14.02.2013

Bir qutunun sirri

Dünyanın şah əsərlərinin tarixini Anar Yusifoğlu yazır 

“Televiziya nədir” sualına cavab vermək çox çətindir; daha doğrusu, ən əhatəli cavab belə bu “sehrli qutu”nun mahiyyətini bütünlüklə əhatə etmək imkanında deyil. Məsələn, televiziya:

* təhsildir - tarixdir, coğrafiyadır, fəlsəfədir, dünyagörüşdür; maarifçidir, xəbərçidir; mədəniyyət yaradandır, ədəbi təsəvvürləri genişləndirəndir, siyasi baxışları təlqin edəndir;
* filmdir, tamaşadır, teatrdır, əsərdir; yüksək intellekt təbliğatçısıdır, dil, əxlaq, adət-ənənə qoruyucusudur; müsbət enerji paylayıcısı, həyat impulsudur;

* tanınmaqdır, tanıtmaqdır, dəyərdir, insan potensialının açılmasıdır, taledir;
* idmandır, yarışdır, qumardır, reklamdır; insanlığı birləşdirəndir, sülhdür, müharibədir, sevincdir, kədərdir, göz yaşıdır;
* şoudur, əyləncədir, vaxt itkisidir, tənbəllikdir, mənfi enerjidir; anti-təhsildir, adət-ənənəni dağıdandır, milli xarakteri yox edəndir;
* anti-xəbərdir, yalandır, aldadandır, istedadların yerini istedadsızlara tanıyandır…

Bitdimi? Əlbəttə ki, yox: bu təyinlər saymaqla, deməklə bitməz; çünki televiziyanın sosial-siyasi, iqtisadi-mədəni, mənəvi-ictimai təsir gücü tükənməzdir.
Hazırda az qala dünyanın düzənini müəyyənləşdirən, insan psixologiyasının istiqamətini dəyişən, dünya dövlətlərinin siyasətini aparan, iqtisadi münasibətləri tənzimləyən və inanılmaz təsir gücünə qadir olan, yüz milyonların taleyini həll edən televiziyanın tarixinin heç bir əsrə gedib çıxmadığını görəndə  təəccüblənməyə bilmirsən: bəs, min illərdi insanlar necə yaşayıb?
Görürsünüzmü, televiziyanın həyatımızdakı rolu elə bu sözlərdə əks olunur: onsuz həyat mümkündürmü?

İdeyadan reallığa

Televiziya – görüntünün uzaq məsafəyə ötürülməsi ideyası alman mühəndisi Paul Nipkova məxsusdur. İlk dəfə Nibkov bu ideyanın mümkünlüyünü nəzəri olaraq irəli sürüb və 1866-cı ildə ideyasını patentləşdirməklə adını tarixə yazdırıb. Amma ideya həmin dövrdə o qədər qeyri-real idi ki, onu hətta təsəvvür etməkdə də çətinlik çəkirdilər.
1873-cü ildə Smit tərəfindən icad edilən fotoeffekt televiziyanın kəşfi yolunda yeni mərhələ açmışdı. Növbəti addımı isə yenə Nibkov atdı: 1884-cü ildə skanlaşdırılan diski ixtira etdi.
Daha sonra “ekrana gedən yol” başladı: 1906-cı ildə Maks Dikman, K.Ferdinanda və Q.Olage təsvirin ötürülməsi üçün Braunun kəşf etdiyi enerji mərkəzini – “ekranı” - təkmilləşdirdilər.
Elektron televizorun patenti Boris Rozinqə aid edilsə və ilk hərəkətsiz təsvir yayımı 1911-ci ildə bu alimin adına bağlansa da, televiziyanın tarixində Con Logie Bairdin adı əsas ixtiraçılardan biri kimi keçir.

İynə, karton və qutu – televizor deməkdir!

Televizorun kəşfi heç bir halda bir adamın adıyla bağlanmır: eyni vaxtda paralel olaraq bir neçə ölkədə axtarışlar aparılmış, alimlər bir-birindən xəbərsiz eyni və ya daha uğurlu nəticələr əldə etmişlər. Ancaq Bairdin qabiliyyəti ona görə fərqləndirilir ki…
1898-ci ildə anadan olan Baird lap uşaq yaşlarında evlərinin arxasında neftlə işləyən generator quraşdırmışdı və beləliklə, Şotlandiyanın Helesburq şəhərində gecə işığı yanan ilk evə sahib olmuşdu. 12 yaşında olarkən isə evdə balaca bir “telefon stansiyası” yaratmışdı və evdən kənardakı dostlarıyla telefonla danışa bilirdi.
Bir neçə ildən sonra böyüyən bu Allah vergisi televiziya ilə bağlı aparılan araşdırmalardan xəbərdar idi və gecə-gündüz bu sahədə çalışırdı. İllərin zəhməti isə 1925-ci ildə bəhrəsini verdi: Biskvit qutusu və kartondan ibarət qutunu tikiş iynəsi ilə “tikib”, içərisinə avadanlığını yerləşdirdi və uzaq məsafəyə ötürülən sifət görünüşünü “tutmağı” bacardı. 25 iyun 1925-ci ildə isə kəşfini patentləşdirdi.
Baird sehirli qutuya “televisor” (tele – yunanca “uzaq”, visio – latınca “gör”) adını verdi və bəlkə də məhz bu sözünə görə ilk ixtiraçı kimi tarixdə yerini aldı.
1928-ci ilin yanvarında Krallıq İnstitutunda ixtirasını təqdim edən Baird bir il sonra ilk televiziya stansiyasını qurdu. 1929-cu ildən başlayaraq, BBC ilə razılaşma əsasında televiziya verilişlərinin hazırlanmasına start verdi. Qısa müddətdən sonra isə televiziya bütün dünyaya yayıldı.
Olimpiya oyununun televiziya ilə yayımı isə ilk dəfə 1936-cı ildə baş tutdu: Hitler Almaniyasında təşkil olunan idman yarışını televiziya ilə qitələrə ötürdülər…

Neft buruğundan yayım

Azərbaycan “ilklər” sırasında olmasa da, “sonuncular” sırasında da deyil. Belə ki, ölkəmizdə televiziyanın yaradılmasına qədər artıq bir çox ölkələrdə sehrli qutu cəmiyyətə daxil olmuşdu. Məsələn, İngiltərədə 1937-ci ildə elektron şüa ekranlı televizorun kəşfi ilə mexaniki televizor aradan qalxdı və istehsal sürətlə yayılmağa başladı; ötən əsrin 50-ci illərində ABŞ-da artıq hər 10 amerikalıdan 9-nun evində televizor vardı. Nəzərə alın ki, həmin dövrdə dünyanın ikinci supergücü sayılan SSRİ-də bu rəqəm müqayisəedilməz dərəcədə aşağı idi.
Buna baxmayaraq, Azərbaycanda televiziya bir çox ölkələrlə müqayisədə çox tez yaranıb: Türkiyəni bu sahədə 20 ilə yaxın qabaqlamağımızı yada salmaq teletariximizin o qədər də gənc olmadığını təsəvvür etmək üçün kifayət edir.
Bakı televiziya mərkəzinin tikintisinə 1954-cü ildə başlanılıb və bir ildən sonra təhvil verilib. Bundan sonra ara-sıra sınaq verilişləri göstərilsə də, ilk stabil yayımın başlanması 1956-cı il fevralın 14-nə təsadüf edir. Nəcibə Məlikovanın dilindən “Göstərir Bakı” sözü ilə yayıma başlayan televiziya həftədə iki dəfə iki saatlıq efirlə kifayətlənməli olurdu.
Teleqüllənin inşası başa çatmamışdı, ona görə də 14 fevral 1956-cı ildə yayım 44 metrlik neft buruğuna bağlanmış studiya ötürücüsü ilə başladı. Neft buruğunun “boyu” yalnız paytaxtı və Bakıətrafı əraziləri əhatə etməyə çatırdı.
Bir ildən sonra hündürlüyü 180 metr olan teleqüllənin işə başlaması ilə yayım keyfiyyəti və həftəlik efir müddəti artdı: 70-ci illərdən 10, daha sonra 18 saat, 2005-ci ildən isə fasiləsiz yayım aparılır.
Bu il fevralın 7-də Azərbaycanın süni peykə sahib ölkələr sırasına qoşulması isə həm də teleyayım sahəsində ən böyük uğurlarımızdan biri hesab olunur.

Kabel televiziyası

Kabel televiziyasının əsası ABŞ-da, Pensilvaniya ştatının Maxonoy-Siti şəhərində qoyulub. Con Uilson öz biznesini xilas etməyin yollarını düşünürdü, ancaq çarə yox idi: satdığı televizorların alıcısı tapılmırdı. Çünki bu şəhərdə antennalar telesiqnalları qəbul edə bilmirdi. Hər tərəfi dağlarla əhatə olunan bir şəhərə telesiqnallar gəlmirsə, əhali televizoru nə üçün almalıdır?
1948-ci ildə Uilson vəziyyətdən çıxış üçün şəhərin kənarında, dağın üstündə siqnal qülləsi ucaldır və oradan öz mağazasına kabel çəkməklə, televerilişləri izləməyə başlayır. Alıcılara isə təklif edir: kim televizor alacaqsa, bir az artıq xərclə telesiqnalları qəbul edən kabellə də təmin olunacaq. Beləliklə, satış sürətlənir, kabellər evlərə ayaq açır.
Con Uilson kəşfini təkmilləşdirməklə məşğul idi: telesiqnalları daha yaxşı qəbul etmək üçün oxlu kabeldən istifadənin əsasını qoydu və nəticədə telesiqnalları qəbul edən adi televizorlardan daha keyfiyyətli görüntünü kabellə öz müştərilərinə göndərməyə başladı. Uilsonun yayımın keyfiyyətini yaxşılaşdırması digər şəhərlərin əhalisinin də diqqətini çəkdi və kabellə yayım bütün şəhərlərə yayılmağa başladı.
1962-ci ildə teleyayımçılar kabelli yayıma etirazlarını bildirməyə başlayanda onların haqlı olduğunu düşünən ABŞ Federal Kommunikasiya Komissiyası teleşirkətlərin verilişlərinin siqnallarının qəbul etmək xüsusiyyətinə məhdudiyyət qoydu və kabelli televiziyalara böyük zərbə vurdu.
Ancaq bu qadağa növbəti ixtiranı zərurətə çevirdi: kabellə yayım təşkil edən şirkətlər dərhal öz verilişlərini hazırlamağa və teleşirkət kimi fəaliyyət göstərməyə qərar verdilər. Ancaq onların xidməti pullu idi, ona görə də çox yüksək səviyyədə veriliş və proqramların rəqabəti başlandı.
Kabel televiziyaları bu rəqabətdən uğurla çıxdılar, əhali onların pullu xidmətindən məmnuniyyətlə istifadə edirdi. Çünki kabel televiziyaları pullu xidmət göstərdiyindən, verilişlər və filmlər arasında reklamlarla tamaşaçılarını yormurdular, üstəlik, daha sürətli və çevik, son dərəcə maraqlı (azart) veriliş-oyunlarla rəqabətdə önə çıxmağı bacarırdılar.
1972-ci ildə Federal Kommunikasiya Komissiyası 10 il əvvəlki qadağanı götürsə də, kabel televiziyası artıq sürətlə bütün dünyaya yayılırdı…

Televiziyaların gələcək taleyi

Hazırda istehsal olunan yeni televizorlar “şəffaf ekrana” qədər inkişaf edib: artıq Çinin “Haier” şirkəti həm ön, həm də arxa tərəfdən izləmək imkanı verən televizoru satışa buraxmağa hazırlaşır. Ancaq mütəxəssislər televiziyanın zirvədən endiyi gümanındadırlar. Hesablamalara görə, dünyada insanlar televiziya qarşısında vaxtlarının “cəmi 6 saatını” keçirməklə kifayətlənirlər, halbuki bu rəqəm əvvəllər daha çox idi.
Ola bilsin ki, internetin inkişafı və telekommunikasiyanın daha başqa növlərinin icadı ilə televiziyanın reytinqi gələcəkdə doğrudan da aşağı düşsün. Ancaq etiraf olunan bir həqiqət var: müasir, çevik, informasiyalı dünyada insanın sehrli qutu önündə gündə 6 saatını xərcləməsi heç də kiçik rəqəm deyil. Əksinə, bütün sahələrin auditoriyaları hələ də televiziyalarla müqayisə olunur. Televiziyanın təsir imkanları hələlik heç bir rəqabət tanımır.

news.lent.az

Комментариев нет:

Отправить комментарий