30.08.2012

Gözübağlı itirilmişlər

Bu gün Hollandiyada yaşayan soydaşımız Tofiq Hacılının doğum günüdür. Bu münasibətlə onu bütün maarifpərvər və gözüaçıq insanların adından təbrik edirik. Tofiq Hacılı o azərbaycanlılardandır ki öz vəsaiti hesabına Hollandiyada "Azərbaycan mətbəxi" kitabını dərc etdirib. Eyni zamanda bu Azərbaycan haqqında holland dilində ilk kitabdır. Belə ziyalı insanlarımızla fəxr edirik. Ad günün mübarək, Tofiq!

Tofiq Hacılı (Hollandiya)

...Azərbaycanın pis iqtidarı...və ya ortalığı xərçəng xəstəliyi kimi bürüyən qoca, “poyezdləri” gedən müxalifətçi liderlər?
...Hər zaman bir toplantı olanda, orada özümdən böyük, daha doğrusu, qoca insanları görəndə ürəyimdə uşaqlıqdan şüuruma yerləşdrilmiş, niyəsini anlamadığım bir duyğu hakim olur mənə. Biz uşaq olanda böyüklərimiz öyrədərdi ki, o, səndən böyükdür, ona əmi de, buna dayı de, hörmət elə və sairə.

İndi illər keçib, 31 yaşım var, hələ də bu duyğular, başıma yeridilmiş bu fikirlər məni bəzən zindan kimi sıxır.
Bu barədə düşünəndə Azərbaycanın ən böyük problemlərindən birini qarşımda görürəm.
Bir insanın uşaqlıqdan başına yeritsələr ki, filankəs səndən böyükdür, səndən ağıllıdır, səndən yaxşıdır, səndən hörmətlidir, o, sənə yox, sən ona hörmət etməyə borclusan, o zaman gənclərimizin bu gün ki problemlərinin səbəbi bəlli olur.
Bu gün ki, gənclərimiz gözübağlı, qorxu içində itirilmiş nəsildir. Çünki indi böyüyən nəsil, gənclərimiz ağzını açmır, qarşısında duran qoca, KQB-dən qalma İsa Qəmbərlərin, Rəsulların, Sərdarların qarşısına çıxa bilmir. Bu qocaların yerini tutub, daha güclü və zəngin toplum yarada bilmir. Ötən gün bir yazı oxudum. “Bu gün 8 partiya guya bir yerə toplaşıb. Bunlar 20 ilin partiyası və partiya liderləridir. Mən bundan heç nə gözləmirdim. Əgər 20 il öncə bu haqda soruşsaydınız böyük gözləntilərim olduğunu qeyd edərdim. İndi mənim müsbət anlamda heç bir gözləntim yoxdur. Çünki bunlar 20 ilin partiyalarıdır. 20 ildir bu xalqı ələ salırlar”.
Müəllifin bu sözlərini oxuyandan sonra başa düşdüm ki, doğrudan da 20 illik  və ya deyək son 15 ildə heç bir dəyişiklik baş verməyib. Gündə bir təşkilat, gündə bir elan, “vicdan məhbusları”, “ictimai palatalar” –gündə bir yeni adla çıxan, sonucuna yetməyən, hədəfini vurmadan yenə də yox olan bu boş, mənasız qurğular, quraşdırmalar. Nə verib bizə? İndiyə qədər nə dəyişib?
İsa Qəmbər xalqı neçə dəfə doladı? Hələ o biriləri demirəm. Bizim gənclərimizin bütün potensialını bu qarşıdurmalar, belə müxalifət liderləri udur.  Özlərinin artıq vaxtı keçsə də gənc nəslə yol vermək istəmirlər.
Bütün bunlara səbəb öncə dediyim kimi uşaqlıqdan beynimizə yeridilən yanlış yanaşmadır, səhv mədəniyyətdir.
Niyə özümdən böyük olan hər bir insana hörmət etməliyəm? Bəlkə o, cavanlığında quldur olub? Bəlkə onun mənə verdiyi məsləhətin arxasında onun pis niyyəti dayanıb. Dünya görüşüm mənə imkan verir deyəm ki, xalqından, yaşından, ölkəsindən asılı olmayaraq, qadın və kişi sadəcə adamdır. Və əgər o, da adicə adamdırsa, ağlında pis və yaşı olan hər şey ola bilər. Adamları yaşına, tutduğu vəzifəsinə görə ideallaşdırmaq gərək deyil. Əslində indi gənclər yaşlılardan daha çox oxuyur,  internet vasitəsilə dünyaya çıxırlar, dünyanı öyrənirlər. Öncəki dövrlər kəndlərdə 3-4 kitab oxuyandan 6 kitab oxuyanın sözü daha keçərliydi.  Amma o zamanlar getdi. İndi müxalifət liderləri işə yaramaz köhnə zamanların xatirələrində yaşayan insanlardır. Bunlar özləri getməsə onları yerlərindən qovmaq və yerlərini yeni nəslə vermək gərəkdir.
İsa Qəmbər kimi qocalar məncə indiki nəslə sovet dönəmindən xatirəsində qalmış baş əymələrdən, diz çökmələrdən başqa bir şey öyrədə bilməz.
Əgər bizim gəncləri İsa Qəmbər kimilər öyrədəcək, yönləndirəcəksə yolumuz Avropanın xoş günlərinə deyil, sovetdən qalma qul, qara fəhləlik həyatına, günlərinə yönələcək.
Onun üçün gərək bizim gənclər siyasətə girişsin. Siyasətə girişənlərimiz də emosiyalara, köhnə fikirlərə, yalan hörmətlərə əhəmiyyət verməsin. Köhnə lider adlandırdıqlarının yerini tutub, yeni ağılla, yeni enerji ilə iş görsünlər.

Комментариев нет:

Отправить комментарий