05.02.2013

Bayquş

Hüseyn Ağayev

Hekayəmi adsız qoymayan insana dərin təşəkkürlərimi bildirirəm

Bilmirəm gecələri niyə belə çox sevirəm. Bir gecə bayıra çıxıb,qabağımdan keçən hamının qanını axıtmaq istəsəm də hər dəfə özümü saxlayıram. Mənim nə günahım var? Vəhşi insanların içində daha bir vəhşiyəm mən,onlardan fərqim çox deyil. İnsanların əzab çəkməsi məni niyə belə sevindirir görəsən?
Ancaq başımı aşağı salıb fikrə getdiyim gecələrdə bu suallarla məşğul oluram. Elə yaxşı ki, iş günorta vaxtı olur yoxsa oturub pəncərədən aya, buludlara baxmaq əvəzinə işdə çürümək lap pis olardı. Heyf, onsuzda heyvan kimi işləməkdən nəinki pəncərə, yeməyə də yaxınlaşmağa halım olmur. Qapı döyülür, amma eşitmirəm sən demə gecənin bu vaxtı döyülən qapını bacım açır.
Mən bunu da hiss eləmirəm, başımın üstünü bir qaraltı tutur,düzdü işdə ondan başqa dostum olmasa da və nə qədər iş yerindən kənar bir həyatdan xəbərsiz yaşasam da indi bütün insanlara qarşı yığılıb qalmış kinimi onun üstünə boşalda bilərdim. Gecənin bu vaxtı onun nə işi var ki, burda?
-Noolub? eviniz yandı???
-Salam desən lap yaxşı olardı...
-Az danış gecə vaxtı nə işin var? zəng eləsəydin düşərdim aşağı.
-telefonunu ver...zəng eləsəydimdə götürməzdin onsuzda səssizə qoymusan...heç bura gəldiyimi də hiss eləmədin yəqin ki,nəysə gedirik.
-gedək.
-hara gedəcəyik maraqlı deyil sənə?
-fərqi yoxdu ancaq kiməsə nəsə eləsəm cavabdeh sənsən oldu?
-yaxşı.uşaqlar bulvardadı velisoped sürənlər yığışıb,oyun çıxardacaqlaree tez gedəy başlamamış çataq.
Bulvar yenə ağzına qədər dolu görünür.Yazıq dəniz azərilərin burda çıxartdığı bütün oyunlara şahid olmalıdı.Burda nə qədər adam var?hamı pulsuz sözünü eşitdiklərinə görə yığılıblar deyəsən.Birazdan hərəyə bir bomba versələr onu da götürərlər.Pulsuz verilir axı.Suya baxanda lap ağlamaq tutur məni,bilmirəm bu qaraltı gecənin yoxsa kanalizasiyanın rəngidir yığılıb dənizin üstünə.Hər halda gecədən qaralsaydı havasından ciyərlərə ağırlıq əvəzinə rahatlıq girərdi.
Baxanda bizə elədikləri gəlir yadıma,mənim onların əliyə çürüdülmüş ömrüm...Bilirəm bunlar həmin insanlar deyil ancaq nə fərqi var ki,ikisi də insndır mən də.Biz necə qəribəyik?Biz hamımız,insan növü necə qəribə olurmuş.Özünü ən yuxarı zirvələrə qaldırmaq da ən alçaq bataqlıqlara atmaq da onun üçün mümkün olur.Amma təbiətimizdə var rahatlığa can atmaq.Kim kölgə qala-qala günün altıyla gedər?ya da kim həyatın sürüşkənindən sürüşə sürüşə düşməyi mənəviyyatın yüksəkliklərinə ağır-ağır qalxmaqla əvəz edər ki?Az,çox az adam.Elə mən də illərlə onlardan uzaqlaşmaq üçün gecə vaxtı gizlincə qalxdığım zirvədən tullanardım bir addımlıqdakı bataqlığa,təkcə onlardan intiqam almaq üçün edərdim bunu!
-neynirsən qabağına bax da...
Əvvəl qolumun kiməsə möhkəm toxundugunu sonrada kiminsə məni itələdiyini hiss elədim.Hər şey o qədər tez baş vermişdi ki,emosiyalarım birbirinə qarışmışdı fərqli hisslərin və düşüncələrin içindən nifrət və qəzəb önə çıxırdı.İndi istədiyimi eləməyə mənə heç nə mane ola bilməzdi.İllərlə məni əsarətdə saxlamış,qolumu qandallamış ağıl indi bağışlanma fərmanımı vermişdi.Azadlığın şirinliyi həddən artıq imiş,o qədər şirin ki ürəyimin həyəcandan partlayacağını hiss elədim.Deməli məhbusları azadlığa buraxanda ona görə fikirlərini qandaldan azad olmuş əllərini ovuşdurmaqla məşğul edirlər ki,sevinməkdən ya da həyəcandan ölməsinlər.Kaş ölmək daha asan 
olaydı amma gözləməkdən başqa çarə yoxdur.Qollarım sərbəst idi,artıq mən var idim,mən indi nə ağıl nə göylər nə savad deyildim mən nəfs idim mən təkəbbür və nifrət idim.
-it oğlu it...
Qəzəbdən sıxılmış yumruğum ağradı və boşalmağa başladı.Qarşımdakı həmcinsimi vurmaqda məqsədim ancaq onu öldürmək idi,ancaq hərəkətim məqsədimə uyğun ola bilmədi başqa cürə ola da bilməzdi.İnsan növünün cəsarətlə xəyalını qurduğu amma qorxaraq atdığ addımlardan biri idi bu.
İndi qabağımdakının kim olduğunu bilməsəm də bilirəm ki, insandır,sadəcə insan yanımızda bizi ayırmaq istəyənlər kimi mənim kimi hamı kimi.Nifrətim sönürdü deyəsən ağlın həbsxanası məni elə-belə saxlamamışdı indi orda öyrəndiklərim yol göstərirdi.Beynimin immuniteti oyanmışdı.Düzgün yaşamağı öyrənmişdim deyəsən ya da bu tamam başqa bir şey idi.Bu günə kimi elə bil gözlərimi bağlayıb mənə gülür ələ salırdılar,ancaq indi gözlərim örtülü deyildi və onların mənə gülmədiklərini eyni zamanda çox yaxşı olduqlarını görürdüm.
Yox, bu ağıl da ola bilməz mən sadəcə gördüyüm başqa bir insana başqa bucaqdan baxıram.Ona bir adam kimi yox adamdan daha gözəl bir insan kimi baxırdım.Ola bilər ürəyimin dərinliklərində onun mələk olduğu ideyası da yaranmışdı ancaq ürəkdən yuxarıda duran beynim bunu mənə çatdırmırdı.Bəli uçmağı öyrənə bilməyib yerə düşən bizimlə yaşamağa öyrəşən körpə mələk.məni davadan ayıran insanlara rəğbətim artırdı. Onları daha çox sevirdim.Sevgi hissi tanış idi mənə ancaq onu kor adamlar kimi tanıyırdım.Kor adama deyəndə ki,günəşə baxmaq olmur çünki çox parlaqdır o öz aləmində günəşi Allah bilir necə təsəvvür eləyir ancaq nə vaxtsa gözü sağalsa görür ki,günəş olmasa heç nə görmək olmur.İndi mənə o günəşin incə parıltıları çatırdı. Qorxu yaranmışdı,məni indiyə kimi öyrəşdiyim həyatdan ayıracaqdı bu günəş.İndiyə kimi ancaq eşitdiklərimlə xayal etdiyim dünyanı günəşin işığı ilə görmək sonra bu gözəlliklərin mənbəyinə tərəf çevriləndə ixtiyarsız gözümü yumub bir neçə saniyəlik qaranlıq görmək qorxulu idi məncə.Tanımadığın birini nə qədər sevə bilərsən ki?ancaq onu tanıyana qədər.Bəlkə bəxtin gətirsə ölənə qədər.ilk baxışdan ancaq sevginin parıltısı çatırdı mənə ya qaça qaça işığa tərəf gedəcəkdim ya da gözümü yumub olduğum kimi qalacaqdım.işığa tərəf getmək haqqında uşaqlıqdan yaxşı şeylər eşitməmişdim atam mənə cırtdanın nağılını danışmışdı.Yazıq atam o da işığa getmişdi vurub öldürdülər,bu insanlar...nə hiss edəcəyimi bilmirəm.Bir ipin üstündəyəm yandan yavaş yel gəlsə yıxılacam Allahım bu nə biabırçılıqdır!mənim ağlım heç vaxt ortada qalmamışdı axı utanırdım özümdən.Aradan bir neçə saniyə keçmişdi gördüyüm mələk ya da içində görə bilmədiyim şeytan düz mənimlə göz-gözə gəlmişdi ağzı-burnu qanayan qardaşının qabağına keçib söyürdü məni.haqlı olaraq...
Məni yerə yıxan burnumun aşağısından çənəmin üstünə girən yumruq idi.və heçnə vecimə deyildi.Qarnım,ciyərlərim də aşağıda ağır təpiklərin altında halbahal olmuşdu ancaq mən aşağıda deyildim mən kənardan ona baxırdım.Gözlərimiz bir biriylə kəsişirdi arada dəniz görsənirdi yaxınlıqda saat qülləsinin işıqları və dənizin o biri başında şəhərin işıqları yuxarıda ayın buludlara göndərdiyi işıq hər şey onun gözlərində parıldayırdı.Mən də ona baxırdım.Heç kim yox idi tək biz ikimiz.Şəhər bomboş idi nə maşın nə insan nə də insan kimi görünən heyvan səsləri mane olmurdu bizə sadəcə yaxınlıqdakı restoranlardan birindən zəif mahnı səsi eşidilirdi ölüm tanrısı sevgidən oxuyurdu:

əynində bəyaz libas cizgilərin çox cəlbedici,
tək gülüşündü miras qalanlar sənlə gedəcək
sevgi də ölüm kimidi çox vaxtsız və xəbərsiz gəlir,
boş otaqda tək tənha burunda tanış ətir.

Demək döyülmək insana belə ləzzət eləyə bilərmiş.Hər şeyi unudub hər şeydən keçib sonsuzluğa va ondan sonrasına çatmaq üçün.
-eləmə qaqaş dəyməz lazım deyil.
-öl!heyvan sənin kimiləri bir-bir boğub suya atmaq lazımdı.
Bir anlıq hər şey yox oldu bulvar da o, da gözləri də yox oldu ancaq sonra onların yerinə bir ağrı gəldi.Eləbil bu ağrıyla doğulmuşdum əbədi idi elə bil bütün dünya ancaq məndən asılı qalmışdı.Dünyanın ağırlığını hiss edirdim.Üstündəki hər şeyin ağırlığını ayrı-ayrılıqda hiss edirdim.İnsanlar o qədər yüngül idi ki.tarix o qədər ağır idi ki, yerin altında qalıb səbirlə gözləyirdi.Tikilənlər sökülənlər gəlib gedənlər hər şeyi üstümdə daşıyırdım.Gözlərimdə Venessiya asılmışdı.Çaylarda onun gözlərini tapmışdım köhnə saralmış daşlarda saçları günəşlə parıldayırdı.Bu da bir yuxu kimi gəlib keçirdi mən yenə evdə idim nə dünən var idi nə sabah məlum idi bu gün də ki görünür elə bu ağrıyla keçəcəkdi.Venessiya əvəzinə xaraba qalmış Çernobla baxırdım indi.
Hər şeyin bir günlük ya da bir yuxuluq gəlib keçdiyini fikirləşirdim indi heç nə qalmamışdı mən yenə kor olmuşdum.Görəsən kor adamı yandırsaq o nə fikirləşər?təsəvvür edə bilər ki onu yandıran şey əslində görmək arzusuyla yaşadığı həmin işıqdır?məni qolumdan yapışb vəhşi kimi 4 mərtəbəni sürüyüb axırda da hansısa bir hərəkət eləyən türməyə basanda eləbil heç vaxt görmədiyim ancaq görmək arzusuyla yaşadığım həmin işıqla yanırdım.Düzdü hər şey bu qədər sadə bitə bilməzdi axı.Məni azadlıqdan ayırmışdılar.Zooparkda yaşayan heyvanları təsəvvür edirdim.Onlar buna necə dözürdülər.İndi onlarla aramızdakı fərq aydın görünürdü.Biz nə qədər qanun-qaydaların,cəmiyyətin əlində əsir olsaq da ruhumuz həmişə azad olur.Biz ya sabr edərik ya da silahı atıb,bir iplə ya da zəhərlə ya da başqa cür qaçarıq döyüş meydanından.Amma onların səbr etməkdən başqa çarələri yox idi,onların ruhu əsir idi,özləri azad olsalar da bağlı qapıları aça bilmirdilər.İnsan necə xoşbəxt imiş ancaq özü də bunu bilmir.Bu bacarığımdan  istifadə etmək istəyirdim qapıları bir təpiklə açıb evə tərəf qaçdım sonra Atlantikin tən ortasında bir gəmiyə düşdüm,ayın üstündən yerə baxdım,ağ evə bomba qoyub qaraltdım və daha nələr eləmədim ki nolsun bədənim burda bu türmənin içində idi onsuzda əvvəl axır onu itirəcəyəm əsas ruhum gördüyü,tanıdığı hər yerə gedə bilirdi hər şey eləyə bilirdi.Nə danışılanları nə göstərilənləri hiss eləmirdim.bura mənə bəs eləyirdi bütün dünyaya baxmağa.Bu hissi heç nəylə əvəz etmək olmaz.Əgər indi bayıra çıxsaydım gördüyüm ilk insan  ya da başqa nəsə məndə yeni bir fikir yaradıb xəyallarımı dağıdacaqdı.Ancaq qaranlıqda hələ gözləməkdən başqa görə biləcəyin bir iş olmayan yerdə əsl səyyah idim.Dünya mənim idi,mənimçün yaranmışdı.
Və tanış bir üz məni yenidən qayıtmağa daş divarların arasına çürük taxtanın üstünə dəvət edirdi.Bu həmin gözlər idi.Mən daha bir insani xüsusiyyətlə üz-üzə qalmışdım.O məndən məni huşumu itirənə qədər döyən qardaşının intiqamını almağa gəlmişdi.Özüdə tez-tez qolunu qaldırıb gümüşü bəlkədə gümüş saatını göstərən kostyumlu,qalstuklu sevgilisylə.Hər şey aydın idi,məni bura pul salmışdı.Əlimdə oynatdığım,tərləyəndə əzilən,cırılan adi rəngli kağızlar indi ağrılarıma duz tökürdü.Mən bu qaranlıqda həsrətlə gözlədiyim həmin işığa-sevgiyə qaçmaq istəyirdim ancaq o məni itələdi.Gözlərimi kor elədi.Onun adı yox idi,mənim kimi.Mənimçün heç kimin adı yox idi sadəcə bu qranlıqda bir mələklə bir şeytan üz üzə dayanmışdı...

husen_agaev@mail.ru

Комментариев нет:

Отправить комментарий