16.01.2013

Nə vaxtsa...

Aliq Nağıoğlu

Kim necə düşünür, özü bilər, taleh ən çətin anlarda umuruma ləyaqətli, öz siması olan şəxslər çıxarır. Səbəb sadədir: şüurlu həyatımda xəbisliyi, xudbinliyi, mərdiməzarlığı... yaxına buraxmamışam. “Buraxmayıb nə qazandın”, bu, dağıdıcı fikirdir. İnsanın öyünə biləcəyi yeganə şeylər, bəzən təkcə onun özünə bəlli olur. Bu da yaradanın ona əzab-əziyyətli ömür yolunda təsəllisi də sayıla bilməzmiş?!..
Ailənin üçüncü övladı olsa da, özündən böyük iki bacısı vardı. Atasını erkən itirməsi yeddi nəfərdən ibarət kasıbdan-kasıb külfətin bütün yükünü bu gəncin bərkiməmiş çiyninə saldı. Özü izah etməsə də, ali məktəbə gec daxil olmasının başlıca səbəbini o saat duydum.
Onun şir bürcündən olduğunu bilirdim, böyük oğlum da bu bürcdə doğulduğundan, şirlərin xasiyyətlərinə az-çox bələdçiliyim var. Bilirdim ki, onlar otağa daxil olan kimi bütün yerdə qalan adamlar ikinci plana keçir.
Şirlərə diqqət və şöhrət su, hava kimi lazımdır. Onlar tərifi sevirlər. Şirləri bacardıqca çox tərifləyin. Şirləri məclislərdə, yığıncaqlarda diqqət mərkəzinə çəkin:hamı ona baxmalıdır, hamı onun haqqında danışmalıdır. Özünüzü ondan asılı kimi göstərin. Qoy, o, elə başa düşsün ki, sizin həyatınız, xoşbəxtliyiniz onun əlindədir. Həddini aşmağında bir qorxu yoxdur, qorxmayın. Şirlər bu hərəkətinizdən çox razı qalacaqlar. Amma...
- Mən ömrüm boyu o qədər əzab çəkdim ki, sözün müstəqim mənasında ondan- əzabdan bezdim, qorxdum, indi də xoflanıram. Qınasalar da, toyuq başı kəsməmşəm, həlim təbiətli olmağım, səsimin tonunu qaldırmamağım bununla bağlıdır. Bəzən, əksinə olur, həyat mənim vəziyyətimdə olanları sərt, qəzəbli, laqeyd, yırtıcı xarakterli yetişdirir, məndə isə belədi... Çox istərdim bu barədə bundan uzağa getməyəsiniz, əgər nəsə yazsanız, yazılanları oxumağımı istəyirsinizsə...
Hər şeydə istisnalar olur.
İstəmirəm kədərli notlarla başalayaq, ən böyük dərd şairi Füzulinin beytini iqtibas gətirirəm:
       
Bu qəmlər ki mənim vardır, bəirin başına qoysan, 
Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab oynar.

Şirlərin həmçinin çox gözəl yumor zövqündən məlumatlıyam. Ona görə də, cəhd edirəm ki, söhbəti bu ovqata kökləmək üçün qırışığını açım. Amma bunu da unutmuram: Şirlər özündən başqa hər şeyə gülməyi sevir. Kefini durultmaq həvəsi ilə köhnə vərdişimə- lətifə danışmağa girişirəm:
- Ərinin bivecliyindən bezən arvad, yad bir kişiynən çəkdirdiyi şəkili kişinin iş
stolunun üstünə qoyub qonşuya gedir. Qayıdanda şəkili qoyduğu yerdə görməyib
düşünür ki, axır ki... Və ərinə yaxınlaşıb soruşur: ”Burada bir şey var idi, görməmisən?” Kişi cavabında:”Hə-ə, şəkili deyirsənsə, qaldırıb qoydum servantın üstünə ki, çirklənməsin” deyir.
Ləzzət eləyir mənə onun gülümsəməyi. Anlayıram ki, şirlərlə münaqişə, mübahisə etmək yaramaz. Haqlı olsan belə, çox üstünə düşməyin. O, sanki öz aləmindədir:
- “Uşaqlıqda Allaha yalvarırdım ki, mənə velosiped ürcah eləsin. Sonra başa düşdüm ki, demə, Allah başqa cür işləyirmiş. Onda mən velosipedi oğurladım və bağışlanmaqdan ötrü dua etdim.” Al Kapone- Amerika qanqsteri “Çapıqlı adam” filmində məşhur aktyor Al Paçinonun dilindən dedikləri xatirinizdə olar. Üç şey yorar insanı: bağışlamaq, içi yanarkən susmaq və olmayacağını bildiyi halda xəyal qurmaq. “Karqo kultu” termini yeniyetməliyimdən pərəstiş etdiyim məşhur amerikalı, fizika üzrə Nobel mükafatı laureatı Riçard Feynmana məxsusdur. Bu anlayışdan o, elmdəki vəziyyəti xarakterizə etmək üçün yararlanmışdı. Bu, nə deməkdir? 2-ci dünya savaşı zamanı Okeaniya adalarına mütəmadi olaraq ABŞ təyyarələri enirdi. Yaponiyaya qarşı müharibədə bu adalar əhəmiyyətli platsdarm idi. Gələn təyyarələr özləri ilə ərzaq, paltar, əşyalar gətirirdi. Bu “sovqat”dan aborigenlərə pay çatırdı. Sonra müharibə bitdi, təyyarələr getdi və bir daha qayıtmadı. Aborigenlər isə öyrəşmişdilər: təyyarələr gələcək və hədiyyələr gətirəcək. Bunun üçün onlar əllərinə keçən materiallardan aeroport qurur, uçuş zolağı düzəldir, antennalar quraşdırır və hətta dispetçerlər də təyin edirlər. Dispetçer başında kaska oturub təyyarələri qarşılamaq üçün gözləyirdi. Təyyarələr isə gəlmir ki gəlmir. Feynman deyirdi: aborigenlər formal olaraq hər şeyi düz etmişdilər. Məsələnin qoyuluşu düz idi. Təyyarələr üçün aeroport, uçuş zolaqları, antennalar, dispetçer lazımdır. Ancaq məsələnin özü kökündən səhv idi: hava limanının atributlarını quraşdırmaqla təyyarələrin mütləq gələcəyinə inam özlüyündə absurd şey idi. Nə ki gəlməməlidir, o, gəlməyəcək. Təyyarə yoxsa, uçuş zolağı da lazım deyil. Feynman bunları elmə şamil edərək söyləmişdi. Həyatda da belədir. Əlini-əlinin üstə qoyub nələrisə gözləmək, möcüzə intizarında bulunmaq sadəlövhlükdür. Təkrar həyata gəlməyəcəksən, qınına çəkilib ummaqdan fayda yox...
Bir kor əlində lampa yol gedirmiş. Bir nəfər ona rast gəlir və soruşur:
- Qardaşım, mən başa düşə bilmirəm, əgər gözlərin görmürsə, daha bu lampa sənin nəyinə lazımdır? - Gözü görməyən insan da arif adam imiş.      
- Qardaşım, bu lampa mənim üçün deyil, sənin üçündür ki, biz bir-birimizə rast gələndə toqquşub məni yıxmayasan,- ona belə cavab verir.
Cəmiyyəti rüşvətxorluğun, korrupsiyanın “əsarətində saxlayan” mənəviyyatı kor olanların isə nə vaxtsa bəsirət gözlərinin açılacağına inanmaq müşkül məsələdir.
Bir az duruxub, Şəms Təbrizindən kiçik ibrətamiz hekayə danışmağa başlayır:
- İki səyyah bir şəhərdən digərinə gedirmiş. Qəfildən yollarının üstünə daşqın bir dərə çıxır. Elə suyu keçənde azacıq qabaqda qorxudan tir-tir titrəyən tək-tənha, cavan bir qadını görürlər. Adamlardan biri o saat qadının köməyinə qaçır. Onu belinə götürüb, suyu eləcə keçir. Sonra qadını dərənin o biri tərəfində qoyub, yaxşı günlər diləyir. Beləcə yollarına davam eləyirlər.
Ancaq yolun qalan hissəsində o biri səyyah dinib danışmır. Sifətini sallayır. Qaşqabağını tökdükcə tökür. Bir neçə saat belə qaşqabaq tökəndən sonra sükutu pozub belə deyir: "Niyə o qadına kömək elədin? Üstəlik də, ona toxundun. Səni yoldan çıxara bilərdi! Başdan çixara bilərdi! Kişiylə qadının bu cür təmasa girməsi heç olarmı? Ayıbdı axı! Olmaz, bizə yaraşmaz!"
Qadını belində aparan səbrlə gülümsəyir: "Yaxşı da, dostum, mən o gənc qadını dərənin o biri tərəfinə keçirib orda qoydum, sənsə hələ də özünlə aparırsan?                  
Bəzi adamlar belədi. Oz qorxularını, qərəzlərini başqalarına yapışdırır, onlarda gördüyünü zənn eleyir. Bax, əsl yük budu. Beyinlərini gümanlarla doldurur, sonra da bu ağırlığın altında əzilirlər.
Mənim ona maraqla qulaq asdığıma baxmayaraq sanki ayılıb irad tutur ki, yavaş-yavaş bütün sirlərimi açıb-tökürəm, siz yazıçılara da elə bu lazımdır. Bir gün Cəlaləddin Ruminin dostu təlaşlı və hirsli şəkildə ona yaxınlaşıb deyir:
- Əziz dostum, mən bütün sirrlərimi sənə deyirəm. Amma sən bir dəfə də olsun mənə öz sirrini açmamısan.
O isə cavabında buyurur:
- Sən öz sirrini saxlaya bilmirsən, mənim sirrimi necə saxlayacaqsan?!
Bu adam bayaqdan səmimiliyindən çıxa bilmir. Ancaq içindəkiləri dədə malı kimi ortalığa qoymaqda davam edir:
- Görkəmli Amerika yazıçısı Mark Tvenin belə bir fikri var, onu yadımda qalan kimi deyirəm: əgər sən ac iti götürsən və ona tox bir həyat versən, o, heç vaxt səni dişləməyəcək. Bu, itlə insan arasında prinsipial fərqdir. İti ac saxlayanda kecəcək qonşuya və gəldiyi tərəfə daha bərkdən (və əzmlə!) hürəcək!
Ancaq sanki hər şeyi ölçüb-biçibmiş kimi rahatdır. Danışdıqları yarım əsr yaşamış yolçunun daşlaşmış qənaətidir. Bu səbəbdən mane olmuram ki, qoy istədiyi mövzuda mülahizə yürütsün.
- Başım çox şeylər çəkdiyindən uzunçuluqdan xoşum gəlmir. Sevirəm böyük riyaziyyatçı Vilhelm Teodorun tez-tez içimdən keçən son sözü: “Cənazə mərasimimdə keşiş sözü çox uzatmasın.'”
İşində olduqca dəqiqdir, artıq söz danışmağı xoşlamır. Əsasən müştəriləri ilə qısa sorğu-sual formasında ünsiyyət qurur. Açığı ilk dəfə görüşəndə ondan yazmaq fikrinə düşdüyümdən müşahidələrimi davam etdirirdim.
...Qışa hər dəfə otuz metr odun tədarük etsəm də, çatmır, əlimdə olan yazıları
bitirməyə tələsirəm. Umacaq bir adam da yoxdur. Düzdür, bəzi dostlar hər görüşdə kömək əsirgəməyəcəklərini eşitdirsə də, reallıqla hesablaşmaq gərəkdir: “Ehtiyacı olanlara ən böyük pisliyi yardım görüntüsü yaradanlar edir; onlar gerçək yardımların qarşısını almış olurlar”- Əbu Turxan haqlıymış.
Bu da həyatın qanunlarından biridir. Ağaca söykənmə, çürüyər, insana güvənmə, ölər: aç əllərini Allahına, səni bir tək “O” görər.
Özünü ələ al, dost . Bəzi şeylər vardır ki, nə qədər güclü olsan da, onları nə sən müəyyən edirsən, nə də onlara qarşı gedə bilirsən.
Qısası, hədəfim məlum, məqsədim aydın, yolum bəlli...
Dünyanın gördüyü ən böyük bəşəri, öncə bir xəyaldı. Ən böyük çinar bir toxumudu, ən böyük quş bir yumurtada gizliydi... Nə vaxtsa...

Комментариев нет:

Отправить комментарий