23.08.2012

Zamiq Zərdabi - BƏLKƏLƏR

Azadlıq istəyirəm!!!

Mən qorxuram qaranlıqdan,
Mən qorxuram qaranlığın,
Tək adamın qorxduğunu
Hiss etdikcə
hücum edən,
öz gücüylə qürrələnən
Lal baxışlı hədəsindən.
Mən qorxuram qaranlıqda,
Agaclarin, binaların,
Cinə bənzər,
ruha bənzır kolgəsindən.
Mən qorxuram qaranlığın,
Məni atan sevgilimin
Lap ayrılıq anındaca
Hss etdiyim nəfəsi tək,
Soyuq, bum buz nəfəsindən.
Mən qorxuram qaranlıqda
Pəncərədən otagıma,
axıb dolan,
Qaranlığın özü kimi vahiməli
İt səsindən.
Mən qorxuram qaranlıqda
fosfor kimi Işıq salan,
Qurd baxışlı adamlardan.
Mən qorxuram
Bürünərək qaranlığa
iç tərəfin gizli
tutan adamlardan
...Uşaqlıqdan beləyəm mən,
Körpə ikən
Günəş olmaq istəyirdim.
Gecələri məglub edib,
Hər tərəfə
işıq salmaq istəyirdim.
Sonra bildim Günəş olmaq
mümkün deyil,
Mən Allahın yaratdığı olmalıyam,
Başqa cürə düzgün deyil.
...Və on altı yaşım vardı,
Mən ilk dəfə hiss edərək
Cəsarətin nə olduğun,
Bu dunayda insan kimi yaşamağın,
Ləyaqətin nə olduğun...
Məni qadağalara
Qaydalara qul edən,
Öz kommunist ruhunu,
Bəzəkli cümlələrlə
İliyimə yeridən...
Mənə 15 yaımda
“Kapital”ı oxudan,
Leninin tezislərin
Əzbərlədən atama
Məhz beləcə demişdim...
“Mən işıq istəyirəm,
Açın bu zəncirləri
Azadlıq istəyirəm!!!
Azadlıq istəyirəm!!!”

Bu bağ bizim bağımızdır

Bu bağ bizim bağımızdır,
Bu bağ bizim
Gəncliyimiz,
İlk eşqimiz,
Bu bağ bizim
ən bəxtəvər,
ən firəvan çağımızdır…
Biz bu bağın
Hər gülünü qoxumuşuq,
Biz bu bağda hər çiçəyə,
Ağaclardan
bizə baxıb, gülümsəyən
Hər yarpağa toxunmuşuq,
Biz bu bağı
yorulmadan,
usanmadan bir gəzmişik,
əzilməkdən cana doymuş
otlarını bir əzmişik...

Bu bağ bizim bağımızdır,
Bu bağ bizim, sevgimizin
sinəmizdə yaratdığı,
Çalın-çarpaz dağımızıdır...
Bu gün Heydər Əliyevin,
Sabah “Əli Əliyev”in,
Sonra “Vəli Vəliyev”in,
Nə fərqi var
kimin adın daşıyacaq,
əsas odur
bu bağ bizim qəlbimizdə,
ilk gəncliyin
bizə miras buraxdığı,
xatirə tək yaşayacaq...

biz bu bağı
yadımızdan siləmmərik,
Lap yüz il də ötüb keçsə,
ən sevimli adamların
arasında olsaq belə,
Biz bu bağda,
Illər əvvəl iki gəncin
güldüyü tək güləmmərik
gülüşümüz donub qalar
uzumuzdə,
ağzımızdan çıxan anda
yaddan çıxar
sözümüz də
heç kim başa düşə bilməz
nəyə görə,
kədər gələr,
yaş görünər gözümüzdə...
bu bağ bizim bağımlzdlr,
Amma daha
Biz qorxarıq
Adamların,
Bizə baxıb istehzayla
baş yellədən ağacların,
tənəsindən,
biz qorxarıq
oğlumuzun, qızımızın
bizi qoşa görməsindən...
biz bu bağa,
Bir də qoşa gələmmərik...
Gələmmərik...

Daşqalaq

Daşqalaq edirlər məni,
Yasaq bir  eşq yaşadığımçün.
Sənsə...
Nə bir şey edə bilirsən,
Nə də hünərin çatır
 bu sevgini
 mən yaratmışam deməyə
...sadəcə ətrafdakı daşları
 yığırsan ətəyinə
Məni daşlayanlar
tapa bilməsin deyə.

Bəlkələr

Bu eşqi biz necə yaşadıq axı,
Necə ötüb keçdi səninlə illər,
Biz harda eledik səhvi, günahı...
Bəlkə də biz günah
etməmişik heç.
Bəlkə səhv salıbmış yerin fəsillər...

Bəlkə küpəgirən qarıydı sevgi,
Bəlkə biz xətrinə dəymişik onun.
Bəlkə yuyundurub, çimizdirmədik,
Cırıq paltarını yamamadıq heç.
Bəlkə də biz ondan iyrənib, qaçdıq,
Bitli saçlarını daramadıq heç....
Bəlkə də...
Bəlkə də...
Nə deyim axı,
Bəlkə biz bu eşqi yaşamadıq heç,
Bəlkə sevgi özü yaşadı bizi...

Bəlkə də bu sevgi div idi elə,
Aldı ağuşuna apardı bizi.
Bəlkə düşmən idi, yad idi elə,
Sakit bir həyatdan qopardı bizi...
Bəlkə əxlaqsızın biriydi ele
Qızlara min cürə şirin dil töküb,
Yolundan çıxaran cavanlar kimi,
Bəlkə yolumuzdan çıxardı bizi...
Bəlkə sən xəyanət etməmisən heç?
Bəlkə mən keçmişəm günahlarından...
Bəlkə də...
Bəlkə də...
Nə deyim axı,
Bəlkə biz sevgini atmamışıq heç,
Bəlkə sevgi özü boşadı bizi...

Nə deyim o qədər qəribədir ki,
Bilmirəm nə sirrdir, nə mocüzədir,
Qəfildən quruyan ağaclar kimi,
Qurd bizim sevgini içindən yedi.
Tək onu bilirəm bizim sevgimiz,
Kefli adamlar tək bircə zərbəyə,
Yıxılıb aşmaqçün himə bənd idi.
Bəlkə çox kövrəkdi, çox zəif idi,
Anasın axtaran körpə uşaq tək,
Göz yaşı tökməkçin, sızıldamaqçın,
Bəlkə də bir sarı simə bənd idi...
Bəlkə də...
Bəlkə də...
Nə deyim axı,
Bəlkə də günahkar sevgimiz idi,
Nədənsə el-oba qinadı bizi...
Nədənsə el-oba qinadı bizi...

Gedirsən get...

Gülüm...
Atma məni,atma gülüm,
Məni ucuz bir əşya tək
dəyərinə,
dəyməzinə satma Gülüm.
Bilmirsənmi sənsiz mənə
Həyat zülüm,
Sənsiz yanar, kabab olar
Ağzım, dilim,
Mən hər gecə yatdığımda
Doğranaram dilim-dilim,
Səhər olcaq bitişərəm.
Gecə yenə...
doğranaram...

Bu dünyaya gələn gündən,
Mən heç kimə yalvarmadım.
Mən heç kimin qarşısında
diz çökmədim,
əyilmədim, ağlamadım...
təkcə sənsən
vüqarımı, mənliyimi
qarşısında sındırdığım.
Təkcə sənsən
öz ömrümü çıraq edib
yollarında yandırdığım...
Sənsə indi...

Amma...
Səndə günah yoxdur gülüm...
Bu mənim öz günahımdır.
Sənə qədər
neçə qızı aldatmışam,
neçə qızı ağlatmışam,
neçə qızım göz yaşına
çox baxmışam
istehzayla,
gülə-gülə
“bəsdir daha bu artistlik”
Deyib mən üz çevirmişəm.
Günahımı bilə-bilə...

...Səni mənim qabağıma çıxaranın
Niyyəti var,
Mənim bu göz yaşlarımda
Neçə qızın namusu var,
Isməti var.
Yalvarışla dolu olan hər sözümdə
Insanlığın mənim hələ
Indi indi anladığım
Dəyəri var, qiyməti var.

Gedirsən get...
Bilirəm ki,
heç nə mənə kömək etməz.
Sevmirsənsə gedəcəksən.
Sevirsənsə...
Ehh! Qısası,
-Sevən getməz!!!
Ты там, где твои мысли

Комментариев нет:

Отправить комментарий