22.10.2012

SAMF yeni layihəyə start verdi

Fond kitab nəşri, satışı və təbliğinin problemlərini araşdırmağa başladı

Söz Azadlığını Müdafiə Fondu (SAMF) “kitab nəşri, satışı  və təbliğinin  mövcud vəziyyəti: təhlil və araşdırmalarda”  adlı yeni bir layihənin icrasına start verdi.
Fonddan verilən məlumata görə, rəhbəri və  ideya  müəllifi SAMF sədri, şair Musa Yaqub olan layihənin həyata keçirilməsindən məqsəd ilk öncə kitab satışı sahəsində yaranmış problemlərin aradan qaldırılmasına dəstək verməklə müasir düşüncə adamlarının maliyyə probleminin həllinə kömək etmək istəyidir. Eyni zamanda yaranmış problemin təkcə ayrı-ayrı yazar fərdlərin şəxsi qayğıları olmamasını, çağdaş ədəbiyyatımızda boşluqlara yol açmasını və nəticə olaraq bütövlükdə xalqımızın gələcək taleyində mənfi çalarlar yaradacağını nəzərə alan kollektiv layihə çərçivəsində XXI əsr Azərbaycan gəncliyini intellekt yarışına cəlb etmək kimi vacib bir amili də gündəmə gətirmək niyyətindədir.

SAMF bu xoşməramlı məqsədinin uğurlu həllinə nail olmaq üçün müasir dövrdə kitab çapının, satışının səviyyəsinin araşdırılmasını, kitab reklamının, xarici ölkələrdə analoji problemlərin həllinin və s. problemlərin monitorinq və müzakirələrini vacib sayır. Layihədə həmçinin ölkəmizdə kitab satışının təşkili mexanizminin SSRİ dönəmi, müstəqilliyin ilk illəri və çağdaş dövrümüzlə bağlı müqayisəli təhlili də həyata keçiriləcək.
Layihə çərçivəsində kitab çapı və satışında maraqlı olan bütün tərəflər – fikir, düşüncə adamlarının problemlərini dinləyib müzakirələrə çıxarmaq, onları ictimailəşdirmək, nəşriyyatlar, satış nöqtələrində müxtəlif istiqamətli monitorinqlər aparmaq nəzərdə tutulub. Elə buna görə də SAMF kollektivi problemin ümummilli məsələ olduğunu nəzərə almaqla media qurumları vasitəsilə bütün maraqlı tərəflərə müraciət edərək onlardan layihənin hədəflərinə çatmaqda öz yardımlarını əsirgəməməyi xahiş edir.
Layihənin icra müddəti  iki aydır və dekabr ayının ikinci yarısında toplanmış arqument və faktların dəyirmi masada geniş müzakirəsi nəzərdə tutulur.

Комментариев нет:

Отправить комментарий