19.02.2013

Sən olan şəhərə gələcəyəm bir gecə

NURAY NUR

1) Mən savaşın ortasında bir uşaq!

Mən savaşın ortasında bir uşaq!
Soyuyur qaynar göz yaşlarım
anamın buz kəsmiş cəsədinə toxunaraq.
Süzülüb suvarır torpağı
onun al qanına qarışaraq.
Mən savaşın ortasında bir uşaq!
Nə bomba səsləri duyuram,
nə atəş, nə haray, qışqırıq.
Tutmuş qulaqlarımı ayrılığın gətirdiyi hıçqırıq.


Mən savaşın ortasında bir uşaq!
Kədərim sığışmaz nə Yerə, nə göyə.
Dilim də dönməyər sığınım,
hansısa duaya, diləyə.
Hər kəsi, hər şeyi itirmiş andaca
Mən kimə güvənim və niyə?

Mən savaşın ortasında bir uşaq!
Sənsə avropalı “həssas” fotoqraf.
Mən səni zirvəyə qaldırram,
Acımla bir kadra sığaraq.

Mən savaşın ortasında bir uşaq!
Dərdimlə, itkimlə, savaşa kinimlə,
Ömürlük qalaram fotonda donaraq.
Dərdimlə qürur da duyarsan,
Savaşdan uzaqda alqışlanaraq.
Sən savaşın uzağında “ həssas” fotoqraf!
Mən savaşın ortasında yetim bir uşaq!

2) Sındım, ovxalandım.

Bir az o dost,bir az bu yad,bir az arzu,bir az xəyal,
Bir də baxdım neçə yerə bölünmüşəm.
Istəyəndə  bir tam kimi toparlanım,
Anladım ki, çox hissəmi itirmişəm.

Harayladım öz-özümü “gəlin!” deyə,
Yarım gəldi,çoxumsa yox,  kəsik qaldım.
Dönüb geri zaman-zaman dizlərimi qoyub yerə,
Çiliklənmiş neçə hissə toparladım.

Ovucumda parça-parça,ovxalanmış mənəm indi,
Arasından azca ürək,azca ümid.
Çoxu dünən,azı sabah dəydi gözə,qəhərləndim.
Hətta bəzi mənəm deyə tapdıqlarım,
Baxdım ki,heç mən deyildim.

Tut əlindən çək yuxarı  ruhu,Tanrım!
Daha bəsdir bir bu qədər tikələndim,parçalandım.
Qorxuram ki,yaşadıqca elə sınım,ovxalanım,
Vaxt gələndə yüksəlməyə ruhumdan heç nə qalmasın.

3) Gələcəyəm bir gecə!

Sən olan şəhərə gələcəyəm bir gecə!
Tapacağam bir küçə sakit və sahibsiz,
o da mənim kimi bu şəhərdə  kimsəsiz.
Gəzəcəyəm onun soyuq sinəsində
heç danışmadan , aramla və səssiz.
Ayın solğun  işığı altında
məni sənin ünvanına yönəldəcək bu küçə,
mən də sənə gələcəyəm heç bilmədiyin o gecə.
Cəsarət  etmədən zəngi çalmağa,
duracağam qapının arxasındaca.
Barmaqlarım toxunub çəkiləcək geriyə ehmallıca
və sən bilməyəcəksən səadətin dayanıb qapı arxasındaca.
Sən olan şəhərə gələcəyəm bir gecə!
Gəldiyim kimi də gedəcəyəm gizlicə.
Bilən bir küçə olacaq ,
o da sonsuzadək susacaq bir gecəlik sirr ilə.

4) Çıx otaqdan! 

 Ürəyindən mənlə bağlı sil hər şeyi,
Nə geri dön, nə də boylan
səssiz-səssiz, danışmadan,
Barmağının lap ucunda, aram-aram,
birdəfəlik çıx otaqdan!

Ümid etmə baxışlarım gəzər səni,
arzularım dilər səni oyananda.
Elə get ki, bunnan belə,
xoşbəxtliyi duya bilim yoxluğunda.
Sənə aid uşaqlıqdan bu günədək,
nə var isə hər şeyi al!
Elə al ki, nə tıqqıltı, nə də səs sal!
Barmağının lap ucunda, aram-aram,
birdəfəlik çıx otaqdan!

Səhər səni görməyəndə
qoy sevinim uşaq kimi,
ürəyimdə şah eləyim cəsarəti, mərdliyimi.
Qürurum var deyə-deyə susmayım mən innən belə,
Lazım gəlsə hayqırışla səs də salım yerə, göyə.
Təki sən get!
Barmağının lap ucunda, aram-aram,
birdəfəlik çıx otaqdan!

Bilirəm ki, gedişinlə oyanacam,
bitəcək bu kabus yuxu,
çünki ancaq səndən gəlir başa gələn qəmin çoxu.
Varlığımda olmayacaq yerin daha,
dilimə də gəlməyəcək adın, qorxu!
Təki sən get, get, ay qorxu!
Barmağının lap ucunda, aram-aram,
birdəfəlik çix otaqdan!

5) Qovuşmağa nə var axı?!

Qovuşmağa nə var axı?!
Bir əmrlə qovuşdurar Tanrı bizi.
Ancaq özü yubandırır,
Ölçsün deyə həsrətdəki səbrimizi.

Qovuşmağa nə var axı?!
Ya Günəşdə, ya yağışda,
Ya baharda, ya da qışda
rastlaşdıqmı barışarıq.
Bilərəkdən barışdırmır tale bizi,
Qorxur yenə dalaşarıq.

Qovuşmağa nə var axı?!
Bir zəng ilə üzr belə yetə bilər.
Bircə kəlmə danışdıqmı üzlər gülər.
Amma arzu yubandırır,
Deyir birdən qovuşduqmu ümid bitər.

Qovuşamağa nə var axı?!
Girsə bir dost aramıza,
barışdırsa bitər hər şey.
Zaman bizi ləngidir ki,
Tez olmasın bu qovuşma göstərək səy.

Qovuşmağa nə var axı?!
ayrılıqda lap çox sevir sevgililər.
Həsrət, hicran dağ çəkdikcə
daha da bərk möhürlənir sevən qəlblər.
Birlikdə qopmaq qorxusu,
ayrılıqda ümid yaşar.
Elə bütün ayrılıqlar qovuşmaq ilə başlayar.

6) Tanrım!

Tanrım, qollarıma güc ver, təpər ver,
Səninçün şükürdən yerə enməsin.
Önümdə elə nur aydınlat ki, Sən,
Gözüm nurdan başqa heç nə görməsin.
Ümidi, arzunu bitirmə məndə,
Son günə, anadək duada olum.
Gəlib yetişincə əcəl zamanım,
Sənin hüzurunda, səcdədə ölüm.
Divar çək, möhürlə bütün çevrəmi,
Günahın ətri də mənə çatmasın.
Əgər bəd əməlsə döyən qapımı,
Dondur qollarımı qapı açmasın.
Ruhumu canımdan elə çıxar ki,
Bəxtimin  gözləri burda qalmasın.
Əməlim ruhumu qərq etsin nura,
Dar məzar otağım zülmət olmasın.
Niyyət, əqidəmi saf, dürüst elə,
Mələklər haqqımda günah yazmasın.
Zülmündən qorxduğum cəhənnəmində,
Bir an da qalmağa suç tapılmasın..

Комментариев нет:

Отправить комментарий