“…əgər o bu qədər böyük bir ölkənin və bu qədər güclü bir partiiyanın sədri olmasaydı… içki süfrəsinin arxasında əvəzolunmaz gözəl insandı”. Con Kennedi
“Mən əminəm ki, Amerika və Sovet donuzları bir yerdə yaşaya bilərlər”. Nikita Xruşşov
1929-cu il. İosif Stalinin arvadı Nadejda Alliluyeva Sənaye Akademiyasında təhsil alırdı. Daim onun ətrafında Ukrayna Kommunist Partiyasının birinci katibi Lazar Kaqanoviçin rəyi ilə Akadeymiyaya təhsil almağa gəlmiş Nikitka Xruşşov fırlanırdı.
Nadejda gənc partiya funksionerini ərinə təqdim edir. İlk baxışda komik adam təəssuratı yaradan Xruşşov Stalinin xoşuna gəlir. Nadya öz dostunu tez-tez evlərinə dəvət edir və Nikitka Stalinin qonaqlarını balalaykada çalaraq ədəbsiz çastuşkalarla əyləndirir.
Bəzən isə Nikitka yarıya qədər soyunub stolun üstünə çıxır və rəqsi davam etdirir. Stalin onu “Xruş” çağırır və bu ad onun üzərində ömrünün axırına qədər partiya ayaması olaraq qalır...
Bəzən isə Nikitka yarıya qədər soyunub stolun üstünə çıxır və rəqsi davam etdirir. Stalin onu “Xruş” çağırır və bu ad onun üzərində ömrünün axırına qədər partiya ayaması olaraq qalır...
30-cu illərə kimi köhnə partiya elitası Xruşşovu Stalinin təlxəyi kimi tanıyırdı. Buna baxmayaraq Baş katibin təlxəyi sürətlə irəli çıxdı. 1935-ci ildə Rəhbər onu Moskva vilayət partiya komitəsinin birinci katibi seçdirdi. O zaman bu, Mərkəzi Rusiyanın sahibi olmaq anlamına gəlirdi.
Artıq Kamenev, Zinovyev, Buxarin kimi köhnə bolşeviklər ondan qorxurdu. “Xruş” isə hər zaman sahibinin yanında sadiq kölə kimi dayanırdı. Qırmızı imperiyanının ən sərsəm diktatorunun siyasi karyerası Rəhbərin təlxəyi olmaqla başlamışdı...
“Sahibi”nin ölümündən sonra o, düz on il qırmızı imperiyanı yönəldəcək və BMT-də ayaqqabısını çıxarıb masaya döyəcləyəcəkdi…
İmperiyanın yeni siması
1953-cü ildə Stalinin ölümü SSRİ-də hakimiyyət boşluğuna yol açdı. 30 illik hakimiyyəti dönəmində Stalin faktiki olaraq öz xələflərini məhv eləmişdi. Stalinin terror maşını bolşeviklərin köhnə qvardiyasını tamamilə əzib keçmişdi.
37-ci ildən sonra Stalinin ətrafı məddahlardan və dəmdəməkilərdən ibarət idi. Odur ki, Rəhbərin ölümündən sonra hakimiyyət uğurunda elə məddahlar və dəmdəməkilər mübarizəyə başladılar.
1953-cü il martın 5-də Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Stalinin qorxunc kölgəsi Lavrenti Beriyanın təqdimatı ilə Georgi Malenkov Nazirlər Sovetinin sədri seçildi. Bir tərəfində günəş çıxarkən digər tərəfingə axşam düşən qırmızı imperiyada hakimiyyət uğrunda savaş beləcə başladı.
Martın 9-da Stalinin dəfninə Beriya rəhbərlik edirdi
Beriyanın əsas məqsədi Malenkovun yardımı ilə hakimiyyəti ələ keçirməkdi. Faktiki olaraq bütün təhlükəsizlik gücləri Beriyanın rəhbərliyi altında idi. Beriyaya qarşı əks-cəbhədə Nikita Xruşşovun rəhbərliyi ilə yüksək çinli ordu komandanı Nikolay Bulqanin və və müdafiə naziri Georgi Jukov dayanardı. Həlledici anda Malenkov da Xruşşovla anlaşıb Beryanı tərk etdi.
Xruşşov məsələni açıq şəkildə qoydu: NKVD-nin rəhbəri Lavrenti Beriyanın hakimiyyətə gəlməsi qorxu və terrorun davam etməsi deməkdir. Bu sözlər hədər getmədi, Beriyanı marşal Jukov həbs elədi və o, məhkəməsindən 2 saat sonra bunkerdə güllələndi. Beriya xarici ölkəyə işləməkdə günahlandırılırdı...
Beriyanın ölümü Xruşşovun hakimiyyətə yolunu açdı. Beləliklə, sovet imperiyasında yeni dönəm başladı.
Nikita Xruşşov Stalin vahiməsini aradan qaldıracaq, öz şəxsiyyətini onun sümükləri üzərində ucaltmağa cəhd edəcəkdi. Amma nə olur-olsun, Stalinin böyüklüyü qarşısında onun obrazı sönük və solğun görünəcəkdi.
Latın hərfini tanımayan partkom
Nikita Sergeyeviç Xruşşov 1897-ci il aprelin 1-də Kursk quberniyasında anadan olmuşdu. Valiydeynləri sadə kəndlilər idi. Ata-anası oxumaq-yazmaq bilmirdi. Xruşşov 1959-cu ildə ABŞ-ın “Tventis Sençuri Faks” kinokompaniyasının onun şərəfinə verdiyi səhər yeməyində özünü belə tanıtmışdı: “Siz bilmək istəyirsiniz mən kiməm? On beş yaşıma qədər çobanlıq etmişəm… İndii isə böyük Sovet dövlətinin rəhbəriyəm”.
Nikita Xruşşov 1918-ci ildə özünə gün ağlamaq məqsədi ilə bolşevik partiyasına üzv olur. Vətəndaş müharibəsi illərində savaşa gedir. Hətta sonradan Stalinqrad adlanacaq Çarıçində Stalinin rəhbərliyi altında Denikinə qarşı da vuruşur. Amma Stalin onu tanımır. 20 ildən sonra Xruşşov eyni cəbhədə faşistlərə qarşı savaşacaqdı – bu dəfə əynində general mundiri olacaqdı.
Nikita Xruşşov vətəndaş müharibəsindən sonra 1921-ci ildə Donbasda texnikuma daxil olur. Böyük siyasətdə o, ilk dəfə 1925-ci ildə görünür. Həmin il partiyanın 14-cü qurultayına nümayəndə seçillir və Kamenev-Zinovyev ikilisinin Stalinə qarşı apardıqları mübarizədə Stalinin yanında yer alır. Lakin yenə də Stalinin diqqətini cəlb edə bilmir.
Xruşşovun irəli çəkilməsində ilk vaxtlar Lazar Kaqanoviç böyük rol oynayır. Görünür, Xruşşov Ukraynanın birinci katibini özünün məddahlığı ilə ovsunlamışdı. Hər halda Moskvaya təyinat aldıqdan sonra Kaqanoviç onun Sənaye Akademiyasında təhsil almasını təmin etmişdi.
Amma ömrünün son illərində Kaqanoviç Xruşşova qəyyumluq etdtiynə peşman olacaq, öz xatirələrində Stalinin silahdaşı Xruşşovu kommunizmin düşməni adlandıracaqdı.
Xruşşov Stalinlə tanış olduqdan sonra Kaqanoviç onun üçün əhəmiyyətsiz adama çevrilir.
1929-cu ildə Sənaye Akademiyasında təhsil alarkən məlum olur ki, Xruşşov latın hərflərini tanımır. O, müəlliməyə açıqca bildirir ki, latın əlifbası proletariat üçün gərəksizdir. Müəllimə rektora şikayət edir, Akadeymiyanının rektoru Stalinin təlxəyinin latın qrafikasından xəbərsizliyini öyrəndikdə, bu təhsil müəssisəsində ingilis dilinin tədrisini dərs proqramından çıxarır.
Repressiyalarda rolu
Nikita Xruşşov 30-cu illərdə Moskva şəhər partiya komitəsinin və vilayət komitəsinin birinci katibi kimi Mərkəzi Rusiyada Stalin terrorunun əsas təşkilatçılarından biri idi. Terror illərində Xruşşov Moskva vilayətinin “üçlük” məhkəməsinə rəhbərlik edir və onun imzası ilə hər gün yüzlərlə günahsız adama güllənmə hökmü oxunurdu.
1938-ci ildə Xruşşov Ukraynanın birinci katibi təyin olunur. Ukraynada o özünü “xalq düşmənləri”nə qarşı ən amansız mübariz kimi tanıdır.
Böyük vətən müharibəsi başlayanda o, az qala almanlara əsir düşəcəkdi. Mühasirədə qalan birinci katib bir neçə gün şaxtada gizlənmiş, sonra gizli yolla qaçmağı bacarmışdı.
Müharibə illərində bir neçə cəbhəninin hərbi şurasının üzvü olan Xruşşov bir neçə uğursuz hərbi əməliyyatın təşkilatçılarından biri olmuşdu. Ancaq Stalin onu bağışlamışdı. Müharibə bitəndə Xruşşov Sovet İttifaqı Qəhrəmanı və general-leytnant idi.
Müharibə illərində oğlu ilə bağlı hadisə onda Stalinə dərin nifrət oyatmışdı. 1942-ci ildə SSRİ-nin məşhur pilotlarından sayılan Xruşşovun birinci nikahdan olan oğlu Leonid Xruşşov Moskvada sərxoş vəziyyətdə Mikoyanının oğlu Stepan Mikoyanla birlikdə bir dənizçini gülləyir. Yaralı olmasına və müalicə almasına baxmayaraq Leonid ön cəbhəyə göndərilir.
Bundan qəzəblənən Xruşşovun oğlu təyyarə ilə almanların tərəfinə keçir. Lakin bir müddət sonra əsirlərin dəyişdirilməsi nəticəsində Stalin Xruşşovun oğlunu almanlardan geri alır və güllətdirir.
Xruşşovun Stalinə kini və qəzəbi də məhz bu hadisədən sonra yaranır. Bu ağır insidentə baxmayaraq Stalin “Xruş”a inanmaqda davam edir.
Unutqan Baş katib
1956-cı il fevralın 14-ü. Kremldə Sovet İttifaqı Kommunist Partiyasının 20-ci qurultayı keçirilir. Partiaynın Baş katibi Nikita Xruşşov nümayəndələr qarşısında hesabat məruzəsi ilə çıxış edir. Zalda tam sakitlikdir, Xruşşov Stalinin siyasi-ideoloji mirasından imtina edən nitq söyləyir.
Stalini şəxsiyyətə pərəstlikdə ittiham edən Xruşşov on milyonlarla insanın günahsız yerə terror qurbanına çevrilməsindən və bütün bu insanların reablitasiya olunmasının zəruriliyndən danışır. Xruşşov Stalinin əlaltılarının adını çəkir. Onların arasındaYejovdan, Yaqodadan tutmuş, Beriya, Molotov, Kaqanoviç və neçə-neçə yüksəkçinli partiya mənsubları var. Ammma qəribədir ki, Stalin terrorunun əlaltılarının adlarını açıqlarkən özünü və Mikoyanı “unudur”.
“Unudur” ki, 30-cu illərdə Moskva vilayətində və Ukraynada milyonlarla insanın, o cümlədən kəndlilərin terror edilməsi haqqında qərarlara Stalinlə bərabər o da imza atıb. Yeni Baş katib bunları xatırlamır. Buna baxmayaraq Stalinin maskasını açır.
Onun nə qədər qəddar və insafsız despot olduğunu bütün dünyaya nümayiş etdirir.
20-ci qurultay qırmızı imperiyanın həyatında böyük dəyişikliklərə gətirir. Milyonlarla insan sürgündən geri dönür. Yeni Baş katib yeni siyasi kursu elan edir.
Artıq kommunizmə gedən yol açıqdır. Bu yolu bağlamış qoca dev Stalin təkcə cismən yox, siyasi və ideoloji baxımdan da öldürülüb. Onun “qatili” isə həmişə Stalinin qarşısında ikiqat gəzən və belini düzəltməyə qorxan, indi isə zəmanəsinin qəhrəmanına çevrilən Xruşşovdur.
Xruşşov 1980-ci ildə SSRİ vətəndaşlarının kommunizmdə yaşayacaqlarını bəyan edir: Evlərə su yerinə süd axacaq. Heç kimin heç nədən ehtiyacı olmayacaq. Pul ortadan qalxacaq, hər kəs istədiyi qədər istədiyi şeyi əldə edəcək. Bunun üçün islahatlar aparılmalıdır. Bunun üçün Sovet xalqı durmadan işləməlidir...
Sovet rəhbəri həmçinin Amerika imperializmini birdəfəlik qəbrə göməcəyi vədini verir. O, hətta məşhur çıxışında bunu BMT tribunasından da söyləmişdi.
...1959-cu ildə Moskvada ABŞ-ın milli sərgisi keçirilirdi. Sərgidə Amerikanı o zaman vitse-prezident olan Nikson təmsil edirdi. Tədbirə Nikita Xruşşov da qatılmışdı. Sərgidə ən yeni Amerika malları nümayiş etdirilirdi.
İlk dəfə paltaryuyan maşınla və digər texniki yeniliklərlə qarşılaşan Xruşşov özünü saxlaya bilməmiş və bağırmışdı: “Sizin ananızı… biz sizə hələ göstərərik”. Özünü itirən tərcüməçi bu sözü necə tərcümə edəcəyini bilməmişdi…
Puç olan xəyallar və Baş katibin qəribəlikləri
Xruşşovun kommunizmə gedən yolu elə onun özünün dönəmində darmadağın oldu. 1960-cı illər başlayanda SSRİ-də faktiki aclıq yaşanırdı. ABŞ-la başladılan silahlanma yarışına həddindən artıq böyük pullar xərclənirdi. Nəticədə ölkənin daxili problemlərinə demək olar ki, pul qalmırdı.
Xruşşovun aqrar islahatı kənd təsərrüfatını demək olar ki, iflic vəziyyətinə gətirmişdi. Baş katibin qəribəlikləri tək siyasəti yox, iqtisadiyyatı da məhv eləmişdi. 50-ci illərin sonlarında qarğıdalının taxıldan daha çox məhsul verdiyini önə sürən Baş katib dünyanın ən böyük taxıl anbarı hesab olunan ölkəni aclığa sürükləmişdi.
Ölkənin kənd təsərrüfatı sahələrində əsasən qarğıdalı əkilir və Sov.İKP-nin Baş Katibi hesab edirdi ki, 20 ildən sonra kommunizmə qarğıdalı çörəyi yeməklə çatmaq olar.
1962-ci ilin baharında Novoçerkassk şəhərində metaltökmə zavodunda 200-ə qədər fəhlə aclığa etiraz etmək üçün müdriyyət binasının qarşısına toplaşdı. Tezliklə tətil bütün şəhəri bürüdü. Etirazçılar dəmir yolunu bağladılar və şəhər partiya komitəsinə hücum elədilər.
Vəziyyət barədə Xruşşova məlumat çatdıqda, o, ordu hissələrinin silahsız xalqın üzərinə yeridilməsi ilə bağlı əmr verdi. Əmr yerinə yetirildi. Nəticədə əsgərlərin açdığı atəş nəticəsində onlarla insan öldü. Onların arasında uşarqlar da vardı.
Novoçerkasskda baş verənlər gizlədildi və bu barədə məlumat ancaq Qorbaçovun yenidənqurma illərində mətbuata yol tapdı. Rəsmi açıqlamaya görə, hadisə zamanı 24 nəfər öldürülmüşdü. Amma şahidlələr ölənlərin həddindən artıq çox olduğunu və əsgərlərin meyitləri şaxtalara atdıqlarını iddia etmişdilər.
İlk saray çevrilişinə cəhd
1957-cu ildə stalinçilər Xruşşova qarşı hərəkətə başladılar. Sovet İttifaqının ilk saray çevrilişinə cəhd ölkə Kommunist Partiyasının plenumunda baş verdi. Molotovun, Malenkovun və Kaqanoviçin yönəldiyi stalinçi çoxluq Xruşşovun vəzifədən götürülməsini tələb etdi. Xruşşovun vəziyyəti doğurdan da kritik idi.
“Stalinçi qvardiya” onu sovet dövlətinin təməlini dağıtmaqda ittiham edirdilər. Artıq demək olar ki, Baş katibin “qovulması” məsələsi həll olnunmuşdu. Bu zaman müdafiə naziri Georgi Jukov ayağa qalxaraq özünün tarixi hökmünü verir: “Ordu bu qərarın əleyhinədir. İnanın ki, mənim əmrim olmadan heç bir tank hərəkət etməyəcək”.
SSRİ tarixində ilk dəfəydi ki, bir ordu komandanı siyasi hakimiyyəti təhdid edirdi. Təbii ki, Jukovu yaxşı tanıyan “stalinçi qvardiya” geri addım atdı. Xruşşov vəzifəsini qoruyub saxladı.
Bir il keçmədən öz siyasi rəqibləri ilə hesablaşan Xruşşov artıq Jukovu özünün əsas rəqibi sayırdı. Stalin məktəbi keçən Xruşşov marşalın onu müdafiə etdiyi zaman dilə gətirdiyi təhdidi unutmamışdı.
Ordunun siyasi hakimiyyəti təhdid etməsi ən böyük təhlükədən xəbər verirdi. Xruşşov Jukovu ənənvi yolla sıradan çıxardı. Marşal xaricdə olarkən o, vəzifədən alındı, Siyasi Bürodan çıxarıldı.
Sonra rütbə və təltiflərindən məhrum olundu və pensiyaya yola salındı. Xruşşovun Jukova qarşı irəli sürdüyü ittiham marşalın Lenin yolundan sapması idi. Jukov qismən Brejnev hakimiyyətə gəldikdən sonra reablitasiya olundu. Həmçinin marşal rütbəsi ona qaytarıldı.
Tək hakimiyyətlik dönəmi
1957-ci ildən başlayaraq Xruşşov SSRİ-nin demək olar ki, təkbaşına sahibi oldu. Bu illərdə əsasən xarici siyasətə diqqət yetirən Xruşşov həm xarici, həm də daxili siyasəti bataqlğa soxdu.
1962-ci ilin oktyabrında dünya ilk dəfə nüvə müharibəsi ilə burun-buruna gəldi. Buna səbəb Xruşşovun gizli yolla Kubada nüvə silahı yerləşdirilməsi olmuşdu. Raketləri təsadüfən Amerika kəşfiyyat təyyarələri aşkarlamışdı.
Böyük beynəlxalq qalmaqaldan sonra Amerika prezidenti Kennedi Kubanının təhlükəsizliyinə təminat vermiş və Xruşşov raketləri Kubadan çıxarmışdı. Kuba krizisi sonradan Kennedinin və Xruşovun taleynini həll edən faktora çevrilmişdı.
Kremldə saray çevrilişi
1964-cü ildə Nikita Xruşşov Krımda istirahət edirdi. Kremldə toplanan plenum ölkə rəhbərini sağlamlığı ilə əlaqədar dövlət və partiya vəzifələrindən azad etdi. Partiyanın oktyabr plenumu Leonid Brejnevi yeni Baş katib seçdi.
Çevrilişin əsas təşkilatçılarından biri Kosıgın idi. O, Leonid Brejnevi zorla Baş katib olmağa razı sala bilmişdi. Partiyanın qərarı ilə tanış olan olan Xruşşov sakitcə öz taleyi barışmış, “Mənə artıq bu vəzifədə qalmaq olmazıdı” demişdi.
Nikita Xruşşov pensiyaya çıxan ilk Baş katib oldu. Ondan sonra eyni taleni fərqli biçimdə Qorbaçov yaşayacaqdı.
Pensiyaya çıxdıqdan sonra o heç kimə gərək olmayan möhtac bir qocaya çevrildi. Həyatının qalan 7 ilini xətirələrini maqintofon lentinə yazmaqla keçindi. Onun adına tabu qoyulmuşdu. Bu tabu yalnız yenidənqurma dövründə ortadan qalxdı. Ona qədər “Xatirələrim” adlı memuarı Qərbdə dərc olunmuşdu.
Nikita Xruşşov 1971-ci il sentyabrın 11-də vəfat elədi. Onun üçün heç bir dövlət törəni keçirilmədi və dəfndə silahdaşlarından heç kim iştirak etmədi.
Azər QARAMANLI publika.az
Комментариев нет:
Отправить комментарий