19.08.2012

QAYIT BU YOLU YARIDAN!

Arzu Hümbətova

Gəl daşı at ətəyindən,
qayıt bu yolu yarıdan.
Mənə bağlanma ürəkdən,
kasayam mən eşq sarıdan.
Kimsəni sevə bilmirəm,
məqsədim, məramım yoxdur.
Özüm üçün yaşayıram,
qəlb ovunduranım yoxdur.
Sən qəlbi nur, niyyəti pak,
mən günahlarla batıram.
Yaşamağa taqətim yox,
aşıma zəhər qatıram.
Gözlərim yola dikilmir,
gözləyəcəyim kimsə yox.
Layiq deyiləm sevgiyə,
fəqət məni gözləyən çox.

Gəl daşı at ətəyindən,
qayıt bu yolu yarıdan.
Sevgi yoxdur qismətimdə,
belə yazıbdır yaradan.
Ürəyimdə kin, küdurət,
böyük bir nifrətim vardır.

Bu qədər hislərlə birgə
mənə sevmək qadağandır.
Sevgi yoxdur ürəyimdə,
nədənsə sevə bilmirəm.
Bəzən olur ki, günlərlə,
bəzən həftəylə dinmirəm.
Özümə çox qapanıram,
çarə axtarıram... Niyə?
Bir ölümə çarə yoxdur,
çarə tapılar hər şeyə.

Gəl daşı at ətəyindən,
qayıt bu yolu yarıdan.
Məndən sənə xeyir yoxdur,
yoxsulam xeyir sarıdan.
Bir Allahımı sevirəm,
çünki mənə tək O yardır.
Hərdən Ondan da küsürəm,
çünki mənə dünya dardır.
Sən mehriban, şən, gülərüz,
mənsə çox qaraqabağam.
Sənin o gözəl çöhrənlə
hər zaman utanacağam.
Bir-birimizə tam yadıq,
gör nə qədər fərqimiz var.
Tək oxşarlığımız budur:
Bizim böyük dərdimiz var.

Gəl daşı at ətəyindən,
En aşağı qarlı dağdan.
Çox gedən olub bu yolu,
hələ olmayıb qayıdan.

Комментариев нет:

Отправить комментарий