16.01.2013

SÖZLƏ ŞƏKİL ÇƏKƏN


Aslan Quliyev

Təsadüfən tanış olduq. Nərimanla zəngləşmişdik, günortadan sonra görüşməliydik. Görüşdük, mətbəx və payız qoxuları dolaşan yarımzirzəmidə oturub gürcü çaxırı içir, söhbət eləyirdik, əyər buna söhbət demək olarsa. Çoxdan görüşmürdük, danışmağa bəs qədər mövzularımız olmalıydı, amma Nəriman danışmağa xəsislik eləyirdi, mənim də daışmaq həvəsim yox idi. 
Nərimana zəng elədilər, sonra da iki dostu gəldi. Gələnlərdən birini tanıyırdım- Tapdıq Yolçuydu. Nəriman dostlarının birini də təqdim eləyib şair olduğunu deyəndə   həyəcanlandım. Bəlkə şeirlərinə hardasa rast gəlmişdim, amma imzasını tanımayıb üstündən ötmüşdüm.
Dəfələrlə olmuşdu, beləcə oturub dünyanı və adamları unutduğun bir vaxtda heç gözləmədiyin halda, heç gözləmədiyin bir şairi sənə təqdim eləyirlər və heç gözləmədiyin  şair də hər cür adamların, həm də nəyə görəsə daha çox pis adamların dolaşdığı dünyanı təzədən qaytarıb gətirir hüzuruna. Yəni şair əvvəlcə sakit oturur, özünü ədəbli aparır, sonra isə birdən qısa bi şeirini  oxumaq istədyini deyir, ayağa qalxıb qarşısında oturanların nə günə düşdüklərinin fərqinə varmadan   qısa şeirinə təntənəli şəkildə yarım saat ayaq verir, nəhayət, şeirə keçir, qısa şerini də uzun bir yarım saata, - belə şeirləri belə şairlər deyəndə bir dəqiqə, azı, beş dəqiqə kimi keçir - elə həmən zəhlətökən təntənəylə oxuyur. Şair lap ağ eləyəndə onu intizama dəvət eləmək lazım gəlir, bu isə adamları və dünyanı unutmaq haqda qurduğun xəyalların hamısının birdən şappıltı ilə suya düşməsi demək olur.
Nurafizsə təntənəli yox, uzaqdan gələn yorğun səsiylə sakit danışırdı, gözlərinin dərinliyində xəfif, kədərli   təbəssüm var idi.
 Şeir də oxumadı, məclisin də axırına kimi də qalmadı, elə həmən uzaqdan gələn səsiylə vacib işi olduğunu deyib, qəfildən gəldiyi kimi, qəfildən də çıxıb getdi. Mənə qəribə gəldi. Nərimandan soruşdum:
- Dedin, şairdir?
- Hə, - təsdiq elədi.
- Nəsə şeir oxumadı.
- Oxumağını istəyirdin?  
- Yox, - deyirəm, - istəmirdim.
Mən oxunanda şeiri bütünlüklə duya bilmirəm. Yalnız özüm oxuyanda hər şeyi olduğu kimi görür, duyuram. 
O görüşdən sonra şeirlər ilə də təsadüfən tanış oldum, kimsə öz səhifəsində paylaşmışdı.  Elə ilk sətirləri oxuyandan bu poeziyanın sehrinə, ovsununa düşdüm. Sən demə, nə təntənəli çıxış eləyən, nə də şeir oxuyan bu adam gözəl, bənzərsiz şair imiş. Hələ hirslənmişdim də. Qardaşım, sizə nə olub? Boz, basmaqəlib, üzündə və sözündə istedad əlaməti olmayan şairlər bizə gün verir, işıq vermirlər. Bəs siz niyə bunca gözəl  şeirləriniz və istedadınız olduğu halda oxumursunuz? Niyə səsinizi ucaltmırsınız, niyə demirsiniz, biz də varıq! Yazırıq və kimsədən də pis yazmırıq!  Axı azı bu misraların müəllifi sənsən:

Dili açıq, qolu bağlı,
Döşə gəlsin boş nağılı.
Yurdu dağılmışın oğlu, 
Qalxıb haqqını sorsana?!

Elə isə bunlar boş nağıllarını döşəyib miflər yaratdıqları halda,    əsl sənətin, əsl sözün sahibləri  olan sizlər niyə haqqınızı sormursunuz, haqqınıza sahib çıxmırsınız? Mən qələmlə əməlli-başlı rəftar eləməyə başlayandan ədəbiyyatdayam, amma sənin poeziyanla, sənətinlə, şeir dünyanla indi-indi tanış oluram. O da tam təsadüfən, dostların sayəsində. 
  Məşhur rus yazıçısına haqq verməli olursan: istedadlı adamlara yol göstərin, istedadsızlar onsuz da özlərinə yol tapacaqlar. Amma iş burasındadır, bu istedadlılar heç yol da axtarmırlar ki, kimsə   durub    onlara  yol da göstərə.
Sonra Nəriman Əbdülrəhmanlı Nurafizin «Sözün dörd havası» şeirlər kitabını da mənə verdi. Yenicə çapdan çıxmış, dörd hava altında- «Dərdini qalın elə», «Ömür sıxıntısı», «Vaxtın yedəyində», «Ömrün gözləmə zalında» - toplanmış şeirləri oxuduqca heyrətlənirdim. Şeirlərdən həsrət havası, dərd havası, torpaq, kənd xiffəti, vətən, insanlıq ağrısı vururdu məni. Az qala hər sözdə, hər misrada peşəkarlıq, ustalıq, istedad, sözlə işləmə bacarığı özünü biruzə verirdi.

Yenə sərxoş küləklər
Əldən salıb payızı.
Daha soyuq saxlamır
Pəncərənin kağızı.

Bu kitabdakı şeirlərdə şair «sözlə ruhunun divarına şəkil çəkir», «faizsiz kredit olan dərdi qaytarmağa ömür çatmır», adamlar «ölə-ölə yaşamırlar, sevinə-sevinə ölürlər», yol başlayıb gedəndə və arxaya boylananda, «arxada analar dağlar kimi dikəlir», «illərin yorğunluğu ömürlərə kölgə salır», «küçə işıqlarını söndürüb, gecə işıqlarını da yatmağa göndərirlər», «küçələr də işıqsız dirəkləri tapıb, onlara səhərəcən layla çalırlar», «söz ilə qurulan divarları, saz ilə yıxıb gedirlər», «kənd yolları adam dilənirlər», vaxtında öləmmədiyimiz üçün, ölüm də bizdən utanır», «alovların kölgəsi soyuq» olur.
Nurafizin şeirlərində rənglər soyuqdur, tutqundur, çəkilən tabloların, mənzərələrin olduğu kimi, çəkildiyi kimi görünməsinə yardımçı olan rənglərdə zərrəcə də parıltı yoxdur, işıq isə güclüdür, hara qədər getsən, hara qədər baxsan, hər şeyi görə bilirsən. Səs guruldamır, ən təsirli mənzərələrdə belə ucadan səslənmir, qulaq dəlmir, az qala, öz səsi kimidir, qüssəli və yorğundur, uzaqdan gəlir, amma aydın eşidirsən. 

 Nisgildən ev tikmişəm,
 kilidi ay işığı,
 ümidimi şam elədim, 
 kiridi ay işığı.

Payızın sonlarında Nurafiz Nərimanla Yardımlıya da gəlmişdi. Yardımlının payızı, meşələrin, çöllərin, səmanın payız rəngləri onları sehrləmişdi. Dağın ətəyindəki kəndə getdik,  ucuz kənd yeməkxanasının həyətinə payız xəzəlləri səpələnmişdi, günəş artıq kəndi əhatəyə alan dağın arxasına çəkilmişdi, sonuncu şüalarını oğrunca xəzəllərin, ağacların, adamların üzərindən çəkib yığışdırır, kəndə axşam şəfəqləri çökürdü.  Çürüyən  taxta, rütubət və payız yarpaqları qoxuyan balaca otaqda oturduq. Burda xeyli təkid eləyəndən sonra Nurafiz, nəhayət, şeirlərindən bir-ikisini oxudu. Elə həmən uzaqdan gələn səsiylə oxuyurdu,  amma mənə elə gəlirdi, o sadəcə bizim arzumuza əməl eləmək üçün oxuyur. Tezliklə bu şeir oxumaq əzabından qurtarmaq, yenidən özünə, öz havasına qayıtmaq istəyir. 
Mən bərbad şairlər tanıyıram, öz şeirlərini elə məharətlə deyirlər, səni tutur, özünə çəkir. Nürafizsə öz şeirlərini xəsisliklə deyir, bunları yaymaqda, heç olmasa, dost-tanışla paylaşmaqla lap xəsislik eləyir. Bilmirəm nə dərəcədə doğrudur, məndə belə təəssüart yarandı ki, o, şeir yazmağı sevsə də, şeir oxumağı əsla sevmir.
Səhər doğan günəşə açılan pəncərənin qabağında oturub çay içirdik, pəncərənin önündə işıqla, günəş şəfəqləriylə alatoranlıq əlbəyaxadaydı, toranlıq təslim olmaq istəmirdi, günəş şüaları dərəyə, ağacların dibinə çökmüş dumanı, ağacları, yaprıxmış payız otlarını qızılı rənglərə boyayaraq, pəncərə şüşələrində rəngdən-rəngə düşür, işıqla kölgə bir-birini əvəz eləyirdi. 
Nurafizin üzündə də günəş şüaları oynaşırdı. Danışırdı. Mənə elə gəlirdi təkcə onun səsi yox, özü də uzaqdan gəlir, uzaqdadır.  

Yaxasını ələ verib,
Sonasını gölə verib,
Günlərini yelə verib, 
Oğlun baş aldadır, ana!

Nuraifiz də itən nəslin, 80-cıların nümayəndəsidi. Biz başımızı qaldırıb sözümüzü demək istəyəndə nəhəng ölkə dağıldı, söküldü, tək 80-cilər  yox, bütün ədəbiyyat qaldı  dağıntılar altında. Müharibələr, iğtişaşlar, çaxnaşmalar başladı, balaca ölkə  də dağıldı, işğala məruz qaldı, torpaqlarımızı itirdik. Bunlar hamısı da bizim taleyimizdən keçdi. Izsiz keçmədi. Möhürünü vurdu, keçdi deyəndə, əslində, heç yerə gedib eləmədi, eləcə bardaş qurub oturdu ömür yolumuzun üzərində. Və bu gün 80-cilər o dağıntıların, o müharibələrin, o ağrı-acıların altından baş qaldırıb deyirlər öz sözlərini. Nurafiz də o cümlədən.
Özünün dediyi kimi, sözlə şəkil çəkir, amma yaxşı   çəkir. Onun şeirlərində hər söz öz yerindədir, məna üzdə deyil, amma  bircə sətirdə belə şairin məna arxasınca qaçdığını hiss eləməzsən. O, poeziya arxasınca qaçır, öz səsi, mənası, rəngləri, kədəri, ağrısı-acısı olan poeziya arxasınca. 

Şüşəsiz pəncərəni
Ümidimlə bağladım.
Çöldə qalan küçüyün
It gününə ağladım.

Borçalı ədəbi məktəbinin nümayəndəsi olan Arif Mustafazadənin şeirlərini oxuyanda da buna bənzər hisslər keçirmişdim. O şeirlərdə də güclə sezilən, amma adamı kökündən silkələyən kədəri,   gileyi, xiffəti beləcə hiss eləmişdim. Nurafiz  də   kənd yolundan böyük şəhərə yol başladığı gündən öz gileylərini, qayğılarını, səsini, sözünü, duyğularını, bu yolda çəkdiklərini, hiss elədiklərini qələmə alır. Özü də bunu etiraf eləyir.

Mən Bakıya gələndə
gileylərimi, qayğılarımı,
özümlə gətirdim.
səsimi, sözümü,
duyğularımı
özümlə gətirdim.

Özüylə gətirir, amma özündə saxlamır, kağızlara köçürür. Kağızlarda duyğularının şəklini çəkir. Əvvəlcə təxəyyülündə çəkir, ilk cizgiləri yaddaşında cızır, sonra qələmin köməyindən istifadə eləyir. Şeirlərinin çoxunu da yollarda yazır, payz, yaz yollarında, qış yollarında. Yazır və yol səfəri qurtarandan kimi də kağızlara köçürməyə tələsir.

Sən gedən yollarda
ağac olardım, 
həsrətin göyərdərdi məni.

Nurafizin şeirlərindən Gürcüstanla Bakı arasında qalan ömrünün ağrı-acıları, yaşadığı dünyanın reallıqlarında, yuxularında   yaşatdığı kənd xatirələri, keçib gəldiyi yolların həsrəti,   Kürün sahilindəki ata evi, ata, ana nisgili boy verir. Amma məni kökümdən sarsıdan onun sanki öz portretini, ağrı-acılarının portretini, yanğısını, qüssəsini  cızdığı «Anam oy, lay-lay» şeiri oldu. Onun bu şeiri hansı hisslərin təsiri altında yazdığını bilmirəm, amma qələm sahibi yalnız dünyada əli çatan bütün qapıları döyəndən, bütün ümidləri boşa çıxandan və ətrafında yalnız ümidsizliyə doğru aparan cığırları görəndə, öz doğmalarından, əzizlərindən başqa bir kimsəni ümid yeri bilməyəndən sonra də belə şeirlər yaza bilər.   

Qınandım, baxışda,
Yuyuldum, yağışda,
Yoruldum, yoxuşda, 
Yaman, oy,
Lay-lay.

qayğına qalmadım,
qadanı almadım.
laylanı çalmadım,
Anam oy,
Lay-lay!

Bakıya Nurafizgillə gəldim. Yolda maşını saxlayıb Yardımlının yellər oynaşan, milyon illik qayaların, dağların belinə dolanan yollarında dayandıq, doğan günəşə, yolun kənarındakı alov rənginə çalan dəmirağaclara, payız fırçasının parlaq rənglərlə rənglədiyi meşələrə baxdıq,  torpağın üzərini örtmüş  nəhəng ağcaqayının xəzəllərini tapdalayaraq pilləkənlə şəlaləyə kimi qalxdıq. Su yuxarıdan tökülür, mamır bağlamış daşlara çırpılır, əbədi şırıltısı ilə axıb gedirdi.
Biz payızı və axar suları yaddaşımıza köçürürdük.
Solğun, qızılı xəzəlləri də.
Biz gedirdik, arxada payız, axar sular, yellər oynaşan yollar, sarı-qırmızı rənglər içində ilğımlanan ağaclar və xəzəllər qalırdı. 
Qışda hər dəfə Bakıya gələndə Bakı öz soyuq, işkəncə çəkmiş adamlara xas olan bozarmış sifətilə qarşılayır məni. Dostlarım olmasa, mən burda bir gün qala bilmərəm. Darıxıram, yad binaların və adamların arasında vurnuxuram, yoruluram, evə qayıdıb sanki rayondakı canlılığını itirən barmaqlarımla klaviaturanın düymələrini döyəcləyirəm. Yorğun günün və solğun həyatın təəssüratları ekranda qaçışır.
Bakıda da görüşdük, ədəbiyyat söhbətləri elədik, məlum işdir, yenə şeirlərini oxumadı. O, özünü və şeirlərini təbliğ eləməyi sevmir. Halbuki başqalarının yaradıcılığını təbliğ də eləyir, yayır, «Təhlədənəm özüm, dağlar» adlı ədəbi antologiyasının işıq üzü görməsində də onun böyük əməyi olub.
Bakıda olduğum günlərdə də  Nurafizin şeirlər kitabını oxudum. Onun şeirləri sadə və axıcıdır, oxunaqlıdır, adamı yormur, əksinə, qəlbini, ruhunu oxşayır:

Məni də sevdilər bir gün,
Şənimə sağlıq dedilər.
Hələ ki, biz ölməmişik,
Hələ ki, sağıq dedilər.

Sadə olduqları qədər də dərin və düşündürücüdür, böyük həqiqətlər oxucuya sadə dildə çatdırılır.

Yenə yollar məndən keçir,
Gah yaz oldum, gah da qışam.
Özümdən çıxıb tükəndim, 
Gərək özümə yığışam.

Bu dəfə də Bakıda qərar tuta bilmədim, yenidən rayona qayıtdım.  Hər Yardımlıya qayıdanda da, Yardımlı öz ürək sıxan qüssəsi, tənhalığı, kimsəsizliyilə qəlbimi sökür.  Dan yeri təzəcə söküləndə maşından düşdüm. Sübh şəfəqlərinin altında qaralan şose yolu tutqun-tutqun işarırdı, külək dağılmış səkilərin arasıyla yaydan qalma quru ot, alaq topasını qovurdu, qatı dumanın arasından sırsıra bağlamış çılpaq  ağacların budaqları, budaqları üst-üstə çinnənmiş şam ağacları ağ şəfəqlə işarırdı. Heç yerdə bir ins-cins gözə dəymirdi. Allah, Allah, xəyal-şəhərəmi gəlmişdim? 
Qüssə qəlbimi sıxırdı.   Qəribə adətim var, bir mənzərə, mahnı, musiqi parçası, şeir xoşuma gəldimi, bir müddət yaddaşımı, düşüncələrimi məşğul eləyir. Həmən mənzərələr gözlərimin önündən keçib gedir, həmən musiqi, şeir qulaqlarımda səslənir, həmən mahnını təkrar-təkrar eşidirəm. Bu dəfə də Nurafizin şeirlərinin təsiri altında bir az bundan əvvəl getdiyim yolla geri qayıdırdım. 
Biz burda dayanmışdıq, günəşin doğmasına tamaşa eləyirdik.
Burda günəş işığı qaranlığın sonuncu şəfəqlərilə əlbəyaxadaydı.
Fərqində deyildik, həyatın bir payız səhifəsi də arxada qalırdı.
Nurafiz də yəqin indi söz, nağıl, şeir dünyasının qapılarını açır, bu dünyalarda dolaşır, yeni şeirlər sorağıyla. 
O, sözlə şəkil çəkir.

Bir misram ölümün gözündən keçib
Yaşasa… qoy çəkim indidən…

Təbii payız mənzərələri kimi  onun çəkdiyi mənzərələr də uzun müddət unudulmur.
Sözlə öz poeziya dünyasını yaradır. 
Həm də öz dünyasını.
Bəzən şairin şeir dünyası ilə öz dünyası qovuşur.
Onda da belədir.

Комментариев нет:

Отправить комментарий