30.08.2012

Aliq Nağıoğlu - DUMU KİŞİ

Yuxudan hövlnak ayılıb yerinin içində oturdu. Bə­də­ni su içində idi. Küt bir ağrı beynini sancırdı. Hələ kəsdirə bilmirdi ki, bütün bu gördükləri həqiqətdir, yoxsa yuxu. Belə gününü Dumu kişi heç təsəvvürünə belə gə­tir­məz­di. Onda hərdən qəlbinin dərinliyində şübhə oyanırdı ki, deyəsən tamam biganələşiblər və bu an şübhəsizdir. Hələ onun əriyib sönmüş bədəni, sümükləri çıxmış ölü si­fə­ti Dumu kişini yaman həyəcanlandırmışdı. O, bu halını kor gözləri ilə görmüşdü. Hərçənd ki, həyatda Dumu kişi vəziyyətinin bundan yaxşı olduğunu da iddia edə bilməzdi.
Dumu kişini təəccübləndirən ətrafdakıların vecsiz­li­yi idi. Onun nəzərində arvadının donuq üzü, oğlanlarının heç nə ifadə etməyən laqeyd baxışları və daha kimlərsə canlanmışdı. Hamı susurdu və tək o, zarıyırdı.

Ancaq Dumu kişi nə xəstəlikdən, nə də onun doğur­du­ğu ağrılardan bu hala düşmüşdü. O, ölümcül acmışdı və indi özünə gələndən sonra bu aclıq özünü göstərirdi. Beyninin zoqqultusu da çox güman bu səbəbdəndi.
Bütün bunların həyatda deyil, yuxuda olduğuna Du­mu kişi çox şükür elədi. Otaqda və bayırda səs-səmir gəl­mir­di. Amma otaqda bir kəsin olmasını yaman arzula­dı. “Ya rəbbim, demək olmaz, ölləm bir kimsənin də xə­bə­ri ol­maz. Qorxudanmı, ya hansı duyğu hissindənsə, yor­ğanı üzü­nə çəkdi. Bir müddət ürəyinin döyüntüsünə qulaq as­dı, sağ əlinin şəhadət barmağını gicgahına qoydu. Elə bil ürəyinin vurduğuna şübhə edirdi.
Bir azdan sakitləşdi. Yorğanı üzündən çəkdi. Mü­tək­kəyə dirsəklənib çölə qulaq verdi. Səs-səmir yox idi. Çox güman yatıb qalmışdı. Hələ gecə uzun müddət yux­u­la­ya bilməmişdi: yuxu onu bezikdirmişdi. Uzun müddət yat­maq Dumu kişini zəiflətmiş, qıc eləmişdi. Amma, əs­lin­­də tez durmağına nə fayda. O, belə fikirləşirdi.
Səhərdən Mələk arvad, uşaqları yəqin dağılmışdılar. Hərə öz iş-gücündə olmalıydı. Mələk arvadın indi hansı ev­də ola biləcəyini söyləmək Dumu kişiyə özünün sabaha sağ çıxa biləcəyini demək qədər çətin idi. İnsafən, Dumu kişi lap qabaqlar da bu barədə sorğu-sual eləməzdi. Bilir­di ki, arvadı xeyir-şərdən qalan deyildi. Eyni zamanda o, arvad işinə qarışmağı özünə və başqalarına ar bilərdi. Söz düşəndə: “Mən dəmirçinin qızına inanıram”, - deyərdi.
Dumu kişiyə əzab verən, onu əzən gözlərinin qəfil­dən tutulmağı idi. Düzdür, yaş ötdükcə gözləri zəif­lə­yir­di, işığından düşürdü və məcbur edirdi ki, möcüzəyə inan­sın. Bir vaxtlar maraqda oldular ki, görəsən Dumu­nun gözləri nə vaxt açılacaq. Əvvəl- əvvəl Mələk arvad kəndin ba­xıcısına çox yol ağartdı. Həkim-zad yada düşmədi. Mələk arvad çox canfəşanlıq elədi və tez də sakitləşdi. O, xeyli müd­dət lal-dinməz gəzdi, qaraqabaq oldu. Dumu kişi də bunu duymuşdu, lakin soruşmağa ürək eləmirdi. Daha sonra isə korluğuna alışmağa çalışdı. “Başqa çarə yox idi”. Hər halda, Dumu kişiyə belə gəlirdi və Mələk arvaddan bu sözləri öz qulaqları ilə eşitmişdi. Kar ha deyildi...
Mütəkkənin altından təsbehini götürüb arxası üstə çevrildi. Beyninin ağrısı yavaş-yavaş kəsirdi və yemək is­tə­­yi azalırdı. Amma yüngülcə nahar etsəydi, pis olmaz­dı, canına təpər gələrdi. Dumu kişinin uşaqlıqdan qarın­qu­luluqdan zəhləsi gedirdi.
Kök adamlara, yemək vaxtı keçəndə əsənlərə, qar­nı­nı güdənlərə yazığı gəlirdi. Belə adamların qay­ğı­keş­li­yi­nə, sədaqətinə, etibarlılığına şübhə edirdi. Lakin hələ uşaq vaxtı atasının dilinin əzbəri olan bir cümlə onu ya­man yandırırdı: “Ay Dumu, ay bala, vaxtlı-vaxtında ye­məsən, gözlərinin işığı tükənər, özünə yazığın gəlsin”.
Otağın sükutunu saatın çıqqıltısı pozurdu. Zəngli saat həmişəki yerində, mütəkkənin yanında idi. Fikirləşdi ki, görəsən günün hansı vaxtıdır?! Bu fikirlə qalxıb saatı götürdü. Sağ əlini şüşəsi qırılmış saatın əqrəbləri üzərin­də gəzdirdi. Tezliklə on bir olacaqdı. Vaxtı bu cür təyin etməyə öyrəşmişdi və indi üç il qabaq oğul nəvəsinin köhnə saatın şüşəsini vurub sındırmağına heyfi gəlmirdi. Sonralar bu saat ona çox əziz olmuşdu və Dumu kişi onun bir vaxt dayanacağından yaman qorxurdu: “Dəmirdi ha, dili-ağzı yoxdu... O da dayansa, günü itirrəm...” - deyə fikirləşirdi.
Dumu kişi üçün daha bir cansıxıcı, yorucu gün baş­la­yırdı. Bəlkə də bu gün axırıncı gündü, o, cəsa­rət edib bunu inkar edəmməzdi. Əslində, gündüzləri ötürmək yaman dərd olmuşdu. Gecələri də çox uzun, ağır ke­çir­di, yorulub yatanacan ötüb-keçənləri nə qədər xatırlamaq olardı. Hər dəfə də bu gününə baxanda üşüyürdü. Onda Dumu kişinin isti yeri çox soyuq olurdu, həddən çox... Onun yaşının bu vədəsində arvadına, oğlanlarına, qız-gə­li­ninə yük olmağa nə həvəsi, nə də hövsələsi vardı. Başqa birisi çox şükür edərdi ki, onun qədər ömür sürüb, dün­ya­nın hər üzünü tanıyıb. Oğul-qız, nəvə-nəticə sarı­dan Dumu kişinin gileyi ola bilməzdi. Amma son vaxtlar o, uşaqlarına yadırğamışdı. Daha doğrusu evladları, deyə­sən, onun varlığını unutmuşdular və bu yoxluq Du­mu kişiyə ölümdən qat-qat betərdi. Bəlkə də bu vəziyyət çox əvvəllər başlamışdı, ancaq inanmağı gəlmirdi. Son günlər isə lap adiləşmişdi. “İnsan gərəksiz olanda, doğ­ma da olsa, başqalarının gününə qalanda pis olur,” - Dumu kişi bu əqidəyə möhkəm inanırdı. Elə indinin özündə Dumu kişi məmnuniyyətlə böyük oğlu ilə oturub dərdləşərdi. Oğ­lunun sağlamlıq durumunu, keçirdiyi gü­zə­ranı onun özün­­dən eşidərdi, duyardı; gəlininin, nəvələ­ri­nin səsini yad­­­daşına həkk edərdi. Nə üçün ki, o, bu səslərə çoxdan yadırğamışdı və bu səslərin rəngini, hə­ra­rə­­tini itirməkdən bərk qorxurdu.
O, damarları çıxmış arıq, uzun barmaqlarını pırtlaşıq ağarmış saçlarında gəzdirəndə yüngülcə qımışdı: ortancıl oğlu onun nazuk, uzun ətsiz barmaqlarına işarə edib de­yir­di: “Dədəmin barmaqları əsl pianoçu barmaq­la­rı­dır”. Du­mu kişi ağlamırdı, elə bil ağlasaydı bir kimsənin görəcəyindən çəkinirdi; barmaqlarını üzünə örtük elə­miş­di. İndi şirin bir söz, xoş bir nəvaziş onun bütün varlığını dəyişərdi. Dumu kişinin eyni açılardı, arıq sifəti qırışların içində itib-batardı. Boş əllə, öz gücünə, o, bu boşluğu doldura bilməzdi. Hərçənd ki, ömrü uzunu bu cür hərəkət etmişdi. Bütün təsəllilər, bəhanələr bu anda köməksiz olardı. Övladlarının ondan qaçmağa mənəvi haqları yox­dur. Mələk arvadın səhərdən evdən çıxıb veyil-veyil gəz­mə­yə ixtiyaratı olmamalıdır. Birdən Dumu kişinin özü­nə yazığı gəldi, tək, köməksiz olduğuna ilk dəfə inan­maq istədi. Onu göz yaşları boğdu, təsbehi işıqsız gözlə­ri­nə tutub uşaq kimi bərkdən-bərkdən hönkürdü.
* * *
Gələn adam içəri girəndə Dumu kişi artıq sakit­ləş­miş­di. Əllərini yana açıb heysiz uzanmışdı. Qapı açılanda azacıq da olsa qımıldanmadı. Ancaq gələn adamın nəfə­si­ni yanında duyanda ehmalca dikəldi, qaşları dartıldı.
- Həmişə ayaq üstə, ay qoca, - deyə gələn adam onu qabaqladı. Sağ əlini əllərinə alıb yüngülcə sıxdı. - Uzan, narahat olma, mənəm - Usubam. İndi nə təhərsən, qadan alım, - deyə qayğıkeşliklə onun uzanmasına kömək elədi, elə mütəkkənin yanındaca çökdü. Dumu kişi damarları çıxmış əllərini tük basmış çənəsinin altında tutub pıçıltılı səslə:
- Bu payız girəsi yaman geri gedirəm, Usub, - dedi.-heç vədə belə döyüldüm. – O, gələn adamı ilk sözündən tanımışdı. Bu, üç ev arxada yaşayan yaxın qonşusu “Pop­pu” ayamalı Usub kişi idi. Tez-tez onu yoluxmağa gə­lər­di, lakin hansı səbəbdənsə, iki həftəydi ondan səs-soraq yox idi. Ürəyi istəsə də olmadığı bu müddət ərzində onu çağırtdırmamışdı. Eşitmişdi ki, axırıncı qızını bu yay köçürən Poppu Usub indi tək-tənha yaşayırdı.” Bir elə uşa­ğı ərsəyə çatdırdı Usub. Yazıq həm ata, həm də ana oldu onlara. Hamısı da böyüdükcə dağılışdı. Ev bo­şal­dıq­ca, kişi də yaşaldı. Çox tez də qocaldı, Usub” - deyə o, ürəyindən keçirdi.
Dumu kişi ondan on iki yaş böyük olsa da, lap əv­vəl­dən bir-birinə isnişmişdilər. Poppu Usub yoluxmağa gələndə dörd il əvvəl olmuş əhvalata görə çox xəcalət çə­kir­di. Əvvəl baş verənə o, inanmasa da, sonra kiçik oğlu özü hadisəni olduğu kimi danışmışdı, sonda: “Qovdum onu, dədə, ilin bütün günü bizdədir”, - demişdi.
Dumu kişinin boğazı qurumuşdu, oğluna kərəzdənib özündən çıxmamışdı, əksinə, başını aşağı dikərək uzaq­laş­mış­dı. Bir Allah bilir, onda qəlbindən nələr keçmişdi, am­ma o vaxtdan kiçik oğlundan əməlli-başlı ürəyi sındı­ğı­nı gizlədə bilmədi. Bu hadisədən o, için-için içəridən qov­rulmuşdu.
Kənd əhlinin Usubun adının əvvəlinə “Poppu” aya­ma­sını nə səbəbdən və nə vaxtdan artırdığını bil­mir­di, öyrənməyə də cəhd etməmişdi, soruşmağı da mə­na­sız say­­mışdı. Hələ təzə-təzə Usuba “ Poppu” deyənlərə ürək­dən inciyərdi:
- Ay ağrınızı alım, Mirzəloğlu Usub, Poçt Usub dün­­yasını dəyişəndən sonra, bircə Usubumuza niyə “Pop­pu” deyək. Day başqa Usub yoxdur ha... İndi adamlar mod­nu olub, təzə adlar icad edirlər. Day təzə doğulan uşağına Usub adını qoyan azdır...
Poppu Usubun xırıltılı səsi onu xəyaldan ayırdı:
- Ay Dumu, bu qocalıq da bir şey döyülmüş. Sizə yetincəyədək, dedim ayaqlarımın ağrısından ölləm. Gün­düz bir az hərrəndim ha, bütün gecəni sızıltısından ya­tam­mıram. Vallah, yetə-yetdə bu da mənə bir dərd oldu... - Daha sonra o, ayaqlarının müalicəsindən danışdı. Dedi ki, həkimlərin cürbəcür dərmanları təsirsiz qalır. İşi-gücü bu yaxınlarda dağ kəndindəki türkəçarə həkimdən aldığı dəmanlarla ayaqlarını ovxalamaqdır, deyəsən Allaha şü­kür, xeyiri var.
Dumu kişi taqətsizlikdən titrəyən arıq əllərini sinə­sinin üstündə çarpazlayıb Usubun halına acıdı. İstədi qışqırsın ki: “Aya, uzun illər ayaqlarından çıxartmadığın o saldat çəkmələri yıxdı sənin övüvü: ancaq yatanda so-yunurdun onları,- amma heyi çatmadı,- bir də olacağa çarə yoxdur. Deyirlər, insan bir an qabaq başına gələcəyini bilə bil­mir. Bilə bilsəydi, nə vardı ki, ay Usub...” Ayağın gərəkliyi fikri beyninə hakim kəsildi. Cavanıqda şəhər vağzalında gördüyü ayaqları qurşaqdan aşağı kəsilmiş adam yadına düşdü. Bədəni ürpəşdi və istər-istəməz ayaq barmaqlarını bir-birinə sürtdü. Orta yaşlarında bu adam diyircək üzə­rində əllərinin köməyi ilə sürətlə hərəkət edirdi.
Bu, yadasalma yaxşı bir yuxu olardı, lakin həqiqət idi. Ən qəribəsi o idi ki, adam heç kəsə məhəl qoymadan cücülər təki hərəkətdən qalmırdı. Elə bil bircə an əllərini diyircəkdən üzsəydi, dünya dağılardı...
Poppu Usub onun ürəyindən keçənlərdən xəbərsiz asta-asta danışırdı. İndi, deyəsən o, lap şən idi:
- Dünən sənə baş çəkəcəkdim, dostum. Böyük gədə yığışıb gəlmişdi, köçkülfətinən. Bilirsən də, özgə rayonda olur. Yol uzaqdır. Gedib-gələ bilmirəm. Sağ olmuş, hər ay mənə baş çəkir. Deyir, dədə, gəl gedək bizimlə qal, tək qal­­mağından nə fayda. Nəvələr də məktəbə görə elə o vaxt gedəndilər. İşini də böyüdüblər, boş vaxtı olmur. De­­dim, oğul, ürəyim istəmir, qala bilmərəm yad yerdə, bir də yer düşməyiynəndir, mən də qoca adamam, ölümü uzağa niyə salım. Ev-eşik, dəmir yolun döşündə qəbi­ris­tan­lıqda uyuyan dədə-baba dərdi, yerim nə qədər rahat olsa, məni yaşamağa qoymaz. Düz deməmişəm, qadan alım...
Dumu kişi diksindi. Poppu Usubu tamam unut­du­ğu­na utandı. Axır zamanlar bu cür diqqətsizliyi özündən asılı olmayaraq baş verirdi. Ancaq yadında qalanı ayaq söhbəti idi, ona görə:
- İnşaallah ağrısı keçib-gedər, doxtur deyəni elə­gi­nən, - dedi, təskinlik verirmiş kimi gülümsündü. Poppu Usub fikrə getdiyini onun üzünə vurmadı, əksinə, büs-bü­tün taleyin ümidinə qalan qocanın qəlbinin açıqlığına hey­ran qaldı, həvəslə:
- Bə necə, qadan alım, heylə olmayanda nədi, hər dər­din dərmanı var. Təki adamda yaşamağa istək olsun. Təki oğul-qız firavan yaşasın. Belə olanda adam hər aza­rın unudur. O gün qız nəvəm deyir ki... - Amma yenə Dumu kişi onu unutmuşdu.
Daha doğrusu səsini eşidirdi, gəl ki dediklərini ayırd edə bilmirdi. “Hər dərdin dərmanı var, Usub, doğru de­yir­­sən. Bəzən görürsən ki, dərmanli-davalı dərd səni yan­dırır, tüstün də çıxmır. Özündən hay aşmadığı kimi, hara­yı­na da bir kimsə yetmir. Ay Usub, oğul-qız, gəlin-nəvə yaxşı şeydir. Gözüm görməsə də, çoxunu səsindən, ye­ri­şin­dən ayırd edirəm. Axşamlar, hamı çöldən yığışıb gələn­də, bu ev işıqlı, gur olur. Allah başacan eləsin, deyir-gülür oğlanlarım, gəlinlərim, elə Mələk arvad olarıynan. Mələkə nə gəlib ki, indi ozünü cavan gəlin təki hiss edir. Hərdən uzaq qohumlardan da gələni olur; görüşürlər, hal-əhval tuturlar, mənim sözümü eşidə bilmirlər, çəkir ba­la­la­rım öz otaqlarına. Vallah, Usub, demə kordur, hamının sifətini ap-açıq görürəm. Mən niyə ölmürəm, pis oluram aya, bu nə taledi, qurban olduğum mənə yazdı... Sənin­ki­lər anasız böyüsələr də fərli çıxdılar. Allah pis gün gös­tər­­məsin onlara, nə deyim...”
Poppu Usub ayaqlarını uzatdı, sağ əlini ehmalca onun sinəsi üstünə qoyub fikirdən ayırdı:
- O gün İmanı gördüm, maşallah dedim bəlkə dağ gəlir üstümə. Allah nəzərini üstündən əskik eləməsin( Dumu kişi burnunun altında nəsə mızıldandı) sağ olmuş yaman qaradinməz olub. Çəkməyib sənə, a Dumu. Din­dir­məsəydim, ötüb keçərdi, billah. Elə bil biz qocaldıqca kiçilirik, görünməz oluruq, deyən... - O, böyük oğlu ba­rə­də eşidəndə ürəyi əsdi. Hələ oğlu kiçik olanda, hamı de­yir­di ki, böyüyəndə onun özü olacaq. Cavan Dumu o vaxtlar bunu eşidəndə yaman sevinirdi. Doğrudan da boy-buxunda, sir-sifətdə İman onun cavanlığıydı dur­muş­du. Lakin çox zəhmli idi, kin-kidurət saxlayandı. Evlənib ev­dən çıxandan sonra, tez də ayağını kəsdi. Digər iki qardaşına yaxın gəlmədi. Hər halda Mələk arvad qabaqlar bundan bərk gileylənərdi. Gözləri görmək qabilliyyətini tamam itirəndən sonra, o, böyük oğlu haqqında heç nə eşitməmişdi və əslində yanında söylənən kiçik əhvalat əhvalını xeyli duruldardı.
Dumu kişinin sevincdənsə, ya nədənsə sifəti qırışdı:
- Təki canları sağ olsun, ay Usub, sədasını eşidək onların, - dedi və xırp susdu.
Ayrı nə deyəydi?! Dumu kişi deyəmməzdi ki, oğlunu nə vaxtdır görmür, səsini eşitmir. Etiraf edəmməzdi ki, oğ­lunun nəzərində dədəsi çoxdan çürüyübdür. Hər halda, bu, gerçəklik olsa da, o susmuşdu. Bu dərdi ürəyinin ən də­rin qatlarında boğmuşdu, gerçəkliyi yalan eləmişdi. Saysız-hesabsız bəhanələrlə nəinki böyük oğluna, elə öv­lad­larının hamısına bəraət qazandırmışdı, üzdə onları hə­mi­şə haqlı saymışdı. Doğrudan ha, bu dünyada insanın dərd-səri başından aşır. Ömür-günü ötüb-keçmiş ada­mın zəhlətökən söhbətlərini dinləməyə vaxt, həvəs yox idi.
Bütün olub-keçənləri Dumu kişi üzdə belə yoz­muş­du. Son sözlərindən fikrə gedən Poppu Usub mə­na­lı-mənalı gülümsündü, ancaq bir söz demədi. Nəzərində o, qət­rə­cə dəyişməmişdi: həmin təmkinli, səbrli, giley-güza­rı, dava-dalaşı boğan adam idi. Mehribançılığına, ürə­yi­nin açıqlığına Poppu Usub həmişə həsəd aparmışdı. Ona bu ağır dərd üz verəndə də ürəkdən ağlamışdı. Dostunun  dərdini öz dərdi bilmişdi.
Bu dəqiqə xırdaca gözlərini Dumu kişinin illərin əzabını görmüş arıq üzünə dikib qəmgin oturmuşdu. Am­ma bugünki kimi onu görməmişdi. Elə bil qoca bivəfa dün­yanın işlərinə lap mat-məəttəl qalmışdı. “Axırı gör nəy­miş, eyy!..” - Poppu Usub gözləyirdi ki, bu sözlər nə vaxt onun ağzından çıxacaqdı.
Poppu Usubun ona yazığı gəldi, gözləri yaşardı. Hön­­kürüb dostunu qorxutmaqdan çəkindi. “Yaxşı olmaz heç, qoca nə fikirləşər?! Dumu sevməz ona ağlasınlar, elə uşaq­­lıqdan, ağlı kəsəndən sevməz! Di gəl, düşməyinə dü­şüb. Elə bil heç nəfəs almır. Görən ağzına bir şey alıb­mı?”, - deyə öz-özündən sordu. Birdən üzü ciddiləşdi: “Aya, bəs bəs bu qırılmışlar hara dağılıb?! Balam, heç elə bi­lə­rsən bu övün adamı döyüllər... Mələk arvad yaman iman­sız olub getdi, Vallah... Allah bunu götürməz...”
Əsəbiliklə ayağa qalxdı. Bircə addım atmışdı ki, “vayy” deyib iki əlli sağ ayağından yapışdı. Bir müddət yarıbükülü əlləri ilə sağ ayağını ovuşdurdu. Sonra çay­da­nı götürdü: boş idi, doldurmaq üçün bayıra çıxdı. Poppu Usub birinci kərə deyildi ha, ona belə qulluq göstərirdi. Çaydanı oda qoydu. Gəlib mütəkkənin yanında durdu. Ona elə gəldi qoca yatır, nəsə əzab verirmiş kimi narahat idi. Sonra Dumu kişi dikəlmək istəyirmiş kimi əllərini yana açdı. Başını zəifliklə yırğaladı. Elə bil boğulurdu.
Poppu Usub təşvişə düşdü. Yavaşca çöməldi. Dumu kişi zəif səslə:
- Usub... - dedi və gerisini gətirə bilmədi. Üzünü divara çevirdi. Poppu Usub daha da yaxınlaşıb:
- Dumu, qadan alım, haran ağrıyır? - deyə soruşdu. O, ağzını açdı, ancaq yenə yumdu və təkrar ağzını açıb yal­varırmış təki: - Aya, bir yerim ağrımır, - dedi, - sarfam qarışır... acından...
Poppu Usub ürəkləndi. Tez dikəlib:
- Bu saat, qoca,- dedi. Tez süfrə saldı. Çay tezliklə hazır olacaqdı. Nəsə fikirləşib evdən çıxdı. Bir azdan do­lu fincanla və təndir çörəyi ilə içəri girdi. Çayı dəm­lə­di. Dumu kişiyə qalxmaqda kömək elədi. O, Poppu Usubun kəsdiyi yumşaq çörəyi ağzına apardı.
* * *
Poppu Usub gedəndən sonra bir müddət yerində qurcalandı. İstəmirdi yuxuya getsin; ona elə gəlirdi ki, yatsa, ayılmayacaq. Əslində, ölümdən elə də çəkinmirdi, hətta özünü ölümə hazırlamışdı da, amma istəyərdi ki, rahatca ölsün. Həm də çox istəyirdi ki, təklikdə ölsün, ona görə Poppu Usubu arxayın eləmişdi:” Lap yaxşıyam, get, Usub”,- demişdi.
Könlündən təmiz hava, günəşin isti şüası keçdi. “Duracam, canım da bir az qızsın”, - ürəyindən keçirdi. Yavaşca dikəldi. Əlini divarda gəzdirib mıxdan asılmış, böyük oğlunun bağışladığı rəngi getmiş şalvarı və nimdaş pencəyi çıxartdı. Bunları çox nadir hallarda qoşa ge­yi­nər­di. Şalvarı əyninə çəkəndə istər-istəməz dodağı qaçdı. Yadına düşdü ki, şalvarı ilk dəfə geyəndə ailəlikcə hamı şaqqanaq çəkib gülmüşdü. Əvvəl heç nə başa düş­mə­miş­di. Çaş-baş qalıb yerində fırlanmışdı. Sonra ona çatmışdı ki, şalvar çox enli və gödəkdir. Kiçik oğlu özünü saxlaya bilməyib: “ Boy-y, dədəm qağamdan uzundur”,- demişdi. Sonralar bunu dəfələrlə deyib gülüşmüşdülər.
Pencəyi çiyninə saldı. Tez əlini uzadıb, o biri əli ilə mütəkkəni sürüyərək qapıdan çıxdı. Əli taxta sütuna to­xu­­nanda ayaq saxladı. Yüngül meh tərli bədənini yaladı. Mütəkkəni sütuna söykədi və buradaca oturdu. Uzun, arıq ayaqlarını uzatdı. Buranı gün yaxşı tuturdu. Hər halda taxtanın istiliyi canına yayıldı.
Payızı xatırlamağa çalışdı. Bu fəsili xoşlamırdı. Ona görə tez fikrindən daşındı.
Taxtanın istiliyi bədəninə yayıldıqca uyuyurdu. Elə bil yumşaq divanda uzanmışdı: arıq uzun kürəyi mü­tək­kə­nin boşluğunda gizlənmişdi.
Hansı duyğunun təsiri altındasa Dumu kişi arvadını, övladlarını xatırlamağa başladı. Deyəsən, qoca onlarla vi­da­laşmaq istəyirdi.” Qoy deməsinlər axır günündə də­də­miz­lə üz-üzə otura bilmədik. Hamınızı gördüm, bala­la­rım. Ağlayıb-sısqamaqdan nə fayda?! Öyrəşməmişəm mənə ağlasınlar”, - ürəyindən keçirirdi.
Sonra fikirləşdi ki, Mələk arvadın quru sifəti həyətə girməmiş əyiləcəkdi: “Boy-y, kül arsızıvın başına, genə çıxıb harada oturub.” Oğlanlarının ətli üzü güləcəkdi: “ Pah, bəxtəvər başımıza, dədəmiz günəş vannası qəbul edir”. Dumu kişinin işığa həsrət gözlərindən yaş gilələnib ağ bığında ilişib qaldı. Üzü qeyri-müəyyən şəkildə əyildi. Beləcə də dondu.
Bığına düşən yaş damlası payız günəşinin şüaları altında mirvari kimi işıldayrdı.

Комментариев нет:

Отправить комментарий