Lalə Mehralı
Anamın dediyinə görə, qarlı bir gündə doğulmuşam. İndi dekabr-yanvar aylarında qar yağmadığına baxmayın, o zamanlar noyabr ayı girməmiş yerdə bir qarış qar olarmış. Yeni ili heç vaxt qarsız, küçələrdə, bağlarda düzəltdiyimiz şaxta babalarsız, xizəklərimizi sürmək üçün ucaltdığımız sürüşkən təpələrsiz qarşılamazdıq. Əgər o vaxtlar kimsə mənə 10-15 il sonra Yeni ili qarsız qarşılayacağımızı, övladlarımızın illərlə qara həsrət qalacağını desəydi, onun dəli olduğunu düşünərdim.
Mən də o şaxtalı günlərdən birində, hamının cidd-cəhdlə Yeni ilə hazırlaşdığı 29 dekabr tarixində dünyaya təşrif gətirmişəm. Babamın dediyinə görə, Yeni ilə ən yaxşı hədiyyə ailədə doğulan daha bir qız uşağıdır. Onun saysız-hesabsız qız, bir əlin beş barmağını ötüb keçməyəcək qədər oğlan nəvələrindən biriyəm.
Nənəm deyirdi ki, hər dəfə qız nəvəsi doğulanda babam kasıba əl tutarmış, qarnı ac olanı doyurarmış, “bir qızım da oldu” deyə... Sən demə o zamanlar ailədə qız doğulanda ata əsəbindən ağlamırmış, ana qız doğduğuna görə qorxmurmuş, “arvadın oğlan doğa bilmir” deyə baba oğlunu danlamırmış, nənə gəlinə qaş-qabaq eləmirmiş...
Bizim çox unikal babamız var. Gözümüzü açandan onu qanun-qayda, nizam-intizam qoruyucusu kimi görmüşük. Ayaqqabılarımızı cütləmədən evə keçməzdik, bir-bizimizə səsimizi qaldıra bilməzdik, babam çağıranda yalnız “bəli” cavabı verə bilərdik, “Vremya” proqramı başlayanda qurbağa gölünə daş atılardı, çünki ailənin böyükləri günün əsas xəbərlərini izləməli idi.
Babam hər həftənin bazar günü bütün nəvələrinə həyat dərsi verirdi. Bütün nəvələri bir nəfər kimi o dərsdə iştirak etməli idi. Soyuq qış axşamı da olsa, bürkülü yay günü də olsa, o dərs mütləq olmalı idi. Hər birimiz ayrı evlərdən gəlib babamızın evində toplanırdıq, qış axşamlarında nənəmin yandırdığı odun sobasının kənarında, yay axşamlarında isə həyətdəki qollu-budaqlı əncir ağacının altında həyat dərsi alırdıq babamızdan.
O dərsdə nələr olmazdı? Babamın gəncliyində etdiyi səhvlər barədə etirafı, yaxşı insan olmaq barədə düşüncələri, görüb, duyub, oxuduqları barədə yorumları. Hamımız, 20 yaşlı böyüyümüzdən 3 yaşlı kiçiyimizə qədər, bütün nəvələri onu dinləyirdi. Bu proses neçə illər hər bazar günü davam elədi.
Babamdan çox şey öyrəndik. Həyatın yaxşı üzünü, pis üzünü, insanın insanlığını o anlatdı bizə. Yeri gələndə insanın şeytanlığını, şeytanın insanlığını görəcəyimizi söylədi. Çətin günlərin olacağını, firavan bir həyatın tarix olduğunu da deyirdi. Onda sovet hakimiyyəti yeni dağılmışdı, ölkədə çörək qıtlığı vardı, onda analar qızıl qol saatını bir kisə una dəyişirdi.
Biz o çətinlikləri görəndən sonra bildik ki, bizim var olmadığımız vaxtlarda müharibə zamanı uşaqlar nə çətinliklər görüb, babamın uşaqlığı II Dünya müharibəsi dövrünə düşüb, qardaşı müharibə veteranıdır, bütün çətinlikləri gözü ilə görüb, uşaqkən böyüyüb. Bizə o günləri danışır, hər dilim çörəyin, bir çimdik çayın, bir parça qəndin o zamankı önəmini anladırdı.
Ondan öyrəndiyim ən böyük dərs isə qız-oğlan övladına fərq qoymamaq oldu. Bu gün ətrafımda oğlu ilə öyünüb qızını övlad saymayan valideynləri görəndə babamın bizə verdiyi həyat dərsi yadıma düşür. Babamın o valideynlərə dərs verməsi vacibdir. Övladını ayıran valideynlər o dərsdən bir şey anlayarmı, bax orasını deyə bilmərəm.
teleqraf.com

Комментариев нет:
Отправить комментарий