22.04.2012

“Qubalı qız”

Zerkalo Klara — Azərbaycanın taninmiw Ogrusu
Rövşən Yerfi

Son illərdə sevimli müğənnimiz Məmmədbağır Bağırzadənin ifasından sonra (bu mahnını xalq artisti Gülağa Məmmədov da oxuyub)  unudulmaqda olan mahnılardan biri də “Qubalı qız”dır. Sözləri xalq şairi Süleyman Rüstəmin, musiqisi İbrahim Topçubaşova məxsus bu mahnı ağlım kəsəndən daim həzinliyi ilə ürəyimi riqqətə gətirib, düşündürüb: İbrahim bəy görəsən mahnını daha çox kimə görə - anasına, yoxsa həyat yoldaşınamı bəstələmişdi? Əslində seçimdə fərq yox idi, nəticə baxımından bəstəsində bütün qəlbi ilə qubalı qızına məhəbbətini vəsf etmişdi. Şəxsən mən mahnını dinləyəndə özümdən asılı olmayaraq həyatımda ən əziz insan olan erkən itirdiyim anamı xatırlayıram. Anası, nənəsi, həyat yoldaşı qubalı qızı olan bütün insanlar, şübhə yox ki, buna bənzər xoş hisslər keçirirlər.

“Vətənimin bəzəyisən qubalı qız, qubalı...” Mahnıdakı bu sözlər ilk baxışda adi tərif kimi görünsə də, şair tərəfindən qubalı qızına qarşı əsaslı, doğru münasibətdir. Məqsədim tərəfkeşlik və ya təəssübkeşlikdən uzaq olaraq faktlarla  bu mövzuda  sizə söhbət açmaqdır. Bu diyarın, zonanın qadınları hələ Fətəli xan Qubalının həyat yoldaşı cəsur, qorxmaz Tutu Bikədən başlayaraq vətənin bəzəyi olmuşlar. Buranın tanınmış qadınları bir qayda olaraq həyatlarını ərlərinin amalları uğrunda fəda etmişlər. Abbasqulu Ağa Bakıxanovun həyat yoldaşının adına olan Quba şəhərindəki Səkinə xanım məscidi bəhs etdiyim yönümdə siradan bir misaldır.
İyirminci əsrin əvvəllərində ədəbiyyatımızda ilk qadın yazıçı,dramaturq Səkinə Axundzadə, o dövrün mübariz qadınları sayılan Ayna Sultanova (Həmid Sultanovun həyat yoldaşı), Ceyran Bayramova (Əli Bayramovun həyat yoldaşı) respublikamızda tanınmış simalar olub. Xalqın sevgisini qazanmış, “Kəsmə - şikəstə” muğamını özünəməxsus məlahətli səsi ilə oxuyan əməkdar artist Fatma Mehrəliyevanı bu mənada xatırlamamaq günah olardı. Haqqında danışdığım mahnını bəstələyən  İbrahim Topçubaşovun anası, məşhur cərrah Mustafa Topçubaşovun həyat yoldaşı  – ilk qadın rəssam, əməkdar incənət xadimi Reyhan Topçubaşova da qubalı xanımdır.
 Qəribədir ki, oğru dünyasının qadın avtoriteti Klara Yusifzadə də  qubalı qıızlarından biridir.O. dövrünün tanınmış ziyalılarından olan qubalı Ağababa Yusifzadənin qızıdır.
Müasir tanınmış qadınlardan xalq artistləri müğənni Zümrüd Məmmədova, aktrisa Zərnigar Ağakişiyevanın adlarını fəxrlə çəkmək olar. Bu diyarın qızları bir çox yaradıcı insanların həyat yoldaşları, ilhamvericiləri olmuşlar. Əsrlərdən gələn hamının bildiyi bir həqiqət var ki, dahi Nizami Gəncəvinin qəlbini alan gözəl Dərbəndli Afaq xanım olmuşdur.(Rus işğalınadək Dərbəndlə Quba eyni ərazi hesab edilib.) Maraqlısı odur ki, ilk xalq şairimiz Səməd Vurğunun həyat yoldaşı Xavər xanım da əslən Dərbəndlidir. Blidiklərimdən xalq şairi Məmməd Arazın, tanımış bəstəkar Vasif Adgözəlovun ömür-gün yoldaşları da qubalı olmuşlar.
Özləri Qubada doğulmasalar belə, ictimai xadim Lalə Şövkət, xalq artistlərindən sevimli aktrisamız Afaq Bəşirqızı, müğənni Zülfiyyə Xanbabayeva, opera səhnəmizin “Karmeni” Fidan Hacıyeva  həqiqətən vətənimin bəzəyi sayılası qubalı qızlarıdır. Mən yalnız kütlənin tanıdığı məşhurları sadaladım. Ola bilsin kimlərisə unutdum, xatırlamadım, adlarını çəkmədiyim xanımlar məni bağışlasınlar. Unutduqlarımın hər birinə, bütün qubalı analara dərin, tükənməyən ehtiramımı bildirirəm. Siz bu ehtirama, sonsuz rəğbətə layiqsiniz, necə ki, mahnıda deyilən sayaq: “Həyatımın  çiçəyisən.., göyçəklərin göyçəyisən qubalı qız, qubalı...”
Bu yazını oxuyanların bəziləri məni qınayacaqlar: məgər indi 8 Martdır? Mən də soruşuram: ilin qalan günləri qadınlarımıza qarşı münasibətdə etinasızlıq nümayiş etdirmək nə dərəcədə düzgündür,,?     

Комментариев нет:

Отправить комментарий