17.06.2012

Öz içindən üşüyən qadın

Ramil Əhmədov


Gün işığında
kölgəsi izləyir onu daim.
Onun ən yaxın dostu öz kölgəsidir.
Qaranlıq düşür…
gecənin qaranlığına qarışır
bu qadının kölgəsi -
tənha keçirir hər gecəsini.
Küçələri “ər” bilib,
səkini övladı kimi qucaqlayan,xadimə qadın,
Yerə səpələnmiş zibilləri
elə yığışdırır ki,
elə bil doğma evini təmizləyir.
Yayın cırhacırında
əynindən çıxarmır köhnə paltosunu -
hələ də bilmir ki,niyə üşüyür.

Bəzən adamlara baxıb gülür:
-Bu soyuqda bunlar qısaqol köynəkdə üşümür?
…isti ocaq,
nəvaziş,
qayğı – bir sözlə,sevgiyə aid bütün sözlər
silinib bu qadının lüğətindən.
Əllərini nəfəsi ilə isitməyə çalışır,
elə üşüyür ki,
ona baxanda buz kimi donub qalır adam…
Havanın soyuqluğundan gileylənir,
hələ də bilmir ki,
hava od kimi istidi,
o öz içindən üşüyür….

Комментариев нет:

Отправить комментарий