23.06.2012

Rahi, öylə söz de, hicran görməsin biçarə söz

Vüqar Rahi


Eşqin qəmi, dilbər, məni səhralara saldı,
İşğal eləyib qəlbimi, məndən məni aldı.


Rəhm eylədi gün başıma, sevdan isə əsla,
Hər dəfə ki, vurdu, o qədər çeşm qaraldı.


Mən böylə deyildim, bu nə tilsimdir ay Allah,
Canım gedir əldən, bu nə halətdi, nə haldı?


Bütxanəyə bənzər dolu qəlbimdən əsər yox,
Bir tək baxışınla bu könül mülkü boşaldı.


Çatdın yenə kamə, yenə sən istəyən oldu,
Əz qəlbimi, zalım, nə qədər, durma, macaldı.

Yox başqa əlacım, çəkəcəm mən bu əzabı,
Öylə sanaraq kim, belə şey yoxdu, xəyaldı.


Hicran gecəsi bitmədədir, qəm yemə, Rahi,
Əlbət o gün üzlüm gələcək, sübhə nə qaldı?
***


Ey şux, görəndən məni sən şe'r həvəsində,
Bir özgə soyuqluq yaranıbdır nəfəsində.


Yoxdur daha əvvəlki o səndən bir əlamət,
Siman ilə bahəm dəyişib incə səsin də.


Söylə, bu nə hicrandı yaşatdın mənə, zalim?!
Mən tək səni sevmib axı heç bircə kəsin də.


Ahım belə boğdum sənə xatir öz içimdə,
Ey gül, nədi yanğın çıxarar xarü xəsində.


Rahi, səni kim zənn elədi fəqrü gədasan,
Bilmir necə bir gənc yatır döş qəfəsində.
***
Qanmaz sözün e'cazın yoldan keçən hər adəm,
Xəlq oldusa bir sözlə, şair, nə ki, var madəm.


Bir sirri-xudadır söz, yox söz kimi bir varlıq,
Söz var gətirər şadlıq, söz var ki, göz eylər nəm.


Nuş olmaz o söz canə, yazmaqdan əzəl gər ki,
Ağzında bişirdikdə ədvasın edərsən kəm.


Dil sussa gər ağzında, qalmış demək övladə,
Mütləq doğacaq bir gün, etmə bu səbəbdən qəm,


Yüz il yaza, olmazdır, istərsə kim olsun mən,
Kimdir ola öyrənci-sözlə birin etmiş dəm?!


Ustadlığındandır, gər şe'r oxusa Rahi,
Məst eyləyər insanı, təkrarən ayıldar həm.
***
Nola düşdükdə, könül, yadə, görəm sevgilimi,
Həmi dünyadə, həm üqbadə görəm sevgilimi.


Ölərəm kimsə əgər dersə dəyişmiş gözəlim,
Axı öyrəncəliyəm sadə görəm sevgilimi.


Yığışıb dost – tanış ətrafıma olsun, neynim,
Çatanım yoxdusa imdadə görəm sevgilimi.


Gecə-gündüz nədi bilməm yatıram həsrət ilə,
Ki, bu cür bəlkə də röyadə gərəm sevgilimi.


Yaşamaq onsuz haramdır mənə, bu ömr hələ
Getməmişsə nə qədər badə, görəm sevgilimi.


Bülbüləm, vəsli-gülə yetməyə bağban qoymur,
İstərəm, Rahiya, azadə görəm sevgilimi.


Hacı Ələmdar Mahirə nəzirə


Tut sözü daim özündən yüksək, ey şair könül,
Çünki Allah göndəribdir Əhmədi-Muxtarə söz.


İstəsə təbim gər etsin ləzzət hər bir varə söz,
Ol desin mütləq gərək mədhində hər dəm yarə söz.


Söz bilən olmazsa bir məclisdə sussan yaxşıdır,
Tə’sir etməz çün nə qədri söyləsən də karə söz.


Söz o varlıqdır ki, ecazın duyub qəşş eyləmiş,
Cəbrəil nazil edərkən Əhmədi-Muxtarə söz.


Olmasa bir sözdə hikmət gər günahkar söz deyil,
Çünki çox nadanlar ağzında qalıb avarə söz.


Söz ilə mə’na bir aşiq ilə mə’şuqdursa gər,
Rahi, öylə söz de, hicran görməsin biçarə söz.

Комментариев нет:

Отправить комментарий