səs kimi gördüm o gün kəndimizi.
əl gəzdirirəm evimizin kimsəsizliyinə, oyadıram səssizliyi. qapını açıram,
işığı yandırıram, otaqları gəzirəm, telefonu yoxlayıram... divardakı
şəkillərə baxıram, illərin arxasından boylanırlar üzümə; bu atamdı,
bu anam, bu bacılarım, bu da mən. zaman boyu keçmişə səyahət edirəm
xəyalən bir anlıq. atamın səsini xatırlayıram öncə, sonra üzünü,
sonra yerişini. anamı da elə.
əvvəlcə səs kimi xatırlayıram insanları həmişə, elə hadisələri də. bəlkə elə
səsə dönür hadisələr baş verdiyi andan, bəlkə elə səsdi insan
ölümdən sonra – nəyəsə çevrilməlidi də yaranan əvvəl-axır.
maddə itmir axı, hər dəyişmədə enerji yaranır, hər kütləyə enerji xasdı.
*
küçəyə çıxıram. başqa kimsəsizlik boylanır üzümə qonşu həyətdən.
-Dımı, Dımı, ay Dımı-ı-ı! – səs kimi xatırlayıram bu evin adamlarını:
ağatlı kişini – çəpəri olmazdı həyətinin. bəyaz atını küçəyə yaxın
ağacın altında bağlayardı;
Fatı xalanı - yaxşı adam idi, xasiyyəti tünd olsa da. yadımdadı,
başqa uşaqlardan fərqli olaraq heç vaxt acıqlanmazdı mənə
küçədə hay-həşir salanda;
Dımını – bu adla əzizləyərdilər onu. oğulluğa götürmüşdülər, əsgərlikdən
cənazəsi gəldi. sovetlər dönəmi idi hələ, 80-ci illərin əvvəli.
insanlar ölürlər; kimi üzündə təbəssüm, kimi üzündə kədər,
kimi də üzündə nə təbəssüm, nə də ki kədər. “qeyri-səlis məntiq”in
ən bariz nümunəsidi insan həyatı olumla ölüm adlı iki nöqtə
arasındakı sonsuz çalarlarıyla.
sevinc, kədər, sevgi, nifrət, yalan, həqiqət, - yəni həyat ki var,
elə ömür qədər, ömür qədər.
*
az qala bir həyətdə yaşayırdıq Əli əmiylə. “Ələmi” – deyərdik ona.
indi də səsi qulağımda. uşaq vaxtı çox gəzdirib boynunda məni.
pəhləvan nəslindən idi. pənləvan Məmməd atasının əmisi olub.
zamanında məşhur pəhləvan kimi tanınıb Məmməd kişi məmləkətdə.
dizi torpağa dəyməyib güləşəndə – deyərdi köhnə adamlar.
yaşını soruşanda Ələmidən “ əmin Yaşardan qırx gün böyükəm, Əliş kişi –
yeznən Hacı Hekayətin babası rəhmətə gedən gecə doğulmuşam” – deyirdi.
xəstə olduğundan məktəbə getməmişdi. onunçun tarix rəqəmlərdən
yox, hadisələrdən ibarət idi.
*
çox hadisələri xatırladım mən də o gün kəndimizdə; rəqəm kimi yox, səs kimi.
gedib “Əleydər yerindəki” kanalın üstündə oturub günəşin qürubuna
baxmaq keçdi könlümdən varlığımda uşaqlığın səs-küyü, illər öncə
axşamçağılar olduğu kimi. ilk dəfə qonşum Nizamla seyr etmişəm
bu mənzərəni, - sanki qızılı bir daş batır dənizdə. qürub edir bir gözəllik,
başqa biri doğulur yerində. onu da asta-asta udur qaranlıq. hər şey
gözəl görünürdü mənə seyr edərkən o mənzərəni, hər şey - qaranlıq da.
“İstil” də oynadığım yerlər yadıma düşür, - dava-dalaşlı. səsimi eşitcək
dərhal qaçıb köməyə gələrdi bacılarım. sevgiylə xatırladım o günləri,
hətta dalaşdığım uşaqları, üzümə tərs baxan böyükləri də, - səs kimi
xatırladım amma öncə.
təəssüf ki, zamanı yox, yalnız yolları geriyə qayıtmaq olur.
*
bir gün sonra geri qayıdıram gəldiyim yolu – üzü şəhərə.
bir sistemdən başqasına keçirəm sanki. ölçülər dəyişib,
vaxt getmir elə bil.
qarşımda köhnə bir avtomobil. damına qədər yüklənib –
kənd təsərrüfatı məhsullarıyla. nədənsə estetikası sıxır məni
yüklə dolu bu köhnə avtomobilin. əzablarla yüklənmiş ömrü
xatırladır mənə, elə bir ömrü ki ölümlə dolu.
ötüb keçirəm “ölüm”ün yanından tələsik. şütüyürəm şəhərə sarı,
arxamca düşüb kəndimiz.
gəlir ardımca adamlar, gəlir hadisələr. gəlir səs kimi.
gəlir, anladığım və sevdiyim dildə danışır mənimlə.
Комментариев нет:
Отправить комментарий