26.01.2013

Ziya Bünyadovun xanımı: “Mən üç kişi itirmişəm”

- 1997-ci ildə xarici səfərdən qayıtmışdım. Səfirliyin xüsusi proqramı ilə bir ay lobbiçiliyi tədqiq etmişdik. Hava limanında jurnalist qrupumuzu qarşılayan ABŞ səfirliyinin nümayəndəsi ilə hal-əhval tutduqdan və qısa söhbətdən sonra ilk sualımız bu oldu: “Azərbaycanda nə xəbərlər var?”.
Yaşlı diplomat üzünü turşutdu - “Yaxşı xəbər yoxdur, üç gün əvvəl akademik Ziya Bünyadovu öldürdülər”.
Yadımdadır ki, dördümüz də çox pis olduq və Vətənə qayıdışdan duyduğumuz sevinc bir anda yox oldu.

Bu həftə Modern.az-ın əməkdaşları Ziya Bünyadovun evinə yollandıqda həmin hadisəni ixtiyarsız xatırladım. Və indi bu yazının ilk oxucusu kimi onu redaktə etməyə başlayanda mən, Modern.az-ın redaktoru Əziz Rzazadə girişi məhz indi oxuduğunuz kiçik xatirəylə başlamaq qərarına gəldim. Çünki cəsarəti və prinsipiallığına görə Ziya Bünyadovun nə vaxtsa qətl ediləcəyini bu ölkədə hamı deyirdi.
 
“Köhnə ev”in layihəsi bizi Sovet İttifaqı Qəhrəmanı, tarixçi alim, millət vəkili, mərhum Ziya Bünyadovun evinə gətirib çıxardı. Onun kəşməkəşli həyatı barədə isə bizə tarixçi alimin həyat yoldaşı Tahirə Bünyadova danışdı. 88 yaşı T.Bünyadova hazırda Milli Məclisin kitabxanasında məsləhətçi işləyir. O, mərhum əri ilə necə tanış olmasından başlamış, həyatının son günlərinədək yaşadıqlarını və xatirələrini qısaca olaraq bizimlə bölüşdü.
– Əslim qarabağlıdır, Yusif Vəzir Çəmənzəmənli mənim dayımdır. 1905-ci ildə erməni-müsəlman davası başlayanda ailəmiz elindən-obasından qaçqın düşdü. Özbəkistana köçdük. Valideynlərim orada tanış olub evləniblər. Atam çox varlı tacir idi. Buna görə də sovet hökməti qurulanda biz “qolçomaq” olduq. Hər şeyimizi əlimizdən aldılar. Hətta İkinci Dünya müharibəsi zamanı bizə çörək almaq üçün ərzaq talonu da vermirdilər. “Qolçomaq” qızı olduğuma görə məktəbə gedə bilmirdim. 10 yaşımdan məktəbə getmişəm. Məni tatar məktəbinə oxumağa qoydular. 1943-cü ildə 20 yaşım vardı, məktəbi bitirdim və çox yaxşı oxuduğuma görə məni Özbəkistandan Moskovaya göndərdilər. Moskvada Nərimanov adına Şərqşünaslıq İnstitutunun tələbəsi oldum. Mənə yataqxanada yer verdilər. Mən türk bölümündə təhsil alırdım.
1943-cü ildə yataqxanamız bombalanan zaman isə bizi Poveletsk vağzalının yaxınlığında boş kilsədə yerləşdirdilər. Oğlanlar-qızlar hamımız bir zirzəmidə yaşayırdıq.
İndi hərdən gecələr bütün həyatımı gözümün qabağından keçirirəm. Gözlərimdən yaş axır və deyirəm ki, yəni mən bu çətinlikləri, dəhşətləri yaşamışam. Yuxu kimi gəlir mənə. Müharibə illərində bit-birənin içində, jmıx yeyə-yeyə gəncliyimin bir hissəsi keçib.
1946-cı il idi və mən Daşkənddən, yay tətilindən qayıdırdım. İnstituta gedəndə gördüm ki, astanada arıq, uzun bir oğlan durub. Diqqətimi çəkən bu oğlanın sorağı gələn Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov olduğunu başa düşdüm. Amma onun qaraqabaq, ciddi baxışları məni qorxutdu. Həmişə qapının önündən keçəndə ona qorxa - qorxa baxıb keçirdim. Özü də hara gedirdimsə, tez-tez onu qarşıma çıxan görürdüm. Bu məni çox narahat edirdi.
Bir gün anam Moskovaya gəlmişdi. Ona dedim ki, ana, institutda bir azərbaycanlı oğlan var və mən ondan qorxuram. Dedi, qızım, sən ona salam ver. İnstituta gedəndə gördüm yenə durub qapıda. Ona yaxınlaşıb salam verdim. O da məndən bu hərəkəti gözləmədiyi üçün salamımı alıb,  özünü itirdi. Bununla da tanışlığımız başladı. Sonralar etiraf elədi ki, məndən çox xoşu gəlirmiş, sadəcə yaxınlaşmağa cürət etmirmiş. 
Dərslərdən sonra rəqs axşamları olanda heç kim məni rəqsə çağırmırdı. Fikirləşirdim ki, gözəl bir qızla niyə heç kim rəqs etmək istəmir? Sən demə, məni rəqsə çağırmaq istəyən oğlanları Ziya aparıb arxada döyürmüş.Rus qızlarının universitetdə ondan ötürü ürəyi gedirdi. Bütün günü onu öpürdülər.
Sonra Ziya mənə evlilik təklif etdi. Biz evlənəndə o qədər kasıb idik ki, nikah zamanı mənə bağışlanılan çəkmələrimi toydan sonra yemək almaq üçün satmağa məcbur oldum. Evlənəndə cibimizdə avtobus pulu belə, yox idi. VVAQ-dan çıxanda qalacağımız yataqxanaya qədər olan 15 km yolu piyada getdik.
1954-cü ildə Ziya artıq dissertasiyasını müdafiə etmişdi. Moskvada bizim üçün yeni imkanlar yaranırdı. Amma Ziyanın vətən həsrəti bitmirdi. Buna görə də etirazlarıma baxmayaraq, Azərbaycana qayıtdı. Mən və oğlum Cəmil Moskvada qaldıq. Amma gördüm ki, alınmır, Ziya da Cəmil də bir-birlərinin xiffətini çəkir .Ona görə də Azərbaycana gəlməli olduq. Mən onda Azərbaycan radiosunun türk verilişləri şöbəsinin baş redaktoru vəzifəsində çalışırdım.
Ziyanın Allaha inamı çox idi. Quranı tərcümə edəndə böyük həvəslə üzərində işləyirdi. Deyirdi ki, elə tərcümə etmək lazımdır ki, savadsız da başa düşsün. Hamısını detallı açmaq lazım idi. Onun tərcümə etdiyi Quranı İordaniyada da yüksək qiymətləndiriblər.
Bilirsiniz ki, Ziya müharibədə cərimə batalyonunda xidmət edib. Buna səbəb komandirinin yalandan üzlərinə durması olub. Söz Ziyaya elə təsir edib ki, cərgədə ikən komandiri güllə ilə vurub. Ona görə də vəzifəsini aşağı salıb onu cərimə rotasına komandir təyin edirlər. Ziya çox çətin tapşırıqları, əməliyyatları yerinə yetirir. Buna görə də ona Sovet ittifaqı Qəhrəmanı adı verilir və müharibə bitdikdən sonra Berlinin Pankovo rayonunun komendant köməkçisi təyin edirlər. Amma bütün bunların nəticəsində onda kontuziya yaranmışdı. Birdə görürdün ki, işlədiyi yerdə ağzından köpük gəlir.
Sizinlə söhbət etdikcə onun bu barədə mənə yazdığı bir kəlmə yadıma düşdü. O bir dəfə mənə yazmışdı ki, “istəyirəm həmişə mənim yanımda olasan. Və sənin gülüşün mənə güc versin”.
Mən nələr çəkməmişəm! 3 kişi itirmişəm! Bəxtiyar Vahabzadənin yoldaşı deyir ki, “sən dəmirdənsən”. Mən isə deyirəm ki, yox, mən də sənin kimi qadınam.
Bizimlə söhbət etdikcə Tahirə xanımın gözləri yaşla dolur, hönkür –hönkür ağlamamaq üçün özünü güclə saxlayır. Özünü toxtadıb növbəti xatirələrini danışır:
 
 
– Bir də görürdün ki, Ziya əli dolu içəri girdi. Deyirdim, Ziya bu nədir? Deyirdi “mən heç nəyə pul verməmişəm, bazarda satıcılar veriblər”. İnsanlar onu çox sevirdi.
Hərdən qadınlar zəng edib Ziyaya görə məni söyürdülər ki, o sənin nəyinə vurulub, yanında qalıb. Yəni xanımların da ona xüsusi rəğbəti, sevgisi var idi. Buna görə də mənə paxıllıq edirdilər. Ziya mənim üzümə deməsə də, başqalarının yanında məni tərifləyər, sevdiyini bildirərdi. Di gəl ki, bunu bir dəfə də olsun yanımda deməzdi (gülür). Bir ata kimi də uşaqlarına qarşı qayğıkeş idi. Övladlarını çox sevirdi.  
 
Düzlük, səmimilik olmayanda əsəbiləşirdi, bax o zaman kobud olurdu. Hətta elə an söyüş də söyə bilərdi.
Ölümünü elə bil ki, hiss etmişdi. Fevral ayı idi. Ziya kabinetindən çıxıb dedi ki, “Tahirə, pis yuxu görmüşəm”. Mən ondan yuxusu barədə soruşanda o heç nə demədi. Sonra hazırlaşıb alimlərlə hüzr yerinə getdi. Mərhumla yaxın dost idilər. Sən demə, orada çıxış edir və nitqinin sonunda üzünü qəbirə tərəf tutub deyir: “Səni yuxuda görmüşəm Cahangir, deyirsən, darıxmışam. Darıxma, yaxınlarda görüşəcəyik”.
 

Bundan 10 gün sonra, fevralın 21-də Ziya öldürüldü. Həmin gün heç vaxt yadımdan çıxmaz. Mən bilirdim ki, Ziyanı öldürəcəklər. Aynabənddə durub çölə baxırdım. Ziyanın evə gəlmək vaxt idi. Gördüm ki, Ziya əlində çörək bloka yaxınlaşır. Yuxarı baxıb mənə əl elədi və bloka girdi. Birdən səs eşitdim və tez aşağı düşdüm . Artıq gec idi, Ziyanı vurmuşdular. Həyatımın birinci kədəri beləcə başladı.
İkinci kədərim isə oğlum Cəmilin övladı, 20 yaşlı nəvəmin Amerikada öldürülməsi oldu. O çox yaxşı oxuyurdu. Qərara aldıq ki, onu təhsil alması üçün Amerikaya göndərək. Onda Ziya rəhmətə getmişdi. Orada onu tikə-tikə parçaladılar. Rəsul Quliyev zəng etdi ki, “nəvənizi öldürüblər, gəlin aparın”. Atası Cəmil onun xiffətinə dözə bilmədi. Bax beləcə, həyatım alt-üst oldu. İndi bir oğlum Heydər qalır. Onun ailəsi var, ayrıca yaşayır. Mən isə gördüyünüz bu evdə kədərimlə yaşayıram.
 
Oğlum Cəmil və Nəvəm Musa - əbədi ayrılıqdan əvvəl çəkilmiş sonuncu şəkil...
Ziya rəhmətə gedəndən sonra Murtuz Ələsgərov dedi ki, Milli Məclisə gəl, sən onun yadigarısan. Ona dedim ki, axı mən kitabxanaçı deyiləm. Dedi, eybi yox, gəl burada ol.

Ziya Bünyadovun iş otağından fotolar
 
 
 
 
 
 Şahanə RƏHİMLİ        Elçin AĞAYEV             modern.az

Комментариев нет:

Отправить комментарий