18.01.2013

Elçin Mirzəbəyli - Ağrı

I-
Əsrin sonu...
Ortada ac və aciz məmləkət,
Nə suyunda dad qalıb, çörəyində bərəkət.
Yenə ərşə çəkilib başkəndinin yuxusu,
Havası ah-nalədi, ətiri-neft qoxusu.
Yenə dörd bir tərəfdən
əsir dəli küləklər.
Puça çıxan arzular,
tapdalanmış diləklər.
Yurd üçün qan tökənlər
Burdan qan verib keçir,
Qara döngələrindən
Qərib şəhid ruhları
Yenə can verib keçir.
Budur, odu tükənmiş, ocağı buz məmləkət,
Yarıinsan məmləkət, yarıkabus məmləkət.


...Hardadı vəsf etdiyin türkün ruhu, bəs harda?
Türklük şeirlədədir, əsil türklər məzarda.
Bəlkə yadıq, özgəyik, özümüzün özgəsi?
Bəlkə elə kölgəyik,
qardaş, türkün kölgəsi...

Acımı?
Acı, şair...
Dərdimiz kimi acı
Sözümüz də.
Minilin kədəri,
Minilin nisgili
Gözümüzdə...
Minillik göz yaşı, minillik ağı,
Yenə boynubükük, başıaşağı...

-II-
Qış gəlib, havalar soyuyub, qardaş,
Bumbuz çadırlarda üşüyür körpələr.
Buz tutmuş döşlərdən süd yox, qan damır,
Üşüyən ruh damır, çıxan can damır.
Qısa şalvarının cırıqlarından
Küləklər oynayan qaçqın balanın
Don vurmuş, qıc olmuş barmaqlarından
Bir çimdik yardım unundan yapılmış,
Duzu bir qapıdan, yağı bir qapıdan tapılmış
Çörək tikəsini külək apardı,
Apardı, şair.
Uşaq haray çəkdi, fəryad qopardı,
Qopardı, şair.
O uşaq nə Mete, nə Turan bilir,
Hə Tövrat, nə İncil, nə Quran bilir.
Bir parça çörək sürt ac gözlərinə,
Millət dizə enib, aç gözlərini...
Yenə də səfalət kəsib qapını,
Biz kimə üz tutaq, kimə tapınaq?!
...Yenə öz dərdinə gülür bu millət,
Ölür, göz önündə ölür bu millət.
Çörək sınağında, pul sınağında,
Yarəbb, çıxar bizi qul sınağından,
Çıxar bu oyunun xəyanətindən,
Çıxar zalımların qiyamətindən.
Şair, dua eylə, duamız da dərd...
Tanrı dərdimizi bizə endirir,
Zülmə dözənləri dizə endirir.

1999

...Yenə öz dərdinə gülür bu millət, Ölür, göz önündə ölür bu millət. Çörək sınağında, pul sınağında, Yarəbb, çıxar bizi qul sınağından, Çıxar bu oyunun xəyanətindən, Çıxar zalımların qiyamətindən.

Комментариев нет:

Отправить комментарий