15.01.2013

Gülər Əhmədovanı həbsdən Ramiz Mehdiyev qurtarıb

ramiz mehdiyevPA rəhbəri əvvəl tutdurmaq istədiyi sabiq deputatın sonradan niyə azadlıqda qalmasına çalışıb?

Sabiq deputat Gülər Əhmədovanı həbsinə mane olan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir. Bunu “Azadlıq”a Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin işilə bağlı müstəqil araşdırma aparan blogger Elnur Məcidli bildirib. Onun sözlərinə görə, Elşad Abdullayevin “mandat alveri”lə bağlı birinci video yayandan sonra Ramiz Mehdiyev həm Gülər Əhmədovanın, həm də onun rəfiqəsi, bu işdə vasitəçi olan Sevinc Babayevanı həbs etdirmək istəyib.

Administrasiya rəhbərinin planı belə olub ki, Gülər Əhmədova ilə Sevinc Babayevaya Elşad Abdullayevin deputat seçilmək üçün verdiyi pulların məhz onlar tərəfindən mənimsənildiyini etiraf etdirsin: “Ramiz Mehdiyev bununla özünü qalmaqaldan təmiz çıxarmaq istəyib. Belə olan halda məlum pul mənimsəmə faktıyla bağlı ancaq dələduzluq maddəsiylə cinayət başlanacaqdı və Gülər Əhmədova ilə Sevinc Babayeva bir neçə illik həbs olunacaqdı. Lakin Ramiz Mehdiyevin bu planı baş tutmadı. Çünki Gülər Əhmədova həbsə girməyə razı olmayıb və istintaqa pulu Ramiz Mehdiyevə verdiyini deyib. Bu halda sabiq deputatın həbsi Ramiz Mehdiyevin maraqlarına uyğun olmadığı üçün o, azadlıqda qalıb. Əvəzində Sevinc Babayevanı oğurladılar, indi guya Interpola axtarışa veriblər. Ancaq Sevinc Babayevanın yaşamasına belə şübhə var. Sevinc Babayeva bəlkə də artıq qətlə yetirilib ki, bütün cinayətləri onun boynuna yıxsınlar”.
Elnur Məcidli Elşad Abdullayevin ekstradisiya olunması barədə yayılan məlumatlara da münasibət bildirib: “Bunlar mümkün olan ehtimallardı. Heç şübhəsiz ki, Azərbaycan hakimiyyəti əlindəki müxtəlif resurslardan istifadə edərək Elşad Abdullayevin ölkəyə qaytarılmasına cəhd edir. Lakin görünən budur ki, cəhdləri uğursuz alınıb. Birmənalı olaraq hər kəs bilməlidir ki, Azərbaycan hakimiyyəti Elşad Abdullayevi Bakıya ekstradisiya edə bilməz, bu qətiyyən və heç bir formada mümkün deyil”.
Dünən Elşad Abdullayevin yaydığı son videoda adı keçən sabiq rektorun qardaşının oğurlanmasında adını hallandırdığı iş adamı hazırda həbsdə olan Arzu Kazımovun oğlu Zaur Kazımov məsələyə münasibət bildirib. Xatırladaq ki, son videoda Elşad Abdullayevlə Arzu Kazımov arasında vasitəçilik edən Rövşanə Əliyevanın söhbəti əks olunub. Söhbət zamanı Rövşanə Əliyeva Elşad Abdullayevin qardaşının tapılıb gətiriləcəyinə  inandırmağa çalışır və bir nəfərlə telefonla danışaraq ondan xahiş edir ki, Mahiri gətirsin. O, bu şəxsin Zaur Kazımov olduğunu bildirir. Elşad Abdullayev də həmin şəxslə danışır və o, sabiq rektora Mahir Abdullayevi gətirəcəyini deyir.   
Zaur Kazımov isə Moderator.az-a açıqlamasında ildirib ki, bu onlara qarşı böhtanın davamıdır: “Kim kiminlə görüşür, kimin yanında başqalarınin adını çəkir, buna biz nə etməliyik.  Orada guya Elşad Abdullayev mənimlə telefon danışır. Amma bu mən olmamışam. Nə oyundursa qurublar. Bunların hamısı böhtandır”.
Atasının həbsi barədə danışan Zaur Kazımov hələlik heç bir yeniliyin olmadığını deyib: “Atamı şərlədilər. Biz şərə düşmüşük. Allah deyib durmuşuq. Sonda haqq yerini tapar inşallah”. O, atasının səhhətində də problem olduğunu deyib.
Elnur Məcidli isə Zaur Kazımovun söylədiklərilə bağlı “Azadlıq”a bunları deyib: “Həbsdə olan Arzu Kazımovun oğlu Zaur Kazımov Interpolda idarə rəisi vəzifəsini qoyub Binəqədi rayonuna aşağı vəzifəyə gəlib. Məqsədi də Elşad Abdullayev barədə qurama cinayət işi başlanılmasına nail olmaq olub. O, yaxşı bilirdi ki, nə qədər Elşad müəllim var, atası adam oğurluğuna görə həbs olunacaq, necə ki, bu gün həbs edilib”.
Dünən həmçinin “Youtube” sosial şəbəkəsində Elşad Abdullayevin əleyhinə video yayılıb. Videoad özünü DIN-in sabiq əməkdaşı kimi təqdim edən Neman Kərimov adlı şəxsin çıxışı əks olunb. O, Elşad Abdullayevin ünvanına bir sıra ittihamlar səsləndirib.  
Elşad Abdullayev bununla bağlı “Azadlıq”a deyib: “Bu cür videolar, yalançı şahidlər və s. davamlı ola bilər, məqsəd videoların effektini aşağı salmaqdı, bacarmayacaqlar”.

azadliq.info

Комментариев нет:

Отправить комментарий