19.09.2013

Toy dərdi

Vasif Əlihüseyn

Bu nə adətdi e qardaş? Durub bir qızı sevəsən, sonra da gəlib atana-anana yalvarasan ki: “o, qızgilin qapısına elçi gedib, onu mənə alın”.  Heyf deyil, öz elçiliyinə özün gedəsən. Vallah sənin o, qızı nə qədər sevdiyini nə atan, nə də anan izah edə bilməyəcək  qız evinə. Özü də ki, birdən qızgilin tayfasından sənin yaxınlarından birinin arası olmaya. Vay halına. Fikirləş ki, neçə illlik bir sevgini qurban verdin bunların intiriqasına. Adamı yandıran odur ki, böyüyüb bu boyda kişi olasan və sənin də evlənməyin qala qohum-əqrəbənin arvadlarına. İnanısan, bu saat kimin evinə gedirəm hamı bu sualı verir: Evlənmirsən? Vallah bilirəm ki, sabah mən evləndikdən sonra, bunların heç birisi heç qapımı açmayacaq.
Bu yaxınlarda rayona toya dəvət etmişdilər.
Burdan üç saatlıq yolu qət edib rayona toya getdim. Toyda ki, müşahidələrimdən bir neçəsi məni narahat etdi. Və öz-özlüyümdə başladım onları götür-qoy etməyə. Toy axşamüstü saat 18:00- da başladı və düz saat 12:00-da bitdi. Bu vaxt ərzində çıxış üçün söz verilən adamların hamısından bir sözü eşitdim ki, o da “Allah xoşbəxt eləsin” sözü idi. Və belə bir sual yarandı ki, məndə. Altı saatlıq toyu lentə almağın nə mənası var? Onsuz da hamı bir sözü təkrar edir. Bir şeydə məni düşündürdü ki, (bunu müşahidə etmişəm ) bu lentə bir neçə il sonra baxan da,  kimlərisə yaşlanmış, kimlərisə həyatda itirdiyindən burada görə biləcəksən. 
İkincisi də o oldu ki, toylarımızda dəhşət israfçılıq edilir. Yəni camaatın qanına: “filankəs yaxşı toy elədi və ya filankəs pis toy eləmədi” kimi fikir yeridilib. Toylarımızdaki israfçılıqdan hamımızın xəbəri var. Kimin toyunda dəhşətli dərəcə də israfçılıq olunursa, hamı deyir ki: “filankəs yaxşı toy elədi”. Kimin ki, toyunda israfçılıq olmur və yeməklər hamıya kifayət qədər çatır, onda toydan gələnlər ağız büzərək deyir: “əşi filankəs yaxşı toy eləmədi, stolun üstündə heç nə yox idi”. 
Üçüncüsü o oldu ki, toyda mahnıya verilən yüksək səsdən adamın qulaqları batırdı. Toy yaxın adamın olduğundan məni adam bilib “pul yazan” qoymuşdu. Özüm içki içməsəm də, səs-küydən qulağıma ad və soyadlarını qışqıran, pul yazdıran adamların içki qoxusundan təmiz sərxoş  olmuşdum. İş başında onu da müşahidə etdim ki, rayon sakinləri bir-birilərinin xeyr və şərinə 20, 30 və ya uzaq başı 50 Azn pul yazdırırlar. Amma buna baxmayaraq yazıqlar  “Məhərrəmlik” ayını səbirsizliklə gözləyirlər ki, toylar olmasın.  Vay şəhərrilərin halına, ay da 5-6 toya gedirlər onların da hərəsinə heç olmasa 100 Azn pul yazdırırlar. O, gün bir tanışım deyir ki: “bu il şəhərdə toylara 2000 Azn pul yazdırmışam”.  Sənin varındı vermisən, bəs bu kasıb-kusub neyləsin?
Toyun səhəri rayondan qayıtdım. Heç bir həftə keçmədi ki, yenə rayona toya dəvət edildim. Doğrusu həmin şeylərin bir də təkrarlanacağını anlayıb toya getmədim. Amma, telefon zəngindən sonra məlum oldu ki, elə həmin toyda yaxınlardan biri toyda bir qıza vurulub. Hay-haray salıb ki, o qızı almalısınız. Valideynlər də qıza elçi gedib qızı alıblar. Öz-özlüyümdə çox təcübləndim. Ona görə təcübləndim ki, bir günün içində kimisə görməklə evlənmək olar? Tanımadan, bilmədən. Birdən barmağımı dişlədim ki, yox, elə deyil. Deməli bunların tayfasından kimlərsə körpüdə üz-üzə gəlməyiblər. Və ona görə də bunların işi bu qədər tez alınıb.

Комментариев нет:

Отправить комментарий