21.02.2013

O, sənindi...

Xuraman Hüseynzadə

Dostum... Deyirlər uzun-uzadı yolların sonunda bir işıq görünür. Ən dərin yuxulardan o işığa görə ayılırsan, ora can atırsan. O işıq-həyatdır. Yenidən doğulursan, var olursan. Bu varoluşun yenidən mübarək olur. Yenidən bu həyat sənə qucaq açır, torpağın qəbir qoynu boş qalır... Həyat səni arzulayırsa, sevirsə ölməyə haqqın yoxdu. Ölə bilməzsən...
***
Deyirlər, işıq-ümiddir, ümid də işıq. Günəşdir ümid. Ona can atırıq, bizi o yaşadır. Zülmət daimi ola bilməz. Dünyanın belə sonu gəlmədi. Yenə də qaranlıqdan sonra Günəş gəldi. Günəş dünyanın ümidi idi çünki...
***
Payız gəldi. Yarpaqlar saraldı. Küləklər ağacları soyundurdu. Qış gəldi. Təbiət üşüdü. Bahar gəlir. Təbiət bəzənəcək. Çəmənlərə, dağlara, düzlərə əlvan xına yaxacaq təbiət.
Külək mehə dönəcək, yağış narın-narın səpələnəcək... Çiçəklər tumurcuq olacaq öncə. Fidanlar salamlayacaq ağacları, kolları. İnsanların könlü sevinəcək, üzü güləcək.
Və sən... yaşayacaqsan...
***
Həyatın dörd yol ayrıcında ölümsüzlüyə ayrılan bir yol da var. Günəş aydınladar o yolu, çiçəklər səni darıxmağa qoymaz. Yeridikcə yorulmazsan, usanmazsan. Mənzil başı... məzar deyil, yox, düz tapmadın, ümiddir... Ümidə doğru yeriyirsən, ona qovuşursan, yenidən yola davam! Axı yeni arzular var. Hələ çox gedəcəksən...
***
Ölməyə zamanımız var.
Ölümə tələsmək zamanı deyil. Zamanın ölümə meydan oxuduğu məqamlar var... Yüksəklikdən yıxılıb ölməyənlər, dəhşətli qəzalardan sağ çıxanlar, üstünə gələn gülləyə yol verənlər zamanın ölümə meydan oxuduğunu göstərənlərdir. Onlar Tanrının ümidsizlərə göndərdiyi elçilərdir. Bəlkə sən də bu elçilərdənsən, kim bilir?! Bəlkə sən də kimlərəsə zamanın ölümə necə meydan oxuduğunu göstərəcəksən???
***
Söz şeirə, yazıya çevriləndə bəzən məlhəm ola bilmir, bilirsən. Bizlər, dodağımızda şeir, ürəyimizdə yaza bilmədiyimiz yazılar, gözümüzdə sual dünyadan köçürük: görəsən, ölüm haqda yazılmış bu möhtəşəm “əsər” necə qarşılanacaq? Razı olmayaq ki, timsalımızda bu dünyadan min işarəlik nekroloq köçsün. Adımız yazılarda belə tez əbədiləşməsin-istəmirəm!!! Göy üzünün hər tərəfinə baxmağı bacaraq-başımızı dik tutaq!
Və... Günəşi görək!
***
Ürəyini üzmə, dostum. Zatən ürəyimiz hər dəfə yazıya, şeirə köçürüləndə bir az da intihara yaxınlaşır. Şah damarı bizi asmaqçün hörülüb.
***
Ölümdən danışmayaq bu yazqabağı. Günəşin xətrinə dəyər. Ona yol ver, dostum. Ürəyinə pənah gətirib, aç qollarına, ötür onu ürəyinə! O, sənindi. Ümidlər sənindi.
Sabahlar səninlədi...

qafqazinfo.az

Комментариев нет:

Отправить комментарий