22.06.2012

Türmədəki məşuqə-müğənni söhbətləri

Rövşən Yerfi həbsxana burjuyları barədə yazdı


Fərqi yoxdur, istəyir azadlıq, istəyir qanunda olmayan “dövlət” olsun - hər ikisində insan və insanın pula olan tükənməyən, sonsuz nəfsi var. Çöldə ləyaqətini qoruyan adam həbsdə də öz qürurunu saxlaya bilir. Müxtəlif vasitələr hesabına eyiblərini gizlədənlərin isə içəridəki kəskin nəzarət altında manevr darlığından, imkanların məhdudluğundan qısa zamanda malik olduqları sima və səviyyələri üzə çıxır, qüsurlarını ört-basdır edə bilmirlər.
Burada iblislər mələk donu geyinməyi bacarmırlar. Azadlıqla türmənin ən böyük fərqi də burdadır: kimsənsə, nəsənsə, osan... Daha çöldəki kimi maskalana bilməzsən, mütləq daxilin üzə çıxacaq. Ləkəlisənsə, o ləkə daim səni qarabaqara izləyəcək. Ləkəsizsənsə, ləkəlilər arasında gərək həmişə mənliyini saxlayasan, itirməyəsən. Onu itirməmək üçün isə yüksək mənəvi keyfiyyətlərinlə yanaşı pulun da öz müstəsna rolu olur.
Doğrudur, pul hər şey demək deyil. Amma pulun hər yerdə, o cümlədən cinayət aləmində də mövcudluğu insan üçün rəğbətdi, ehtiramdır. Hələ bir əsr bundan əvvəl dahi şairimiz Mirzə Ələkbər Sabir deyirdi:


Adəmi adəm eyləyən paradır,
Parasız adamın üzü qaradır... 


Rəğbət haradan başlayır? Əlbəttə, gətirilən “peredaçaların” (bağlama, sovqat) sayından. “Peradaça”nın miqdarı şəxsin çöldəki qiymətinin əsas göstəricisi hesab edilir. Əgər adama illərlə “peredaça” gəlmirsə və ya bayramdan bayrama gəlirsə, demək, o adam çöldə ya çox kasıbdır, ya da onu yaxınları, qohum - əqrəbası adam siyahısından siliblər. Belələrinə “bedalaqa” deyirlər. Hər ay “peredaça” alanlar - ortabablar sayılır. Onlara hamı hörmət edir: “paqon” da, məhkum da. Çünki, onlar ümidli adamlardı, ümidsiz deyillər.
Hər həftə “peredaça” alan adamsa artıq “burjuy” sayılır. “Burjuylar” isə adətən keçmiş vəzifəlilər, biznesmenlər, sahibkarlar və ya onların övladları, yaxın qohumları olur. “Burjuylar” malik olduqları pula arxalanıb özləri ilə başqaları arasında fərqli distansiya yaratmağa çalışırlar. Onlar əsasən rəis və onun müavinləri ilə yaxın, mehriban münasibət qururlar, qalan əməkdaşlara bir o qədər önəm vermirlər. Cinayət aləmindən də təkcə “obşak”a diqqət yetirirlər. Neytral olmağa, kimsəyə qarışmamağa, hamıdan təcrid olunmuş şəraitdə yaşamağa daha çox üstünlük verirlər. Hamıdan kənar olmaq arzusu özünü yüksəktutma, xudbinlik hissindən savayı, sərfəli olmayan hər kəsə pulundan istifadə etməyə imkan verməmək qayğısından irəli gəlir. Aylıq rəisə ödədikləri “haqqın” qarşılığında onlara “obşak”ın şəraitinə bənzər rahatlıq yaradılır. Ayrıca otaq, ya da barakın baş küncü onlara verilir. Elektrik məişət cihazlarından gen-bol istifadə etməyə icazə verilir. Kasıb məhkumların içərisindən gündəlik normal qidalanmaq xatirinə “burjuy”un yemək - içməyini, yaşadığı yerin səliqə - sahmanını, təmizliyini görməyə bir ya iki nəfər könüllülər tapılır.
“Burjuylar” da səhər və axşam ad yoxlamalarında istisna hallarda iştirak edirlər. Eyni zamanda onların yatağına, əşyalarına, ərzaq ehtiyatına nəzarət məqsədli baxışlar yalnız rəisin göstərişi ilə icra oluna bilər. Qaydalardan artıq görüşə çıxmaq da onlar üçün problem deyil. Hər həftə “peradaça” aldıqları səbəbindən qidalanma sarıdan heç bir narahatlığı olmayan “burjuylar” boş vaxtlarını yeyib yatmaqdan başqa gündəlik qəzetləri, rus dilində dedektiv kitabları oxumaqla, televizora baxmaqla, radioya qulaq asmaqla keçirirlər. Xüsusilə, qadın müğənnilərin mahnılarını dinləyəndə dərin xəyallara dalırlar. İstər – istəməz hərə azadlıqda sponsorluq etdiyi “ciyərpara” xanım müğənnisini xatırlamalı olur.
İkisinin xatirəsi yadımdadır. Bir keçmiş şirkət sədri öz müğənni xanımını düşünəndə çox vaxt dözə bilməyib kövrəlirdi. Böyük təəssüf hissi ilə danışırdı: “Məllim (o, mənə “məllim” deməyi xoşlayırdı), bilirsiz biz necə bir birimizi sevirdik?! Onun üçün nələr etmirdim! Konsert turları təşkil edirdim, klip çəkdirirdim, albom yazdırırdım. Artist olanda nə olar, çox mərd xanım idi. Günah məndə oldu, acgözlüyümdən qalmadım. Bir müddətdən sonra gizlicə bir başqası ilə də tanış oldum. Güman elədim ki, xəbər tutsa da xərclədiyim pulların xatirinə özünü görməməzliyə qoyar. Gəl ki, elə olmadı. Bilən kimi kabinetimə gəlib, mənə bir dənə yağlı sillə çəkdi. Dedi, sən kişi deyilsən. Qapını çırpıb o gedən getdi, heyif ondan... Eh, kim bilir, bəlkə də, onun qarğışına düşdüm, az keçmədi tutuldum.”
Bir keçmiş nazirin qardaşı oğlu isə əksinə, xanım “müğənniciyinin” səsini eşidəndə acığından radionun dalğasını dəyişirdi. Həbs olunmasında o xanımın da rolunun olduğunu güman etdiyinə görə, həm də təzəliklə başqası ilə adı çəkildiyi üçün onunla bağlı xatirələrini birdəfəlik unutmaq istəyirdi. Digər “burjuy” dostları bir vaxtlar şou ulduzuyla olan macərası ilə bağlı zarafatla söz atanda acizanə etiraz edirdi: “Siz canınız, mən o “gözəlçə”ni çoxdan xəyalımdan çıxarmışam, gəlin başqa mövzudan danışaq...”
Türmədə onlar sanki, yeni bir həyat “universitetində” dünyaya baxışlarını zənginləşdirirlər. Düşünüb-daşınmağa uzun müddət vaxtları yaranır. Bu vaxt ərzində həbsdən əvvəlki yaşadıqlarını özləri üçün “xəlbirdən” keçirib pisi, yaxşını ayırd edirlər. Azadlıqda yüzlərlə dostları olduqları halda, belə gündə onlarla ailələrindən əlavə çox az adamlar maraqlanır, yada salırlar. Ona görə ki, bağda ərik qurtaranda salaməleyküm də qurtarmışdı...
“Burjuylar türmə padşahlarının çörək ağaclarıdır” desək yanılmarıq. İl boyu onların pulu ilə müəssisədə təmir və kiçik tikinti işləri görülür. “Burjuysuz” cəza yerləri rəngli olmayan, ağ-qara fotoşəkillərə bənzəyirlər.
Onlar türmədə çox qalmağı sevmirlər. Cəzalarının yarısını çəkdikdən sonra, ya əfvlə cəzadan tamam azad olmağa, yaxud da məhkəmə yolu ilə “düz-qoş” etdirib şərti azadlığa çıxmağa can atırlar. Türmə onlarlıq deyil...


kulis.az

Комментариев нет:

Отправить комментарий