19.08.2012

Akif Abbasovun “Yumruq” adlı hekayələr və lətifələr kitabı nəşr olundu

Yazıçı Akif Abbasov bir sıra roman, povest və hekayələr kitablarının müəllifidir. Həmin əsərlər müxtəlif illərdə  nəşr olunmuşdur. “Aldanma sözlərə”, “Xəyanət”, “Qaş düzəltdiyi yerdə”, “Lələşin ayaqqabısı”, “Dədəmə oxşayırsan”, “Gəl Məliyin dovğasına”, “Gəlin”, “Xallı kəpənək”, “Dar günün dostu”, “Bir qıçlı öz atasıdır”, “Müdirin ayağı”, “Sənə quzu kəsim”, “Geydirmə araq”, “Samsundan başlanan yol”, “Atatürk” (pyes), “Böyük türk”, “Atatürk haqqında hekayələr” (birinci və ikinci kitablar) və b. kitabların adlarını qeyd etmək olar.
Akif Abbasov eyni zamanda bədii tərçümə ilə də məşğul olur. Onun tərcümələri ingilis və rus dillərindəndir. Yazıçının aşağıdakı tərcümə kitabları işıq üzü görmüşdür “Kristi Tökerin ölümü”, “Tiflissayağı boşanma”, “Küçə tinində hadisə”, “Yağış altında pişik”, U.S. Moem “Yolagəlməz qadın”, “Edvard Barnardın ruh düşgünlüyü” və  “Yağış”; T. Esenova “Ali təhsilli arvad”, G. Xuqayev “Andro və Sandro”, M. Bayciyev “Duel”, Q. Qrin “Canlılar yaşayan otaq”.

Yaxınlarda “Mütərcim” nəşriyyatı yazıçının “Yumruq” adlanan hekayələr və lətifələr kitabını oxucuların ixtiyarına vermişdir. Kitabın redaktoru filologiya elmləri doktoru, professor Telman Vəlixanlıdır.
Kitabda müəllifin son zamanlar yazdığı lətifə və hekayələri tonlanmışdır. Hekayələr, əsasən satirik və yumoristik tiplidir, aralarında ciddi səpgidə yazılanlar da vardır.
Öz şəxsi mənafeyi xatirinə hər cür yaramaz hərəkətlərə yol verən, dərd-ələm içərisində olana yardım göstərmək, təsəlli verib əzablarını yüngülləşdirmək əvəzinə düşdüyü  ağır vəziyyətindən yararlanaraq ona kələk gələnlər, tez-tələsik nəticə çıxararaq günahsız adam barədə bədgüman olanlar, var-dövlətə hərislik halları tənqid olunur, sadəlövlüyü ucbatından aldanan şəxslərə diqqətli olmaq tövsiyə olunur.
Kitab yeniyetmə və gənclər, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Комментариев нет:

Отправить комментарий