13.05.2013

Taleh Eminoğlu - Ümid küçəsi

Təbriz
                               
(Cansız şəhərlər silsiləsindən)

Təbriz torpağı verin bir ovuc,
Xarıbülbül əkim.
Təbriz havası verin ciyər dolusu,
Cənnəti hiss edim.
Təbriz suyu verin bir udum,
Zəmzəmi dadım.
Təbriz alovu verin bir məşəl,
Üsyan tonqalın yandırım.
Xiyabani nəvələri
zindanlara atılır,
Səttərxan nəvələri
kəndirlərdən sallanır,
Rzaxan nəvələri

əldə qamçı meydanlarda
at oynadır.
Çörək göndərməsənizdə
salam göndərin,
Təbrizli şairin
balağı cırıq şalvarlı,
yetim övladına.
Ana deyin, bacı deyin
Təbrizli şairin,
çadrası tək bəxti qara
dul xanımına.
Arazın sularında ayağınızı yumayın –
Səmədin ruhu bulanmasın.
Azad edin Səhəngin qarabalığını,
evinizdə balıq saxlamayın.
Aya deyil, Təbrizə baxıb
salavat çevirin,
Təbriz kutsaldı Məkkə qədər
“şeirlər şəhəri” deyin.
Təbrizdi Allahın ən çox sevdiyi
və unutduğu şəhər.
 Dərddən xoşbəxt olanlardı,
Təbrizli şairlər.
                                                             
Ümid küçəsi

Nə sən mənsizliyin
ortasındasan,
nə mən sənsizliyin
astanasında.
Ümid küçəsində veyillənirik,
hər şeyin günahın Allahda görüb,
dodaq altında gileylənirik.

Bir dəfədə belə olmuşdu

Qaçsam, qaçsam
küçələnsəm ardınca
çatarammı?
Qaçsan, qaçsan
küçələnsən qovarammı.
Əsla.
Qova bilməm.
Nə səkilər tab gətirər,
nə ayaqlarımız,
tıncıxar nəfəsimiz,
dizlərimiz titrəyər.
Bir dəfədə belə olmuşdu,
eşq ardınca qaçanda.
Yeni səki daşları döşənər,
işıq dirəkləriqoyular,
yeni dilənçilər gələr yollara,
yalnız biz köhnə qalarıq.
Bir dəfədə belə olmuşdu,
eşqə çatıb yenidən uzaqlaşanda.
Küçələn,
küçələnim,
küçələnək eşqə doğru.
Bir dəfədə belə olmuşdu...

Məmur

Şəhid məzarına gül qoyan məmur,
düşündünmü ki, niyə şəhid deyilsən?
Qarabağ əlilinin əlini sıxan məmur,
düşündünmü heç:
sənin haqqını yeyən məmurun
əlini sıxardınmı?
Qucağında bir ovuc tum,
bir qutu siqaret satardınmı?
Qolların olmasada
“savaş olsa döyüşərəm” deyərdinmi?
Ayaqların yerə dəyməsədə
bu torpağı sevərdimi?
Yox...yox...yox...
Sən öyrəşmisən arvadını
kimlərsə qorusun,
qarnını kimlərsə
doldursun.
Sən öyrəşmisən palaz kimi
ayaq altda sərilməyə,
yaşda kiçik rəhbərinə
“atam, atam” deməyə.
Sən busan bu…
Qrabağ əlilinin olmayan
əli, qolu,
satdığı bir qutu siqareti
və bir ovuc tumu.

Комментариев нет:

Отправить комментарий