26.09.2013

RÜZGAR NİQABINI TEYLƏR LAMƏKAN


Etimad Başkeçid

rüzgar niqabını teylər laməkan,
alaçiy dostumun üzü görükür,
əski  əhvalından nəm-nişanəsız,
qara yel qarsımış yazı görükür.

karvan neçə-neçə ağac boyunca,
almaz soluğunu arxac bulunca,
hər mənzil başında göz tutduğunca,
calayi-vətənin izi görükür.

gördüm gördüyümü batil namazdan,
tənəli sözlərdən, haqsız dinazdan,
aşıq öz heyfini alır da sazdan,
bizim kimiləri asi görükür.


DARIXMAQ VAXTININ ŞEİRİ

görünən, sezilən nə varsa dünyada,
bunlar üzə çıxarılmış,
və yaxud tutalım, təsadüfən aşkarlanmış
həqiqətlər olsun gərək…
üzə çıxarılmış həqiqətsə…
nəyə yarar artıq –
üzə çıxarılmış həqiqətlərin hamısı
ifşa olunmuşlar demək.

eşidilən, duyulan nə varsa dünyada
bunlar sirləri faş olmuş
yalın-çılpaq həqiqətlərin
çıxardığı vəhşət səsləridir ki, var
səssə - səsdir, adi və bir az da bayağı,
istər düyanın o başından gəlsin,
istər qeybdən,
istərsə transendent sferalardan.

(yox olmaq nə deməkdir görəsən,
yoxda var olmaqmı?

ölüb dünyadan rədd olub
yoxda da var olmamaq mümkünmü görəsən?)

gözlə görünən, eşidilən, duyulan,
bunlarıın hamısının, tümünün.
leşyeyən kaftar sürüsü olması gərək.
sanki, hansısa, indiyədək məlum olmayan
daha bir həqiqəti aşkarlamaq istəyirlər,
süst düşmüş insan bədənini 
parçalayaraq,
dağıdaraq,
didərək…

QOVĞA

silkinər, qovzanar, kişnər at kimi,
bu çölün üstünə o çöl yürüyər,
bu zülmət gecəyə ya həbib Allah
nə qurşun işləyər, nə yol yürüyər.

hər itindən azan qalar yurd salar,
yağı qoruduğu gələn at salar,
qatır dırnaq salar, quş qanad salar,
amma qolubağlı bir qul yürüyər.

Başkeçid, tövbəkar mübtəla, düşdün,
qəddin xışmalandı nə hala düşdün,
öl qurtar, vallahı  kişilikdimi?
əyilə-əyilə çuğul yürüyər.

Комментариев нет:

Отправить комментарий