08.01.2013

KƏLBƏTİN

Akif Abbasov

Məmmədqulu bazarın tinində özünə yer eləmişdi. Burada dayanıb qarşısına tökdüyü pal-paltarı satır, balalarına çörək pulu, yavanlıq qazanırdı. Dolanışığı pis deyildi. Allah bazara bərəkət versin. Adamı hər necə olsa, vəziyyətdən çıxarır.
 Məmmədqulu yenə alış-verişində idi. Dostu Səfərəli yanında dayanmışdı. Ordan-burdan söhbət edir, başlarını qatırdılar. Bu zaman Məmmədqulunun oğlu qaçaraq özünü atasına yetirdi:
– Ata, qardaşım oldu, muştuluğumu ver.
Məmmədqulunun arvadı hamilə idi. Bu gün sancısı tutmuş, aparıb qoymuşdular doğum evinə. Heç Məmmədqulunun bundan xəbəri yox idi. Onu bilirdi ki, arvad bu gün-sabahlıqdır, onunçun dünyaya övlad gətirəcək.
Məmmədqulu xəbəri eşidib sevindi. Çıxarıb oğluna bir beşlik verdi. Bunu görən Səfərəli də əl çəkmədi:

– Bəs mənim şirinliyim?
– Sənə şirinlik yox, qonaqlıq düşür…
Səfərəli çəkinə-çəkinə:
– Yox, qonaqlıq istəmirəm. Əgər məni özünə dost bilirsənsə, bir xahişim  var, onu yerinə yetir, – dedi.
– Buyur, dostum.
– İcazə ver, oğlanın adını mən qoyum. Amma söz ver ki, dediyimdən boyun qaçırmayacaq, mənim sözümü qəribçiliyə salmayacaqsan.
Məmmədqulu çar-naçar:
– Söz verirəm, – dedi.
– Elə isə uşağın adını Tin qoy.
Məmmədqulu heyrət içərisində soruşdu:
– Daha Tin niyə?  Bu nə addır? Yer üzündə o qədər gözəl adlar var ki…
Səfərəli aydınlaşdırmağa başladı:
– Gör neçə ildir ki, sən bazarın tinində dayanıb alver edirsən. Bu tin sənə düşüb. Uğur gətirib, bərəkət verib. Bu tinin hesabına evini-eşiyini dolandırırsan.
Məmmədqulu tərəddüd içərisində dilləndi:
– A kişi Tindən ad olmaz, arvad-uşaq, qohum-əqrəba, qonum-qonşu, dost-tanış nə deyər mənə?!
– Məmmədqulu, axı söz verdin. Tinin nəyi pisdir? Öz uşağına Traktor, Ekskavator, Kombayn, Dilənçi, Yolçu, Mexanizator, Kolxozçu qoyanlar var! Gəl sözümü qəribçiliyə salma!
Məmmədqulu  Səfərəli ilə uzun illərin dostu idi. Neçə illər idi çörək kəsirdilər. Xeyir-şərdə  bir-birinin yanında olardılar. İndi dostunun xahişini yerə salmağı kişiliyinə sığışdırmayıb razılaşdı.
Beləliklə, uşağın adı oldu Tin. Tin böyüdü, yekə oğlan oldu. Evləndi, oğul-uşaq sahibi oldu. Məmmədqulu bir gün köçünü dünyadan çəkdi. Tinin 45-50 yaşı olanda o, Kərbəla səfərinə yollandı. Kərbəlayi Tin oldu. Amma kənddə-kəsəkdə bu müqəddəs şəhərə gedib, imamı ziyarət edənləri Kərbəlayi deyil, sadəcə Kəblə çağırırdılar. Dilə belə yaxşı yatırdı. Tinə də başladılar Kəblə deməyə. Əvvəllər onu Kəblə Tin çağırırdılar. Fəqət insanlar son zamanlar elə tənbəlləşiblər ki, elə hey sadələşdirmə ilə məşğul olurlar. Tin bir də onda ayılıb gördü ki, hamı – dost-tanış, arvad-uşaq, qohum-qonşu ona Kəlbə Tin deyə müraciət edirlər. Əvvəllər belə, yəni Kəlbətin çağrıldığına görə özündən çıxırdı. Sonra kimsə ona başa saldı ki, bizim qrammatikada səslərin yerdəyişməsi təbii bir haldır. Biz torpaq deyirik, türklər deyir topraq, biz yarpaq deyirik, türk¬lər deyir yapraq…
Tin başa düşdü və qəbul etdi. Bir də əlindən nə gələ bilərdi? El-obanın ağzını yığmaqmı olardı?! Bir də nə fərqi var: Kəblətin, yoxsa Kəlbətin? Onsuz da əvvəldən adını qəribə qoyublar: Tin! Yox bir Döngə?
İndi hamı Tinə Kəlbətin deyə müraciət edir. Onun da qulağı bu sözlərə alışıb, nə cinlənir, nə də özün¬dən çıxır, heç fərqinə də varmır…

Комментариев нет:

Отправить комментарий