23.06.2012

Masonlar kimdir?

 Sima Ənnağı
Professional Oxucu Liqası


II hissə: Memar deyirdi ki sütunlar lazım deyil, tavan tökülməyəcək, çünki hər şey düzgün hesablanıb

 Görkəmli rus yazıçısı Mixail Osorgin masonlar haqqında belə yazır: “Cökə xiyabanında tikilən məbədin cizgiləri artıq görünməkdədir, bu məbədin tikintisi heç vaxt tamamlanmayacaq. Bütün ölkələrdən bura insanlar axışıb gəlir, onlar nə sənəti, nə varı-dövləti, nə nəsil-nəcabəti ilə fərqlənirlər. Onları yalnız bir şey birləşdirir- gizli biliyə malik olma. Qardaşlıq zənciri onları birləşdirib, yenidən qurulmalı olan xəstə, nadan dünyadan ayırmışdır.
Digər inşaatçılar, əsil fantaziyaçı və sənətkarlar, bəşəriyyəti hazır proqramlarla, sosial təcrübə ilə zənginləşdirməklə, bir-birinə badalaq vurmaqla məşğul olarkən, gizli sənətkarlar -siyasi sui-qəsdlərdən və mövhumatdan uzaq olan sənətkarlar- çəkicə və kəsici alətlərə sarılıb yalnız özlərinə məlum olan kobud daşı yonaraq, onu düzgün və rahat formaya salırlar. İlk sınaqdan keçənlər bu daşlardan yeni ideal məbədin özülünü qaldırırlar. Məbəd ucalır, genişlənir, lakin o elə nəhəngdir ki, onu yalnız bütün bəşəriyyətin birgə səyi nəticəsində tamamlamaq mümkündür. Hər bənna öz kiçik əməyini Məbədə sərf edir, öləndə də yeni ustaya işini davam etməyi vəsiyyət edir”.
İLK BÖYÜK LOJA. Lojaların sayı artdıqca, onların fəaliyyətini istiqamətləndirmək lazım gəlirdi. Odur ki 1717-ci ildə Londonda 4 loja birləşib nəzarət orqanı- Böyük Lojanı yaratdılar. Böyük Lojanın illik yığıncaqları cəmiyyətin diqqətini çəkirdi, orden dinamik şəkildə inkişaf edirdi. 1737 və 1907-ci illər arasında İngiltərədəki qardaşlıqda 16 şahzadə vardı (onlardan 4 nəfəri sonradan kral oldu). Masonların vahid qardaşlıqda birləşməsi, nəticədə indiki formasını almışdır. Müasir masonluq operativ masonluqdan inşaat alətlərini, üzvlərin dərəcələrini, gizli sözlər və işarələri və s. götürmüşdür. Ziyalı  masonlar məbədin özülü üzərində mason rəmzlərinin gözəl binasını ucaltmışlar. Bu rəmzlər masonların dünyagörüşünü, ədalətli cəmiyyət qurmaq inamını, cəmiyyətin hər üzvünün inkişafınına inamı əks etdirirdi. Beləliklə, mason əfsanələri yarandı, qədim elmdə və inanclarda həqiqətin axtarışı başlandı.
 Hesab edilir ki, operativ masonluğun sonuncu  Böyük Ustadı ingilis memarı Kristofer Rendir, o Londonda Müqəddəs Pavel kilsəsini tikmişdir. 18 il davam edən tikinti zamanı memar Müqəddəs Pavel lojasına gedirdi. Kristofer Renin ustalığı haqqında belə rəvayət var. Kilsə tikilib başa çatanda, şəhər hakimiyyəti gördü ki, məbəd binasının mərkəzi hissəsindəki nəhəng tavanı saxlamalı olan sütunlar yoxdur. Memar deyirdi ki sütunlar lazım deyil, tavan tökülməyəcək, çünki hər şeyi düzgün hesablanıb. Lakin ona inanmadılar, əmr etdilər ki, məbədin tavanına dirənən sütunlar tikilsin. Sütunlar tikildi, lakin onlar tavana tam dirənmədi, arada məsafə qaldı. Həmin sütunlar bü gün də kilsədədir və memarın bacarığını, şəhər hakimiyətinin elmin nailiyyətlərinə şübhələrini açıq şəkildə sübut edir.
 İllər keçdikcə, masonlar öz təşkilatlarını mükəmməlləşdirirdilər. 1723-cü ildə İngiltərədə “Nizamnamələr Kitabı” çap edildi. Kitabın müəllifi Şotlandiya keşişi Ceyms Anderson idi. Bu sənəddə deyilirdi ki müxtəlif dini cərəyanların nümayəndələri lojalarda birləşməli və yeni ideyaları təmkinlə, rahat müzakirə etməlidirlər. “Qədimlərdə masonlar yaşadıqları ölkənin dinini qəbul edirdilər, indisə onlar qarşılıqlı razılaşmanı təmin edən Dinə etiqad etməlidirlər; yəni masonlar zəhmətkeş, səmimi, nəcib, dürüst olmalıdırlar” -kitabda belə fikirlər var. O zamandan etibarən dözümlülük və səmimilik masonlar üçün  pozulmayan bir qanun oldu. “Nizamnamələr” 1734-cü ildə Amerikada Böyük Mason Ustadı Bencamin Franklin tərəfindən Filadelfiyada çap edildi.
 Çox tezliklə mason qardaşlığı bütün Avropa qitəsində kök saldı. 18-ci əsrin 30-cu illərində mason lojaları Belçikada, Rusiyada, İtaliyada, Almaniyada, İsveçrədə yarandı. 1735-ci ildə Parisdə 5 loja, 1742-ci ildə isə 22 loja vardı. 45 ildən sonra, Fransa İnqilabı ərəfəsində masonların sayı 100 minə çatmışdı.
MASONLAR VƏ KİLSƏ. Katolik kilsəsi masonluğun sürətlə yayılmasını şübhə ilə müşahidə edirdi. Masonlar tez bir zamanda özlərinin ayinlərini, tarixlərini, əfsanə və iyerarxiyasını yaratmışdılar. Artıq 1738-ci ildə papa XII Kliment ilk dəfə olaraq masonluğa qarşı kəskin etirazla çıxış etdi. O tələb etdi ki, mason qardaşlığına yazılmış katoliklər kilsədən qovulsunlar. Papa elan etdi ki, masonların andiçmələri müqəddəs etirafa və kilsə hakimiyyətinə ziddir. Bütün Avropada masonlara qarşı təqiblər başlandı, onlara cəzalar  verildi, cərimələr qoyuldu.
 1717-ci ildə Londonda rəsmi olaraq Böyük Loja açılandan sonra mətbuatda masonları ifşa edən silsilə yazılar çap edildi. Masonlar anarxistlərlə əlaqədə, pozğunluqda təqsirləndirildi. Siyasi hadisələr, ayrı-ayrı masonların amoral davranışı masonlara qarşı fikirləri daha da kəskinləşdirirdi. 1735-ci ildə holland lojasının yığıncaqlarına qadağa qoyuldu, hakimiyyət ehtiyat edirdi ki, masonlar siyasi oyunlara qatıla bilərlər. Belə qadağalar 1738-ci ildə İsveçdə, 1745-ci ildə İsveçrədə baş tutdu.
 Başlanan təqiblər mason qardaşlığını məhv edə bilməzdi, çünki onların ideyaları güclü, himayədarları nüfuzlu idi. Lakin cəmiyyətdə masonlara qarşı mənfi rəy formalaşırdı.
BƏNNALAR ELMƏ KEÇİR. Cavab olaraq masonlar tarixi öyrənməyə başladılar. Mason alimlər qədim ictimai etikada və dini inanclarda masonların ictimai əxlaq haqqında fikirlərinin mənbəyini axtarırdılar.  Onlar qədim dinlər və etik sistemlər arasında oxşarlığı gördülər, müxtəlif xalqların dünya haqqında kosmoqonik təsəvvürlərinin eyniliyini tapdılar. Beləliklə, masonlarda Kainatın Böyük (Ali)  İnşaatçısı haqqında təsəvvür yarandı. Masonlar antik ovsunların, Qədim Misir kahinlərinin ayinlərinin, Taro kartlarının mənasını açdılar. Mərkəzi Asiyanın ari xalqlarının qədim əfsanələrini yeni baxış altında öyrəndilər. İnduizm, bütpərəstlik, konfusilik, dao və  Şərqin digər dini-fəlsəfi sistemləri ilə Əhdi Əqiq, Xristianlıq arasındakı dərin əlaqəni gördülər. Tədricən masonluq universal fəlsəfi-etik elmə çevrildi və ölkələrin dini sistemləri ilə münaqişə yaratmadan bütün dünyada geniş yayıldı.
 Bu elmin xüsusiyyətlərini nəzərdən qaçırmayaq. İnsan keyfiyyətlərini, əxlaq, fəlsəfi-etik fikirləri masonlar sözlə deyil, rəmzlərlə izah edirlər. Həmin rəmzlərin əsası inşaat alətləridir. Lakin rəmzlərin əsil mənasından and içib gizli biliklərə yiyələnən masonlar  agahdır. Masonların bir birini tanımağa köməkçi olan işarələri və xüsusi sözləri gizli saxlanılır. Dərəcədən dərəcəyə keçən mason alətlərin yeni mənalarını öyrənir. İndi, masonlar haqqında xeyli kitablar yazılandan sonra bu rəmz və işarələr artıq heç kimə sirr deyil, lakin azad bənnalar hələ də öz sirlərini qorumaqdadırlar. Masonun əsas vəzifələrindən biri- özündə sədaqətliliyi, sirr saxlama bacarığını  tərbiyə etməkdir. Onun üçün sirr əbədi olaraq  sirr qalır.
Sirlərin qorunub saxlanmasının digər səbəbləri də vardı. Masonluq- filantrop hərəkatdır, yəni onun məqsədlərindən biri yaxınlarına yardım etməkdir. Lakin arxasında təmənna duran yaxşılıq, reklamdan başqa bir şey deyil. Əsil xeyriyyəçilik yalnız gizli şəkildə baş tutur, yalnız bu zaman yardım öz ünvanına çatır. Ona görə masonlar öz işləri haqqında həmişə susmuşlar.

Комментариев нет:

Отправить комментарий