18.04.2012

Ayrılıq yükü



Süleyman CƏFƏRLİ

Yenə axşamladı bu dəli şəhər,
Yenə də ayrılıq saatı çatdı.
Yenə də sevgimin sarı günəşi,
Qaralan qaşların altında batdı.
Yenə də ayrılıq, yenə də özləm,
Yenə önümüzdə dayandı axşam.
Yenə də saatlar ayırdı bizi,
İçimdən gəlmədi, mən sağollaşam.

Yenə də süzüldü durna gözləri,
Hələlik deyərək uzandı qollar.
Yenə uzaqlaşdıq istər-istəməz,
Yenə də taksılar, yenə də yollar...
Yenə qəhərlənib doldu boğazı,
Yenə gözlərinə calandı dəniz.
Yenə də dil-dodaq tuta tutmaya
Görüşmək üzərə!- dedik ikimiz.
Yenə sevgi bilməz, tozlu sokaqlar,
Yenə də qaraqum, yenə kaldırım...
Yenə də qalmışam sənsiz bu axşam,-
Ayrılıq yükünü necə qaldırım?

Aylı qız

Bu gün səhər, bütün xəbər verlişləri
Sizə yalan söylədilər.
Bir mən bildim, bir bu şəhər
Dünən gecə,
Qar yağmadı!
Dünən gecə, şəhərin batı bölgəsində
Aylı bir qız,
Ağlayırdı ulduz-ulduz
Yatmışıdız, sizlər hamınız.
Bir mən idim, bir bu Təbriz, birdə o qız,
Ağlayırdı ulduz-ulduz
İllər öncədə, o yabancı söyçü
Sizə yalan söyləmişdi,-
“To be or not to be”...
Heç də sorun deyildi bu
Bütün sorun,
Ulduzların axmasında,
Bütün sorun,
Aylı qızın ulduz dolu dünyasında...
Aylı qızın, ay-ulduzlu dünyası var,
Dünyasında heç nəsi var,
Heç nəsində hər nəsi var,
Bir köçəri durnası var.
Tələsiri uçub qaça
Gözlərini yola qoya,
Aylı qıza, gələcəyə bir yol aça
Tələsirdi, qanadları yara dolu, aylı durna...
***
Yarın səhər
Bütün kitablarda yalan yazacaq bu şəhər.
Aylı qızla, durnasından
Kaldırımlarsa, ağ-ağ parlayacaqlar
Aylı qızın ulduz-ulduz göz yaşlarından.

Yuxuma gəl

Bilməm gecələri çox sevdim,
Yoxsa gecələri yuxuma gələn gözlərini?-
Məni yanlış anlama!
Mən bayquş deyiləm, yarasalıq da heç əlimdən gəlməz.
Təkcə gecələri sevirəm, bir də gecələrdə yuxuma gələn gözlərini.
Bilirsən!
Kimsə ayıq olmur küçəmizdə gecələr,
Kimsə görmür bu saatda sokaqda olduğumu
Gecə yarısı, damla-damla bağıranda,
Kimsə eşitmir adını.
Kimsə bilmir, divarın ətəyinə daman yaşların
Şeirlərimin sansor olmuş sətirləri olduğunu.
Kimsə görmür ağladığımı.
Mən, günəşə aldanan kişilərin gözlərindən uzaq
Gecə durnası oluram,
Köçmək istəyirəm gözlərinə
Ağaclara dayanıb, divarlara yaslanıb.
Mürgüləmək istəyirəm.
Yatmadan, yuxuya batmadan, səni görmək istəyirəm
Evlərinin ışıqlarını söndürüblər qonşular
Gəlmək istəsən, kimsə görməyəcək səni
Dün gecə kimi
Yuxuma gəlmişdin.
“Nigar”  geyinmişdin.
“Dürat”ın üstündə
Belində qılınc, döşündə qopuz
Gündəkindən gözəl idin,
Gündəkindən sevməli.
Tellərin daha qaraydı,
Sözlərin daha şirin.
Məni duşlarımdə boğmuşdun,
əliyalın, qılıncsız! Qıratsız! Koroğlu olmuşdum.
Düşmüşdüm sokaqların canına,
İz buraxırdım daşlarına
Unuda bilməsin məni bu şəhər.
“Yoxluğunu geyinibdir gecə”
Gəlmək istərsən gəl?! Səssiz-səmirsizcə
Kimsə bilməsin gəldiyini,
Kimsə görməsin gözlərini.
Sığınaq gecənin səssizliyinə,
Ay tanış bir kölgə salsın divara,
Ağlayaq üçümüz də...
Mən, damcı-damcı
Ay , ulduz-ulduz
Kölgə isə...
Nəzir demişik mənlə məhəllənin quşları
Yuxumuza gəlsən bu gecə
Yarın səhər, bir bardaq su səpəcəyiz
Köçəri durnaların ardınca
Sənin adına...
....
Qorxuram durnalar kimin
Sən də bir yazlıq
Qonaq olasan
Gözlərimin gölünə.
 
“Qonaq-bacı”2

Qaranlıqla “qonaq-bacı” oynayıram,-
Gecələri mən ona qonağam,
Gündüzləri....
Qaranlıqla “qonaq-bacı” oynayıram,-
Bölüşürük, -
Gecə, qaranlıq, qaranlığın sənə bənzəyən qolçaqları...
Qapımdan qovduğum duyğular
Gecə, çaxır, yeddi illik bir bardaq,
Atama bənzəyən bir ovuc torpaq.
Bölüşürük ,-
Gündüz, mən, mənə bənzəyən güzgülər
Güzgülərin gözlərində gülümsəmə,
Dodaqlarında yaş.
Mən, ağıt, yetmiş illik ölüm.
Pəncərədən qayıdan duyğularım.
Mən, qopuz, qopuzumun hörülmüş telləri,
Çalmadığım toy havası,
Qoşmadığım qoşması, yazmadığım bayatısı.
Qaranlıqla “qonaq-bacı” oynayıram.
Mən, qaranlıq, gecə, sən...
Eyyyyyyyyyyyyyyy
Qurban olum boyuna,
Sən də qatıl oyuna.

2- “qonaq-qonaq” oyununun başqa adı

10 - beş bölüm

I.
Mən,
Qurumuş çaylara salınmış keçənsiz bir köprüyəm,
Axın laylasını oxuyub, ovuduram balıqları.
Məndən geçəcəksən, indi geç!
Yubanırsan uyacağam, oxuduğum laylalara,
Axacağam su yerinə
Çayların özləmini bağıra-bağıra...
II.
Mən,
Bir bardaq çaxıram.
Yoğrulmuşam, anamın yetmiş illik duşlarından
Sən, içməsən də olur.
Ancaq içəcəksən, yubanma
Qorxuram calanıb öləm
Bu kor yolcuların çəlik vurmalarından...
III.
Mən,
 Yağmur qoxusuyam.
Yaşayıram, çılpaq sokaqların, çamur qorxularında
Sozarmış tomurcuqların,
Ssusamış torpaqların
Çatlaq diləklərində.
Məni indi qoxla!
Tapdalanmadan,
Çörək qayğılarının ayaqları altında...
IV.
Mən,
 İtgin quylaqlara yazılmış
Bir sətirlik ağıtam.
Yaşayan baş daşılarının alın yazısıyam.
Oxuyacaqsan məni, yubanma
Yarın qarışacağam torpaqlara,
İçimdə yaşayan ölülər kimi...
V.
Mən,
Anamın əllərində bitən, qabar çiçəyiyəm.
Məni dərsən də olar, dərməsən də!
Ancaq yubanırsan baş qaldıracağam çiban kimi,
Söyləyəcəyəm qulaqlar alışamayan alışıq mahnıları
Yaxacağam, zorla ovudulmuş körpəliyimin ağır yuxusunu.
Mən,
Anamın əllərində bitən, qabar çiçəyiyəm...
 
11- Yağmur ayında

Yenə də boşuna çalışır bu qar
Nə məni durdura bilər, nə də bu şəhərin üzünü ağardar.
Xırxırasına qədər çamurdur, ışıqsız sokakları.
Boğazına qədər palçıqdır qaranlıq tinləri,-
Tanıyıram bu şəhəri!
İlaylar uzuntusu qışların üzü qarasıdır.
Bilirəm! Yenə də boş yerə...
***
Ayyy!
Yağmur altında yürüyən qız!
Hansı ulusun türküsünü yetdi-yetdi qoşmaq istəyirsən?
Nədəndir səsin içimdə inləyən adama bənzəyir?
Nədəndir sazın dan ışığında ulayır?
Yoxsa sözün közməklənmiş ürəyimə toxdaq olmaq istəyir?
Hoyyy! hazır ol!
Hansı sümüyümün yarasını sarırsan?
O, bu üzüqara şəhərin yarasıdır,
İliyimə işləyib artıq
Sağalmaz bu yara. Sən özünü yorma!
***
Ayyy!
Yağmur altında ağlayan qız!
Nədən belə tanışdır sözün?
Olmaya bu gecə sənindir sıra,
Qoparasan bir parçasın ürəyimin?
Nədən belə ışıldayır gözlərin?
Nə demək istəyirsən?
Hazır ol!
Kölgələrin yuxusunu pozma!
Sussss!
Parlaq gözlərini qoyma!
Söyləmək istəyir unudulmuş bir söyü, ögey qulaqlara.
Sussss!
- Yox!
- Hən!
- Yox, bəlkə eşitmək istəyən birisi var?!
Qoy mən yazım
Yağmur altında ulayan dişi bir qurdun öyküsünü
Şaman bir qadının,
Bu dəli küləyin altında,
Türkü-türkü ağlayan mahnısını.
***
Yenə də boşuna çalışır bu qar
Nə sözlərimi dondurar,
Nə əllərimi durdurar,
Nə də bu şəhərlilərin üzünü ağardar.
Yenə də
Boş yerə
Çalışır bu qar...

Комментариев нет:

Отправить комментарий