26.04.2012

Bəlləbur - Azərbaycan tarixinin möhtəşəm abidəsi

Şəkil:Bəlləbur qalası.jpg
Lənkəran şəhərindən 10 km cənub-qərbdə Bəlləbur kəndi ərazisində Bəlləbur dağı adı ilə tanınan, sıx meşəliklə örtülmüş yuvarlaq yüksəklik var. Sahəsi təqribən 10-12 hektar ərazini əhatə edir, zirvəsi ətraf ərazilərə hakimlik edir. Cənub tərəfdən çay yatağı ilə sərhədlənir. Şimal tərəfdən isə meşəyə birləşir. Qərb və şərq tərəfləri düzənliklərdir.
Yerli əhali arasında “Bəlləbur qalası” adı ilə tanınan həmin dağ haqqında müxtəlif tarixi məlumatlar və rəvayətlər mövcuddur, onların da bəziləri müxtəlif yazılı mənbələrdə də yer almışdır.
1869-cu ildə S. Kazımbəyoğlu tərəfindən qələmə alınmış «Cavahirnameyi-Lənkəran» kitabında vaxtilə IX əsrdə Lənkəranın bir yaşayış məntəqəsi kimi Bəlləbur qalasında yerləşdiyi ehtimal edilir və qalanın ərazisində saxsı su boruları olan məişət binalarının qalıqlarının olduğu göstərilir.

O, öz əsərində Bəlləbur qalasını belə təsvir etmişdir: «Lənkəran çayından ayrılan qolun kənarındakı dağın üstündə, həmin çayın yarım ağaclığında kərpicdən və daşdan tikilmiş uzun və qalın bir divar vardır. İndi həmin yeri böyük meşə, divarların üstünü isə meşə bitkiləri örtmüşdür. Meşə içərisində divarın hasarının izləri qalmışdır. Bu hasar çox böyük olduğundan dağa oxşayır. Hasarın arasında darvazaya oxşar yol vardır. O yerin vəziyyətindən məlum olur ki, Bəlləbur qalası həmin hasarın içərisində bir qəsr imiş».
1926-cı ildə Azərbaycan arxeoloqu İsa Əzimbəyov «Azərbaycan arxeoloji komitəsinin xəbərləri» jurnalının ikinci buraxılışında dərc etdirdiyi «Drevnosti Lenkoranskoqo kraya» məqaləsində yazır: «Bəlləbur qalası dağın zirvəsində yerləşir. Qalanın ən yüksək hissəsində üç dairəli divarda otaqlar yerləşdirilmişdir. Birinci dairənin divarında ağ daşdan yonulmuş qoç fiquru vardır. İkinci dairənin divarında relyef formasında kaman, ox, siyirmə qılınc, xəncər şəkilləri çəkilmişdir. Yuxarı dairənin sonunda dağıdılmış otaq, divarlarda gipsdən düzəldilmiş quş və gül-çiçək fiqurları diqqəti cəlb edir. Bundan başqa orada əlavə otaqlar da vardır. Onlar tünd qırmızı və açıq-qırmızı kərpicdən tikilmişdir. Qalanın tapıntıları orta əsr şirli saxsı məmulatı, mis və qızıl Bizans numizmatikasından ibarətdir». Arxeoloq yazır ki, hətta mən özüm də orada qədim Bizans pulları tapdım.

XIX əsrin axırlarından müxtəlif yazılar, rəvayətlər və şaiyələrin yayılması səbəbindən Bəlləbur qalasına maraq artır. Bunun nəticəsində elmi araşdırmalardan çox burada qazanc əldə etmək məqsədi ilə “qızılaxtaranlar”ın fəaliyyətləri geniş yer alır. Bunların nəticəsində Bəlləburda vaxtı ilə müşahidə olunmuş tikililər dağıdılmışdır.
Arxeoloq Hətəm Kəsəmənli göstərmişdir ki, 1967-ci ildə, Bəlləbur dağının (qalasının) ətəyidən təxminən 100 metr şərqdə, düzən sahədə su kanalı üçün dərin xəndək qazılmışdır. Qazıntı zamanı mədəni, yəni insanların yaşayıb-yaratdığı təbəqə aşkar edilmişdir. Təbəqədən aşkar edilmiş müxtəlif maddi mədəniyyət nümunələri, o cümlədən tunc və dəmir silahlar, at əsləhəsi, həmin yerdə son tunc–erkən dəmir dövründə yaşayış yerinin olduğunu göstərmişdir. Təbəqənin 1,5–2 m qalınlığında olması yaşayış yerinin boyük olduğunu və burada həmin zaman intensiv həyatın cərəyan etdiyini göstərir.
Yaşayış yerinin şərqində, yerli əhalinin Sığun adlandırdığı geniş sahədə yaşayış yeri ilə yaşıd olan qəbiristanlıq yerləşir. Qəbirlər nəhəng qaya parçalarından qurulmuş müxtəlif ölçülü “daş qutu” tiplidir. XX əsrin 60-cı illərində burada tədqiqat aparmış arxeoloq Fərman Mahmudov 200-dən artıq daş qutunun olduğunu göstərmişdir. Hal-hazırda qəbiristanlıq sahəsinin böyük hissəsi sakinlərə həyət yeri kimi paylanılıb. Yalnız kiçik bir hissə dövlət tərəfindən abidə kimi mühafizə edilir.
Azərbaycanın Cənub-Şərq regionunda külli miqdarda tarix elmində “Talış-Müğan mədəniyyəti” adı ilə tanınan abidələr var. Onların tədqiqi 100 ildən artıqdır ki, aparılır. Bu müddət ərzində həmin abidələrin yayılması Talış dağlarının Muğan və Lənkəran düzlərini əhatə etdiyi müəyyənləşmişdir. Son tünc – erkən dəmir dövrünü, yəni miladdan öncə II minilliyin ikinci yarısı – I minilliyin birinci yarısı (m.ö.1400-500 illər), yaxud başqa sözlə günümüzdən 3400 – 2500 il əvvələ aid olan bu mədəniyyətin daşıyıcıları, yaşadıqları dövrün yüksək inkişaf etmiş mədəniyyətinə malik olmuşlar. Onlar Yaxın Şərqin böyük dövlətləri ilə qonşu olaraq onlarla müxtəlif mədəni, iqtisadi, siyasi və hərbi əlaqələrdə olmuşlar. Bütün bunlar günümüzə qədər gəlib çatmış qəbir abidələrdə əks edilmişdir.

ленкаран -баллабур
Dövrün hərbi münaqişələrlə zəngin olması, qonşuluqda mövcud olan dövlət və tayfa birliklərinin ərazilərində inşa edilmiş çoxsaylı qala və qalaçalar günümüzə qədər gəlib çatmışdır. Lakin uzun illərdən bəri tədqiq edilsə də, Talış-Muğan mədəniyyətinin daşıyıcıları yalnız külli miqdarda qəbir abidələrlə tanınır. Yaşayış yerləri isə yox səviyyəsindədir. Qəbirlərdə çoxsaylı müxtəlif növ silahların olması onların daima hərbi münaqişələrdə olmasını göstərir. Lakin onlara məxsus müdafiə tikililəri, qala və qalaçalar hələ də elmə məlum deyil.
Son tunc – erkən dəmir dövrü Qafqaz və bir çox qonşu regionlarda yaylaq-qışlaq maldarlığının geniş inkişaf etmiş dövrüdür. Hərbi demokratiya əsasında birləşmiş güclü tayfa birlikləri müəyyən ərazilərə nəzarət edir, həmin ərazilərdə yayı yaylaqlarda, qışı qışlaqlarda keçirərək daim hərəkət edirdilər. Ərazi və siyasi-iqtisadi vahidliyi onları formalaşmış etnik birliklərin yaranmasına, dövlətçilik astanasına gətirir.
Deyilənləri nəzərə alaraq biz Talış-Muğan mədəniyyəti məsələlərini yenidən araşdırdıq, yazılı mənbələri yenidən nəzərdən keçirdik, Bəlləbur dağında müxtəlif müşahidələr apardıq və aşağıdakı nəticələrə gəldik.
Bəlləbur dagının tarixi əhəmiyyəti bölgənin aranla dağ hissələrinin birləşdiyi, hərbi-strateji və iqtisadi cəhətdən çox əlverişli yerdə yerləşməşindədir. Bizi maraqlandıran məsələlərdən biri Azərbaycanın Cənub-Şərq bölgəsində dağ-aran və dağətəyi boyu əsas hərəkət yollarından birinin bu gün olduğu kimi keçmişdə də məhz Bəlləburdan keçməsidir. Odur ki, məhz burada tariximizin son tunc-ilk dəmir dövründə bu reqiona sahib Talış-Muğan mədəniyyətinin daşıyıcıları olan tayfalar dağdan arana keçiddə özlərinin düyün nöqtəsini, siyasi və iqtisadi mərkəzlərini, qala-şəhərlərini yaratmışlar. Möhtəşəm qalanın ətəyində, ona sığınan mühafizəsiz yaşayış sahəsi və qəbiristanlığın olması da buna işarədir.
Qalanı yaratmaqdan ötru dağın döşü aşağıdan yuxarıya doğru biri digərini əvəz edən bir neçə çay daşından qurulmuş istehkam sədlərlə əhatələnmişdir. Hal-hazırda istehkamlar üstünü meşə basmış daş köbərlər şəklində yaxşı müşahidə olunur. İlkin müşahidələrə əsasən dağa şimaldan birləşən uzunsov hündürlük də istehkamla möhkəmləndirilmişdir.
Qalanın bu gün də bir neçə yerində bişmiş kərpicdən hörülmüş divar parçaları mövcuddur. Kərpiclərin ölçüləri və inşaat texnologiyası həmin divarların daş istehkamlardan çox-çox sonralar, orta əsrlərdə inşa edilməsini göstərir.
Beləliklə, Bəlləbur qalası bu günə qədər ədəbiyyatlarda yazılmış və xalq arasında qəbul olunmuş orta əsrlər dövründə deyil, ondan 1500-2000 il qabaq əcdadlarımız tərəfindən qurulmuş və hal-hazırda Azərbaycanın qədim tarixini öyrənməkdən ötrü möhtəşəm abidədir.

Prof. Doktor Tufan İshaq oğlu Axundov,
Prof.Doktor Bəhmən Bəhrəm oğlu Kərimov 

Комментариев нет:

Отправить комментарий