cibinizə qoymayın. Onlar Türkmənistan vasitəsiylə bu liyihəyə qoşulub Avropanı yenə də qaz inhisarlarında saxlamağı bacardılar. Nəticədə «NABUCCO»-nun əsas ideyası-Rusiyadan qorunmaq!- öz mənasını itirdi. Ruslara nə var ki. Türkmən əlaltılarına əmr edincə, əkəbalalar bu qazın nəqlini anında kəsəcəklər. Nəticədə Avropa yenə də Rusiyanın qaz əsirliyində qalacaq.
Digər vacib məsələ-Bakı sazişini imzalamağa tələsən Qərb imperializmi, bununla yeni Vaşinqton administrasiyasını, Obamanı fakt qarşısında qoymaq, onu öz nəxşələrinə qoşmaq istəyirdilər.
Sneeker's Avatar***
Barak Hüseynoviç! Dünya öz taleyini sizə tapşırıb. Hamı sabah sizin nə edəcəyini gözləyir!  Sovet zamanında kommunist rəhbərləri qara dərili siyasətçilərlə  görüşdükləri vaxt onları öpüb bağrılarına basırdılar. SSRİ süqut etdikdən sonra, bu ənənəni davam etdirəcək bir başqası tapılmadı. Yalnız futbol oyunları bitdikdən sonra ağ-qara irqin nümayəndələri qucaqlaşıb qardaşlaşırdılar. Ümid edirik ki, Obama bu ənənəni yenidən siyasətə qaytaracaq.

Комментариев нет:

Отправить комментарий