29.09.2013

Cəmil Həsənli ona qarşı hücumlara darmadağınla cavab verdi

Prezidentliyə namizədlərin təşviqat kampaniyası çərçivəsində dünən Ictimai Televiziyada altıncı çıxışlar oldu. Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənli çıxışında bank kreditlərin faizlərinin yuxarı olmasından tutmuş, illərdir xalqın malını talayanların gözünün doymamasına qədər bir çox məsələlərdən danışdı:

- Sevgili millət, uca xalq! Yenə görüşünüzə gəldik. Bir saat əvvəl bizim seçicilərlə görüşümüz başa çatdı. Coşqulu, gözəl bir mitinq oldu.
Bu adamların (debat zamanı ona hücum edən digər namizədləri nəzərdə tutur) burada dediyi məsələlər hamısı böhtan və boş-boş söhbətlərdir.
İlham Əliyev debata gəlməlidir, niyə gəlmir? Bu adamlar bu xalqı özünə niyə yaraşdırmır? Bəla burasındadır ki, İlham Əliyev artıq özünü padşah, ya da şahənşah timsalında hesab edir. Azərbaycan xalqını isə rəiyyət formasında qəbul edir. Hesab edir ki, rəiyyətin borcudur padşaha təbəəlik etsin, onun padşahlığını qəbul etsin.
İlham Əliyev mənimlə debata kimi göndərib? Bu Səyavuş Novruzov universitetdə qiyabi oxuyanda, səkkiz adam tapşırandan sonra, dördüncü göndərişlə, yəni, “napravleniya” ilə tarixdən bir dənə üç alıb. Tramvay altında qalan bir üç...
Indi gəlib burada mənimlə debat aparır. Sən mənimlə nə debat aparacaqsan? Sənin nə intellektin var, nə ağlın var, nə düşüncən var ki, mənimlə debat aparasan...
Görün bu adam nə qədər bisavaddır ki, “Cəmil Həsənli 2009-cu ildə - iki il bundan qabaq belə deyib” deyir. Bu hələ bilmir ki, indi 2013-cü ildir, 2009-cu ildə olan hadisədən beş il keçir. Sən bu sadə hesablamanı apara bilmirsənsə, mənimlə nə debat aparacaqsan?
Burada artıq bir neçə dəfədir ki, məni mal otarmaqda, qoyun otarmaqda guya, ittiham edirlər. Mən kəndli balası olmuşam, qoyun da otarmışam, mal da otarmışam. Hər bir kəndli uşağı bununla fəxr edir. Bəla bu deyil, ayıb bu deyil, ayıb odur ki, fərqi yoxdur, ya şəhərdə doğulursan, ya kənddə, adam kimi doğulub, sonra heyvana çevriləsən. Bəla budur!
Dəyərli seçicilər bu adamların bir hissəsi mənimlə uzun müddət parlamentdə yanaşı oturub. Görünür, yaddaşlarını bir az unudublar. Mən parlamentin tək üzvlərindən biri olmuşam ki, parlamentin tribunasında demişəm: İlham Əliyev bu korrupsiyaya qarşı mübarizə aparmalıdır, aparmırsa, deməli, özü də korrupsiyanın içindədir. Təəssüf ki, mənim bu sözüm doğru çıxdı. Məlum oldu ki, korrupsiyanın başında Ilham Əliyev dayanıb.
Bunlar çox platforma-platforma deyirlər. Hörmətli seçicilər, bizim platformanın tezisləri Azərbaycan, rus və ingilis dillərində çap olunub, sosial şəbəkələrdə var, orada tanış ola bilərsiniz. Mən daha mühüm məsələlərə toxunmaq istəyirəm.
Ölkədə bank talançılığı gedir, Azərbaycanda elə bir ailə yoxdur ki, bankların əsarətinə, bankların asılılığına düşməsin. Baxın, bunlar Belarusa krediti bir faizə, Azərbaycan vətəndaşına 25-33 faizə verirlər. Bu gün o kreditləri, o faizləri qaytara bilməyən adamlar çıxış yolunu intiharda görürlər. Biz artıq neçə rayondan bu tipli məlumatlar almışıq. Nə üçün bank kreditləri yüksəkdir? Ona görə ki, demək olar, 10 bankdan yeddisi prezident ailəsinə məxsusdur. Bu illik faizləri qoyan məhz bunlardır.
Bu qədər sərvət düşkünü olmaq olmaz
Əziz seçicilər, mən sizə “qızıl amnistiya” vəd edirəm. Ilham Əliyev rejiminin həbsxanaya saldığı günahsız insanların amnistiyasını vəd edirəm. Bütün siyasi məhbuslar, günahsız yerə bu rejim tərəfindən həbsxanaya atılanların hamısı azad olunmalıdır. Bunlar insanların cibinə narkotik, maşınlarına, evlərinə silah atmaqla həbsxanalara doldurublar.
Mən “qızıl amnistiya” deyəndə tək həbsxanada olanları yox, eyni zamanda, mülkiyyəti, vətəndaşlıq haqqı əlindən alınan vətəndaşlara da bu amnistiyanı vəd edirəm.
Bunlar Hindistanda Brahmanlar kimi bir şeydirlər. Gözlərilə gördükləri bütün şeylər bunlarındır. Bunlarda “doydum” anlayışı yoxdur. Mədə ilə beyin arasında rabitə itib. Informasiya versin ki, bəsdir, bu qədər sərvət düşkünü olmaq olmaz. Insanlar zəhmət çəkirlər, iş qururlar, müəssisəni dirildirlər. Elə ki, istehsal etmək vaxtı gəldi, gəlib başının üstünü alırlar ki, sənin haqqın yoxdur, istehsalla məşğul ola bilməzsən. Baxın Zülfüqarlıların, onlarla başqa adamların mülkiyyətini quldur dəstələri necə əllərindən aldılar. 50 ildir adam ev qurub, bu günə qədər onu qeydiyyatdan keçirməyiblər. 500 min mənzil qeydiyyatdan keçirilmir ki, nə vaxt bunun rüşvətini alacaqlarsa, o zaman qeydiyyatdan keçirəcəklər. 60 min adamın evini söküblər. Vətəndaşla dövlət birbaşa əlaqəyə girib onların pulunu vermir. Işbazları salırlar ortalığa və o işbaz, dövlətin pulundan vətəndaşdan, evi sökülən adamdan çox qazanır. Bu hallara son qoyulmalıdır.
Bizim platformamızın mahiyyəti nədən ibarətdir? Ləyaqətli həyat, ədalətli cəmiyyət. Nə qədər ki, ədalət olmayacaq, biz elə qara gündə olacağıq. Ona görə də səsinizlə taleyinizi müəyyən edin, səsinizlə tarixinizi yazın!

Комментариев нет:

Отправить комментарий