19.09.2013

Tükənmə – Varolma – Yoxolma – Zaman

Yolruh ATALI

Tükənmək – tükənməzlikdən ayrılmaqdır.
***
Tükənənin mahiyyəti – tükənməzlikdir. Mahiyyət – tükənməzdir, ondan ayrılan – tükənir, ölür.
***
Dünya tükənmir, ölmür – ona görə ki, dünyalıq mahiyyəti tükənmir.
***
Doğulmanın arası kəsilmir – doğulmaq tükənməzliyindən yaranır.
***

Yaşamağın arası kəsilmir – yaşamaq tükənməzliyindən yaranır.
***
Ölümün arası kəsilmir – ölməzlik tükənməzliyindən yaranır.
***
Ötəriliyin arası kəsilmir – əzəlilik tükənməzliyindən yaranır.
***
Keçiciliyin arası kəsilmir – qalıcılıq, əbədilik tükənməzliyindən yaranır.
***
Sonluluğun arası kəsilmir – sonsuzluq tükənməzliyindən yaranır.
***
Gerçəkliyin arası kəsilmir – mahiyyət tükənməzliyindən yaranır.
***
Tükənən – ardıcıl yenilənir, əvəzlənir, yeri boş qalmır: tükənənlə dünya tükənmir, ölmür, ona görə diri qalır.
***
İnsan – ruhani varlıqdır. Bədən ruhdan ayrılanda – tükənir, ölür.
***
Varolma – artmaqdır, yoxolma – azalmaqdır: varolmayan – yox olur, artmayan – azalır, tükənir.
***
Dünyadakı hər şey artır – dünya həmişə var olur.
***
Artmayan – var ola bilməz, var olan – artmaya bilməz.
***
Artmaq – arasıkəsilməzlikdir, ardıcıl yenilənməkdir, var olmaqdır.
***
Varlığın məqsədi – yox olmaq deyil, var olmaqdır!
***
Dünya yox olmaq, edilmək üçün yaranmayıb: yox olmaq üçün var olmaq – dini uydurmadır.
***
Gerçəklikdəki yoxluq – varlığa qarşı deyil, gerçəklikdəkilərin əbədi var ola bilməməsindəndir.
***
Yoxluq – varlığın əbədi, sonsuz var olmadığı yerdə, çağda baş verir.
***
Ölüm – bir yandan yoxluq yaradır, o biri yandan yaşamı yeniləyir. Ona görə də varlığın arası kəsilmir, tükənməzləşir: ölüm varlığa yarayır.
***
Varlıq – özü üçün zamandır. Var olmaq – zamanlı olmaq, zaman qazanmaqdır.
***
Dünyaya gəlmək – əbədiyyətə gəlməkdir, dünyadan getmək – əbədiyyətdən getməkdir.
***
Ömür – insanın əbədiyyətdən keçici zaman payıdır.
***
Olmayanın (yoxun) – zamanı olmur: zaman – var olanla başlayır.
***
Bir işə vaxt ayırmaq – həmin işi var etməkdir.
***
Doğulmaq – öz zamanını başlamaqdır; Yaşamaq – öz zamanını işlətməkdir, xərcləməkdir; Ölmək – öz zamanını bitirməkdir.
***
Yaşam, ömür – zamandır, hər kəs öz zamanını yaşayır.
***
Atamız var olsun!

16 Ata 35-ci il.       (16.9.2013).

Комментариев нет:

Отправить комментарий