İbrahim Sel
Multfilm-opera
JURNALI, YƏNİ GİRİŞ HİSSƏSİ. Mən məşhur olacaqdım. Yazılarım bütün jurnalları, qəzetləri, saytları bəzəyəcəkdi. Fikirlərim dildən-dilə gəzəcək, ideyalarım gəncliyin vuran əlinə çevriləcəkdi. Sel mənim zəif nöqtəmi də tutmağı bacarırdı: o qədər çoxlu qız pərəstişkarım olacaqdı ki hansını hansı tində tutsam, elə oradaca divara dirəyib işini verəcəkdim. Bundan da gözəl həyat, insan riqqətə gətirən hal ola bilərdimi? Əlbəttə ki yox! Yaşasın Şan-şöhrət!
Həyatımı dəyişəcək, məni əhatə edən adilikdən, təkrarçılıqdan, bayağılıqdan canımı qurtaracaqdım. Bax beləcə, Sel hər içəndən-içənə məndə hekayə yazmağa dəhşətli həvəs oyadırdı. Bu vaxtından əvvəl qocalmış, gündə üç kitab oxumağı barədə şayiələr dolaşan arıq cüvəllağı mənə bir dünya ümid verirdi. Əl-qolunu ölçə-ölçə danışırdı: “Sən dahi olacaqsan, dahi! Hamı səndən deyəcək, hamı səni oxumağa girişəcək, ömründə kitab üzü görməyən qarımış qızlar belə masturbasiya ilə bağlı anları tutmaq üçün bukinist mağazaların vitrinlərdən sənin adını axtaracaqlar”. Həmişə dəbdən bir neçə il geri qalan paltarlar geyinirdi, gözləri şeytan gözləri kimi parıldayırdı, qəddi-qamətinə yaraşmayan bir enerjiylə aşıb-daşırdı. Söz axtaran zaman əliylə saçlarını qarışdırırdı, odur ki zülfləri çox pərişan halda idi. “Hətta avanqarda meyli olmayan qocaman yazıçılarımız belə əsərlərini redaktə eləyən arvadlarından gizlin səni balışlarının altından çıxarıb oxuyacaq, bəzi cümlə quruluşlarına həsəd aparacaq, bəzi ibarələrini isə bloknotlarının ağ yerlərinə köçürəcəklər. Plagiatçılar və təqlidçilər sənin adda-budda hekayətlərinə yiyələnib yazdıqları qondarma romanları oxuculara sırıyanda, sən müsahibələrində onları ətinə daraşmış hanniballar adlandıracaqsan. Sənə nifrət eləyən, hər yas məclisində Axundovun və sənin ruhuna lənət oxuyan mollalar belə yeknəsaqlıqdan bezəndə səni öz yeşiklərinin dərin küncündən tapıb çıxaracaq, tozunu siləcək, bəzi yerlərinə göz gəzdirib pıqqıldayacaqlar: “Kişi düz yazıb dəə!”. İnan mənə! Dubaya pul qazanmağa getmiş zərif xanımlarımız belə vətənə dönən sutenyorlarına qayıdanda sənin kitablarını gətirməyi xahiş edəcəklər, həqiqi sözümdü! Sən təki yaz. Yaz, İboş, durma, yaz!»
-Tay nə yazım e?! Məgər şeirlərim xoşuna gəlmədi?
-Nə şeir? Şeir vaxtıdı, a bədbəxt? Şeiri gerizəkalı xalqlarda daha geniş yayılır, inkişaf etmiş xalqlar roman yazır! Bəri tərəfdən baxanda, heç romanın da yeri yoxdu. Çezdi. Məncə, romanı qadağan eləməyin vaxtı gəlib çatıb. İnternet bumu baş alıb getdi, indi uzun şeylər oxunmur. Vaxt qıtlığı da öz yerində, xalqı yormaq lazım deyil. Qısa, lakonik şeylər yaz. Janrları qarışdır bir-birinə, nəsə kaşa yarat, ancaq dəhşət maraqlı olsun. Tarixi şeylər yaz, sən öləndən sonra min il də yaşasın. Firşteyn? Ancaq səni and verirəm o biri olana, itirilmiş torpaqlarımıza ağu yazmağa girişmə sən də! Yurd həsrətinin şoru çıxıb. İndi ondan hər yerindən duran gicdırnaq da yazır. O günləri biri də çıxmışdı ortaya: “Qaytarın torpaqlarımı!”. Pah, baba dedi, nəvə də eşitmədi, heç elə də iş olar?.. Nə edirsən et, nou-xau yarat, janrsız janr, mənçün maraqlı olan bilirsən nədi? Son temamız nə idi? Eşq və məhəbbət tarixi. Yaz. Ancaq yox, bu da girmir… O gün başlamışdıq- tarixdə eşq və pul iztirabları. Bax bu temadı, işləyəcək. Necə, bacararsan?
-Nə bilim, baxaram. Voobşe-to, məndə cürbəcür materiallar çoxdu...
-Material lyuboy ölüvayda olur, baxır sən onu qablaşdırıb, klientin qabağına necə qoyacaqsan… Bildin də Fərhadoğlu neylədi? Düz bir ilə yaxın onu bizlədim, axır ki bir qaralamalarını gətirib atdı üstümə, xəttini də anlamaq olmur. Baxıb görürəm ki, arvadları tərəfindən çərlədilmiş dahilərin həyatından esse yazıb kişinin oğlu, özü də nə gündə! Sən ona oxşama, qaqulik, çalış duzlu-zəncəfilli yaz. Məzən olsun bir az!
-Söz verə bilmərəm, ancaq çalışaram ki sudan quru çıxım.
-Sudan çıxa bilərsən, Seldən yox… Eşitmisən də, düşmə Selin caynağına qoy aparsın, yuxular səni…
-Olur, olur… - qabağımdakı boşqabdan duzlu xiyarı qırıb ağzıma tullayıram və bu melanxolik adamın qəribə maneralarına diqqət kəsilirəm.
-Ay gicbəsər, mən sənə konkret tema verirəm. Bu Samirlə düz üç ilə yaxındır əlləşirəm, amma onu adam edə bilmədim! Hər gələndə bir kitab atır ortaya, yalan olmasın pakrışka qalınlığında, baxırsan axırıncı səhifəsində xırda şriftlə yazılıb: “Çevirəni Samir Bulut”. Sənə lazımdı bu? Gəl real işlə məşul ol də, hamı əkişdirir yazır, sən də yaz… Məgər on ildən sonra Da Vinçinin kodunu üç cilddə oxuyan sənin dədənin goruna salavat çəkdirəcək? Sən bu milləti tanımırsan?… Bir də ki əsas ibarələrə fikir ver. O gün dedik, yeni erada artıq “daş qəlbli”, “daş ürəkli” kimi ifadələr işlədilməyəcək; məsələn, “onun ürəyi dördbucaqdı”- necədir səninçün? Və yaxud “onun qəlbi başdan ayağa kompüterdi”- belə də yazmaq olar. Və yaxud o gün bir qocaman virtual oyunçu ölmüşdü, kompüter salonunda bir ifadə işlətdilər, heç yadımdan çıxmaz: “Rəhmətlik yaxşı kişiydi, “Alkatras”ı başdan-ayağa keçirdi”. Qeyd elədim onu da.
Selin yaxınlıqdakı kolluqda oynayan oğlu bizə tərəf qaçdı, qaçarkən ayağı taxta stula ilişib yıxıldı. Sel stulu “Ak, ak, ak!” döyəcləyərək, oğlumun ayağına nəyə görə ilişdiniz, deyə soruşdu. Uşaq qəfil ağlamağını kəsdi, lakin Sel üzünü bəri tərəfə çevirən kimi yenə başladı. Sel qımışdı: “Bunuynan bacarmaq çətin işdi”.
Elə bu dəmdə küçədə kimsə qışqırdı: “Saat çoxdan yeddini keçib…” “Aman allah! Çoxdan?..”- bu düşüncələrlə əlimdəki çəngəli mizin üstünə atıb ayağa qalxdım.
-Get, get, bilirəm Emil səni gözləyir. Ona məndən salam de,- Sel mənə tərəf dönüb gülümsündü. Başımız söhbətə elə qarışmışdı ki Emillə saat yeddidə görüşəcəyimi unutmuşdum. Telefonumsa yadımdan çıxıb evdə qalmışdı. Bir tərəfdən də bu küçədəki səs… axır vaxtlar Həmid Herisçisayağı hər şeyə xüsusi məna verməyə başlamışdım. Sellə əlaqəyə girəndən sonra həmişə baş verənlərdə bir qəribəlik, bir sirlilik görürdüm, hansısa təsadüflərin, kənar amillərin təsirini axtarırdım. Bu adamda nəsə bir iblisanəlik var…
Darvazaya yaxınlaşanda arxamca qışqırdı: “Bir də yadında saxla, məndə Məcnundan füzun oxumaq istedadı var! Sırğa elə…” Barmağı ilə qulağını döyəclədi.
Qapını aralayıb küçəyə çıxdım. Küçənin tinində uzaq səfərlərə masın qovan surucu mobil telefonla əl-qolunu ölçə-ölçə haraylasa ucadan danışırdı. Bir neçə cavan oğlan darvazanın ağzına yığılmıs kartof kisələrini onun maşınına yükləyirdilər. Trasın qırağı ilə fikir içində addımlamağa başladım.
Yolun kənarındakı çayxananın yanında ayaq saxlayıb siqaret yandırdım. Cavanların bir çoxu bekarçılıqdan nərd atır, kasıbçılıqdan gileylənirdilər. Səma və yer arasında çırpınan yazıqlar yolun bərbad vəziyyətindən, araqların girdirmə olmasından, yeni nəsil qızların razrezindən, bizdə yayımlanan türlü-türlü seriallardan, bir də ANS-in gecə birdən sonrakı həyati səhnələrindən ağızdolusu danışırdılar. Bədənim ürpəşdi, evə tələsdim. Qoy onlar bekarçılıqlarını öldürməyin qayğısına qalsınlar, mənsə yazmalıyam. Sellə son söhbətlərimdən sonra tam qəti fikrə gəlmişdim: mənim həyatda yeganə missiyam budur: yazıb-yaratmaq!
Qulaqbatırıcı siqnal səsinə diksindim, asfalt yoldan sıçrayıb kənara çıxdım. Dönüb baxdım, “Qaz-53” maşınını idarə edən yaşlı bir kişi kabinədə nəsə söyə-söyə yanımdan şütüyüb keçdi. Məni söyürdü. Off!.. Qurtulduq! Əclaf qoca, kormusan-nəsən? Sel vaxtı çıxmış qocaların hamısını nəyə görəsə Xanış adlandırır…
Bircə bu çatışmırdı! Xristos yaşına çatmışam, başıma hər bəla gəlmişdi, bircə “Qaz-53” maşınla vurulmağım qalmışdı…
Yoluma düzəlib yenə də siqaret yandırdım. Məni maşın vurduğunu təsəvvür edib gülümsündüm. Yəqin ki ANS-dən də gəlib çəkəcəkdilər. Görəsən Xanış kişini də danışdırardılarmı? Təxminən belə: “Əşi, məndə nə günah var, Allahın işidə də… Allaha qurban olum, bilə-bilə vurmadım ki. Ömrü bura qədər imiş! Hərə bu cür ölür, o rəhmətlik də mənim payıma düşdü”. Və kadr arxasından sinif yoldaşım Fətişin səsi: “Allah sənə rəhmət eləsin, İboş…”
Selin redaktorluq etdiyi “Protez orta barmaq” qəzeti yəqin ki xüsusi canfəşanlıq göstərərdi: “Hadisəni ümumilli dönər gününə qurbanlıq qoyun daşıyan 80 yaşlı Xayanış kişi törətmişdir. Onlar həmişə belə olublar,-yüz il, min il qabaq da- təzə, yeni nə varsa, hamısını rüşeymindəcə boğmaca çalışmışlar…” Onlar belə şeylərdə ustadırlar.
***
ÖZÜ. Pul bölümünə girişək. Tarixdə bu barədə bildiklərinizi bir-bir sadalayıb zəhlənizi tökmək istəmirəm. Onsuz da hər şey aydındır. Bircə onu deyək ki pul qamarlamaq həvəsi bizim bu hörmətli bəşəriyyəti sarsıdan ən güclü ehtiraslardandı. Və bu güclü ehtirası dövlət çox vədə öz xırda məqsədləri üçün çox əla istifadə edə bilir. Məsələn, dövlət canisini tutmaq gərək olanda onun başına məzəndə qoyurlar. Tarixin az qala hər səhifəsində bu və ya digər kəlləyə qoyulan məzəndəni görürük.
Roma diktatoru Sulla (eramızdan əvvəl 83-cü il) hakimiyyəti ələ keçirəndən sonra, rəqibi və düşməni Marinin bütün tərəfdarlarını məhv etmək əmri verib. Həyata və insan xislətinə yaxşı bələd olan Sulla heç kəsin canını qurtara bilməməsi üçün hər baş üçün çox yüksək qiymət qoyubmuş. Elan edib ki, hər bir qətlə yetirilənçün on iki min dinar (yəni, qızıl pulla beş min) məbləğində mükafat verəcək. Bu yüksək qiymət vətəndaşları elə cuşa gətirib ki qatillər dəqiqəbaşı Sullanın evinə gəlib kəsilmiş başları təqdim edirmişlər.
Amma yarım əsr sonra (bizim eradan əvvəl 43-cü il) kəsilmiş başların məzəndəsi elə sıçrayıb qalxdı ki dünyasında belə şey olmamışdı. Yuli Sezar öldürüləndən sonra Roma konsulu Mark Antoni üç yüz senatoru və iki min atlını qətlə məhkum edib. Sulla kimi o da elan edib ki siyahıdakıları ən qısa müddətdə öldürənlərə çox yüksək məbləğdə pul veriləcək. Doğrudan da, qiymət çox yüksək qoyulmuşdu- iyirmi beş min dinar (səkkiz min manat). Sahiblərini öldürən qullara ancaq üç min dinar boyun olunurdu ki, çox da qudurmasınlar, hədlərini bilsinlər. Bundan sonra nə baş verdiyini təsəvvür etmək çətindir. Oğullar atalarını öldürürdülər, arvadlar yatan yerdə ərlərinin başını kəsirdilər. Borclular küçədə borc aldıqları adamları tutub məhv edirdilər. Qullar da geri qalmırdı, sahiblərinin canlarını alırdılar. Küçələrdə qan su yerinə axırdı, axı qiymətlər çox yüksək idi. Əgər dövlət axır ki buna son qoymasaydı, millət bir-birini qırıb qurtaracaqdı.
Amma tarix bundan da yüksək məbləğdən xəbər verir. Romanın ən böyük natiqi Siseronun başının məzəndəsi əlli min dinar imiş. Onun kəsilmiş başı təntənəylə masanın üstünə qoyulubmuş. Mark Antoninin quduz arvadı Siseronun dilinə sancaq batırıb: “İndi qoy danışsın”- deyib.
***
ÖZÜDÜR Kİ VAR! Amma pul bir yana dursun, təbiətin bizə bəxş etdiyi duyğulardan ən başlıcası məhəbbətdi. Hər halda ölüm ayağında böyük təəssüf hissilə ayrıldığımız duyğuların ən vacibi sevgidi. Fransız şairi Müsse deyir ki bütün başqa hisslər eşqin yanında cılızdı. Belə deyəndə, əlbəttə bir az hissə qapılıb, daha dorusu, lap ağ eləyib. Həm də axı, bunu fransız deyir, fransızlar da ki bizim kimi yanıq şeylərdi. Müsse də yəqin arvadbazın biriymiş, odur ki ağzına və ağlına gələni danışıb getsin. Deyirlər ki bu fransızlar axşamlar bulvara çıxanda gözəl qızlardan başqa heç nə görmür, özü də onları “cücələr” adlandırırlar. Lap bizdəki kimi.
Gəlin yenə də tarixin dərinliklərinə dalaq. Məsələn, belə məzəli bir əhvalatı yada salaq. Bu əhvalat çox xoşuma gəlir, çünki səciyyəvidir. İvan Qroznının (Qorxunc İvanın) dövrünə aiddir. O vaxt Rusiyaya Almaniyadan bir hersoq gəlibmiş- Qolştinski. Məlum deyil ki bu zat Almaniyada nə işlə məşğul olurmuş. Rusiyaya gəlməkdə isə məqsədi siyasi mülahizələrə görə, IV İvanın qardaşı qızı ilə evlənmək imiş.
Əlqərəz, gəlib çıxır. Yəqin ki bər-bəzəkli, güman ki ipək şalvarda… Bantlar, lentlər, filan… Böyründə şpaqası. Belə qırmızısifət, sarı bığlı… Olsun ki içki düşkünü, naqqal…
Bəli, gəlir Rusiyaya, əvvəlcədən hər şey razılaşdırıldığıyçün (sözün uzunluğuna görə üzr istəyirəm) dərhal toy günü təyin olunur. Yəqin ki mərəkə başlanır. Çağır gəlsin Əjdər əmi… Arvad-uşaq ora-bura qaçışır. Toyuq-cücədən, donuz-filan kəsirlər. Gəlini hamama aparırlar. Təzə bəy gəlinin atasıyla oturaraq araq qovur. Özü də yəqin basıb kəsir- bağ belə, bostan belə… yəni ki bizim Almaniyada… biz hersoqlar ki var… qabağımıza çıxan yoxdu… filan-bəsməkan.
Və gözlənilmədən çox kədərli bir hadisə baş verir. Gəlin qəflətən ölür. Demə, yazıq, biçarə hamamdan çıxanda soyuqlayıb, sətəlcəm olub, üç günün içində canını tapşırıb. Təzə bəyin təbii ki halı pərişan olur, davlennisi-zadı qalxır, axı N qədər xərci çıxıb. Nə başınızı ağrıdım, əli ətəyindən uzun, öz Almaniyasına qayıtmaq istəyir. Baş tutmamış təzə qohumlarıya vidalaşarkən birdən ona deyirlər:
-Hersoq qardaş, getməyə tələsmə. Bəxtin gətirib ki bizim bir qızımız da var. Ölənin bacısı. Düzdür ondan böyükdü, sifətcə də… o qədər də yox… ama axı siz də basa-basa Almaniyadan o boyda yol gəlmisiz, əli ətəyindən uzun qayıtmayacaqsan ki… Qarıyıb qalıb, Allaha da xoş gedər… Bax gör nə eləyirsən də…
Hersoq:
-Day nəyə baxacam, tarısızın balası- deyir,- bunu əvvəlcədən deyərdiz də. O olmasın, bu olsun.
-Razısan?
-Razıyam! Gətirin görüm nə mənə şeydi.
Bir sözlə, yas məclisi qurtarar-qurtarmaz dambadurum başlayır.
Başqa bir hadisə isə düz qulağımızın dibində, İranda baş verib. Məşhur Kirin oğlu Kəmbiz Misir fironu II Amazisin (eramızdan 529-cu il əvvəl) qızına elçi salır. Özü də qızı görüb-eləmədən elçi göndərir. Çünki o vaxt İrandan Misirə getmək asan iş deyildi. Gərək cırhacır istidə düz bir ay yola çıxıb yarımcan olaydın. Amma Kəmbiz eşitmişdi ki, Misir fironunun qızı qeyri-adi gözəlliyə malikdi, eşq vurmuşdu təpəsinə.
Beləliklə, dədəsi dünyanın yarısını tutmuş İran şahı Misirə elçilərini göndərir. Yeganə qızını çox sevən firon onu uzaq diyara buraxmaq istəmirdi. O biri tərəfdən də qüdrətli İran hökmdarını narazı salmaqdan qorxurdu. Qarşıya yenə də tarixi bir sual çıxır- nağayırmalı? Əlqərəz, belə bir fənd işlədir- ən gözəl kənizlərindən birini öz qızı adıyla İrana göndərir.
Tarixdən bəllidir ki Kəmbiz bu qızla evlənib çox xoşbəxt yaşayırmış. Hətta kənizin gizlicə Misirə- padşahın qızına həddən artıq xoşbəxt olması barədə yazdığı məktub da saxlanılır. Həmin məktubu bizim uşaqlar qədim Misir dilindən müasir azəricəyə təxminən belə tərcümə etmişlər:
mən padşahın sevgilisiyəm
padşah özü gəlir yatağıma
və soyunmağıma tamaşa edir
o deyir
bu yeni bir iş yeri deməkdi
neft olmasa təyyarələr uçmaz
onun əlləri uçur çılpaqlığımda
desəm inanmazsan
enmə zolağına beş saatlıq bir yol vardır
nə olsun padşahdı
o mənim bədənimə əl açıb dilənir
hər iki döşümü ovuclarına qoyuram
Məktubdan da göründüyü kimi qız çox, həddən artıq mutluymuş, orqazmo dolu anlar yaşayırmiş. Padşah qızı çox sevirmiş, amma təsadüfən bir gün yalan açılanda amansızlıqla arvadını öldürür və qoşununu toplayıb Misirə hücuma keçir.
Biz bu hadisəni belə təsəvvür edirik. Demək ki, Kəmbizlə arvadı təxtin üstündə əyləşib, mazaqlaşırlar- arada viski içib xurmayla zakuska edirlər. Bir gömbul fars arvadı da başlarının üstündə dayanıb yelpic yellədir ki, yeyib-içməyə milçək qonmasın. İran şahı Kəmbiz bir-iki stəkan şerri-brendi başına çəkəndən sonra, sevgi dolu gözləri ilə arvadını süzür, ona cürbəcür şirin sözlər deyir, tutalım bax belə: ah mənim misirli gözəlçəm, zayka, rıbenka, Misirdə nə var, nə yox? De, görüm papanı çox istəyirsən, mamanı? Papan firon yəqin səni çox əzizləyib, lap ərköyün böyüdüb, hə? Düzdü də, sənin kimi şirin-şəkər qızı necə əzizləməyəsən? Elə mən də səni görən kimi bir könüldən min könülə aşiq oldum, papa canı düz sözümdü. Duruşuna, yerişinə quzu kəsim, sən əsl şah balasısan!
Bu zaman qız da öz qadın cazibəsinə çox arxayın olub, ya qadın qəlbində nə isə baş verib, kim bilir, hər halda gülə-gülə: - İşə bax e,- deyir,- fironun qızı indi Misirdə oturub özüyçün. İran şahı da məni sevir- adicə kənizi. Məhəbbətin qüdrətini mən belə bilməzdim, ana…
Bundan sonrakı səhnəni təsəvvür edəndə adamın tükləri biz-biz olur.
Yəqin ki Kəmbiz heyvan kimi böyürüb. Yüz faiz! Bir tuman-köynəkdə sıçrayıb təxtindən qalxır. “Vay ana! Yandım ana, öldüm, ana!” Şap-şupunun bir tayı ayağından çıxıb düşür. Ağzı əyilir, əlləri titrəyir, kənizin yaxasından yapışır. Fars dilində:
-Necə?- deyir.- Qancığın qarnından çıxan, bir də təkrar elə, nə dedin? Basın bu qəhbəni on beş sutkaya. Tez daxili işlər nazirini bura çağırın, oformit eləsin.
Özünüz də bilirsiniz ki padşah oldun kefdi; farağatda dayanan nökər-naib daim “başla” əmrinə müntəzirdi. “Başla” əmrinin işarəsi çox məşhurdu el arasında. Belə ki sağ əlin baş və şəhadət barmağını bir-birinə çəkmək bu əmrə müntəzir qulların coşmasına bəs edir. Elə həmin axşam nazirlər kabinetinin növbədənkənar müşavirəsi keçirilir. Nazirlər hərəsi bir tərəfdən qaçıb gəlirlər. Yığıncaqda çıxış edən şah heç cür sakit ola bilmir- heç belə də təhqir olar? Yerin-göyün hökmdarının heysiyyatını bu dərəcədə alçaltmaq olar?
Gecə yarısı tonqal qalanmış meydanda kənizin başı kəsiləndən sonra, Kəmbiz səhərə kimi nazirlərlə məsləhətləşmə aparır. O yan-bu yana gedə-gedə, əl-qol ataraq söyüşlər yağdırırmış. Yaman həyəcanlı imiş.
-Bu Misir fironu nə oğraş adammış, ə,- deyirmiş.
Nazirlər də köks ötürüb başlarını bulayırlar. Bir-ikisi isə gizlincə bir-birinə göz vururmuşlar, çünki içlərində Misir fironuna işləyənlər də var imiş.
-İndi, cənab nazirlər, belə təhqirdən sonra mən neyləməliyəm? Bu gözüynən görmüş dəyyusun üstünə qoşun çəkim, ya yox?
-Olar, əlahəzrət. Necə məsləhətdi, o cür də eləyək.
-Amma o it oğlu it, çox uzaqdadır axı… Misir hara, Afrika hara… Gərək bir xeyli yol gedəsən… Özü də cırhacır istidə. Problem olmaz?
-Eybi yox, əlahəzrət, qırılan qoşundandı. Qoşunun hamısı da olmasa, əlbət yarısı gedib çatacaq, ya yox?
Kəmbiz heç cür sakit ola bilmirdi:
-Mənsə onu necə də oxşayırdım, tumarlayırdım… Elə bilirdim ki, fironun qızıdı, sevirdim e onu… sən demə… min kişinin altında yatıbmış… Nədi, cənab nazirlər, yəni mən o günə qalmışam ki firon qurumsaq öz qotur qızını mənə layiq görmədi? Çox lazımmış sənin friqid qızın mənə… Pay atounan, ancaq yaman atdı haa! Atdı mənə, atdı kopolun qızı!..
Xarici işlər naziri gülüşünü içində boğaraq ciddi səslə:
-Əsas odur ki əlahəzrət, bütün dünyada biabır olmuşuq.
-İş elə bundadır da. Yaxşı, mən neyləyim indi?
-Pis odur ki, əlahəzrət, bu tarixə düşəcək. Yəni İran… Kəmbiz… gör ona kənizi necə soxuşdurublar.
-Sən də it oğlu it, mənim qanımı niyə qaraldırsan e? Onsuz da beynimin çönən vaxtıdı. Gedin, tez qoşunu yığın. Misiri yer üzündən silək getsin.
Bir sözlə, Kəmbiz qoşunuyla Misirə yola düşdü, çatıb bu ölkəni yerlə-yeksan etdi. Amma firon Amazis bu vaxt artıq dünyasını dəyişmişdi. Onun qardaşı oğlu Psemattix aqibətinin necə olacağını yaxşı bildiyindən vaxtında intihar edibmiş.
O ki qaldı fironun gülməşəkər qızına, tarix onun barəsində heç bir məlumat vermir…
***
SON, YƏNİ YUXUM. Yanğınsöndürən maşının siqnalı eşidildi. Qələm tərli əlimdən yerə düşdü. Sağa-sola göz gəzdirdim, sonra yenə irəli cumdum. Bir az geridə əlində çəlik olan qoca bir qarı izdihamı zorla yararaq cır səslə çığırırdı: “Ora… o tərəfə qaçdı…” Büdrəyib az qala yıxılsam da, qəddimi düzəltdim, baş götürüb qaçdım.
Qabaqda balaca bir oğlan uşağı velosipedin buynuzundan yapışıb minmək istəyirdi. Ona çatınca qolundan yapışdım, bir kənara fırladıb velosipedin belinə sıçradım; bu hərəkəti birnəfəsə, öz qaçışımı bircə saniyəlik də olsa büdrətmədən yerinə yetirdim.
Velosipedin nə zəngi, nə də siqnalı vardı. Oturacağı yuxarı çəkilmişdi, təkərlərinə bir neçə iri tikan batıb qalmışdı. Qabaqda qaçan Selə çatında velosipedin sürətini yavaşıtdım. Selin tər basmış sifətinə tərəf tüpürüb qışqırdım: “Sən elədin, sən! Lənətə gələsən!” Sel dayanıb təngənəfəs halda əllərini dizlərinə qoydu.
Sürətlə döngəyə girdim. Dalan iki evin arasındaydı, bir tərəfinə taxta hasar çəkilmişdi. Bir tərəf aydın görünsə də, digər tərəfdə hündür kubik hasar vardı. Dalan gözlənilmədən dəmir darvazaya dirənib qurtardı, onun arxasında geniş bir otlaq, ondan bir az aralıda isə xəndək, rayon mərkəzinin sərhəddi görünürdü. Lap aşağıda, xəndəyin dibində bitən hündür ağacların təpəsi torpağın üstündən zorla sezilirdi. “Eh, yanıldım” astaca pıçıldadım, daylıyca isə pis bir söyüş söydüm, yadımda deyil. Velosipedi bayaq çıxdığım küçəyə sarı qovdum. Yanğın siqnalı artıq zəifləyib avazıyaraq yenidən qulağımın azca eşidə biləcəyi səsə çevrilmişdi. Velosipedim sərt bir qövs cızaraq küçəyə sıçrayanda yenə də Seli gördüm; kütləni yayındaraq tamam əks tərəfi göstərir: “O döngədən buruldu! Ora, o tərəfə qaçdı!”- bağırırdı. Lakin arxada qaçan və tini burulmağa macal tapmamış bir neçə nəfər məni gördülər, düz üstümə götürüldülər. Velosipedi fırladanda gözümün ucuyla sürətlə gələn maşını da gördüm. Pedalı var gücümlə fırlatsam da, maşın məni haqladı, içindəki bir neçə gözəl qız başlarını mənə tərəf uzadıb birbaşa donuq, irəliyə dikilmiş sifətimə çığırmağa başladılar. “Avtoqraf ver!- onlar qışqırırdılar.- Ey gözəl oğlan, eşidirsən? Onsuz da əlimizdən qaça bilməyəcəksən. Eşidirsən, bir anlıq dayan, avtoqraf ver!” Susurdum, cavab vermirdim. Heç başımı qaldırıb onlara tərəf baxmırdım da. Maşın yanımdan ildırım kimi ötüb sonra sürətini azaltdı; indi də mən maşını ötüb keçdim- sürətlə, havada süzən quş kimi, səssizcə. Maşın yenə sürətini artırdı, məni ötüb keçdi, maşındakılar başlarını uzadıb qabağa baxırdılar. Mən də sürətlə, səssizcə, xəyalata xas bir yüngüllüklə, Taleyin cəng arabası kimi yenilmədən, usanmadan, qətiyyətlə irəli şığıyırdım. Arxadan yenə də yanğın siqnalının yavaş-yavaş yüksələn səsi eşidildi.
Təxminən saatda 50 kilometr sürətlə gedirdim. Başdan-ayağa kərpic rəngli geyinmiş bir qaqaş telefonunda yüksək səslə bayağı musiqiyə qulaq asırdı. Uzaqdan onu çəpəki süzdüm, cibindən cib bıçağını çıxardı, başladı dırnaqlarının altının çirkini təmizləməyə. Mesaj alınmışdı! Tərli, pörtmüş sifətimi ondan çöndərdim, qoydum üstə. Pedala qaz verdim. Sürət daha da artdı.
Bu nədir? Pedalı basdıqca dizlərim daha da ağrıyır.Bədənim yorulduqca süstləşirəm. Bir çəllək şərab içmiş kimiyəm, ayaqlarım ağlıma uzlaşmır. Nə qışdır, nə qızmar yay. Nə payız, nə də yaz yağışları var bu gün. Üstümdə olan nazik paltarlarım qalın xəz dəri qədər nəfəsimi kəsir, üstümdə olmayanları yerə atıb qışqırmaq istəyirəm. İnsanların gözünə baxıb orda bir anlıq məsumiyyət görmək arzusuyla bütün sahibsiz küçələri dolaşmaq istəyirəm... Amma tanış küçələrdə itmirəm, bütün kiçik yollar eyni böyük yola çıxır...
Tam sürətlə başqa bir dalana girdim, arxaya baxdım, maşın artıq görünmürdü. Sakit, daş kimi, tərpənməz sifətim hələ də gerçəkləşməyən arzumun məmnunluğuna, qaşqabaqlı, biganə bir sevincə bürünmüşdü. Bu dalan birincidən daha kələ-kötür, daha uzun idi. Onu sürətlə keçib, çılpaq təpəciyə çıxanda velosipeddən cəld yerə sıçradım. Velosiped öz ətalət qüvvəsinin təsiri altında bir az üzüaşağı dığırlanıb, sonra yanıüstə yerə aşdı. Başımı qaldırdım, gözlərim önündə rayon mərkəzinin kənar sərhəddi boyu uzanıb gedən böyük bir dərənin gözəl mənzərəsi açıldı. Bu mənzərəni dərədə otlayan böyük bir mal naxırı zay edirdi. Otlağın sonunda təpələr görünürdü. Təpələrin ətəyində isə transfarmator qurğusu vardı. Arxadakı küçələrdən gələn yanğın siqnalının səsi yenə avazıyıb zəifləməyə başladı.
Dərindən nəfəs aldım, yenə də qaçmağa başladım. İldırım sürətilə irəli şığıdım, ancaq indiki qaçışımda nə tələskənlik, nə də canfəşanlıq vardı. Yox, əziz oxucular, özümdə zərrə qədər də olsun şöhrətpərəstlik, qısqanclıq, eqoizm hiss etmirdim. Artıq xəndəyin qırağına çatmışdım. Dərhal dayandım, yerində sinib qaldım. Yalnız bir anlığa duruxub qaldım, sonra isə sanki oyun taxtası üzərində hərəkət verən hansısa Oyunçunun buyruğuna kor-koranə itaət edərək, elə həmin qıvraq, iti sürətimlə yerimdən götürüldüm. Üzüaşağı xəndəyə doğru qaçdım. Daha sıx kolluqların arasıyla üzüaşağı cumdum, ancaq dərhal da əlimə keçən kol-kosdan yapışmağa çalışaraq, arxaya çevrilməyə çalışdım. Özümü bir təhər saxlayıb, təkrar üzüyuxarı qalxa bilənəcən yamac məni bir xeyli aşağı sürüdü. Sanki yorulmaq, usanmaq bilmirdim, qandan, candan yoğrulmamışdım- məni hərəkətə gətirən Təvazökarlıq bu dəfə yenidən mənə güc bəxş edirdi.
Nəfəsimi dərmədən qaçmaqda davam etdim. Artıq evimizin arxasına gəlib çatmışdım; irəlidə Selin hasarımızın üstündən necə tullandığını görə bildim. Kiçik bağçadan keçib düz qapıya tərəf qaçdım. Nəhayət artırmaya çatdım, içəri tullanmaq istərkən darvaza tərəfdən möhkəm səs-küy eşitdim. Bayaq məni ötüb keçən, sonra da gözdən itən maşın tormoz verib dayandı, darvazanın yarımaralı qapısından bu mənzərəni görəndə tüklərim biz-biz oldu. İçindən həmin o üç qız düşüb, izdihama qoşularaq həyətə doluşdular. Onları dəşhət içində seyr edib dəhlizə daxil oldum. Qıçlarım titrəyirdi, büdrədim, sonra dikəlib mətbəxə tərəf atıldım. Birbaş mətbəx qapısına doğru qaçdım, içəri girəndə qıçım stolun sınıq qıçına ilişdi, yıxıldım, üzü üstə yerə döşəndim.
Artıq nəfəsim həm həyəcandan, həm də qaçmaqdan tükənmək üzrəydi, kif iyi verən, yarıqaranlıq, andıra qalmış mətbəxdə üzü üstə döşəməyə yıxılıb qalmışdım. Qulağımı yerə söykəyib tappıltı səslərinə hakim kəsildim.
Dəhlizə soxulub dayandılar. Ağız deyəni qulaq eşitmirdi. Selin çığırtısı eşidildi. Diqqətimi cəmləyib qulaq asmağa çalışdım.
-Hansı otaqdadı?- kimsə qışqırırdı- Qoca, o hansı otaqdadı?
-Ay camaat! Allahınız olsun!- Sel möhkəmdən dilləndi.- Allahınız olsun! Onu o yazmayıb. Mən yazmışam, mən!
-Qoca, o hansı otaqdadır?- təqibçilər daha da qəzəbləndilər.
Bir anlıq sükut çökdü. Yəqin ki məni satdı.
-Amma Anar bilməsin!- Selin pıçılıtılı səsi eşidildi. Sonra nəsə tappıltıyla yerə dəydi, görünür Seli aşırıb yıxdılar. Bir azdan kütlə mətbəxin astanasında peyda oldu. Qapını taybatay açdılar, odur ki mətbəx amansız yay günəşinin işığına büründü. Pörtüb qızarmış, sanki hansısa halələrə ilişib havadan asılı qalmış cansız üzləri sifətimə dikilmişdi.
Dəhliz tərəfdən yarımcan hala düşmüş Selin: “Amma Anar bilməsin… amma Anar bilməsin!..”- zarıltıları eşidilməkdəydi. Təqibçilərin dəhşətli baxışları döşəmədə sərili qalmış cəsədimə zillənmişdi.
Var-gücümü toplayıb arxası üstə çöndüm. Qan-tər içərisində olsam da, sakitcə uzanmışdım, bir müddət onlara beləcə- dinc, dibi görünməyən, dözülməz baxışlarla baxdım. Onlardan biri boğuq səslə bərkdən çığırdı, dalın-dalın divara tərəf çəkildi. Mini yubkalı bir qız da “Boje moy!”- deyə qışqırdı və qaçaraq otaqdan çıxdı. İçlərindən gombul bir qız isə sinəm üstə əyildi, dizləri üstə çökdü, bir əli ilə yaxamdan yapışıb, bir əli ilə çiynindəki çantasını eşələdi:
-Dedim axı, heç yerə qaça bilməyəcəksən! Bizim əlimizdən qaçan olmayıb!
Əlindəki qələm və bloknotu mənə uzatdı:
-Sənə demədik ki, bizə avtoqraf verməmiş heç yana qaça bilməzsən? Tez ol, tərpən! Qarala.
Halsızlıqdan əsə-əsə dikəldim, əlimi qələmə tərəf uzatdım. Lakin kütlənin pıçhapıçından başım lap şişməyə başladı. Əlim havada asılı qaldı, gözlərim alacana-alacalana, huşumu itirməyə başladım. Rayon mərkəzi tərəfdən yanğın siqnalının, divarların bir qədər boğub zəiflətdiyi çığırtısı eşidildi; o, get-gedə güclənərək, qulağımın eşitmə qabiliyyətinin vara bilmədiyi həddə çatdı, orda itib-batdı.
***
AYILMA. Bilirdim ki çəkməsəm yazını sona çatdıra bilmərəm. Çıxan tənbəki tüstüsüylə iş arasında birbaşa asılılıq var. Öz rahat küncümdə oturub siqaretimi tüstülədirdim- tüstü burumlarıyla birgə əsl, bitkin cümlələr üzməyə başlamışdı. Həmin cümlələri tələsmədən klaviaturada tıklayır, arada başımı qaldırıb monitorda sözlərin sədəf kimi düzümünə fikir verirdim. Yazdıqca oxuyur, nəyisə düzəldir, sonra yenidən oxuyur, qürur duyurdum. Asanca diqətimi cəmləşdirib hər mücərrəd fikri anlaşılmaz möcüzəylə sözə və cümləyə çevirə bilirdim. Bəzən mənə elə gəlirdi ki alnıma miss lövhə də bərkidilib: “İ.Sel. Görkəmli Yazıçı”. Monitorun yuxarısına güzgü bərkitmək heç də pis olmazdı. Əla ideyadı!
Pəncərəni açıb otağa hava daxil etmək istədim, amma bu zaman qapını dəstəyi çıqqıldadı, o yenə otağa girdi.
Əclaf elə ilk baxışdan adama pis təsir edir. Mənfi enerji gəlir.
Yazıçılığa başlamağa qərar verdiyim gündən fikri-xəyalımdan çıxmırdı, rahatçılığımı əlimdən almışdı. Narahatçılığı cəhənnəm, az qala iyrənc, yaramaza oxşayırdı. Seyrək saçı kirpi iynələri kimi vız durmuşdu, sifətinin rəngi bozumtuldu, cılız bədəninə dama-dama köynək geymiş, ayağında Ostap Benderin məşhur tuflilərinə bənzər bahalı, ancaq sürtülüb çoxdan qırxı çıxmış şəpşəpilər vardı. Heyrətlənmiş halda onun arxasınca getdim. Elə bil heç məni görmürdü, ya da adam yerinə qoymurdu. Masamın arxasında oturdu, kompüterdə yazdıqlarıma diqqət kəsildi, mışka ilə aşağı dartıb oxumağa başladı. İşini bilən adam kimi bəzi sözləri silib sinonimini yazır, bəzən bütöv cümlələrimi pozurdu. Siqaret qutusunu götürdü, boş olduğunu görüb qutunu əzdi, bir az kənara tulladı, külqabını da nifrətlə geri itələdi. Telefon zəngi çalınanda mənə imkan vermədi, məndən əvvəl əlini telefona atdı. Mən ağzımı açıb nəsə demək istəyəndə o artıq inamla dillənmişdu: “Bəli?!” Qulaq asa-asa diqqətini cəmlədi, qaşlarının üstünü qırışlar basdı. Bir əli ilə alnını ovuşdurdu, bütün sifətinə ciddi, bir az da faciəvi ifadə verdi. Udqunub dilləndi: “Ədəbiyyat- çağırışdı. İnsan varlığını yalnız o cıza və eyni zamanda ona transsendent ölçü verə bilər. Bu cür həyat çox azdı. Vəssalam. Amma xahiş edirəm ki mənim sözlərimi təhrif etməyəsiniz və olduğu kimi verəsiniz”. Telefonu qapadı. Yəqin yenə də hansısa saytdan zəng edib sorğuya cavab istəyirdilər. Bir dəqiqə sükut içərisində oturdu, sonra əlini belinə qoyub otaqda gəzinməyə başladı. Sağ ol kişioğlu!
“Səndə zahiri bər-bəzək çatışmır, İbocan. Bəlkə də pis yazmırsan, amma səndə dəbdəbə yoxdu. Pafos”. Çaşdırıcı sözləri hələ də qulaqlarımda cingildəyir. Dəbdəbə! Dab-dub-dib-dob-deb! Yaradır! Beyin vacib məsələlər barədə düşünür. Sənətkar öz aləmindədi, həyat və məna barədə öz növbəti hekayətini toxuyur. Biclik- oxucu professionalizmi hüdudsuz perspektivlər bəxş edir, fikirləri qanmazlıq, əyrilik, ruhsuzluq, savadsızlıq tərəfindən salınmış mücrüdən çıxarır. Dərketmənin hüdudları mənə bu sətirləri oxuyan çox adamdan yaxşı məlumdu. Tarixin mənasızlığı, insanın tənhalığı. Xeyir və şər. Pelyativizmin vədləri və tələləri. Bir də, şübhəsiz ki zövq. Gözəlliyi seçmə qabiliyyəti. Dərk məsələsi olmadan neyləyə bilərsən…
“Sən, İbocan, yazıçının müasir dünyada rolu barədə bir şey yazaydın. Ədəbiyyatın vəzifələri barədə bir şey qırıldadaydın. Biz onda müasirliyi təsvir, gözümüz önündə baş verən hadisələrə şahidlik etməkdə haqlıyıqmı?”
Yenə də monitora tərəf əyilib maraqla əsərimi saf-çürük etməyə başladı. Axmağın biri axmaq! Ədəbiyyatın rolu barəsində mənə mühazirə oxuyanıma bir bax! Əgər dayımın ov tüfəngi bu an məndə olsaydı, fikirləşmədən atəş açardım. Bıçağım olsaydı, sifətinə şram atardım. Amma yox idi- odur ki özümdən çıxmış halda əlimdəki zajiqalkanı çakkıldadırdım. “Məndən nə istəyirsən? Axırıma çıxdın! Rədd dol tay! Açıl başımdan”- dişlərimi qıcıdaraq dilləndim. O, çiyni üstündən: “Sənə yüz dəfə demişəm ki, mən oxuyanda mane olma!” Fikir məni bürüdü. “Maraqlı nəsə var?”- dedim. “Şirpotreb! Üçüncü motiv mövzuları, yeddinci sort yaradıcılıq məhsulları mən həmişə maraqla oxuyuram, bu qəribə yazılar mənə mövzu verir. Uşaqlar da bilir, belə debilizm nümunələri məndə stimul yaradır, məhz buna görədir ki kim harda bir qəribə yazı görsə, mənə gətirir”. Ax vot kak! Demək belə? Mənim masamın arxasında debilizm görürsən? Əlyazmalarımın üzərində şirpotreb axtarırsan, həyasız gədə?!
Şöhrət sarayının illüziyaları bir anda puç olub gözlərimdə dağıldı. Beynimdə guruldayan SS marşının səsi kəsildi. Başım yenə gicəlləndi, ətrafı yenə küt qaranlıq bürüdü. Bir əlimlə notebookun knopkasını basıb söndürdüm, o biri əlimlə yaxasından yapışmaq üçün onun üstünə atıldım. “Ay mama, məni niyə bu qafillərin içərisində doğdun?”- bağırıb onun boğazından tutmaq istədim. Amma o çevik çıxdı, biləyimdən yapışıb bərk-bərk sıxdı və itələdi. Gözəl qravüra divardan düşdü, şüşəsi sındı, maya batdı. Sel məni qamarlayıb divara sıxdı, biləngini boğazımı dirədi. “Səni mən uydurmuşam, istədiyim vaxt da silib ata bilərəm, sən sadəcə hekayəçisən, havada dreyf edən qəhrəmandan, uğursuz personajdan başqa bir şey deyilsən. Buna görə də dal-qabaq yaxma, sakit otur”- hiddətli səslə dilləndi. Sonra nifrətlə məni buraxıb masanın yanına qayıtdı.
Zoqquldayan boğazımdan yapışdım, öskürə-öskürə dizi üstə yerə çökdüm. O gözəl qravüramın şüşəsi dizimə batdı, yenə də zoqqultu duydum. Cırılmış şalvarımın dizində azca qan göründü, hiddətim soyudu, üstəlik korlanmış qravüraya nəzər salıb qəfil yüngüllük duydum. Tabloda palçıqlı, çınqıllı bir daşqın, nəhəng, kirli bir sel təsvir olunmuşdu. Həmişə hər şey əvvəlcə göründüyündən fərqli olur. İndi bu selin ortasında bir divan da peyda olmuşdu, ləngər vuraraq üzürdü. Bu cırıq divanın hardan çıxdığını anlaya bilmirdim, inildəyərək yaddaşımı işə salmağa çalışırdım. Divanın yanıyca ləpələrdə üzən boş şərab butulkasını görəndə küçəmizin başındakı pivəxana və oranın qapqara qaralmış pota satıcısı yadıma düşdü. Haydı tələs, axşamçağı oldu uje, spirtlənməyin vaxtı gəlib!
Fikirləşməyə vaxt yoxdu. Günəşin qüruba yetməsilə depressiya da çoxalmağa başlayır. Pivənin ilğımdakı köpüyü səni özünə çəkir. Kepqanı gözümün üstünə basıb evdən çıxdım.

Комментариев нет:
Отправить комментарий