07.01.2013

“Suriya heç bir vəchlə Qərbin əlaltısına çevrilməyəcək!”

Bəşşar Əsəd Dəməşq Universitetində xalq qarşısında etdiyi çıxışında deyib: “Biz terrorçularla danışıqlar aparmırıq”

“Yeni Şərq”in əl-Ərəbiyyə telekanalının internet portalına istinadla verdiyi məlumata görə, Suriya prezidenti Bəşşar Əsəd dünən – 6 yanvarda, Dəməşq Universitetində çoxsaylı tərəfdarları qarşısında etdiyi çıxışı zamanı ölkədə iqtidar-müxalifət mübarizəsinin deyil, ordu ilə terrorçular arasında savaşın getdiyini bildirib.
Bəşşar Əsəd Suriya xalqını hədəfə almış terrorçularla hansısa müzakirənin aparılmasını rədd edərək, deyib: “Biz yalnız terrorçuları himayə və təhrik edən qüdrətlərlə danışıqlar aparırıq”.
Suriya prezidenti ölkədə cərəyan edən hadisələrin “inqilab” adlandırılmasını da doğru hesab etməyərək, terrorçuların deyil, ziyalılar, mütəfəkkirlər və qurucu insanların rəhbərlik etdiyini bildirib.
“İnqilabın məqsədi ölkəni xaraba qoymaq yox, ölkənin inkişafı və xalqın rifahının təmin edilməsi olmalıdır. Amma, biz görürük ki, terrorçular infrastrukturları dağıdaraq, insanları içməli su, elektrik enerjisi və digər imkanlardan məhrum və onların əmlakını qarət edirlər.
Hazırda minlərlə vətəndaşımız həlak olub və ya evindən didərgin düşüb. Bütün bunların səbəbkarı terrorçuları Suriyaya göndərənlərdir.” – deyə Bəşşar Əsəd bildirib.
Daha sonra Suriyada terrorçuları himayə edən, onlara silah və maliyyə dəstəyi verən bəzi region ölkələrini də kəskin formada tənqid edən Bəşşar Əsəd Qərbə mesaj da göndərib: “Suriya heç bir vəchlə Qərbin əlaltısı olmayacaq”.
Suriya prezidenti Əsəd terrorçulara qarşı fiziki olaraq aparılan mübarizənin çətin olmadığını bildirsə də, ən təhlükəli məqamın xalqın düşüncəsi və əqidəsinin hədəfə alınması adlandırıb.
Suriya prezidenti ölkənin hazırkı böhrandan xilası haqda öz fikirlərini belə açıqlayıb: “Məsələnin həlli üçün daxili, regional və beynəlxalq amillərə diqqət göstərilməlidir. Əgər böhran doğrudan da daxili olsaydı, o zaman digər ölkələr bu məsələyə müdaxilə etməməli idilər. Amma, biz görürük ki, bir sıra region və regiondan kənar dövlətlər bu məsələyə müdaxilə və Suriyadakı terrorçuları himayə edirlər. Belə olduqda, artıq ölkənin xarici işğala məruz qaldığını və işğalçılıq qarşısında mübarizənin aparıldığını demək daha doğru olardı.”
Bəşşar Əsəd yeganə həll yolunun terrorçulara yardımların dayandırılması, silahlı toqquşmalara son qoyulması və daha sonra ölkədə islahatların aparılması adlandırıb.
Suriya prezidenti eyni zamanda terroçulara qarşı mübarizənin davam etdirilməsini hökumətin qanuni haqqı adlandırıb. O, bildirib ki, ölkədə həqiqi demokratik mühitin yaradılması üçün hər cür islahatlar aparılacaq, amma terrorçular qarşısında da dövlət bir addım da geri çəkilməyəcək. Prezident ölkədə sabitliyin bərqərar edilməsi üçün terrora son qoyulmasını başlıca prioritet kimi səciyyələndirib.

Комментариев нет:

Отправить комментарий