22.08.2012

"Tətilimi harada keçirməyimin bu insanlara nə aidiyyəti var?"

Millət vəkili Qənirə Paşayeva ilə müsahibə

- Qənirə xanım, sizə qarşı sosial şəbəkələrdə ünvanlanan ittihamlar, yəni özünüzü reklam etməyinizlə bağlı səslənən iddialar hansı məqsəd daşıyır?
- Mən bu insanlara nə deyə bilərəm?.. Allah, bu insanlara rəhm etsin, Böyük Yaradan onların könül pasını silsin deyirəm. Bu insanlar doğurdanmı belə hesab edirlər ki, mənim Somali səfərimlə reklama ehtiyacım var? Əgər doğrudan da, bu adamlar belə düşünürlərsə, mənim onlara deyiləcək sözüm yoxdur. Ünvanıma səslənən ittihamların əslində başqa niyyətlərlə deyilməsi ortadadır. Mən şəxsən bu adamları anlamıram.
Bu adamlar niyə bu qədər mənim əleyhimə kampaniyaya başlayıblar? Bu adamlar öz tətillərini harada keçirirlər, heç görün mən bu adamlara hansısa bir söz deyirəmmi? Deyirəmmi ki, siz niyə tətilinizi gedib filan yerdə əylənərək keçirirsiniz? İndi belə olan halda, mənim öz halal tətilimi harada keçirməyimin axı, bu insanlara nə aidiyyəti var? Onlar öz tətillərini gedib hansısa bir kef-əyləncə məkanında keçirirlər, mən isə hesab etmişəm ki, öz tətilimi könüllü yardım kampaniyası çərçivəsində - bunu da türk dostlarımız, qardaşlarımız təşkil etmişdilər, Somalidə keçirim. O yerdə ki, insanlıq dramı yaşanır, həkimlik bir yana qalsın, orada adi tibb bacısı belə çatışmır, orada insanlar adi xəstəliklərdən ölürlər, orada o insanlara heç olmasa, özümün bildiyim qədər, özümün tibb təhsilimin verdiyi imkanlar səviyyəsində yardım edim. Bunun axı, indi bu insanlara nə aidiyyəti var ki, məni öz tətilmi gedib Bodrumda, Antalyada deyil, Somalidə  keçirirəm? Bunun bu qədər qıcıq yaratmasının doğrusu, səbəbini başa düşə bilmirəm. Başa düşə bilmirəm və indiyə qədər görməmişəm ki, bu adamlar ömürlərində kimlər üçün desinlər ki, siz niyə gedib Bodrumda dincəlirsiniz, filankəs niyə gedib Antalyada tətil keçirirsən və sairə. Bu adamların özləri gedirlər müxtəlif bölgələrə, öz tətillərini keçirirlər. Amma mənə ünvanlanan “niyə gedibsiniz” sözünü də anlamıram. Bu, mənim qərarımdır və şəxsən hər kəsin də öz tətilini harada keçirməsi qərarına hörmətlə yanaşıram. Amma mənə elə gəlir ki, onlar sadəcə, öz qərəzlərini gizlədə bilmirlər. Somalidə xeyli sayda qaçqın düşərgələri var ki, biz orada çalışırdıq, uşaqlara kömək edirdik. Bəzi adamlar deyirlər ki, axı, sizin orada nə işiniz var? Bunu deyən adamlar bilmirəm, Qarabağ müharibəsi dövründə harada idilər. Amma həmin zaman bizim qaçqın-köçkün düşərgələrimizdə çox tez-tez olurdum və bizim ən böyük arzularımızdan, istəklərimizdən, tələblərimizdən biri ondan ibarət idi ki, hanı bu müsəlman bacı-qardaşlarımız, hanı bu müsəlman dövlətləri? Onlar haradadırlar, belə bir ağır vəziyyətdə niyə bizə kömək etmirlər? Somalidə bunu çox müsbət qarşılayırdılar ki, bir azərbaycanlı - sonra digər iki Azərbaycan əsilli həkim vardı ki, Türkiyədə təhsil alıblar, hazırda orada yaşayırlar və onlar da bu yardım kampaniyasına qoşulmuşdular - uzaq Azərbaycandan gəlib Somalidən olan kimsəsiz, ağır durumda olan uşaqlara kömək əlini uzadırlar. Biz bütün ölkələrlə əməkdaşlığı genişləndirmək istəyirik, biz BMT-də ağrılı məsələlərimizi qaldırırıq. BMT-də ABŞ-ın da bir səsi var, Fransanın da bir səsi var, Somalini də bir səsi var və heç kəs də bunu unutmasın. Eyni zamanda, mən kiminsə də pulu ilə oraya getməmişəm. Öz şəxsi vəsaitimlə biletimi almışam, gedib özümün vaxtımı sərf edərək o qaçqın düşərgələrində bir tibb işçisi kimi sabahdan-axşamacan insanlara kömək etməyə çalışmışam. İndi görəsən, bu qərəzli adamlar nəyə etiraz, nədən narazılıq, nəyin davasını edirlər? Bununla yanaşı, Azərbaycanı Somali ilə müqayisə edənlərə də yazıqlar olsun deyirəm. Onların deyəsən, heç dünyadan xəbərləri yoxdur. Çünki Somalidə - bizim olduğumuz yerdə uşaqların yazmağa qələm və kağızları belə yox idi, onlar qumun üstündə çubuqlarla dərs keçirdilər, yazı yazırdılar, imtahan verirdilər. Yaxud da müəyyən radikal qruplar, həmçinin terror qrupları var ki, onlar həmin uşaqların kimsəsizliyindən istifadə edərək, onları müxtəlif təsirlər altına salırlar və indi həmin uşaqları mənfi təsirlərin altına düşməkdən xilas edən o könüllülər hərəkatının içində yer almağın nəyi pisdir ki?
 
- Sizi ittiham edən və sizə irad tutan insanlar daha çox onu iddia edirlər ki, gərək həm Somali, həm də İran səfərinizlə bağlı  fotolarınızı axıra saxlayaydınız. Qayıdıb gələndən sonra yayardınız, paylaşaydınız...
- Bu adamların görünür, dünyada xeyriyyə və yardım kampaniyalarından ümumiyyətlə, anlayışları yoxdur, yaxud da, anlayışları varsa, qərəzli şəkildə bunu görmək istəmirlər. O adamlar interneti, Facebook-u və ya Twitter-i açıb baxsınlar, görsünlər ki, o könüllülər hərəkatında iştirak edənlər o şəkilləri həmin sosial şəbəkələr vasitəsilə hər gün paylaşaraq, eyni zamanda nə istəyirlər, məqsədləri nədən ibarətdir, onları orada qeyd edirdilər ki, toplumların bu məsələyə daha ciddi şəkildə diqqətini cəlb edə bilsinlər. Onlar hesab edirdilər ki, toplumların diqqətini bu məsələyə  nə qədər çox cəlb etmək mümkün olarsa, nə qədər insanı bu könüllülər hərəkatına cəlb etmək mümkünləşərsə, o zaman ehtiyacı olanlara daha çox kömək etmək olar. Könüllülər hərəkatının əsas missiyasından biri də məhz budur. Bu, çox vacib missiyadır, hamımız bu kampaniyalara dəstək olmalıyıq deyə, bir sosial çağırış vasitəsi kimi bundan istifadə etməyə çalışırdılar. Ona görə şəxsən biz də öz növbəmizdə bu şəkilləri paylaşırdıq ki, insanlar bilsinlər ki, Somalidə əsil vəziyyət necədir. Özü də təkcə şəkilləri paylaşmırdım, mən oradan hər gün öz təəssüratlarımı yazırdım, yaxud da ki, oradakı həyat hekayətlərindən yazırdım ki, Somalidəki müsəlmanların vəziyyətini daha yaxşı anlaya bilsinlər.Yəni, hər şəkilin yanında, səhifəmi açıb baxsınlar, bir geniş yazı və ya bir həyat hekayəti var idi, eyni zamanda şəkilin görüntüsü də çox önəmli idi ki, onu görsünlər. Yəni, bütün o şəkillər, fotolar bir sosial çağırışlardan ibarət idi. İndi bu insanlar bunu dərk edə bilmirlərsə, deməli, onların dünyada yardım və xeyriyyə kampaniyalarının neçə keçirilməsindən də xəbərləri yoxdur. Onu da deyim ki, qayıdıb gələndən sonra haqqımda yazılanları bir-bir oxudum və deyim ki, həmin insanların bir hissəsini də yaxından tanıyıram. Onlar həmin insanlardır ki, öz Facebook səhifələrində gedib hansısa bir yerdə ayağını ayaqlarının üstünə, yaxud stolun üstünə qoyub şəkil çəkdirən, baxın, filan yerdə dincəlirəm deyə, onu  paylaşan insanlardır. Əleyhimə yazı yazanların Facebook səhifəsini açın baxın, o zaman onların mənəviyyat ölçüləri mənə elə gəlir ki, tam aydın olacaq.

- Qənirə xanım, eyni zamanda, İranın İRİB saytının haqqınızda yazdıqlarına münasibətinizi bilmək istərdik.
- Təəssüf edirəm ki, İranın dövlət televiziyasının rəsmi saytı diqqəti Cənubi Azərbaycanda baş verən fəlakətə yönəltməkdənsə, haqqımda qərəzli məlumatların yayılmasına yönəldir. Onu da qeyd edim ki,  İRİB-in yazdığı bu yazı İran KİV tərəfindən yazılan birinci qərəzli məlumat deyil. Onlar mütəmadi olaraq mənim haqqımda bu cür məlumatlar yayırlar. Xüsusilə adıçəkilən sayt və “Səhər” televiziyası təkcə mənim deyil, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın haqları ilə bağlı danışan hər kəs barəsində böhtan, qərəzli məlumatlar yayırlar.
Əgər onlar arqumentlə cavab verə bilərlərsə, buna cavab versinlər. Mən çox üzüldüm ki, bu qədər insan həlak olub, evsiz-eşiksiz qalıb. Bir azərbaycanlı kimi bu fəlakətlə üzləşən qardaş-bacılarımızın üzüntüsünü söyləməyə haqqım çatır. Mən  sosial şəbəkədə yazmışdım ki, üzülürəm ki, İranın ərazisində deyil, sadəcə, Şərqi Azərbaycanda matəm elan olunub. Bunu qərəzli fikir hesab edirlərsə, açıqlama versinlər ki, bu qədər yaralı var, bu qədər insan həlak olub, niyə İran ərazisində matəm elan olunmayıb? Məni qərəzli olmaqda suçlamaq yerinə, buna aydınlıq gətirsinlər.
İkincisi, mən demişdim ki, Türkiyənin yardımlarını kaş ki, geri qaytarmayaydılar. Bu gün də eyni sözü deyirəm: Türkiyə hər hansı bir xarici dövlət deyil. Azərbaycan və Türkiyə İranın daxilində yaşayan, əhalisinin təxminən yarısını təşkil edən insanların, Azərbaycan türklərinin qardaş və bacılarının dövlətidir. Ona görə də Azərbaycan və Türkiyənin yardımı hər hansı bir xarici ölkənin yardımı deyil, bir qardaş yardımı idi. Bunun arxasında hər hansı bir maraq dayanmır. Kaş ki, Türkiyənin yardımı geri qaytarılmayaydı, buna görə məni qərəzlilikdə suçlamaq yerinə arqumentlə cavab versinlər ki, niyə Türkiyənin yardımını qəbul etmədilər?

olaylar.az

Комментариев нет:

Отправить комментарий