15.01.2013

“Mahirə Abdullanın problemlərin kökündə xəstə təxəyyül dayanır”

Sayman Aruz: "Mahirə Abdullanın özü, qızı və əri də AYB-dən təqaüd alıblar"

"Güney Azərbaycanı sevməyən və onu ləkələməyə çalışanlar tarix və eyni zamanda millətin qabağında üzüqara qalacaqlar"

"Mahirə Abdulla 45 ildir AYB də işləyən Abbas müəllimi də döyməyə cəhd edib. Uca səslə söyüşlər söyüb. Bu hərəkətlər bir xanıma yaraşarmı?"

Azərbaycan Yazıçılar Birliyinin üzvü Mahirə Abdulla bir neçə gün bundan öncə publika.az saytına müsahibəsində adı çəkilən qurumun Güney şöbəsinin rəhbəri, şair Sayman Aruzun ünvanına kəskin ittihamlar səsləndirib. Sayman Aruz ittihamlara cavab vermək arzusu ilə “Gündəlik Teleqraf”a müraciət edib. Onun söylədiklərini oxuculara təqdim edirik.  

Sayman Aruz ilk öncə Azərbaycan Yazıçılar Birliyinə (AYB) gəlişindən və AYB sədrinin ona verdiyi dəstəkdən söz açdı: “Rəhmətlik Balaş Azəroğlu Güney Azərbaycan ədəbiyyatı komissiyasının rəhbəri olan zaman mən həmin komissiyanın gənclər üzrə müşaviri idim. Balaş müəllim dünyasını dəyişəndən sonra isə rəsmən komissiyanın rəhbəri oldum. Ziyalı və ağsaqqallarımız, xüsusilə dəyərli Anar müəllimin və Fikrət Qocanın dəstək və himayəsilə fəaliyyətimizi ilyarımdır şöbə olaraq davam etdiririk. Qeyd edim ki, mən 4 ildir AYB-nin üzvüyəm. Bəzən elə fikirlər də səsləndirirlər ki, guya AYB-də mənə münasibət birmənalı deyil. Əsla səhv fikirdir. 
Mən həmişə Fikrət Qocanı mənəvi ata saymışam. Onun təkcə mənə deyil, Güney Azərbaycana olan sevgi və diqqətini yaxından hiss etmişəm. Anar müəllim isə bütün türk dünyasında özünü təsdiq etmiş və məxsusi yeri olan Azərbaycan ziyalısıdır. Onu bu növ kiçik işlərə qarışdırmaq ümumiyyətlə, doğru deyil. Anar müəllimin mənə və Güney Azərbaycana həmişə diqqət və qayğısı olub. Özümə hər yerdə və xüsusilə AYB-də hörmət və diqqət görmüşəm”.
Həmsöhbətimiz AYB üzvü, yazıçı Mahirə Abdulla ilə olan konfliktinin kökündə dayanan səbəblərə aydınlıq gətirməyə çalışdı: “Mahirə Abdulla təkcə mənə yox, ümumiyyətlə, digər əməkdaşlara da xoşagəlməz narahatlıqlar yaradıb. Hesab edirəm ki, əlinə qələm götürüb özünü ziyalı hesab edən şəxs belə hərəkətlərə yol verməməlidir. Bu cür insanlar həmişə məqsəd naminə iş görürlər. Ad-san üçün AYB-də işləyən və ev almaqdan ötrü dəfələrlə özünü Anar müəllimi sevən adam kimi təqdim edən şəxsə nə demək olar? İndi də mövqeyini dəyişib, illərlə divarları arasında fəaliyyət göstərdiyi təşkilatı təhqir edir. Deyən yoxdur ki, AYB pis idisə, indiyə kimi niyə orda qalmışdın? 
Bu problemlərin kökündə xəstə təxəyyül dayanır. Bəzi insanlar öz içimizdən özümüzü parçalamağa çalışırlar, amma Allahın və xalqımızın köməyi ilə bu xoşagəlməz istəklərinə çata bilmirlər. Güney Azərbaycanı sevməyən və onu ləkələməyə çalışanlar tarix və eyni zamanda millətin qabağında üzüqara qalacaqlar. Biz ad və ev üçün çalışmırıq. AYB Azərbaycanın ədəbiyyat və mədəniyyət evidir. Orada işləyənlər bu xalqın ədəbi-mədəni baxımdan dirçəlməsi üçün çalışır. AYB biznes yeri deyil. Ev və ad üçün oraya gələnləri qınayıram. Oranı bazara çevirmək olmaz. AYB hər zaman hörmətli və dəyərli ziyalılarımızın yeri olub. Biz uşaqlarımızın çörəyindən kəsib əsarətdən olan millətimizə xərcləyirik”.
Sayman Aruz Mahirə Abdullanın onun ünvanına səsləndirdiyi “fırıldaqçı” ittihamına da cavab verdi: “O, çox yalan şeyləri iddia edə bilər. Bu sözlər anlaşılmazdır, dumanlı təfəkkürünün məhsuludur. O Güney Azərbaycan zəlzələsilə bağlı olan yardım kompaniyasından xəbərdarıydısa, Güney Azərbaycana hörməti vardısa niyə gəlib heç bir yardım göstərmədi? Dəyərli insanları ləkələmək bu qədər sadə bir işdir? 
Bizim yığdığımız məbləğ bəllidir və siyahısı da ortadadır. Qeyd edim ki, həmin siyahının tərtibində mənim qətiyyən əlim olmayıb, pulları da mən almamışam. Şöbənin işçisi alıb, adlarını isə qeyd edib. Maraqlısı budur ki, mən özüm maşınımı satıb, 2000 dollar da yığdığımız pulun üstə qoyub məhrumiyyətlə yaşayan soydaşlarımıza göndərdim. Mahirə və onun kimilər isə gəlib bizə dəstək olmaqdansa, işlərini atıb bizləri şərləməyə çalışırlar. 
Hətta gənc şairlər İranda həbs olunanda da o, hər yerdə deyirdi ki, gəncləri Sayman tutdurub! Ancaq uşaqların özləri gəldi, bu şər-böhtanlara tutarlı cavab verdilər. Bu xanımın əməlləri dövlətimizi də pis vəziyyətə salırdı”. 
Sayman Aruz insanları Mahirə Abdullanın ittihamlarına etibar etməməyə çağırdı: “Görünür, onun şər-böhtanlarının sərhədi yoxdur. Mən 4 ildir AYB-də işləyirəm, demək olar ki, həqiqətləri yaxından görür və bilirəm. Onun adı ilə bir çoxları özünə ad və karyera qurub. Anarı ləkələmək əbəs işdir. Mən qətiyyətlə deyə bilərəm ki, Anar müəllimin heç bir ailə üzvü AYB-nin imkanlarından istifadə etməyib. Mahirə Abdullanın sözlərini bu hörmətli ailəyə qarşı növbəti təxribat hesab edirəm.
O xanım iş yoldaşları ilə yola getmir. Mənimlə olan konfliktindən öncə də həm xanım və həm də kişilərlə dəfələrlə problemi olub. Eşitdiyimə görə, 45 ildir AYB də işləyən Abbas müəllimi də döyməyə cəhd edib. Uca səslə söyüşlər söyüb. Bu hərəkətlər bir xanıma yaraşarmı? Demək olar ki, AYB də baş verən bütün səs-küy və davaların əsasında Mahirə Abdulla dayanır”.
Qeyd edək ki, bu məsələ ilə bağlı şair Abbas Abdulla da mövqeyini bildirib. Abbas Abdulla Mahirə Abdullanın müsahibəsini dərc eləmiş publika.az-ın redaksiyasına zəng vuraraq deyib ki, müsahibə zamanı ədalətsizlik olub, qarşı tərəfin, yəni onun özünün fikirləri öyrənilməyib. Abbas Abdulla Mahirə Abdullanın dediklərini ağ yalan adlandırıb. Bildirib ki, heç vaxt heç kimə söyməyib. Davaya səbəb isə 10 ildən çox eyni yerdə oturduğu Məlahət xanımın otaqdan çıxarılması olub: “Mən onun geri qayıtmasını istəmişəm. Bunu eşidən Mahirə Abdulla isə ayağa qalxıb, məni vurmağa başlayıb. Ona heç vaxt söyüş söyməmişəm. Bu böhtandır. Mahirə Abdulla düzgün adamdırsa, yalan danışmırsa niyə işə gəlmir? Niyə üzə çıxmır?”
Açıqlamanın sonunda Abbas Abdulla bildirib ki, Mahirə Abdulla ona qayçı çəkib. Bununla bağlı isə nə AYB-yə, nə də başqa rəsmi orqanlara şikayət etməyib.
Dünən günün sonunda məlumat yayıldı ki, Yazıçılar Birliyi iclas keçirərək Mahirə Abdullanı qurumun üzvlüyündən azad edib.

Könül Səid               teleqraf.com

Комментариев нет:

Отправить комментарий