19.02.2013

Nurəddin Mehdixanlı: “Aktyor dramaturqun hambalı deyil”

Xalq artisti Nurəddin Mehdixanlı ilə müsahibə

- Nurəddin bəy, son günlər Əkrəm Əylisli ilə bağlı dedikləriniz birmənalı qarşılanmadı. Sizi qınayanlar da oldu. Yazıçı haqqında dediklərinizdən peşman deyilsiniz ki? Sizcə dedikləriniz çox sərt olmadı ki?
- Hamı ağa ağ, qaraya qara deməməlidir. Hər kəsin öz fikri var. Mənə elə gəlir ki, Əkrəm Əylisli ilə bağlı ən sakit və qərəz güdmədən, yazıçıya hörmət edərək etirazını bildirən mən olmuşam. Mənim əxlaqımda təhqir, söyüş kimi anlayışlar yoxdur. Amma bəziləri də var ki, razılaşmamaq xətrinə mənim əleyhimə danışırlar. Baxıram, hətta əleyhimə təhqiramiz ifadələr də işlədirlər. Özləri bilər. Mən “Facebook” sosial şəbəkəsində öz sifətimləyəm, öz adımlayam, televiziya ekranlarında, qəzet səhifələrində də mənəm. Hər dediyim sözün də arxasındayam və nə dediyimi bilən adamam. Hay-küyə gedən adam da deyiləm.
Əkrəm Əylislinin əsərini bir dəfə yox, bir neçə dəfə oxumasaydım mən o verilişə getməzdim, fikir də söyləməzdim. Hətta əsəri üç dəfə oxumuşdum. Televiziyadan da zəng vurub belə bir proqram olduğunu dedilər və dəvət etdilər.

- Əkrəm Əylisli verilişə gəlməsəydi, siz həmin verilişə qatılacaqdınız?
- Mən getməmişdən qabaq soruşdum ki, Əkrəm Əylisli gələcək? Ümumiyyətlə, Əkrəm Əylisli gəlməsəydi, o veriliş olmayacaqdı. Əkrəm Əylisli də olmayan yerə mən niyə getməliyəm?! Mən düşüncələrimi, fikrimi Əkrəm müəllimə deməliydim və eləcə də dedim. Bildirdim ki, Əkrəm müəllim, siz haqsızsınız, siz tarixi təhrif edirsiniz. “Tarix ayrıdır, ədəbiyyat ayrı” məsələsini ortalığa atanlar qeyri-səmimidir. Yəni, söz oyunu lazım deyil. İkincisi də dünyanın heç bir yerində sərhədsiz azadlıq yoxdur. Hər bir azadlıq müəyyən çərçivədə olur. İstənilən azadlıq insanlara mehribanlıq gətirməlidir, insanları bir-birini başa düşməyə şərait yaratmalıdır. Sərhədsiz azadlıq xaosa aparıb çıxardır. Bir sözlə, hörmət etdiyim, qələminə hörmətlə yanaşdığım Əkrəm Əylisli bu məsələdə haqlı deyildi. Mən Sabir Əhmədovu, İsmayıl Şıxlını necə sevib qəbul edirəmsə, Əkrəm Əylislini o cür oxumuşam. Amma bu heç kimə imtiyaz vermir ki, tarixə, tarixi həqiqətlərə yanaşmada qeyri obyektiv olsun…

“Braziliya seriallarına baxmaqla birdən ayıldıq ki…”

- Seriallara keçid almaq istəyərdim. Hazırda “Həkimlər” serialına çəkilirsiniz. Teatrda hər hansı bir obrazı canlandırmaq sizə daha çox zövq verir, yoxsa serialda?
- Təbii ki, bunların hər ikisi yaradıcılıq tələb edir. Teatr ciddi bir sənət növüdür. Bu birbaşa tamaşaçı qarşısında insanın dəyişməsi, bir xarakteri yaşatması və buna baxanları inandırması prosesi canlı baş verir. Serialda kimsə olmur, operator, rejissor olur. Bir şeyi 5-6 dəfə də təkrar edə bilərsən. Sənin teatrda o şansın yoxdur. Teatr daha çox enerji, güc, istedad tələb edir. Çox təəssüf ki, bu gün teatr sənəti haqqında düzgün təsəvvürü olmayan insanlar daha çox söz danışırlar. Mən başa düşürəm ki, hamı çörək yemək istəyir. Amma hər kəs bildiyi sahə haqqında danışsa, daha faydalı olar, mən də nə isə öyrənərəm…
Aktyor sənətinə əyləncə, yüngül bir sənət kimi baxanlar da var. Kiminsə sözünü əzbərləyib, səhnədə deyənlər də var. Aktyorların hesabına, aktyorların sayəsində respublikada tanınan, böyük şöhrət qazanan, əməkdar incəsənət xadimi olan Bəhram Osmanov “aktyor nədir ki” sözünü söyləyir və bunu özünün səviyyəsinə, mədəniyyətinə sığışdırır. Peşəkar sənətlə məşğul olan bir rejissorun bu sözü söyləməsi çox yersiz, səviyyəsiz yanaşmadır…
Seriallar isə aktyorların maddi durumunun yaxşılaşması üçün açılan bir meydandır. Normaldır. Nəyə görə aktyorlar toylarda kimlərinsə qabağında tamadalıq etməlidir? Gedib həmin serialda dövlətin ayırdığı puldan alır və dolanır. Mən demirəm orada böyük pullar verirlər. Amma bu şəkildə aktyorun müəyyən mənada təminatı ödənilir. Serialı çəkənlərin oraya aktyorları, yoxsa aktyor olmayanları dəvət etməsi isə başqa bir məsələdir. Hətta yazıçımız, millət vəkili Sabir Rüstəmxanlı çıxış eliyəndə demişdi ki, əşi bu aktyorlar qocalıblar, yaşa dolublar, küçədən tutun, dərədən tutun çəkin. Mənim millət vəkilim, yazıçım məsələyə bu şəkildə yanaşırsa, bu, fəlakətdir. Mən onu da qəbul etmirəm ki, vəziyyət Sabir Rüstəmxanlı dediyi şəkildədir. Nəsillər arasında yaradılacaq hər hansı ziddiyyət və bir nəsilin digər nəsilə qarşı aşağılayıcı münasibəti nəticə etibarı ilə bizə ancaq ziyan gətirə bilər. Bu gün Rafiq Əzimovun oynadığı rolu kim oynaya bilər? Ən uğursuz seriallar da peşəkar aktyorların olmadığı seriallardır. Mən demirəm ki, yüksək səviyyəli seriallarımız var. Xeyr, ona gedəcəyik, bu iş təzə başlayıb hələ. Peşəkarları daha az bu işə cəlb edirlər. “Pərvanələrin rəqsi” serialına baxın. Peşəkar aktyorlar oynayırlar. Tamaşaçı da baxır, qəbul edir. Braziliya seriallarına gedib təzədən baxaq? Braziliya seriallarına baxmaqla birdən ayıldıq ki, gənc qızlarımızın çoxu oradakı qızlara oxşayırlar. Nədən özümüzkü olmasın. Olsun. Həmin dəqiqə o nəticəni almaq mümkün deyil. Mən inanıram ki, seriallar inkişaf edəcək. Ancaq bu tezliklə olmayacaq. Tez heç bir şey yoxdur. Nə zaman ki, ssenariləri peşəkarlar yazacaqlar, peşəkar aktyorlara rol verəcəklər, onda bu proses sürətli gedəcək. Bəzi müğənnilərimiz “aktyorlar, aktrisalar niyə oxuyurlar” deyə etiraz edirlər. Onda nədən onlar gəlib seriallarda çəkilirlər? Nədən aktrisa olmaq həvəsinə düşürlər? Yəni hər kəs öz işi ilə məşğul olmalıdır. Dövlət pul ayırıb və deyiblər ki, bu pulu peşəkarlara verin… Bizim Ramiz Novruz kimi, Bəsti Cəfərova kimi, Firəngiz Mütəllibova kimi aktyor, aktrisalarımız var. Ramiz Məlik var, Elxan Quliyev var, Rafiq Əzimov, Kazım Abdullayev, Sənubər İsgəndərli, Mehriban Xanlarova, Məleykə Əsədova, Mətanət Atakişiyeva var. Öz aktyorlarımıza qiymət verməliyik.

- Bəhram Osmanovun adını çəkdiniz, bir sual yarandı. Bəzi insanlar deyir ki, aktyor siyasətə qarışmamalı, proseslər haqqında fikir bildirməməlidir. Aktyor ancaq yaradıcılıqla məşğul olmalıdır. Bu fikirlə razısınız?
- Bu yanlış düşüncədir. Hamı bu ölkənin vətəndaşıdır. Baş verən hadisələrə hər kəsin münasibət bildirmək haqqı var. Niyə biz hamını bir qəlibə qoymaq istəyirik? Fikir müxtəlifliyinə də hörmətlə yanaşmaq lazımdır. Uğurlu tamaşalar verib Bəhram Osmanov. Amma təəssüf edirəm ki, Bəhram Osmanov Gənc Tamaşaçılar Teatrına baş rejissor təyin olunandan sonra dedi ki, mənim “AzDrama”nın aktyorlarına ehtiyacım yoxdur. Sonra da dedi ki, aktyor nədir ki, onun siyasi baxışları olsun, aktyor rejissorun diktəsi ilə həyatını sürən bir şəxsdir. Yanlışdır, kökündən yanlışdır. Mən Bəhram Osmanovun səviyyəsindən bu cür söz eşitmək istəmirəm. Bizim Bəhram Osmanovla bununla bağlı söhbətimiz olmuşdu. “Mən o cür deməmişdim, düz başa düşülməmişəm” dedi. Dedim, əgər elə deyilsə, çıxın deyin ki, mən bu cür yox, başqa cür demişəm. Amma çox təəssüf ki, o təkzibini vermədiyi üçün mən öz fikrimdə qaldım. Vəzifə yaxşı bir şeydir. Amma insan sənətə, dostlarına münasibətdə eroziyaya, aşınmaya uğramamalıdır… “Aktyor nədir ki…” deyən adamlarla üzbəüz oturub onların nəliyini, aktyorun kimliyini hər zaman sübut etməyə hazıram. Teatr aktyor deməkdir. Hər şey aktyordan başlayıb. Əvvəllər aktyorlar özləri ssenari yazıb, özləri quruluş verib, daha sonra oynayıblar. Rejissor  sənəti sonradan yaranıb. Biz rejissorsuz, texniki işçilərsiz keçinə bilərik. Aktyoru inkar etmək teatr anlayışının olmadığının göstəricisidir.

“Keçmişi şişirdib camaatın başına vurmaq lazım deyil”

- Söhbətimiz əsnasında dəfələrlə dediniz ki, peşəkarlar çoxdur. Bəs onda niyə tamaşaçı qıtlığının olduğunu deyirlər? Bəlkə sizin hər hansı bir çıxış yolunuz var ki, onu tətbiq etməklə bunları aradan qaldırmaq olar.
- Mən tələbə olan vaxtlar da tamaşaçısı az olan tamaşalar görmüşəm. Bizim inkişafımıza yalan kölgə salır. Keçmişi də şişirdib camaatın başına vurmaq lazım deyil. Tamaşaçı problemi o vaxt da olub, indi də. Yaxşı tamaşalar da olur, zəifləri də. 6-7 ildir ki, Akademik Milli Dram Teatrının tamaşaçı problemi yoxdur. Bu gün tamaşaçı bilet almağa meyllidir. Məgər bütün tamaşalarda zal dolu olmalıdır? Elə bir hal yoxdur. Bu partiya iclası deyil ki. Bu gün hansı aktyorun tamaşasına daha çox aktyor gəlirsə həmin aktyorla işləməlisən. “Oliqarx”, “Mesenat”, “Varlı qadının gəlişi” tamaşasının yüksək səviyyədə tamaşaçıları var. Konsertlərin tamaşaçıları ilə teatrın tamaşaçıları ayrıdır. Bir tamaşaya 10 dəfə baxan tamaşaçılar da var…

- İşlədiyiniz Akademik Milli Dram teatrı ilə bağlı fikirlər də səsləndirirdiniz bir vaxtlar. Hətta müsahibələrinizin birində demişdiniz ki, bu teatrda akademik tələblərə cavab verə biləcək insanlar çalışmalıdır. Bu tənqidlərinizdən sonra vəziyyət dəyişibmi?
- Mən yenə də o fikrimdə qalmışam. Teatrda işləyənlər harada işlədiklərinin fərqində olmalıdırlar. Akademik Milli Teatrında akademik ölçülərə cavab verən sənətçilər də var, orta səviyyədə olanlar da var və burada olması günah olanlar da var. Mən bilsəm ki, bu teatrın standartlarına cavab vermirəm, imkan vermərəm ki, məni çıxartsınlar, öz ərizəmi yazıb gedərəm. Bu teatrda səhnəyə çıxan akademik səviyyəyə cavab verməlidir. Aktyor dramaturqun hambalı deyil. Bunu bilmək gərək. Rejissora da, dramaturqa da, teatra da maddiyyat qazandıran aktyordur.

- Sizi yaxın günlərdə hansı yeni rollarda görə biləcəyik?
- Loğman Kərimovla yeni bir tamaşanın üzərində işləyirik. Əsərin adını demək istəmirəm. Ancaq onu deyə bilərəm ki, çox maraqlı və unikal hadisəyə çevriləcək bir pyesdir. Bu tamaşanı həm burada, həm də qastrol səfərlərində nümayiş etdirəcəyik. “Həkimlər” serialı bitəndən sonra da başqa seriala çəkiləcəyəm.

Söhbətləşdi: Anar Gəraylı              ann.az

Комментариев нет:

Отправить комментарий