“İnsanın tarixi dəliliyin tarixi qədərdir” (Foko)
Adət kimi olmuşdu mənə. Boş vaxtlarımda Təbrizin mərkəzi dəlixanasına gəzməyə gedərdim.
Dəlixananın sol tərəfində şəhərin ən böyük xəstəxanası yerləşirdi.
Mən həmin xəstəxanada iki gecə qalmağa məcbur olmuşdum. Qaldığım otağın pəncərələri dəlixananın həyətinə baxırdı. Həmin iki gecə dəlilərin səsindən səhərə kimi qorxudan yatmamışdım. Ancaq zaman keçdi və mən dəlilərlə yaxından görüşmək qərarına gəldim. Ona görə həftənin son iki gününü orada, dəlilərin yanında keçirirdim. Dəlixana xəstəxa kimi bir mərtəbəli yox, iki mərtəbəli idi. Mən heç vaxt ikinci mərtəbəyə çıxmamışdım. Deyirdilər, icazə yoxdur. Ancaq birinci mərtəbənin bütün dəlik-deşiklərini tanıyırdım. O qədər dəlilərlə qaynayıb-qarışmışdım ki, bəzən gələnlər məni də dəlilərlə səhv salırdılar.
Günlərin bir günü dəlixananın baş həkiminin otağında həkimi gözləyirdim. Xəyallarıma cumub-batmışdım ki, qapı açılıb kimsə çox ciddi şəkildə içəriyə girdi. Məndən soruşdu:
- Salam, həkim yoxdu?
- Yox, bir azdan gələr.
- Əyləşə bilərəm?
- Əlbəttə, buyurun, buyurun!
Zahirinə baxanda təbii görünürdü. Oturdu qarşımdakı divanın üstündə və gözlərini dikdi mənə. Mən başımı aşağı saldım. Baxışlarının ağırlığına dözə bilmədim. Başımı qaldırıb üzünə baxdım. Gördüm gözləri az qala deşiyindən eşiyə çıxıb və gözünü mənə zilləyib. Birdən-birə dedi:
- Sizdən bir xahiş eliyə bilərəm ağa?
- Buyurun, eşidirəm.
- Mən yazıb oxumaq bilmirəm. Olar mənə bir məktub yazasız?
- Olar, olar. Niyə olmur?
Güllə kimi ayağa durub masanın üstündən bir kağız və bir qələm götürüb mənə tərəf uzatdı. Alıb qarşımdakı mizin üstünə qoydum. Qələmi əlimə alıb soruşdum:
- Kimə yazacam, nə yazacam?
- Leylaya!
- Hə, oldu. De yazım!
Ağzındakı tüpürcəyi udub, dərin bir nəfəs alıb dedi:
- Bismillah rəhmani- əlrəhim! Salam Leyla, mən səni çox sevirəm. Səni gördüyüm gündən dəli olmuşam. Hamı elə bilir mən dəliyəm. Heç kim bilmir sənin dərdin məni bu hala salıb. Leyla, heç kim məni dərk eləmir. Tez-tez gətirib ağzıma dərmanlar soxurlar. Mən özümü elə göstərirəm ki, guya dərmanları uduram, amma udmuram. Həkimlər gedəndən sonra tüpürürəm bağçaya. Sən olmayınca mənim vəziyyətim belə olacaq. Niyə məni tərk eliyib getdin? Hara getdin? Bəs sən bilmirdin dəlilərin ortasında yaşamaq çətindi, adamı dəli eliyər? Hə, Leyla? Indi mən də dəli olsam, cavabını kim verəcək? Leyla, istəyirəm anamı sənə elçi göndərəm. Istəyirəm arvadım olasan. Gedib-gəlib öpəm səni! Istəyirəm ağıllı bir uşağımız olsun. Yox, iki uşağımız olsun. Biri oğlan, biri qiz. Tək böyüməsinlər. Tənhalıq da çox çətindi, Leyla. Burada olanların hamısı tənhadı. Hamısı elə bilir ağıllıdı. Amma mən bilirəm ki, dəlidilər. Leyla, tək adamların hamısı dəli olur. Məni tək qoyma, gəl. Atam məni sevmir...”.
Bunların hamısını birnəfəsə dedi, dayandı. Başımı qaldırıb baxdım ki, gözləri dolub. Dedim:
- Sözlərin qurtardı?
- Yox ağa, yaz, yaz! Çoxdandı Leylaya məktub yollaya bilmirəm. Həkim elə bilir mən dəliyəm. Ona görə də qoymur...
- Eybi yox. Narahat olma. Nə qədər ürəyin istəyir de yazaram.
Sevinə-sevinə dedi:
- Çox sağ ol, ağa, çox sağ ol! Yaz. “Leyla, mənə bozbaş bişirərsən. Buranın yeməkləri iy verir. Bilmirəm nə pox qatırlar içinə. Mənə yarpaq dolması bişirərsən. Mən də gedib isti təndir çörəyi alıb gələrəm. Bala-bulalarımızı süfrənin başına yığıb yeyib keyf eliyərik. Qoy bu səfeh həkim elə bu dəlilərin yeməyindən yeyib özünü ağıllı saysın. Gəl çıxıb gedək, Leyla. Dünən axşam həyətin divarından aşıb qaçmaq istədim. Bir-iki nəfər “dəli qaçır”-deyə arxamca qaçıb məni tutdular. Bunlar elə bilir ağıllı qalar, dəli qaçar. Leyla, doğurdan da çox dəlidilər bunlar. Mən bu axmaqların içində yaşamaq istəmirəm. Məni tutandan sonra bir yekə iynə vurdular yanıma. Yeri indi də ağrıyır. Iynə vurulduqdan sonra yatdım. Bir-iki saat olar oyanmışam. Görürsən, Leyla, dəlilərin içində yaşamağın buyu da var. Nə qədər bacarırsan gərək uzağa qaçasan. Lap dağda yaşayasan. Hələ Leyla, sənə bir söz deyim. Anamı nə vaxt yollayım evinizə? Bir qutu kanfet, bir dəstə də gül! Yaxşıdı hə? Sənə çoxlu qızıl alacam. Anamın bir dənə gözəl boyunbağısı var, onu da verəcəm sənə. sən nə desən alacam sənə. Biz xoşbəxt olacağıq, Leyla"!
- Qurtardı?
- Bəli ağa. Indi qələmi ver imzalıyım.
Qələmi məndən alıb, kağızı öz tərəfinə çəkib, yazının altında iki birləşmiş ürəyin şəkilini çəkdi. Bir dənə də ox o iki ürəyi deşdi. Altından da iki qətrə qan tökülürdü. Çox maraqlı dəli idi. Sonra da şəklin altında nəsə qaraladı və qələmi mənə tərəf uzatdı:
- Imzaladım!
- Hə, bildim. Gözəl imzadı.
- Çox sağ ol, ağa. Indi olar bizim evimizin nömrəsini də yazasan? Birdən Leyla zəng eliyər. adımı da yaz
- Olar, de.
- 456 85... adım da Əhməddi.
- Bəs Leylanın adresi?
- Təbriz, Küçəbağ məhəlləsi. Evlərinin nömrəsi də 25-di. Həkim gəlməmiş mən çıxım gedim.
- Yaxşı narahat olma. Aparıb verərəm.
Əhməd durub əyilə-əyilə qapını açıb getdi. Olanlar məni bərk təəccübləndirmişdi. Bir dəlinin bizlərə və başqa dəlilərə olan münasibəti mənim üçün çox maraqlı idi. Fikirləşdim mütləq aparıb məktubu Leylaya çatdıracam. Doğrusu özüm üçün də Leylanın kim olduğu çox maraqlı gəlirdi. Həkimi gözləmədən ayağa durub adresə tərəf yola düşdüm.
Küçəbağ məhləsinə çatmışdım. Bu məhlə Təbrizin ən qədim məhlələrindən sayılırdı. Dar küçələr və klassik insanların birləşməsindən yaranan bu məhlədə, eyni zamanda, çox qısqanc və qəlbiqaralıq da var idi. Küçəyə bir qərib girən kimi hamı onu nəzarətə götürür, hara və niyə gəldiyini öyrənməyə çalışır. Vay o günə ki, Küçəbağ məhləsində bir qıza vurulasan. Qızı görmək üçün gərək təpik və yumruqlarla dostluq elan edəsən.
Soruşa-soruşa Əhmədin dediyi adresə çatdım. Dar bir dalanın ən axırıncı qapısı idi. Rəngi tökülmüş və əzik-üzük bir qapı. Bilmirdim qapını nə adla döyüm. Nə deyərdim? Deyərdim qızınıza bir naməhrəm oğlandan məktub gətirmişəm? It kimi döyərdilər məni. Bir fikir ağlıma gəldi. Küçənin başında iki oğlan uşağı velosiped sürürdülər. Onlara yaxınlaşıb soruşdum:
- Uşaqlar siz Leylanı tanıyırsız?
Uşaqlar dedilər:
- Hansı Leylanı? Əzizin bacısını?
- Qardaşını tanımıram. Təxminən 25 yaşı ola gərək.
- Yox, Əzizin bacısının 10 yaşı var.
- Bəs bu dibdəki qapı kimin evidi?
- Ora Lalə xalagilin evidi. Tək arvad idı. Üç-dörd il olar rəhmətə gedib. Qızı yoxdu. Bir oğlu var, o da deyillər dəlixanadadı.
- Həəə, bildim. Çox sağ olun.
Çox maraqlı idi. Deməli Əhməd məni öz evlərinə yollamışdı. Leyla bu evdə yaşamırdı. Ürəyimdə dedim “bəlkə heç Leyla deyilən bir varlıq yoxdu və Əhməd doğurdan da dəli idi. Leyla isə onun xəyallarının sevgilisidi! “Bu fikirlərlə evə qayıtdım. Səhərə kimi demək olar ki yatmadım. Ağlıma min cür fikirlər gəlirdi. Bu olanlar mənə yuxu kimi gəlirdi. Səhərin tez açılmasını gözləyirdim ki, dəlixanaya gedib Əhmədlə görüşüm.
Səhər yuxudan durub bir tikə çörək ağzıma qoyub yola düşdüm. Avtobusla uzun bir məsafə qət eləməli, daha sonra isə bir neçə dəqiqə ayaqla getməli idim. Avtobus dörd yolda bir az tıxaca ilişdi. Hər tərəfdən siqnal səsi gəlirdi. Avtobus sürücüsü başını pəncərədən çıxarıb bağırırdı:
- Ay dəli, niyə siqnal çalırsan?
Sol tərədəki maşın sürücüsü isə bağıraraq cəvab verdi:
- Dəli sənin nəslindi! Bu nə cür maşın sürməkdi. Sənin kimiləri gərək dəlixanaya aparalar!
Avtobusun sürücüsü isə başını içəri salıb dilinin altında söyməyə dəvam elədi:
- Dəli köpəyoğlu dəli. Siqnal çalan bu, dəli kimi sürən bu, hələ mənə dəli deyir. Vallah bu millət qudurub. Başı xarab olub. Axşama kimi rol arxasında it kimi yoruluram, axırda da itin qabağına atılan pulu mən qurumsağa verirlər. Bu səs-küylər, pulsuzluq adamı dəli eliyir. Bir dənə də belənçi dəli adamın qabağına çıxanda day adam bilmir haranın daşını başına salsın. Lap dəli oluram. Şəhər deyil ki, dəlixanadı bura. Yarısı dəlidi, yarısı da dəlibaz. Səhəri budu, gör axşamı nədi. Hələ mənə dəli deyir eşşəyin balası. Əh!
Şəhərə baxışım dəyişilməyə başlamışdı. Sanki gözlərim hələ indi görməyə başlayır. Doğrudan da görmək, baxmaq və müşahidə etməyin arasında fərq çox imiş.
Dəlixanaya çatdım. Dəlixananın qapısından dəlilərin yığışdığı salona çatana kimi ürəyim partdadı. Nəfəsim demək olar ki, dalımdan çıxırdı. Salonda Əhmədi axtarmağa başladım. Tibb bacıları məni tanıyırdılar. Biri qabağa gəlib “həkimi axtarırsan” - deyə soruşdu. Dedim Əhməd adında bir nəfəri axtarıram. Dedi:
- Əhmədə dünən gecə dəlilik elədiyinə görə dərman verilib. Ona görə də yatıb. Bir azdan ayılacaq.
Gedib həyətdə oturacağın üstündə oturub gözlədim. Bəzi dəlilər həyətdə dəlicəsinə gəzirdilər. bəzilərinin əlləri bağlı idi. Bəzilərinin yanında isə mühafizəçilər gəzirdilər. Bir-iki dəli qadın da uzaqda gözə dəyirdi. Artıq hamını dəli kimi görürdüm. Adam hərdən elə bilir dünya dəlilərin sürgün olduğu, nəzarət altında olduğu və mükafatı və cəzası bol olan bir yerdir. Lap bu dəlixana kimi.
- Salam!
Diksinib arxaya döndüm. Əhməd başımın üstündə dayanmışdı. Ayağa durub Əhmədə tərəf dönüb dedim:
- Salam Əhməd. Necəsən?
- Çox sağ ol, ağa. Məktubu Leylaya verdin?
- Leylanı tapa bilmədim. Adresi səhv vermişdin. Məni ananın yanına yollamışdın!
- Indi elə bilirsən mən dəliyəm?
- Yox, yox! Sadəcə, dedim bəlkə yanlışlıq olub. Leylanın düzgün adresini versən, aparıb məktubu çatdıraram.
- Leylanın düzgün adresi olsaydı özüm aparıb verərdim də, ağa! Sənə niyə deyirdim ki?
Lap dəli olurdum.
- Necə? Leylanın adresi yoxdu?
- Heç nə ağa. Bir adres var...gəl onu sənə verim apar məktubu ver ora. Yaxşı, ağa?
- Yaxşı.
- Kağızı çıxarıb skameykanın üstünə qoydum. Qələmi köynəyimin cibindən çıxarıb dedim:
- De yazım!
- Yaz, ağa. Qarabağlılar məhəlləsi. Həsən küçəsi. Nömrə 53.
- Bax ha. Bu dəfə adres düz olmasa, day aparmayacam.
- Düzdü, ağa.
- Yaxşı, mən getdim!
Yola düşdüm. Bu məsələnin axırını görmək istəyirdim. Ürəyimdə dedim, “hara kimi getsə gedəcəm”!
Qarabağlılar məhləsindəydim. Buranın da özünəməxsus ləhcə və həyat tərzi var idi. Ümumiyyətlə, Təbrizi yığma bir şəhər də adlandırmaq olar. Hər məhlənin özünəməxsus ləhcə və mədəniyyəti var. Bu məhlə də çox qəlbiqara və dindar bir yer idi. Ehtiyatla adresi axtarmağa başladım. 50..51...52...və 53. Tapdım. Köhnə bir taxta qapı idi. Ancaq dalanın dibində deyil, düz yolun qırağındaydı. Ev divarının həmən yapışığında bir market mağazası var idi. Içəri girib soruşdum:
- Bağışlayın, mən Leyla xanımgilin qohumlarındanam. Uzaqdan gəlmişəm. Bilmirsiz hansı qapıdı?
- Hansı Leyla?
- Leyla da. Fatma xanımdı anası!
Fatmanı özümdən çıxartdım.
- Yox tanımıram. Elə bir adam burada yaşamır.
- Bəs bu yanınızdaki qapı kimin evidi?
- Mənim evimdi? Necə???
Kişi qeyrətə gəlmişdi. Gözlərindən əsəbi oxudum.
- Heç, elə belə soruşdum. Üzr istəyirəm, sağ olun!
Mağazadan çıxıb sürətlə uzaqlaşdım. Hiss edirdim bu adres də düz çıxmayacaq. Beş-on metr uzaqda iki uşaq dayanmışdı, söhbət edirdilər. Yaxınlaşıb soruşdum:
- Uşaqlar, o ev var ha, marketin yanında. Ora kimin evidi?
Uşaqlar çəp-çəp mənə baxdılar:
- Sənə nə ki, kimindi?
- Heç, mən Leylanı axtarıram. Əhməddən məktub gətirmişəm.
Uşaqların biri mənə baxıb dedi:
- Leyla kimdi, o evdə Leyla yaşamır. Ora bizim evimizdi. Indi qardaşımı çağırım sənə desin Leyla kimdi!
- Lazim deyil çağırasan. Hələ bir dayan görüm! Sən Əhməd adında adamı tanıyırsan?
- Nə Əhməd? Tanımıram. Qardaşım Həsəndi. Özü də idmançıdı. Səni alıb başına yerə vurar.
- Yaxşı eliyər, qoy vursun. Sizin qohumlardan da Əhməd yoxdu?
- Bibimin oğlu var adı Əhməddi. Çoxdandı görməmişəm. Dəli olub deyillər.
- Sənin bacın var?
- Sənə nə, eşşək! Həsəəəən!
- Yaxşı, yaxşı, çağırma. Elə-belə soruşdum sağ ol!
Və düşüb qaydırdım ki, oğlanın dostu uzaqdan çığırdı:
- Onun bir bacısı var idi. Onu da iki-üç il olar maşın vurub öldürüb!
- Çox sağ ol, cavan oğlan!
Oğlan gülümsədi mən də oradan uzaqlaşmağa başladım. Dəhşət idi. Əhməd məni sanki keçmişdə sevdiyi insanların qapısına göndərirdi. Artıq kimin dəli, kimin ağıllı olduğunu ayırd eliyə bilmirdim. Vaxt itirmədən dəlixanaya qayıtdım. Günü itirmədən bu məsələnin axırına çıxmaq istəyirdim. Sabaha qalsaydı Əhmədlə görüşmək üçün beş gün gözləməli olacaqdım. Ona görə də bu dəfə taksi saxladım. Sürücü soruşdu:
- Haradı inşallah?
- Dəlixanaya!
- Necə?
- Belə, bağışlayın. Mərkəzi Asayeşgaha!*
- Həəəə. Elə əvvəldə düz dedin. Ora dəlixanadı də!
Sonra gülməyə başladı.
- Ora niyə, qohumlardandı?
- Yox, özümün başqa işim var!
- Həəə, Allah şəfa versin!
- Qardaş, mən xəstə deyiləm, özüm həkiməm. Nə Allah şəfa versin?
- Nə bilim, dedim də! Allah şəfa verməsin, indi yaxşı oldu? Hamı dəli olub e!
- Qardaşım, incimə, fikrim qarışıqdı. Mən heç dəliyə oxşayıram ki, deyirsən Allah şəfa versin.
- Vallah nə deyim. Dəlinin bəyəm buynuzu olur ki? Məsələn, canım sənə desin, indi o qədər əxlaq pozğunluğu, fahişə-zad çoxalıb ki, adam az qala anasından da şübhələnir. (Gülür) deyirəm bəlkə o da cavanlıqda qəhbəlik eliyib! (Gülür)
Mən də gülümsəyərək cavab verdim:
- Eeehh, kefin sazdı sənin. Get anandan soruş də.
Güzgüdən mənə işarə eliyib gülümsəyərək dedi:
- Dəli özünə dəli deyir ki, qəhbə də özünə qəhbə desin?!
Nə bilim, bəlkə də haqqı var idi. Bəlkə də hamımız bir az dəli, biraz da fahişəyik!
Xəstəxanaya çatmışdım. Sağollaşıb maşından düşəndə sürücü dedi:
- Boynuva al!
Sadəlövh kimi dedim:
- Nəyi?
- Dəliliyi.
Oğraşın balası məni ələ salmışdı. Qapını möhkəm çırpıb xəstəxanaya tərəf yola düşdüm. Sürücü qapını elə bərk çırpmağımdan narahat olub, başını pəncərədən çıxarıb bağırdı:
- Gördün, dedim dəlisən!
- Hə, dəliyəm. Belə mən dəliyəm! Sənə nə girib-çıxanı var axı, əh!
Lap əsəbiləşdirmişdi məni. Dəli ilə əsəbi insanın arasındaki fərq bir tük qədərdi. Narahat-narahat Əhmədi axtarmağa başladım. Həyətdə tapmadım deyə həkimin otağına tərəf yola düşdüm. Tibb bacısından həkimi soruşdum. Dedi, otağındadı. Otağının qapısını tıqqıldadıb içəri keçdim. Həkim mizinin arxasında oturmuşdu. Yaxşı baxdıqda o da bir növ ağ paltar geyən dəliyə oxşayırdı. Dedi:
- Buyurun.
- Salam, doktor!
- Salam, salam. Həə, sizsiz. Dünən hara getdiz bəs? Gəldim ki, gedibsiz.
- Vallah gördüm gecikirsiz, dedim vaxtınızı almayım. Getdim bir az gəzişdim buralarda.
- Dəlilərlə ünsiyyət necə keçir?
- Ağıllılardan daha maraqlıdı, doktor!
- Maraq axtarana maraqlıdı, pul axtarana yox! Həm də insan dəliliyə adət eliyəndən sonra onu xəstəlik saymır. Elə bilir, elə belə olar! Ağıllı dəlilər o qədərdi ki...
- Dəli ağıllılardan da çoxdu yaman!
- Həəə (gülür). Indi neynəyək? Ağıllı dəli olaq, yoxsa dəli ağıllı!
- Heç biri, doktor. Ağıllı olub dəli kimi görünməkdən və dəli olub ağıllı kimi yaşamaqdansa zır dəli olmaq daha məsləhətlidir.
- Yavaş-yavaş filosof olursan haa. Belə getsə sən də qonağım olacaqsan!
- Bəs nə edim, doktor?
- Çalış nə çox ağıllı ol, nə də çox dəli. İkisinin də sonu buradı! Dərmanları da eynidi. Kimsə də maraqlanmayacaq ki, sən ağıldan dəli olubsan, yoxsa elə kökündən dəli idin! (gülür)
- Baş üstə, doktor... nə deyirəm ki...
- Nə olub, bir az gərgin görünürsən?
- Vallah doğrusu... Doktor, siz bu Əhmədi tanıyırsız?
- Hansı? Həəə... o dəlini deyirsən... tanıyıraam. Necə?
- O mənə bir məktub yazdırıb ki, Leylaya aparıb verəm. Iki dəfə göndəridiyi adreslərə getdim, amma ikisində də Leyla yox, bəlkə anası və dayısıqızı çıxdı. Lap dəli olmuşam. Bilmirəm nə eliyim!
Həkim ayağa durub mənə tərəf gəldi. Gülümsəyərək qarşımdakı oturacaqda, yəni Əhmədin oturduğu oturacaqda oturub dedi:
- Leyla... hə?
- Bəli, doktor!
- Bilirsən Leyla kimdi?
- Xeyir, doktor. Amma bilmək üçün tələsirəm!
- Hmmm... biraz səbrli ol... deyim sənə!
- Siz onu tanıyırsız?
- Onu tanımayan var ki? Tanıyanlar üçün maraqsızdır. Tanımayanlar onu görməyə tələsirlər. Bilirsən nədi? Nəyisə tanıdın ha, bax onda əhəmiyyətini itirir... lap bu Leyla kimi!
- Leylaya nə olub ki?
- Ikinci mərtəbədədi. Ikinci qatda...
- Necə?
- Onu görmək üçün ikinci mərtəbəyə qalxmalısan. O da dəlidi. Qadınlar bölməsində qalır...
Elə bil başıma qaynar su tökdülər. Mən iki gündü səfeh kimi şəhərə düşüb Leyla axtarıram. Qapı-qapı dəli kimi gəzirəm. O isə burdaymış. İkinci qatda...
- Doktor, Leylanı görmək olar?
- O, ağır xəstədi. Dəmirlərin arxasından göstərərəm sənə. Dur, dur ayağa gedək!
- Hara?
- Necə hara, ikinci qata də!
Ayağa durub ikinci qata yola düşdük. Olanlar məni tamamilə özünə qərq etmişdi. Heç nə düşünə bilmirdim. Ağıllılar dünyasnda da iki dəli kimi sevən insana dəli və ya məcnun deyirlər. Amma bu tam fərqli şey idi. Iki dəlinin ağıllı sevgisi ağıla gəlməyən bir hadisə idi. Ağıllı olub dəli kimi sevmək yaxşıdı, yoxsa dəli olub ağllı kimi sevmək? Bunu doktordan da soruşdum. O dedi:
- Onsuz da hər ikisində də sənə dəli deyəcəklər. Sevgi belədi də. O başı da itirməkdi, bu başı da.
Sonra gözünün qırağı ilə mənə baxıb dəvam elədi:
- Çox fikirləşmə, dəli olarsan!
- Bəs neynəsəm ağıllı olaram?
- Gərək arsız olasan.
- Arsız ola bilmirəm,doktor.
- Onda lap çox ağıllı ol! Heç olmasa dəlilik tituluna layıq ol.
Doktor gülə-gülə pillələri qalxırdı, mən də arxasınca gedirdim. Demək olar ki, dəmir qapının yanına çatmışdıq. Qapının sağ tərəfində bir tibb bacısı oturmuşdu. Doktor ondan soruşdu:
- Leylanın dərmanları verilib?
- Bəli, doktor!
- Leylanı gətir bura.
- Bəli, doktor!
Tibb bacısı durub qapının zincirini açıb içəriyə keçdi. Bir azdan sonra əli və ayağı xüsusi paltarla bağlı olan bir çirkin qızı yanında gətirdi. Qızın gözlərindən onun dəli olmağını çox rahat bilmək olardı. Baxışlarının dərinliyndə sirli bir şey var idi. Hiss edirdim ətrafına “niyə” dolu baxışlarla baxır. Qız yanıma çatanda soruşdum:
- Leyla sənsən?
- Hə!
- Sənə Əhməddən bir məktub var. İstəyirsən?
Dəli qadınlara aid xüsusi naz ilə dedi:
- Nə Əhməd? Nə məktub?
Səsimi bir az da yumşaldıb dedim:
- Sevgi məktubu!
- Eeeeee, beynimi xarab elədi bu dəli. Dəlixanada sevgi olar? Nə istiyir eeee məndən? Ver görüm onu!
Doktor tibb bacısına gözü ilə işarə elədi ki, əllərini xüsusi paltardan çıxarmağa kömək eləsin. Məktubu Leylanın əlinə verdim. Leyla məktubu açıb guya oxuyurmuş kimi baxdı. Sonra çox rahat şəkildə cırıb havaya sovurdu. Məktub göydə uça-uça Leyla da dəli kimi ucadan gülməyə başladı. Gülməyin ortasında bağırırdı:
- Harda bir dəli var gəlib məni tapır e, Allah haqqı!
Doktor mənə baxırdı. Mən isə donub qalmışdım. Tibb bacısı Leylanı dəmir qapının içinə qaytardı. Doktor dedi:
- Narahat olma. Burda hələ elə dəlilər var ki, Allahın olub-olmadığını riyazi formullar ilə sübut edirlər...
Комментариев нет:
Отправить комментарий