09.09.2012

Dünyanın sonu - 2012

Sərdar

İnsan hər şeyin nəticəsini, sonunu görmək istəyir. Məşhur şüar var:
- Bu işlərin axırı necə olacaq?
Görən işlərin axırı niyə bu qədər maraqlıdı? Guya ki, baş verən olayın sonunu öyrənərək ondan ibrət almaq istəyirik? Ancaq, bu istək heç vaxt baş tutmur. Biz təskinlik tapıb toxtasaq da, özümüzü aldadırıq. Çünki həyatda biri biriylə eyni olan qum dənəsi yoxdur, qaldıkı eyni sonuclanan iki hadisə. Bu istək maraqdan doğur. Bu maraq isə SONu doğurur. Sonu görmək arzusu bizi SONa çatdırır. Deyəsən xurafat danışdım. Ancaq, çətinliklə də olsa fikrimi əsaslandırmağa çalışacam.

Məlum olmaq adiləşmək, adiləşmək maraqsızlaşmaq, maraqsızlaşmaq məhv olmaqdı!
İnsan bir musiqiyə dəfələrlə qulaq asdıqda ( nə qədər sevdiyi musiqi olsa belə) ondan bezir. Buna səbəb həmin musiqinin ona tam məlumlaşmasıdı. Məlum olanın maraqsızlaşmasının elmi əsası var. İnsan beyni təkrardan süstləşir. Buna misal olaraq ana balasını yatızdırarkən təkrar – təkrar onun belini vurmasını və lay – lay deyərək onu yuxuya verməsini göstərmək olar. Uşaq yorğun olanda ana laylasından mışıl – mışıl yuxuya dalar,  yorğun deyilsə böyük narazılıqla vurnuxar. Çünki  bu zaman onun beyni fərqli nə isə görmək istəyir. Təkrar ana laylası ona əzab verir. Həyatda hər şey məlum olduqda – insanlar fərqli nə isə tapılmadıqda, baxdıqları hər yerdə, duyduqları hər şeydə təkrarla rastlaşdıqda  bu onlara əzab verəcək. İnsanlar qəzəbli olacaq. Ülvi hisslər tükənəcək, onlar qəribəlik və fərqlilik naminə ağıla sığmaz işlər görəcək. Zatən bu işlər start götürüb. Məsələn :
Bütün canlılar əks cinsin nümayəndəsi ilə yaxınlığa meyillidi. Bu istək elə bir həzz ilə bağlıdır ki, canlılar o həzzi başqa durumda yaşaya bilmir. Canlıların “ali”si insan da həmçinin. Yəqin ki, bu həzz həyatın davamlı olması üçün yaranıb. Bəlkə də iki fərd arasındakı cinsi əlaqə dediyim həzzlə müşayət olunmasaydı heç kim bu işə baş qoşmazdı. Ancaq... Artıq bir sıra kişilər qadınla, eyni zamanda bəzi qadınlar kişiylə münasibətdən həzz ala bilmir. Və bu münasibətdən boyun qaçıraraq həzzi ayrı məkanlarda axtarır. Nəticədə oral seks, homoseksuallıq, lesbianlıq və digər qeyri ənənəvi cinsi münasibətlər artır. (belə münasibətin heyvanlarda rast gəlinməsini, dediyimin inkarı kimi görənlər bir az səmimi olsun! Çünki, bunlar ayrı səbəblərdən yaranır. Homoseksualizmin tarixinin qədim olduğunu deyənlərə də onu bildirmək istəyirəm ki, söhbət bu halın kütləviləşməsindən gedir.) Nə qədər homosekuallığın insan hüquqları çərçivəsinə salsaq da, bunu qəbul etməliyik ki, mahiyyət etibarı ilə bu hal həyatın qapanmasıdı. Bu da adiləşmənin və məhv olmanın kiçik nümunəsidi.
İnsanları mobil telefon vasitəsilə izləmək mümkündü. Əgər, üstündə müəyyən əlaqə aparatı varsa sənin yerini bilmək, danışığını dinləmək və s. mümkündü. Bu zaman bir sıra şəxsi saydıqların arzulamadığın “ortağın”la şərik malındı. XXI əsrin başlanğıcında yaşayırıq. Artıq, sadaladığım və bundan artıqları mümkündü. Kim zəmanət verir ki, 2 min filanınci ildə hansı isə bir “ürək aparatı” çıxmayacaq və o aparatla kimin ürəyi varsa həmin insanın bütün varidatı ümumi olmayacaq?! O zaman insanlar gizli heç nə edə bilməyəcək. Hətta, qeyrətli bir cütlüyün arasındakı,  gizli saxlamağa çalışdıqları intim əlaqə belə kimlər üçünsə aşkar olacaq.
Həyatda hər şeyin nəhayəti var.
İnsan həmişə irəli, daha yüksəkə can atır. Bu istək sonu yaxınlaşdırır. Çünki həyatda nəhayətsiz məhfum yoxdur. Bu yüksəkliyin də sonu var.  Bərk qaçan finişə tez çatır. Bu inkişafla sona tez çatacayıq. İnsanlar üçün hər şeyin məlum olduğu gün sondu. Bir çox məqamların ifrat dərəcədə aydınlığı digər məqamların məhv olması deməkdir. Daha nə qalıb ki, aydınlaşmayan? Daha nə qalıb aydınlaşıb məhv olmayan? Artıq həyat marağını itirir. (Bu meqopolislərdə - inkişafın, qloballaşmanın daha çox nəzərə çarpdığı məkanlarda aydın görünür. Meksikada ölümə gülmək yarışı keçirilib). Həmişə daha maraqlısını axtarmaq, tapmadıqda bezərək ağlasığmaz işlər görmək insan əməli deyilmi? Həyatda qəribə yırtıqlar üzə çıxır. Artıq təbiət insan qarşısında acizdir. Onun yaşatmaq potensialı tükənir. Biz isə bu potensialdan ildən – ilə daha çox istifadə edirik. Həm maddi, həm də mənəvi potensialdan.
Sadə bir dünya vətəndaşı kimi üzümü aidiyyatı insanlara tutub ürəyimi bir az boşaldacam:
Bəzən alimlərdən zəhləm gedir. Fəaliyyətini dondurmaq istəyirəm onların! Bütün sirrləri açaraq əlçatmazları adiləşdirən, onları orta məktəb şagirdinin belə anlayacağı tərzə gətirib dərslik halına salanların! “Hə! Mən bunu kəşf etdim, bunları qazandım!” Axı sən bərbad etdiklərinindən xəbərin varmı, alim?!
Bəşəriyyət Albert Eynşteynin zəncirvari reaksiyaların kəşfinin uğurundan danışır.  Ancaq, əksəriyyətimiz düşünmürük ki, bu kəşf  bütün dünyanın məhvini bir insan əlindən asıllı hala salıb. Kim zəmanət verir ki, bir xəstə təxəyyüllü amerikan, artıq qadınla cinsi əlaqəyə girmək bacarığının tükəndiyini gördükdə və həkilmər daha bu bacarığının bərpa olunmayacağını dedikdə, iki şüşə viski içib dünyanı məhv etmək gücündə olan bir bombanı aktivləşdirməyəcək! Bu qədər sadə olarmı milyonlarla yaşı olan dünyanın məhvi?
Nə olsun ki, siz fərqli düşüncə tərzinə maliksiz! Nə olsun ki, siz bir çoxlarımızın görmədiklərini görürsüz! İndi görürsüz sizin də görmədikləriniz şeylər var həyatda?! Adama deyərlər tüpürüm sənin həyatın boyu qazandıqlarına! Elə bilirsən ki, kəşflərin insanlar tərəfindən daim alqışlanacaq, ruhuna dualar oxunacaq? GORBAGOR  OLASAN  SƏNİ! Vaxt gələcək səni hamı lənətləyəcək. Yapdıqlarının törətdiklərinə çarə tapılmayacaq, insanlar nə edəcəyini bilməyəcək. Ruhun rahat olayacaq. İnsanlar səni gorbagor edəcək!
Ancaq onu da bilirəm ki, sən olmasaydın da sənin ağıllı fikirlərini həyata keçirmək üçün başqa biri tapılacaqdı. Tutduğun bu işə görə sağlığında etdiyin peşmançılıq da bir işə yaramadı. O da həqiqətdi ki, sən Eynşteyn olduğun üçün, bu kəşfinin acı nəticələr yaradacağını elə o vaxt dərk etdin və peşman oldun. Sənin məhsulunun istifadəçiləri XXI əsrdə yaşasalar da nəinki peşman olur, hətta, işlərindən həzz alır.
Meqaproblemin yaranmasını sürətləndirən sadə insanlar deyil. Alimlər... Bəlkə də sərxoş ola bilsəydim alimlərin keçəl başlarını ürəyimdən tikan çıxanadək şillələyərdim. Axı bunlar qoca dünyadan nə istəyir? Onu axtalayır, bölür, sadələşdirir. Axı belə olduqda çox şeylər mahiyyətini itirir. Mahiyyətsizlikdən qorxmursuz? Nəyə nail olmaq istəyirsiz? Məğlub etmək istəyirsiz qoca dünyanı? Zəhmət çəkməyin! Bunu artıq bacarmısız. Miçurin qardaşınızın şüarı (təbiətdən mərhəmət gözləmək lazım deyil. Biz onu özümüz almalıyıq.) ilə dünyanı döndərmisiz aksioma. Artıq, isbata ehtiyyacı olan bir şey qalmayıb. Dünyanın vəkiliyəm. Savaşa girmisizsə məğlubiyyətini elan edirəm dünyanın. Bu yazımı da AĞ BAYRAQ olaraq qəbul edin! Mənim üçün sehirli dünya maraqlıdı. Mən qat – qat  sirrlərdən ibarət olan dünyada yaşamaq istəyirəm. Amandı, axı mən də bu dünyanın sakiniyəm. Dünyamı adiləşdirməyin! Mən “yaşaya – yaşaya” məhv olmaq istəmirəm!!!
Sual yaranır:  Bu prosesi dayandırmaq mümkündürmü? Axı bu insan əməlidi. İnsan yaranandan təkamül prosesi olub. Sadədən mürəkkəbə.
Acınacaqlısı odur ki, biz sadə təkamülü keçmişik. Bu ifrat təkamüldü. Halbu ki, bələkə də bizim dövr üçün bir az uzaqgörən olub, sadə təkamülü ləngitmək lazımdı. Yuxarıda demişdim bu sadə insanların əməli deyil. Sonu görməyi hamı istəyir. Ancaq, sonu görmək bacarığı bəzi ağıllı, bəlkə də “ağıllı” adamlardadı. Ona görə də bunun qarşısını insan iradəsi, insan uzaqgörənliyi ala bilər. (Biz isə hələki, ETT-dən ağızdolusu danışırıq.)
Bəlkə də, bacarığımızdan istifadə edərək əlçatmazları alçaldıb altımıza salmasaq, hər qara işıqlı yeri ağartmasaq buna nail ola bilərik!
Yox əgər dünyanı açıb ağartmaq istəyiriksə, bu işlərin necə olacağını görmək istəyiriksə - bu dünya bir MÖCÜZƏDİR! Möcüzəni də açmaq mümkündü. Ancaq belədə o məhv olur... Çünki möcüzə mözüzə olaraq mövcuddur. Əks halda o yoxdu.

Комментариев нет:

Отправить комментарий