22.08.2012

Əsərlərdə hadisələr və şəxslər

İbrahim Sel: "Tipikliyi yazanda alınmır, gərək elə şey uydurasan ki, oxucu bunu qəbul etsin"

Hər hansı bir ədəbi nümunənin özəyini hadisələr və şəxslər təşkil edir. Bəs görəsən bizim yazarlarımızın əsərlərində hadisələr və şəxslər hardan gəlir? Real həyatdan yoxsa, xəyali ağ atlı şahzadələrdən? Bunu özlərindən soruşduq.

Şair Əlişirin Şükürlü sualımıza sualla cavab verdi: «Yəqin nə yazdığımdan az-çox xəbəriniz var. Hətta ən abstakt elm sahəsi olan riyaziyyat belə həyatdan, gerçəklikdən faydalanır. O ki qaldı bədii yazılara, həyati müşahidələrsiz dəyərli mətnlərin yaranmasına şübhə edirəm.
Xüsusi ilə çağdaş ədəbi müstəvidə gedən prosesləri nəzərə alsaq. İntellektual bədii mətnlər yaratmağa çalışan yazar olaraq, həyati müşahidələrin empirik-təhlili nəticələrinin ədəbiyyata gətirilməsinə daha çox önəm verirəm. Düzdür, bunlar yaradıcılıqda ənənəvi şeirlərdən fərqli prozaik poeziya nümunələrinin yaranmasına səbəb olsa da maraqlı və heç şübhəsiz ki, yenidir. Əsas odur ki, alt qatda mahiyyət olsun. Bu istiqmətdə peşəkarlıq və istedad olarsa yeni poetik dil və üslub formalaşdırır».
Yazıçı-publisist Hafiz Mirzənin bədii əsərlərində təsvir edilən hadisələrin böyük hissəsi həyatında gördükləridir:
«Sadəcə, mən onları bir qədər bədii formaya və ifadəyə salıram. Qəhrəmanlar da eləcə. Digərləri isə tarixi hadisələr olub. Onları da sətiraltı vermək istədiyim ideyaya müvafiq bədii biçimə salmışam. Amma təbii ki, əsərin tələblərinə uyğun olaraq özümün uydurduğum hadisələr və qəhrəmanlar da az deyil. Həyatı olduğu kimi ifadə etməklə bədii əsər alınmaz. Mən heç bir əsərimdə «ağ atlı oğlan» obrazını yaratmamışam və buna bir qədər gülünc bir məsələ kimi baxıram. Sizin dediyiniz sosializm realizmində qaldı. Mən heç sovetlər dövründə də elə əsərlər yaratmamışam. Ona görə də yazılarımı qəbul etmək istəmirdilər».
Şairə Kəmalə Nəsrin isə gördüklərini, duyduqlarını, hiss etdiklərimi yazır: «Yalançı duyğularım yoxdu. Yaşadığımız dünyanın içindəyəm,amma bu dünyanın içində mənim də bir dünyam var. Hətta mən də bir dünyayam. Həyat həm gerçəkdi, həm də nağıl. Rəqəmsal dünya kimi. Düşündüklərini görə bilirsənmi? Düşüncələrində hər kəs var onlara toxuna bilirsənmi? Real nə qədər realdır? Yer əgər göydədirse, ayağı yerə dəymirsə mən, sən digəri nə qədər real yaza bilerik? Küləyi görürsənmi? Onu toxunduqlarında görürsən. Gerçəklə xəyal gecə ilə gündüz kimidir. Yan yana olmalıdılar».
Yazar Rövşən Yerfinin əsərlərində qələmə aldıqları əsasən gördükləridir: «Mövzu ilə bağlı eşitdiklərim və bir də yaxından tanış olduğum cinayət işlərinə dair arxiv sənədlərindən istifadə edirəm. Mən həyata bağlılığı, reallığı sevirəm. Miflər haqqında düşünməyə hövsələm çatmır».
Gənc yazar Mətləb Muxtarovun yazdığı bir-iki hekayə var ki,onlar da real həyatdan götürülüb: «Real həyatda o qədər hadisələr baş verir ki,bunları oturub yazmağa vaxt lazımdır.Mənim də başıma çox hadisələr gəlib və aralarından maraqlıları seçib hekayə halına salıram… Biri artıq bitmək üzrədir».
Yazar Şəbnəm Karslı hal-hazırda ikinci romanını yazır: «Qəhrəmanlarımın böyük çoxluğu fantaziyamın məhsuludur. Elə təsvir etdiyim hadisələr də təxəyyülümün məhsuludur. Təsadüf hallarda öz həyatımdan epizodları yazmışam. Elə o qədər də qarşılaşdığım hadicələri qələmə alıram. Daha çox fantaziyama güc vermişəm indiyə qədər. İyirmi səkkiz illik ömrüm həyatımı və gördüklərimi romanlaşdıracaq qədər uzun olmayıb».
Şair Bahadur Qobustanın yazdıqları əsasən real həyatdan gəlir: «Amma hərdən ağ atlı şahzadələrdən də yazmaq gərək olur. İnsan həmişə eyni əhval-ruhiyyədə olmur. Bəzən həyatın normal gedən vaxtları da olur. Onda adamın yadına şahzadələr düşür. Amma bu gün Azərbaycanda əsasən reallıqlar adamı yazmağa məcbur edir. Sabir demişkən Pisi pis, əyrini əyri, düzü hamar yazıram. Yəni əsasən belə olur. Mən Amerikada yaşamıram ki, beynimə nəsə əcaib bir ideya gəlsin götürüm onu işləyim. Azərbaycanda əcaib yazmaq çox asandı. Çünki reallıqdır».
Yazar Kənan Hacının yazdıqlarının hamısı həyatdan gəlir: «Bircə «Quyu» hekayəsini çıxmaq şərtilə qalan bütün yazdıqlarım öz yaşantılarımdır. Ağ atlı şahzadələr mənlik deyil. Yazıçı var ki, gördüklərini «kopyalayır». Amma yazıçı gördüyünün başqalarının görə bilməyən tərəflərini yaza bilməlidir. Reallığa bədiilik donu biçə bilirsənsə, demək, yazıçısan».
Şair Faiq Hüseynbəyli heç vaxt xəyallara qapanıb yaşayanlardan deyil: «Elə buna görə də ağ atlı şahzadələr mənim üçün nağıl olaraq qalmaqdadır. Yaradıcılığımda təsvir etdiklərim real həyatda mötərizə içində yaşayanlardır. Yaşadığımız gerçək həyat hadisələrlə doludur. Daha xəyalən hansısa obraz haqqında düşünməyə ehtiyac yoxdur məncə».
Şairə Nuranə Nurun yazdıqlarında hadisələr həyatdan gəlir: «Amma düzü şəxslər barədə bunu deyə bilmərəm. Şahidi olduğum hadisəni özümdə yaşadıb, özümünküləşdirib yazıram. Bir növ qəhraman özüm oluram».
Yazar Şahlar Ruhi yazı yazmaq istəyəndə birinci nə demək istədiyini düşünür: «Daha sonra fikrimi ifadə eləmək üçün sujet düşünürəm. Sujet baxımından sizin dediyiniz kriteriyaları nəzərə almıram açığını desəm».
Şairə Günay Ümidün isə şeirlərində heç vaxt uydurma qəhrəmanlar yoxdur: «Müxtəlif talelər və qəhrəmanlar var ki, onları həyatda tanımışam və onların fonunda yazmışam şeirlərimi. Amma şəxsən özüm yaşadığım və həyatımdan çıxış edərək canlandırdığım qəhrəmanlar da var.Ümumiyyətlə düşünürəm ki, uydurma qəhrəmanları, ağ atlı şahzadələri olan şeirlər oxunaqlı olmur. Çünki içində yaşam hiss olunmur. Ən azından şair, yazıçı yazanda yazdıqlarını yaşamalıdır».
Yazar Ziyad Quluzadə hər ikisinin təsirinin mövcudluğunu qəbul edir: «Öncəliklə, öz «Kəpənəkdoğan» romanımdan söhbət gedirsə, burada yarı yarıyaydı. Satanizmin banisi, «Qara İncil»in müəllifi Laveydən, Anarın «Beşmərtəbəli evin altıncı mərtəbəsi» romanından və öz həyatımdan çox böyük təsirlər var idi. Mən demək olar ki, oradakı bir çox hadisələri, İsusun yaşadıqlarının əksəriyyətini yaşamışdım. Eyniylə yeni yazdığım romanım «Van Qoqun qulağı» da məhz öz həyatımdan və həqiqətən baş vermiş bir ailə faciəsindən bəhs edir. Ancaq bununla yanaşı romanda Van Qoq rəssamlığından, Azərbaycan nəqqaşlıq sənətindən, nağıllarımızdan və Bakının tarixindən çox böyük bəhrələnmələr də mövcuddur. Və bu günün oxucusuna ancaq bu cür təsir etmək, müəyyən mənada maraqlı olmaq olar».
Professional Oxucu Liqasının rəhbəri, yazar İbrahim Sel hadisələr və şəxslər həyatdan götürüləndə daha maraqlı olur: «Bir rus lətifəsindən şəhərdə oğlanın qızla tanış olub ondan QİÇS-ə yoluxması süjetini götürdüm. Con Kelmanın «Komitet 300″ kitabını oxudum və bizi 40 il sonra nə günə qoyacaqları barədə hekayə düzəltdim. Əsgərlikdə Divizionda ortopedik-geodezik hesablamalara görə biz ali təhsilliləri bir yerə yığmışdılar, maraqlı, prikol uşaqlar vardı, onların atmacalarını toplayıb qısa-qısa pyeslər hazırlayırdım. Yadımdadır, Afrikada yaşayan ünlü ingilis yazar Maksvell Kutzeedən bir süjet və böyük-böyük abazlar oğurlamışdım. Yuxularda yaxşı süjetlər olur, amma durub masa arxasına oturan kimi hamısı yaddan çıxır, şar kimi uçub gedir. Rayonda demaqoqların həyatından bəhs edən çoxlu hekayələr yazmışam, çünki iş spesifikam elədir ki, onlarla tez-tez ünsiyyətdə oluram. Xüsusən də bunların içində Qasid Nağıoğlu maraqlı insan idi. Böyük şəhərlərdə olmuşam, zəngin ölkələr gəzmişəm, yəqin ki bu da yaradıcılığımın rəngarəngliyinə kömək edir. Bilirsən, tipikliyi yazanda alınmır, gərək elə şey uydurasan ki, oxucu bunu qəbul etsin. Məsələn, mən indi elə olan şeylərdən yazaram ki, heç vaxt inanmazsınız, bu baş verə bilər. Mən olmuş, real hadisələri oxuculara yedirə bilən yalnız bir sənətkar tanıyıram, o da Folknerdir».

Oktay Hacımusalı                       xalqcebhesi.az

Комментариев нет:

Отправить комментарий