NURƏDDİN ƏDİLOĞLU
...əvvəlcə at kişnərtisi eşitdim, sonra daş yolda əks-səda verən nal taqqıltısını; taq-tuuqq, taqqa-taqqa-tuq. Lap qavaldaşdan qopan ritmlər kimiydi. Ancaq bu şəhərin mərkəzində at nə gəzirdi? Heç Qobustandakı qavaldaşa oxşayan qayalar da yoxdu... Bəs qulağıma gələn o səslər nə idi? Yatağımın içində oturub düşündüm: – Bəlkə yuxu görmüşdüm?! Yox, axı, doğru-dürüst yatmamışdım ki, yuxu da görəm... Ayağa qalxıb köhnə çılçırağın qəndillərini yandırdım. Süd rəngli gur işıq seli gözlərimə təpildi. Pəncərəyə yaxınlaşıb küçəyə boylandım; heç nə gözə görünmürdü – səkilər, küçələr, döngələr, hətta gümbəzinin parıltısı gündüzlər göz qamaşdıran yaxınlıqdakı qədim kilsə belə görünməz olmuşdu. Qatı duman şəhəri tamarzı kimi ağuşuna almışdı. Şeh damlalarının göz yaşı kimi süzüldüyü pəncərələrdə sarımtıl işıq zərrələri tək-tək bərq vururdu. Qədim və nəhəng binalar duman içində yolunu azmasın deyə dənizə lövbər salan gəmilər kimi yırğalanırdı... Allahdan savayı elə bil bu dünyada hər şey hərəkətsiz dayanıb, dumanın çəkilməsini, səhərin açılmasını gözləyirdi.
Şəhriyar demişkən:
Yatmış hamı, bir Allah oyaqdır, daha bir mən,
Məndən aşağı kimsə yox, Ondan da yuxarı...
Ürəyim bərk sıxılırdı. Kirayədə qaldığım bu iyirmi dörd kvadratmetrlik mənzildə ruhum tənhalıq duyğularına əsir düşmüşdü – darıxırdım. geyinib otaqda gəzişməyə başladım. gəlib kitab dolabının qarşısında dayandım. üstündəki iri balıqqulağını götürüb, qulağıma yaxınlaşdırdım: nə dəniz uğultusu duydum, nə də başqa bir səs eşitdim. Bu balıqqulağı mənzilin sahibəsi Valentina Petrovnanın hərbi xidmətdə olan oğlu Vladikə aid kolleksiyadan yadigar qalan yeganə əşya idi. O da çoxdan qoynundan ayrıldığı dəniz üçün qəribsəmişdi; qulağını geniş açıb, səssizliyə şəkləmişdi. Otaq çox sadə görünürdü; iki yumşaq kreslo, bir divan-çarpayı, jurnal stolu, Riqada istehsal olunmuş divar mebeli, bir də qucağında körpə tutmuş Məryəm ananın tablosu asılmış qarşı divarı iki-üç kiçik ikona ilə bəzənmişdi. Kirayə pulunu əvvəlcədən, həm də üç ayını birdəfəlik ödəsəm də, özümə daha münasib mənzil axtarıb tapmaq qərarına gəlmişdim. Ona görə ki, Valentina Petrovna içir! Bu, adi içməyə bənzəmir, əzizim! Mən onu bura köçəndən bir həftə sonra tanıdım. İçkili halında o qədər danışır ki, adam bezir. Ən pisi rəfiqələrini evə gətirdiyi günlər olur. İçib-nəşələnib oxuyur, məhəbbətdən tutmuş dünya siyasətinəcən hər şeydən danışıb-dartışırlar. Ev sahibəsi həmin mübahisələrə həmişə son qoyub, hökmdarlar kimi qərar verir:” – Siz cəfəngiyyat danışırsınız, çıxın gedin burdan!” Və sərxoş halda onların üstünə çığırır: “– Mən Novqorod knyaginyası Valentina Petrovnayam, məni rahatsız etməyə ixtiyarınız yoxdur, hələ üstəlik, qafqazlı qonağımı da...”
Mən onlara baxıb, nənəmi, anamı, el-obamızda tanıdığım bütün qadınları xatırlayıb, ata-babalarına min kərə rəhmət oxuyurdum. Bəlkə anam yuxusunu bu anlarda qarışdırırdı, ürəyinə nəsə damırdı? Hələ ki, burda yaşamağa məcburdum. Düzü, ən çox belə anlarda gəzmək istəyirəm, məqsədsiz-filansız; veyil adamlar kimi hara gəldi baş götürüb gedirəm. Adətən, yaxınlıqdakı mərkəzi dəmiryolu vağzalına, ya da şəhərdən bir az aralıda yerləşən təyyarə limanına üz tuturam. Elə bilirəm ki, oralarda doğmalarımdan kimisə görəcəyəm!.. Yorulub əldən düşəndə evə dönürəm. Sakitliyin hökm sürdüyü mənzildə Novqorod “knyaginyasını” gah öz taxtında mürgüləyən, gah da harasa yoxa çıxdığını görüb, rahat nəfəs alırdım. Onun yoxa çıxdığı günlərdə mən qətiyyən narahat olmuram, çünki şəhərdən aralı Zemelblauzma stansiyasında yaşayan rəfiqəsi Eelena İllarionovnagilə getdiyini, gecəni də orada keçirdiyini yaxşı bilirdim...
İndi də balıqqulağını yerinə qoyub, gecənin bu aləmində duman çökmüş şəhərdə gəzib-dolaşmağın uyğun olub-olmaması barədə düşünürdüm. Birdən mətbəxdə nəsə uçulub-dağıldı. Buralarda zəlzələ olduğunu heç eşitməmişdim. Ancaq ayaqlarım altındakı parket döşəmə silkələnəndə məni dəhşət bürüdü. Tez mətbəxə yüyürdüm. Aman Allah, Valentina Petrovna tirtap yerə sərilmişdi. Ayağında yetmişinci illərin dəbdə olan nimdaş dikdaban ayaqqabıları, at yelgəsi kimi çiyinlərinə tökülmüş, pırtlaşıq sarışın saçları, solğun yanaqları onu yaşından xeyli qoca göstərirdi. Dumanda sərxoş halda yol gəlmiş bu kimsəsiz qadın indi döşəmədə hərəkətsiz uzanan sahibsiz arıq madyana bənzəyirdi. Bir az əvvəl eşitdiyim kişnərti və ayaq səslərinin bu cılız vücuddan gəldiyinə inana bilmirdim. Mənim bu qadına hərdən yazığım da gəlir... Onu yerdən qaldırıb taxtına sarı aparmağa çalışdım. Tünd araq iyi və saçlarına hopmuş siqaret qoxusu məni vurdu. O göz qapaqlarını güclə açıb, zarıya-zarıya dilləndi:
– Dur, məni yaxşı dinlə, bağışla ki, səni yenə narahat edirəm... Bu qərib Novqorod knyaginyasını içib kefləndiyinə görə gəl, qınama!.. Sən bu gün işdə olanda, evə gəlmişdim, poçt qutusundakı məktubla teleqramı götürüb çantama qoydum. Məktub mənə, teleqramsa sənə gəlmişdi... Helenanın sevgilisi mənə araq almaq üçün pul vermişdi... Özün də yaxşı bilirsən ki, spirtli içkilər satan dükanlar günortadan keçmiş açılır... Mənim növbəyə dayanmaqdan zəhləm gedir... “Qorbaçova qarşı müqavimət nöqtələrini” bir-bir gəzib, güc-bəla ilə iki şüşə “Kristal” arağı tapa bildim... Qəsəbəyə döndüm... Orada yadıma düşdü ki, axı teleqramı sənə çatdırmaq lazımdır... Budur, gecə yarısı olsa da mən gəlmişəm...
O qol çantasını açıb, içindəkiləri döşəməyə tökdü, teleqramı axtara-axtara mənə baxmadan günahkarcasına donquldandı:
– Pərvərdigara, axı mən niyə özgəsinə aid olan bir şeyi götürdüm? O axmaq Helena da gərək məni bu gün kefləndirəydi... Sən heç darıxma! Mən o şoqəribi indicə tapacağam...
Zavallı qadın uşaq kimi iməkləyə-iməkləyə döşəməyə tökdüyü kağızları eşələyirdi. Alman hərbi əsirlərinin inşa etdiyi bu yaşayış binasının geniş mətbəxi əlləri və ayaqları üstündə at kimi o yan-bu yana gedən bu sərxoş qadına darısqallıq eləyirdi… Düşünürdüm ki, görəsən, Valentina Petrovna oğlundan gələn məktubu açıb oxuyub? Axı mən Vladikə bir həftədən artıq olardı ki, bağlama yollamışdım. O bağlamanı mənim göndərdiyimi Valentina Petrovna bilmirdi. İstəmişdim ki, bu xeyirxah işim ona sürpriz olsun! Bəlkə cənublular barədə bu günəcən düşündüklərinin yalnış olduğuna inanardı...
- Deyəsən siz, Vladikdən aldığınız məktubu da itiribsiniz? – deyə sınayıcı nəzərlərlə onu süzdüm.
– Yox, yox! Mən onun məktubunu ürəyimin başında gəzdirirəm. Amma oxumağa hələ də özümdə cəsarət tapmamışam. Bəlkə də istədiklərini ona göndərmədiyimə görə məndən incidiyini yazıb? – Qırıq-qırıq danışaraq qoynundan çıxardığı məktubu mənə göstərdi və dərindən köks ötürüb sözünə davam etdi: – Bilirsənmi, mən çox pis anayam! Sənin mənə verdiyin kirayə pullarını çoxdan içkiyə xərcləmişəm. Oğlumun istədiklərini ala bilməmişəm. Ancaq inan mənə... Nəyin bahasına olursa-olsun, mən ona ürəyi istədiyi bağlamanı göndərəcəyəm! Lap tezliklə... Axı mən oğlumu təkbaşıma, atasız böyütmüşəm. Doğma atası isə onu heç olmasa əsgərliyə yola salmağa da gəlmədi... Sənsə çox xoşbəxt adamsan, bilirəm, hərbi xidmətdə olarkən atan yanına gəlib, həmişə sənə pul, vaxtı-vaxtında bağlama göndərib... Sənin atan əsl kişidir. Elə atanın qarşısında baş əyərəm!..
Sonra o sözlərinə ara verib məchul nöqtəyə baxdı. Elə bil ərini gözləri qarşısında canlandırmışdı. Gözlərindəki peşmançılıq hissilə ötüb-keçən gəncliyinə, keçmişinə boylanırdı. Sonra oğlunu xatırlayıb: – Mənim əziz və sevimli Vladikim! Çalışacağam ki, anan haqqında pis fikirlərə düşməyəsən... – dedi. Və mənə baxıb: – Sənin barəndə ona ötən məktubumda yazmışam...
O, bu sözü azı on dəfə təkrar etmişdi. Hətta Vladikin cavab məktubunu da mənə oxumuşdu. Otağında daha bir qafqazlının yaşadığından xəbər tutan Vladik də anasını təbrik edib, ona təzə sakinlə doğru-dürüst davranmağı arzulamışdı. Oğlu hələ uşaq bağçasına gedən vaxtlarda əri başqa qadına qoşulub Valentina Petrovnanı tərk etmişdi. Atılmış və unudulmuş qadın indi də içəndə vəfasız ərini xatırlayır, ona həsr etdiyi şerləri mahnı kimi oxuyurdu. „əncliyini yeganə oğluna qurban verən bu qadın heç vaxt yeni ailə həyatı qurmaq barədə düşünmürdü. Tənhalıqdan gileylənib, qadın ömrünə divan tutsa da, özünə ömür-gün ortağı istəmirdi. Dediyinə görə ona pərəstiş edənlər də az olmamışdı. O isə kişiləri sevmir,bəzilərinə nifrət bəslədiyini belə gizlətmirdi. †ənublu kişilərə isə heç güvənmirdi... Ancaq Müslüm Moqomayevlə, Rəşid Behbudova heyran olduğunu da həvəslə dilə gətirirdi....
...Vladik hələ məktəbli olanda mənzilini iki erməni alverçiyə kirayə verdiyinə görə uzun müddət iztirab çəkmişdi. Onlar nəinki kirayə pullarını verməmişdi, hətta bir gün mənzili soyub, Vladikin topladığı kolleksiyaları belə çırpışdırıb aradan çıxmışdılar. Zavallı qadın milisə şikayət etsə də, oğrular yaxalanmamışdı. O vaxtdan Valentina Petrovna çətinliklərə dözüb, ancaq mənzilini kirayə vermək fikrindən vaz keçib... İlk dəfə bu hadisəni mənə danışanda, mən azərbaycanlıyam dedim, hiyləgərlik və oğurluq heç azəriyə xas olan cəhət deyil! Lakin Valentina Petrovnanın şübhələri ötüb-keçməmişdi.
– Siz hamınız mənim üçün birsiniz – qafqazlısınız! Latışlar, estonlar, litvalılar kimi... Onlar da mənim üçün birdir - baltikalıdır. Mənim vəfasız ərim – Baltik dənizçisiydi. Dənizdə aşiq olduğu bir su pərisinə qoşulub getdi... O su pərisi də mənim ərimi oğurladı... Mən artıq nə pərilərə, nə də mələklərə inanıram... O ki, qaldı insanlar ola... Özü də o insan oğlu qara bir qafqazlı ola...
Mən kefli “knyaginya” ilə höcətləşmək istəmirdim. Qədim çinlilər demişkən, nə qədər çox danışsaydım, bir o qədər səfeh söz demək təhlükəsi artardı. Ancaq onun yaxşıyla pisi tərəzinin bir gözünə qoymağına biganə də qalmaq olmurdu. Müslümün, Rəşidin heyranı olan, Polad Bülbüloğlunun mahnılarını zümzümə edən bu qadının bütün cənublulara etibarsızlığı məni yandırıb-yaxırdı. Deyir, hər kəs özünə görə bir hökmdardır. Onsuz da içəndən sonra özünü Novqorod knyaginası elan edən Valentina Petrovna zəhlətökən çərənçiliyi ilə məni təngə gətirirdi. Bir də düşünürdüm ki, özümü və millətimi təmtəraqlı sözlərlə tərifləməyin axı nə mənası var? Bu qadının beynindəki fikirləri silib atmağın asan yolu susub, əməli iş görmək idi. Valentina Petrovnanın məntiqsiz hökmünü nəzakətsizlik hesab etsəm də dözüb,onu vicdanının öhdəsinə və düşüncələrinin axarına buraxmışdım.
...Budur, o bir az özünə gəlsə də, hələ də axtardığını tapa bilmirdi. Artıq mənim də səbr kasam dolmuşdu.
– Allah bilir, ola bilsin mən onu axmaq Helenagildə unutmuşam. Hə, heç bilirsən, Helena özünə təzə aşiq tapıb! – O, bu sözləri elə şövqlə dedi ki, məni heyrət bürüdü: – Amerika vətəndaşı olan Ean Karloviç məni ilk tanışlığımızdan özünə valeh elədi. O qədər mədəni, ləyaqətli insandır ki! Belələri adamı heç zaman darda qoymaz... Düşünürəm ki, Vladikə bağlama göndərmək üçün o mənə maddi kömək edə bilər!.. Daha yorulub əldən düşdüm, lənətə gəlmiş bir tikə kağız, hansı cəhənnəmdə qeyb oldun? – Nəhayət, birtəhər ayağa qalxıb, qrafindən stəkana tökdüyü suyu başına çəkdi. Sonra üz-gözünə bir ovuc su çiləyib dedi: – Dayan görüm, deyəsən, mən o teleqramın məzmununu xatırlayıram. Hə, hə, yadıma düşdü: “Sabah gəlirəm, məni qarşıla!” Ancaq incimə, nə ad, nə də familiya yadımda qalıb. Səncə onu kim göndərə bilər?
Mən çiyinlərimi çəkib, onun sərxoşluqdan xumarlanan mavi gözlərinə baxdım:
– Nə bilim, bəlkə atamdır, bəlkə də... – O mənim sözümü yarıda qoyub təəccüblə dilləndi:
– Oyy, oyy! Sən nə xoşbəxt adamsan! Bir vaxt atan Piterə – sənə baş çəkməyə gəlmişdi, onda əsgər idin! İndisə bura – Riqaya gəlir. Sən müstəqil yaşasan belə, atan səni unutmur... Mənim oğlumun atası isə heç onun hərbi xidmətə getdiyini bilmir. İlahi, məgər bu insanlar hamısı sənin bəndən deyilmi? Axı niyə birinə övlad sevgisindən bol verib, o birinə bir damla da qıymayıbsan? Niyə?..
Ağlamsındı. Heç özüm də bilmirəm nəyə görə atamın Leninqrad “əhvalatını” Valentina Petrovnaya danışmışdım?! Bəlkə də söz müharibədən düşmüşdü. Mühasirədə olan Leninqradı xatırlamışdı. Mən də atamla birlikdə şahidi olduğum bir qəmli əhvalatı dilə gətirmişdim. Valentinə Petrovna isə fürsət düşəndə qəmli-kədərli hadisəni belə zarafata, yumora çevirirdi.
...Düz on il əvvəl Lomonosov şəhərinin – Leninqraddan on beş-iyirmi dəqiqəlik məsafədə yerləşən Lebyajiye qəsəbəsində atam qoca bir rus qarısının evini bircə həftəliyə kirayələmişdi. Hərbi hissəmizin on addımlığında olan həmin evə məni aparmaq üçün atam hissə komandirinə gətirdiyi cənub sovqatından pay verib üç günlük icazəmi almışdı. Bir dəfə axşam yeməyindən sonra o qarı atamın qarşısına içi zinət əşyaları ilə dolu mis qazana oxşayan iri qab qoydu:
– Görürəm ki, imkanlı adama oxşayırsınız. Mən artıq çox qocalmışam. Heç kilsəyə getməyə də ayaqlarımda taqət qalmayıb. Bu qiymətli əşyaların daha mənim üçün dəyəri yoxdu. Bəyəndiyiniz əşyaları sizə ən ucuz qiymətə sata bilərəm. Onların arasından gələcək gəlininiz üçün gözəl hədiyyələr seçib götürə bilərsiniz, – deyə o məni atama göstərib gülümsündü. Atam o mis qaba baxıb fikrə getmişdi. Mən isə qızıl-gümüş bəzək əşyalarına baxıb udqunurdum. Boğazım yaman sulanmışdı. Şam yeməyi hələ mədəmdən aşağı getməmiş mis qaba baxıb nənəmi xatırlayırdım. Mənim Bağdagül nənəmin eynən bu mis qaba oxşayan qazanda bişirdiyi balıq buğlamasını, quş-plovu, Muğan bozbaşını – başqa dadlı-ləzzətli xörəklərini gözümün önündə tutmuşdular elə bil. Ətrindən ağzım sulanırdı. Ortaya çökmüş sükuta atamın səsi son qoydu:
– Axı deyillər, ruslar bu cür qiymətli daş-qaşların aludəsi olmur.Bəs siz bunları necə yığıb, qoruya bilmisiniz? Görürəm, gün-güzəranınız da heç varlı-karlı adamların vəziyyətinə oxşamır...
Qarı çəliyinə söykənib ağır-ağır ayağa qalxdı. əvvəl mən onu Qorkinin “Ana”sına oxşatdım, sonra “Kölgələr günorta yox olur”dakı qara donlu Serafima. – Öz doğma balasına zülm edən Ustin Akimoviçin arvadı canlandı gözlərim qarşısında.
– Leninqrad şəhəri faşistlər tərəfindən mühasirəyə alınanda mən çörək dükanlarının birində çalışırdım. Aclıq və şaxtanın divan tutduğu qocaların çoxu çörək payını almağa gələ bilmirdilər. Hər gün susuz, çörəksiz, yanacaqsız şəhərdə yüzlərcə insan tələf olurdu. Eaşamaq istəyənlər bir tikə çörəyə ən qiymətli əşyalarını belə dəyişirdilər. Mən gənc idim. Qorxa-qorxa, həyatım bahasına risk edib, normadan artıq çörək istəyən adamlarla alver edirdim... İllər ötüb-keçdi. Ancaq mən bu qiymətli əşyaları aldığım zaman keçirdiyim qorxu-həyəcan məni tərk etmədi. Onları ortaya çıxarmaq qorxusundan özümə bu dünyada indi də yer tapa bilmirəm...
Atam qarını dinlədikcə, əlini uzadıb o qabı kənara itələyirdi. Həm də təəssüf hissiylə gözlərini qarının qırışdanmış üzünə zilləmişdi. Mən də fikrə dalıb, 1941-ci ildə düşmən gülləsi altında Leninqrad şəhərində böyük Nizaminin 800 illiyinə həsr edilmiş yubiley gecəsinə aid sənədli kino-kadrları gözlərimin önündə canlandırmışdım. Bəşəriyyətin tanıdığı bu dahi şairin mənim həmvətənim olduğuna öyünürdüm...
– Yox, yox!.. Mən bu əşyaları, havayı olsa da götürə bilmərəm! – deyə atam qəti fikrini söylədi. – Bunların arxasınca gözü qalan nə qədər insan var... Allah bilir, bəlkə onların çoxu dünyasını dəyişib! Amma ruhları indi də nigaran, pərişandır. O zamanlar çörək tikəsi güllədən də qiymətli idi. Bir də aclıqdan ölmək düşmən gülləsindən ölməkdən daha dəhşətli olub. Siz bu əşyaları yalnız o müharibə dəhşətlərini əks etdirən tarix muzeylərinə verə bilərsiniz...
Gəncliyində sərvət düşkünü olan o həris qarı acgözlüklə topladıqlarına atamın nifrətlə baxdığını görüb, təşvişə düşdü:
– Nə qədər günah iş tutduğumu başa düşürəm. əgər Allah mənə ikinci dəfə ömür versəydi, mən onu başqa cür yaşayardım. Belə vicdan əzabı çəkib tez-tez xəstələnməzdim. Bu əşyaları mənə verən adamların üzlərini yuxumda görürəm. Onlar mənə acıyıb-gülürlər. Müqəddəs Məryəm ana, qorxuram, mənim günahlarımı bağışla!.. – deyib qupquru barmaqları ilə sinəsinin üstündə xaç çəkdi.
Ertəsi gün atam o evdən ayrılıb, mehmanxanada yerləşdi. Biz onunla Ermitajı, köhnə Peterburqu gəzib dolaşdıq. Və bir payız səhəri o məni qulluq elədiyim hərbi hissəyə gətirib, evimizə döndü.
İndi Riqada Qoqolun adını daşıyan küçədəki evin mənzilində Valentina Petrovna o əhvalatı xatırlayıb yenə özünəməxsus şəkildə zarafatla eyham vururdu: – Axı sən atanı yaxşı mənzil tapmayınca bura dəvət etməyəcəyini deyirdin. Bilirəm buranın görkəmindən xəcalət çəkib utanarsan! Elə isə gərək vaxtında atan o həris qarının qiymətli əşyalarını alıb, xırıd edəydi. İndi sən onu kirayədə qaldığı belə mənzilə gətirmək məcburiyyətində qalmazdın. Hətta özünün hər cür şəraiti olan mənzilin ola bilərdi... Ancaq qəm yemə, qızıldan imtina etmək hər kişinin işi deyil! Bu kralı taxtdan salmağa bərabərdir!
– Siz yatıb, istirahət edin! Mən çıxıb bir az dolaşacağam. Səhərə yaxın aeroporta gedib, gələn adamı qarşılayaram... – dedim.
– Bilirəm, mən səni sərxoş sicilləmələrlə zinhara gətirmişəm. Axı indi çox tezdir. Səhərin açılmasına xeyli vaxt qalıb... Sən həmişə beləsən! Eviniz yadına düşəndə darıxırsan... Elə isə get, amma unutma ki, bu şəhərdə qərib olan təkcə sən deyilsən!.. Biz heç birimiz buralı deyilik... Bizi doğmalaşdıran da bu qəriblik hissidir, cavan oğlan!..
...Nəhayət, küçəyə çıxıb, rahat nəfəs aldım. Bakıdan gələn sərnişin təyyarəsi səhər saat altıya iyirmi dəqiqə işləmiş Riqa hava limanına enəcəkdi. Ancaq hava hələ qatı dumanla örtülmüşdü. Buna baxmayaraq şehli hava ciyərlərimə dolduqca kefim durulurdu. Bir az əvvəl mənim ruhumu qəriblik məngənəsində sıxan fikirləri, ev sahibəsi Valentina Petrovnanın sicilləmələrini unutmağa çalışırdım. Ancaq hələ də gələn adamın kim olduğunu düşünürdüm. Hər kim idisə, mənə doğma vətənin ab-havasını gətirirdi. „örünür, qəhr edib, ayrılsam da, doğma yerlər üçün çox darıxmışam. Eeddi ay əvvəl ordan ayrılanda ağlıma gətirməzdim ki, doğma adamlar bir yana, hətta oranın çala-çuxur yolları, şoran torpağı üçün darıxa bilərəm...
Mərkəzi dəmiryolu vağzalının yaxınlığındakı yeraltı keçiddən çıxıb Raynis bulvarına yaraşıq verən arxın kənarı ilə yavaş-yavaş Azadlıq abidəsinə tərəf addımlayırdım. Bulvarın rəngbərəng işıqlarının fonunda dumandan islanmış ağacların qol-budaqlarına baxdıqca, dağətəyi yerlərin dəmirağac, palıd meşələri yadıma düşürdü. Mənə elə gəlirdi ki, bu ağacların da yaddaşı var; bir ağac ömrünü tək ayağı üstə dayanmaqla keçirən bu təbiət gözəllərinin qocası-cavanı, dəcəli-şıltağı var. Arxdakı ördəklər yuvalarına çəkilib sussa da, bu ağaclar dünyaya nəsə pıçıldayırdı. Hər birinin yanından ötüb keçəndə mənə: “Darıxma!” deyirdilər. “Bizsiz darıxırsanmı?” – bu səs bütün sevdiklərimi xəyallarımın qanadında canlandırır. Mənə elə gəlir o səs xəyalla aramda dumanın çəkdiyi qatı səddi sökməyə çalışır. Azadlıq abidəsinə çatanacan xəyalımda bütün sevdiyim insanlarla bir-bir görüşdüm. Bəlkə vüsalı şirinləşdirən bu ayrılıqlar olmasaydı, insan həyatı bu qədər romantik olmazdı. Duman seyrəldikcə qürbət mənzərələrinə baxa-baxa xalqımızın gözəl şairəsi Nigar xanım Rəfibəylinin şeri qulaqlarımda səslənirdi:
Dostum, bu yerlərin qürbətdir adı,
Qürbətdə insanın könlü açılmaz.
Yaralı quş kimi sınır qanadı,
Xəyal bu yerlərdə edərmi pərvaz?
Ay bir cığır salıb dənizə nurdan,
Ağaclar başını əyibdir yerə.
Xəyalım dağınıq, könlüm pərişan,
Baxıram bu qərib yad sahillərə.
Vətən həsrətilə qəlbim döyünür,
Neynirəm cənnəti vətəndən ayrı,
Neynirəm bu əlvan, şux çiçəkləri
Neynirəm, sevgilim, mən səndən ayrı?..
...Polyak ustalarının təmir etdiyi “Riqa” mehmanxanası istiqamətindən dikdaban ayaqqabıların səsi gəlirdi. Qoşa at ayaqlarının səsinə bənzəyirdi. Ayaq səsləri yaxınlaşdıqca çıraqban səkidə iki gənc qadın göründü. Məndən siqaret istədilər. “Çəkən deyiləm” dedim. “Demək içən də deyilsən?.. Qısa cavab verdim: “Yox!” Hər ikisi ucadan qəhqəhə çəkib, yola düzəldilər. Gedə-gedə mənə istehza edib: “Bəs sən nəyə yarayırsan?” Bu dəfə lap bir-birinə qoşulub at kimi kişnədilər. Özlərinə bab kişi ovuna çıxan bu gənc qadınların kişnərtisi məndən xeyli uzaqlaşsalar da kəsilmək bilmirdi. Onlar hardan biləydilər ki, mənim qəlbim o an vətən sevgisi üstündə köklənmişdi. Bu sevgi qəriblik məktəbində mükəmməl dərs almışdır. Mən burda - Dauqavanın sahillərində Xəzərin səsini duya bilirdim. ən kiçik təpəyə çıxanda vətən dağlarını seyr edirdim. General Həzi Aslanovun, Abusəməd dayımın faşizm zülmündən azad etdiyi bu torpaqlarda qürurla gəzirdim. Hərdən öz qəlbimin pıçıltılarını da dinləyirdim:
Qəribliyin hər qarışı doğmalıq,
Doğma yurdun görən nəyi qəribdir?!
...İçib kövrələndə özünü qərib qadın adlandıran Vlentina Petrovnanın sözünü xatırladım: “Sən xoşbəxt adamsan, atan yanına gəlir!” İndi yəqin o öz taxtında çoxdan yuxuya getmişdi. Mənsə hava limanına yola düşəndə fikirləşirdim ki, doğrudanmı gələn atamdır? Bəlkə elə Abusəməd dayımdır. Qırx il əvvəl bu yerlərdə döyüşmüş dayımın öz alaylarındakı şəfqət bacısı ilə eşq məcaraları olmuşdu. Ondan dünyaya gələn körpəsinə Nelli adını qoyan dayım müharibədən sonra iki il burada yaşasa da vətənə dönmüşdü. Çox sonralar Nellini axtarmaq istəsə də onun sorağını ala bilməmişdi. Bu yeddi ayda qürbətdə mənim ən böyük uğurum Nellini Kuldiqa şəhərində tapmağım oldu. Eynən Abusəməd dayımın Zeynəb adlı qızına bənzəyən Nelli məndən on üç yaş böyük idi. Dayıma dərhal məktub yazdığımı Nelliyə xəbər vermişdim. Nelli isə tərslik edib o mənim atam deyil, deyirdi:
– Mənim atam birinci sinfə gedəndə mənə əlifba kitabı alan adamdır.
Sonra Nellini çətinliklə də olsa yola gətirdim. O da xırda səhvə görə küsdüyü ərindən boşanmağını təxirə salıb, dayımın gələcəyi günü gözləyirdi. Dayımınsa yubanmağına ən çox sevinən Nellinin əri idi. Bəlkə də barışacaqlarına inanırdı...
Mən Riqa hava limanına çatanda Bakıdan gələn sərnişin təyyarəsinin endiyini diktor tez-tez elan edirdi. Sərnişinləri qarşılama zalında mən artıq doğmalıq selində üzürdüm. Bir ortayaşlı kişi Şəki ləhcəsiylə söhbət edə-edə ətrafındakıları güldürürdü. Qəriblikdə heç kim özünü dilinin altında gizlədə bilmir. Vətəninin, millətinin adını uca tutanlar burda özünü gözə soxmur. Bəzən doğma dildə bir xoş kəlmə kifayət edir ki, dodaqlarda təbəssüm əmələ gəlsin. Həyatda şirindil olmaq da bəxtəvərlikdir. Həyat bazarında söz ilə alver etmək böyük bacarıqdır. əllərində gül-çiçək dəstələri tutmuş bu adamlar təyyarənin trapından düşənlərə boylanırdılar. əliboş olmağımın fərqinə varmadan mən o gül-çiçək dəstələrinə baxa-baxa içimdə doğma bir mahnını zümzümə edirdim:
...Nərgizlərin gözü yaşla dolanda,
Bənövşələr baxıb qəmgin olanda,
Qərənfilin gözü yolda qalanda
Easəmənlər saçın yolur, neyləyim.
Çəkir çiçəklərin gözü intizar,
Ayrılıqdan betər dünyada nə var.
Bu bahar axşamı səni bax, Nigar
Həzin-həzin yada salır, neyləyim...
...Gələn atam idi. Nəfəsində nənəmin, anamın, bacı-qardaşlarımın, bütün doğmalarımın hərarətini gətirmişdi. Sevincimdən uçurdum. „örüşüb-qucaqlaşdıq. Birdən içimdən gələn sevinci kədər çulğaladı. Gənc yaşlarından oruc tutub, namaz qılan bu imanlı kişini indi mən mənzili spirt iyi verən Valentina Petrovnagilə necə aparım? Bu şəhərə gələndən iki mənzil dəyişsəm də içki içən, siqaret çəkən ev sahibələrindən yaxamı qurtara bilmirdim. Dünyanın ən gözəl hava limanlarından biri olan Riqa aeroportunda xeyli yubandıq, kafedə əyləşib çay içdik. Düşünürdüm ki, bəlkə həmyerlimiz Valehgilə gedək... Atası Xanoğlan kişiylə atam otuz ildən çox idi ki, bir-birlərini tanıyırdılar. Ancaq Valehin yaşadığı kiçik təkotaqlı mənzil ailə qurduğu latış qadınla altı yaşlı oğlu Vahidə darısqallıq edirdi. Atamı mehmanxanaya aparmaq düzgün olmazdı. Məktublarımda ikiotaqlı mənzil kirayələdiyimi həvəslə yazmışdım. Deməzdimi, bəs hanı sənin kirayədə qaldığın o ikiotaqlı mənzil? Bəs neynəməli? Qəlbimi parçalayan kədərdən atamın xəbəri olmasın deyə onu sorğu-suala tutub, evimizdəkiləri dönə-dönə xəbər alırdım.
Abusəməd dayımın nə üçün gəlmədiyini soruşanda:
- Məktubunu alıb, oxuyub, qızının tapılması xəbərinə sevindiyindən infarkt keçirib. Həkimlər bir müddət yataqdan qalxmamasını bildiriblər. – dedi.
İndə də düşünürdüm ki, Nellinin evi Riqada olsaydı, nə yaxşı olardı! Bir bəhanə ilə atamı ora aparardım. “Daha bu qəribliyin hər qarışı hardan doğma oldu ki?!” – deyə o iki misralıq şerimdən də vaz keçib, qəlbimdən pozmaq qərarına gəldim.
...Birdən sanki möcüzə baş verdi; gözlərimə inana bilmirdim.
Valentina Petrovna əlində bir dəstə qərənfil, gözəl geyimdə başımızın üstünü kəsdirmişdi. Aradan üç-dörd saat keçsə də sərxoşluğunun belə tez sovuşduğunu heç görməmişdim. Bax, indi sözün əsl mənasında Novqorod knyaginyalarına bənzəyirdi. Saçları səliqə ilə daranmış, üz-gözünə ənlik-kirşan çəkib, qamətini düzəltmişdi. Qadının gözlərində sevinc parıldayırdı. Çox nəzakətlə əlindəki qərənfilləri atama uzadıb: – Xoş gəlibsiniz – dedi, – mən sizin oğlunuzun xozeykasıyam, – Valentina Petrovna...
Mat-məəttəl qalmışdım. Qadın dünyası həqiqətən də sirli-soraqlı bir aləmdir. Elə bil dünənəcən özünü qadın gözəlliyindən və nəzakətindən məhrum edən Valentina Petrovna xəzinə tapmışdı. Məni doğma balası kimi bağrına basıb, atama: – Belə oğul böyütdüyünüzə görə sizə minnətdaram. Bir ana kimi qarşınızda baş əyib, sizə çox sağ olun, deyirəm! – deyə atama təzim edib, sözünə davam etdi:
– Sizin bu oğlunuz mənə bir dünya sevinc verib, əsgər oğlumun yanında başımı uca edib... Mənim Vladikim məktubunda yazıb ki, çox sağ ol ana, göndərdiyin səkkiz kiloqramlıq bağlamanı; Riqa balzamını, “Uzvara” fabrikinin nemətlərini – şokoladlı zefirlə, “Quş südü” karamelini alıb, əsgər yoldaşlarımla bölüşdüm. Sən dünyanın ən gözəl anasısan!..
Atam gah mənə, gah da bayaqdan dil qəfəsə qoymayan qadına baxırdı. Nəhayət, Novqorod knyaginyası atamın onun sözündən heç nə anlamadığını başa düşüb: – əslində bu bağlamanı ona Sizin oğlunuz göndərib, mən yox! Və sizin hüzurunuzda, qafqazlılara güvənmədiyimə görə, oğlunuzdan üzr istəyirəm... – dedi: Sonra üzünü mənə tutub: – Sübh tezdən ayılıb məktubu oxuyanda gözlərimə inanmadım. Sevincimdən lap at kimi kişnədim. Sonra tez vanna otağına cumub ilıq duşda yuyundum. Özümü də, evi də əməlli-başlı səliqə-səhmana saldım. Bir ayda görmədiyim ev işlərini bircə saatda görüb qurtardım. Elə bil mənə qeyri-adi güc gəlmişdi. İnan mənə, mənzil gül iyi verir. Atan bizdə istədiyi qədər qala bilər. Mən isə bir müddət Xelena İllarionovnayla qalacağam. Evi və hər şeyi sənə etibar edirəm. Aydındır? – deyə ərklə cavab gözləmədən: “İndisə, irəli!” söylədi.
Çiynimdən elə bil ağır yük götürülmüşdü. Bayaqdan qəlbimi sıxan qəmli fikirlərin əndişəsindən qurtulub. Valentina Petrovnaya dedim:
– Heç bilmirəm sizə necə təşəkkür edim, knyaginya?!
– Sən öz təşəkkürünü artıqlaması ilə edibsən, – indi növbə mənimdir – deyə gülümsündü.
...Və biz hər üçümüz hava limanının yaxınlığındakı dayanacaqda taksiyə əyləşib şəhərə yola düşdük.
Riqa, 1985

Комментариев нет:
Отправить комментарий