26.09.2013

Ədalət Salman: "Sevgi şeiri yazdım, məktəbdən qovdular"

“Sözlü adam” layihəsi çərçivəsində yolumuzu Cəlilabaddan salmaq istəyirdik. Vətənə xitabən “Başıma düşməyə daşın müntəzir, evimə hörməyə daşın yoxdumu?” söyləyən Əlizadə Nuriyə zəng vurduq, “gəlin, gözüm üstə yeriniz var” dedi.
Öz qəbrini əvvəlcədən qazdırmış Əhməd Sipərlə də görüşmək niyyətində idik.
Cəlilabada çatanda məlum oldu ki, bir gün əvvəl yas məclisində iştirak etmiş Əlizadə Nurinin səsi batıb, özü də möhkəm xəstələnib. Müsahibə verəcək halda deyil.
O da məlum oldu ki, Əhməd Sipər daha burda yaşamır, o dünyaya köçüb.
“Axşamın xeyrindənsə, sabahın şəri yaxşıdır” deyib Cəlilabad motelə yollandıq. Qəribə bir yerdir bura.
Birinci mərtəbə xəstəxana, ikinci mərtəbə isə moteldir. Xəstəxana ilə motelin sərhədi pilləkəndə çəkilib. Pilləkənin xəstəxana hissəsi köhnə və yorğundur, motel hissəsi isə estetik əməliyyat elətdirmiş xanımı xatırladır.
Binanın bir hissəsi “Lalə” restoranıdır, bura əvvəl məşhur kafe olub, Cəlilabada yolu düşən şair və yazıçıları “boğazı yaşlamaq” bura üçün gətirirmişlər.
Gecəni yola verdik, səhəri dostların təklifi ilə “Sözün işığı” jurnalının təsisçisi və baş redaktoru, şair Ədalət Salmanla görüşdük. O həm də “Sözün işığı” nəşriyyatının direktorudur. Nə az, nə çox 8 kitabı var. Şairin yaradıcılığı haqqında tədqiqatçı-yazar Elnur Qocatürk “Ədalət Salman poeziyasının poetikası” adlı kitab yazıb. Yazıçılar Birliyinin “Qılınc və qələm” mükafatına layiq görülüb.
Müsahibəyə başlamazdan əvvəl jurnalla tanışlığı vacib bildik və diqqətimizi ilk çəkən dərginin elektron ünvanının, üz qabığında ən hörmətli yerə yazılması oldu.
Jurnalda öz imzamı da gördüm, şair Mətləb Ağanın Kulis.az-a verdiyi müsahibəni dərc etmişdilər.
Yeri gəlmişkən, əvvəlcə qəzet formatında olan “Sözün işığı”nın 10 yaşı var. Jurnalın 10 yaşı Cəlilabadın yüksək vəzifəli şəxslərinin iştirakı ilə bu günlərdə qeyd edilib.
Növbə gəlib çatdı Ədalət Salmanla tanışlığa. Şair deyir, özünü-sözünü tanıyandan şeir yazır. Orta məktəbdə oxuyandan şairin ədəbiyyata böyük marağı olub, klassik ədəbiyyatı, müasir poeziyanı çox oxuyub. Məktəbdə təşkil olunan ədəbi-bədii gecələrdə aktiv iştirak edib. Və bir də görüb ki, özü də yazır. Məktəbin divar qəzetində çap olunan sevgi şeirinə görə direktor onu iki gün məktəbə buraxmayıb:
“Mənə dedi, sənin nə yaşın var ki, sevgi şeiri yazmısan. Onda 6-cı sinifdə oxuyurdum. Direktor deyirdi, deyəsən könlünə evlənmək düşüb. İlk mətbu şeirim isə 9-cu sinifdə oxuyanda rayon qəzetində çap olunub. Məktəbi qurtarandan sonra Bakıya gəldik. Dərsliklərdə ancaq dünyasını dəyişmiş şairlərin şəkillərini görürdük, ancaq Bakıda diri şairləri də gördük. Onları gördük, tanış oldum və beləcə hiss elədim ki, mən də ədəbiyyatın içindəyəm”.
Ədalət Salmanın ilk qələm təcrübələri 1979-cu ildə “Ədəbiyyat qəzeti”ndə çap edilib. Onun şeirlərinə qəzetin poeziya şöbəsinin rəhbəri Davud Nəsib baxıb və yanında olan başqa birinə deyib ki, sizin üçün şeirlər oxuyum, bəyənsəniz, uğurlu yol yazarsınız? Yanında müsbət cavab verib. Ədalət Salman şeirlər çap olunanda görüb ki, ona uğurlu yol yazan adam Xəlil Rzadır. Xəlil Rza “Ədalət Salmanov” imzası ilə çap olunan şairə şeirlərini “Ədalət Salman” imzası ilə çap etdirməyi tövsiyə edib. Sonralar şeirləri Yazıçılar İttifaqının başqa mətbu orqanlarında da çap edilib və beləcə Cəlilabadda sənətə, sənətkara hörmət başlayıb.
Ədalət Salman hesab edir ki, indiki dövrlə müqayisədə sovet dövründə ədəbiyyata böyük qayğı vardı: “Ədəbi tənqid vardı. Ədəbi tənqidi öz üzərində hiss eləyən şairin içərisində bir ədəbi senzura vardı. Hər bir şair öz yazdığına oxucu kimi də baxmalıdır. Adamın evinə qonaq gəlir, evdə çox şey var, amma qonağın qarşısına məsləhətli şey qoymaq lazımdır axı. Biz ədəbi tənqidlə döyülə-döyülə ədəbi arenaya gəlib çıxa bilmişik”.
Ədalət Salman deyir ki, Cəlilabadda babat şairlər var: “Ad çəkmək istəmirəm, kiminsə adını çəkməyəcəksən, inciyəcək. Mən burada mühiti qorumaq, saxlamaq üçün özümə borc bildim ki, “Sözün işığı” jurnalını təsis edim. Qələm adamları ilə bu qənaətə gəldik ki, bizim redaksiyada tez-tez toplaşaq, yazıları müzakirə edək, sonra çapa verək. Başqa Cəlilabadda yaşayan şairləri deyil, başqa yerlərdə yaşayanları da çap edirik, heç bir problem yoxdur. Çalışmışıq ki, burada ədəbi mühit həmişə ayaq üstə olsun”.
Şair deyir ki, jurnalı ailə büdcəsi hesabına çap etdirir və ədəbiyyata bu cür xidmət etməyə çalışır. Onun sözlərinə görə, hər kəs bacardığı qədər ədəbiyyata töhfə verməlidir: “Çox təəssüf ki, Yazıçılar Birliyinin rəhbərliyində bəzən bunu görə bilmirlər. Adlar, mükafatlar, təqaüdlər bölünəndə əyalətdə yaşayan, ədəbiyyata qayğı göstərənlər unudulurlar və bu bizə çox pis təsir edir. Çox güman ki, qurultayda bu məsələyə baxılacaq və hər şey öz yerini tapacaq”.  
Həmsöhbətimiz bildirir ki, Yazıçılar Birliyinin Lənkəran bölməsinin müvafiq iclasında iştirak etməsə də qurultaya nümayəndə seçilib: “Mən həmin iclasda iştirak edə bilmədim. Amma Lənkəran bölməsinin rəhbəri, hörmətli ağsaqqal şairimiz İltifat Salehin dediyinə görə qurultaya nümayəndələrdən biri mənəm. Ədəbi orqanın rəhbəri kimi həmişə diqqətdə olmuşam, ona görə yazarlar görür ki, əziyyəti, haqqı olanlardan biri mənəm”.
Ədalət Salmandan təqaüd alıb-almadığını soruşuruq. Cavabı belə olur: “Mən təqaüd almamışam və o iddiada da olmamışam. Sadəcə başımı aşağı salıb öz işimlə məşğul olmuşam. Məsələn Rəsul Rza Fondu var, Rəsul Rza ilə bağlı əsər yazan, kitab nəşr etdirən adamlara o mükafat verilir. 2011-ci ildə Rəsul Rzaya həsr edilmiş bütün şeirləri toplayıb, öz hesabıma bir kitab çıxartdım. Amma çox təəssüf ki, Rəsul Rza Fondunun diqqətindən kənarda qaldı”.
Bütün bunlara baxmayaraq şairin Yazıçılar Birliyindən elə bir narazılığı yoxdur, hesab edir ki, bu qurumun başı üstündəki qara buludları şairlər, yazıçılar dağıtmalıdır: “Mən sadəcə ondan inciyirəm ki, 10 ildən çoxdur çap olunan ədəbiyyat jurnalına elə bir qayğı yoxdur. Şükür Allaha bizim dolanışıq qayğımız yoxdur, pis-yaxşı dolanırıq. Rayon yerində, hər ay, 300 tirajla, öz vəsaitin hesabına ədəbi jurnal çıxarmaq hər oğulun işi deyil. Yazıçılar Birliyinin elə bölmələri var, heç orada ildə iki dəfə jurnal, qəzet çıxara bilmirlər. Biz 5 manat qazananda başqaları kimi maşına, villaya yox, ədəbiyyata yönəldirik. İmkanımız olsa jurnalı bir az da qalınlaşdırmaq fikrimiz var”.
Ədalət Salman Facebook sosial şəbəkəsində dostbazlığın, qohumbazlığın önə çıxmasından təəssüflənir: “Bir-birini tərifləyirlər. Amma mən açıq yazıram fikirlərimi və çox vaxt buna görə məndən inciyirlər. Deyirlər, bunu heç olmasa gizlində yazardınız da. Mən ədəbiyyata gələndə bunlar aşırma şalvar geyirdilər. İndi bunlar mənim iradımla razılaşmırlarsa özlərindən küssünlər. Əslində yaxşı dost dostun səhvini üzünə deməlidir. İndi Facebookdakıların bir-birini tərifləməsi tost demək kimi bir şeydir. Ümumiyyətlə Allah internet çıxaranın atasına lənət eləsin. Kitab oxuyan yoxdu, hamı yönəlib internetə. İnternet həm də mənəvi dəyərlərimizi müəyyən mənada məhv edir. Gənclərimiz hara gedir?”
Şairlərə münasibətdən, “şairi xalq dolandırır” fikrindən söz düşür. Həmsöhbətimiz deyir ki, hər bir şair öz şəxsiyyətini qorumalıdır: “Şairin şəxsiyyəti ilə yaradıcılığı vəhdət təşkil etməlidir. Bizim rayonda da idarə qapılarına düşüb dilənçilik edən şairlər var. Amma öz imzasını qoruyan şairlərimiz də az deyil. Şairi xalq dolandırmır, mən şairəm, amma hələ bir nəfər deməyib ki, Ədalət müəllim, şairsən, al bu on manatı qoy cibinə. Məncə quruluşda, zamanda günah axtarmaq lazım deyil. Günah bizim özümüzdədir.  Hər yerdə olduğu kimi bəzi adamlar üzüqaralıq gətirir də, neyləmək olar”.
Sonda Ədalət Salman dedi ki, həyat eşqi, yaşamaq amalı güclüdür, görəcəyi işlər çoxdur: “Çox arzularım, istəklərim var. İmkan olsa bölgədə yaşayan şair və yazıçıların yazdıqlarını yığıb bir almanax çıxartmaq istəyirəm. Arzu edərdim ki, Kulis.az-ın oxucuları öz ədəbi səviyyələrini gözləsinlər. Yaxşı əsərlərə, obyektiv qiymət verməkdən çəkinməsinlər. Öz imzasına hörmət edən yazıçıların sağlığında qiymət versinlər. Güclü şair olduğunu öləndən sonra deməsinlər. Yaxşı şair bütün zamanların şairidir. Yaxşı şeir də hər zaman müasir şeirdir. Sizin zəhmətini uca tuturam, əziyyət çəkib gəlmisiniz, yaradıcı adamların Ələddinin çırağı ilə axtarırsınız. Mən də bacardığım səviyyədə sizin sualları cavablandırdım. İstəyərdik, sözün qədrini bilənlərin, mahiyyətini anlayanların yanında olasınız. Sözə qiymət verənlər də həmişə sizin yanınızda olsun, sizin əməyinizi yüksək qiymətləndirsin”.

kulis.az

Комментариев нет:

Отправить комментарий