26.01.2013

SƏN MƏNİ UNUDA BİLMƏYƏCƏKSƏN

Xatirə Xatun

Gəl sənə bu başdan deyim sözümü.
Sən məni unuda bilməyəcəksən.
Boş yerə aldadıb yorma özünü ,
Sən məni unuda bilməyəcəksən.

Gözündə bir damla yaş olacağam,
Dönüb yollarıda daş olacağam,
Dilində ,,ah", ,,heyif", ,,kaş" olacağam,
Sən məni unuda bilməyəcəksən.

Saçına düşəcək dəndə görərsən,
Yolunda dumanda, çəndə görərsən,
Güzgüdən boylanan səndə görərsən,
Sən məni unuda bilməyəcəksən.


Dərdlərin içində gələcək dilə,
Necə ki dalğa can atar sahilə.
Hər gecə ALLAHA yalvarsan belə,
Sən məni unuda bilməyəcəksən.

Nəyə əl uzatsan daşa dönəcək,
Baharın gözündə qışa dönəcək,
Yuxun bir yuvasız quşa dönəcək,
Sən məni unuda bilməyəcəksən.

Qayğına qalanı unudacaqsan,
Könlünü alanı unudacaqsan,
Yanında olanı unudacaqsan-
Sən məni unuda bilməyəcəksən,
Sən məni unuda bilməyəcəksən...

Комментариев нет:

Отправить комментарий