Emin Pirinin yaradıcılığı haqqında
Bəzən qəzet və jurnallarda elə yazılara rast gəlirəm ki, həmin yazılarda bir sıra poeziya nümunələri təhlil olunur, şeirlərin əvəzsiz bədii məziyyətlərindən söz açılır, müəllif isə az qala azman sənətkarlara bərabər tutulur, hətta arabir onlardan da yüksək dəyərləndirilir. Açığını deyim ki, əksər hallarda nə belə yazılar, nə də həmin yazılarda bəhs olunan lirik nümunələr qəlbimdə heç bir emosiya doğurmur və qəmgin halda başımı əllərimin arasına alıb fikrə gedirəm, aya, bu yazıdakı və təqdim olunan poetik nümunələrdəki dərinliyi mən dərk edə bilmirəm, ya bu nümunələrin içində əslində dərk ediləsi heç nə yoxdur? Xeyli düşünəndən sonra həmişə eyni qənaətə gəlib pessimizmə qatılıram. Bu boyda cəfəngiyat olmaz ki?! Deyək bu şeirlərin içərisində söz oyunundan qarmaqarışıqlığından, əndrəbadi vasitələrlə oxucunu hipnoz edib ovsunlamağa çalışmaqdan başqa bir şey yoxdur.
Bəs o cür yazını yüksək şövqlə yazan, dəridən-qabığdan çıxıb şeirlərdəki qeyri-adi nəsnələri oxuculara çatdırmağa çalışan qələm sahibi nə düşünür? Deməli, çatışmamazlıq mənim özümdədir ki, belə dəyərli sənət nümunələrinin qeyri-adiliyini, mahiyyətini anlaya bilmirəm. Ancaq “Azərbaycan” jurnalının səkkizinci nömrəsində (2013-cü il) Emin Pirinin şeirlərini oxuyanda özüm haqqındakı bədgümanlığıma qəlbimdə şübhə yaratdı və düşündüm: Vallah, hər şey mənim fikirləşdiyim kimi deyil, yaxşı elə yaxşıdır, mənim üçün də, sənin üçün də, başqaları üçün də... Əgər belə deyilsə, niyə həmin şeirləri oxuduqca əllərim yerdən də, göydəndə üzüldü “mələklərə atılan mərmiləri də” gördüm, isinməyə əsgər sinəsi axtaran fevral şaxtasının üşütdüyü güllər də, “gecə yarısı soba yanında səngərə məktub yazan qızın” daxili narahatlığa mən də qoşuldum. Bu nümunələri xeyli sayda uzatmaq olar, amma məqsədim bu deyil. Məqsədim odur ki, bir daha əminlik hasil edim: Qardaşım, şeir ürəklərdə hansısa duyğuları oyatmaq üçündür,səni heyrətləndirmək üçündür. Şeiri oxuyanda hansı fikirləsə üz-üzə qalırsan, öncə hər şey bir az dumanlı kimi görünür, sanki maşında oturmusan, yağış damcılarının
pərdələdiyi şüşədən çölə baxırsan, şüşətəmizlədən işə düşür, hər şey aydınlaşır. Məsələn,
Çiçək açırdı
torpağa basdırılan
minalara
toxunanda ayaqlar.
“Çiçək açırdı” cümləsi ilk dəfə gözəllik simolu kimi qəlbimizi oxşayır, ruhumuz açılmış rəngarəng çiçəkləri romantikasına köklənir. “Torpağa basdırılan” təyinedici feli sifət tərkibi hələlik həmən əhvalı-ruhiyyənin möhkəmlənməsinə xidmət edir, çünki çiçəklər torpağa basdırılmış gül kolununsa, meyvə ağacınınsa üstündə açar. Amma çiçəkləyən gül kolunun və ya meyvə ağacının əvəzinə, “minalar” sözü ilə rastlaşdıqda əvvəlcə çaşırıq, “çiçək açan minaları” çox qəribə görünür. Sonra hərəkətin necə, nə zaman baş verməsini bildirən “toxunanda ayaqlar” feli bağlama tərkibi maşın şüşəsiləni kimi təfəkkürünüzün duman pərdəsini silir və düşüncələr aydınlaşır. O dəqiqə televiziya ekranlarında dəfələrlə müşahidə etdiyimiz mina patlayışı gözümüz önündə canlanır. Partlayış ani ekranda dondurulduğu zaman açılmış gül qönçəsinə necə də bənzəyir. Görəsən bu bənzəyiş kəşfi şairin ağlına hardan gəlib? Bax buna şairlik deyirlər.
Amma heyrət bununla bitmir. Oxuyuruq haldan-hala düşürük, heyrətlənirik:
çiçəklər yara açırdı
yaralar
anaların yuxusuna qaçırdı.
Yuxular qara xəbərin
ardınca qaçırdı.
Budur dəhşətli müharibənin acı faciələri. Bütün dəhşətiylə sığışıb dörd-beş misraya: partlayan mərmilər, şikəst olan igidlər, saçın yolan analar və s. Lakin şair oxucunu rahat buraxmaq fikrində deyil. Dözülməz dəhşətləri yedirir oxucuya, acı fəlakətlərlə onu üz-üzə, göz-gözə qoyur:
Qəlbinə qara xal düşən qızların
gözünün altından
öpüş yerini
səhər eşitdiyi xəbərlər yuyar.
evli xanımlar
yatağında yox,
torpaqda
əriyçün dərin yer salar.
Şeiri sətir-sətir təhlil etmək fikrim yoxdur. Buna çoxlu söz lazım olar. Məqsədim bir şeyi önə çəkməkdir. Emin şeirlərində fikirlərinin təsir gücünü artırmaq üçün heç bir bəzək-düzək axtarmır, təsirli ifadələrdən, ürək dağlayan romantik vasitələrdən istifadə can atır. O, dağ kimi ağır həqiqətləri həqiqət donunda təqdim edir, göstərir ancaq özünəməxsus düşüncəsinə, duyğularına zor eləmir, oxucu özündən asılı olmayaraq həmin həqiqətlərin ardınca gedir.
Şəhid məzarlarını
mərmərə bükdük,
daş qoyduq başlarına
qalxa bilməsinlər
üzünüzə tüpürməyə.
(“Baş daşları utandırdı məni” şeirindən)
İstər-istəməz bizim də vücudumuzu xəcalət hissi bürüyür, utanırıq “şəhidlər xiyabanında 18 yaşlı baş daşları” qarşısında.
Emin Pirinin şeirlərindəki bir cəhəti-sözümün əvvəlində bəhs etdiyim şeirlərdən fərqli bir cəhəti xüsusilə vurğulamaq istəyirəm. Elə şeirlər olur ki, hər şeyi yerli-yerində, gözəl bənzətmələrlə, “qanadlı” ifadələrlə zəngin, axıcı, rəvan... Ancaq ha çalışırsan nəyisə canlandıra biləsən, alınmır ki, alınmır. Emində isə bu məsələ tamamilə başqa şəkildədir. Onun şeirləri çox görüntülüdür. Hər şey sadə, aydın, göz önündə. Amma bu görüntülər adi foto təsiri bağışlamır, cansız deyil, dinamikdir, dramatikdir: atılan bombaları da, partlayan mərmiləri də, “bir qolu balasında, biri özündə qalmış ananın” fəryadını da, “aylardır səngərdə-sevgidən, qadından uzaq” əsgərləri də, “torpaqdan dən yerinə barıt dənləyən serçə dimdiyini və bir də serçə kimi qorxu dənləyən əsgər ürəyini də” real olaraq görürük, izləyirik və yaşayırıq.
Doğma yurdlarından didərgin düşmüş uzaqların nisgilini, doğmalarına həsrət qalmış torpağın fəryadını şair ağlaya-ağlaya, göz yaşı tökə-tökə çatdırmağa çalışır. Onsuz da çox ağlamışıq, özü ağlasa da, oxucu qəlbində heç bir hiss oyatmayan şeirlər çox oxumuşuq. Ona görə də şair tamamilə başqa yol seçir. Təmizlik, paklıq rəmzi olan qara üz tutur. O qara ki, yağanda uşaqların bayramı olur, məsum uşaq əllərində isinir dumaq təmizliyiylə dünyanı təmizləyir. Amma indi
...qar vardı
uşaqlar yoxdu
müharibə qovmuşdu
yavruları torpaqlarından.
Onların yerində
tanklar oynayırdı.
Qar ağlayırdı uşaqlarçun,
can verirdi
tankların
qanlı tırtılları altında.
Ağlaya- ağlaya bizə təsir etməyə çalışan şeirdən daha çox təsir edir qəlbimizə bu misralar və qayğısız uşaqların yerində oynayan tankları da, qarın uşağlarçun darıxıb ağlamasını da, tankların qanlı tırtılları altında can verməsini də görürük və şairin arzusuna qoşuluruq.
Qar istəyir uşaqlar
tanksız,
yalansız,
əlcəkli qar,
yağırsansa belə yağ, qar!
Həsrət, əzab, kədər... mücərrəd məfhumlardır. Sanki gözlə görünməsi mümkün olmayan nəsnələri də Emin kimi şairin yardımıyla bəzən görə bilirik – müxtəlif ölçüdə, bənzərsiz biçimdə, həsrət də, kədər də dil açır, səninlə danışır, həmsöhbət olur və həsrətin də, kədərin dəhalına yanırsa, onu törədən insanlara, reyimlərə, nəsnələrə nifrət edirsən. Bir anlıq dünyanın yaxasından yapışıb silkələmək istəyirsən “Niyə bu fəlakətləri keçirirsən günahsız insanların boğazına, bəs deyilmi?!”
Hər cür pafosdan, yalançı hay-küydən uzaq səhnələrin mərkəzin də özümüzü görürük, hadisələr içimizdən keçir. “Uşaqlıq illərim asan keçməyib” şeiri kimin haqqındadır?! Şairinmi? Yox, mənim, sənin, başqalarının- hamının.
Sərhədin
Tikanlı məftilləri kimi görünürdü
Kasıb uşaqların gözündə
Məktəb bufetinin qapısı
Və ya:
Yalan danışmağı bacarmır atam
dodaqlarının titrəməsindən
Gözlərinin dolmasından bilinir
Ciblərinin yalanı.
“Dünyanın ən təmiz yalanı” şeirindən.
Və yaxud:
Evdə yeməyə
Bir şey tapmayanda
Anamın boyat nağıllarını
Yavanlıq eləmişəm.
“Mən zəhərlənəndə şeir qusmuşam” şeirindən. Bu sətirlərdən hamımız boylanıb baxmırıqmı?!
“Azərbaycan jurnalında dərc olunmuş “Müharibə silsiləsindən” şeirləri mənim Emin Piri ilə ilk tanışlığımdır. Belə səviyyəli şairin yəqin ki, çoxlu əsərləri, kitabları var. Yenə günah gəlir öz üstümə ki, belə bir şeirlə ilk dəfə qarşılaşıram. Bəlkə də yaşayış uğrunda mübarizə, ruzi axtarırsa ədəbi prosesləri lazımı şəkildə izləməyə imkan verməyib, bəlkə zaman ədəbiyyata, sənətə mənfur damğasını vurub, dəyərlər itib, hər nə isə günahkaram. Günahkaram ki, axına qarsız üzə bilməmişəm, elə Emin Piri kimi...
Ola bilsin ki, Eminin şeirləri nöqsanlardan da xali deyil. Axı, yalnız böyük Allahın yaratdığı hər şey nöqsansızdır. Yaradılmışın yaratdığı mütləq şəkildə kamil ola bilməz. Amma belə olsa da, Eminin şeirlərində də mən əskiklik görə bilmədim. Ola bilsin deyim tərzində, ahəngində nəsə yerində olmasın, qoy bu barədə başqaları danışsın, mən yalnız öz səmimi duyğularımı, şəxsi qənaətimi ifadə etməyə çalışdım. Sözümü Eminin bu misraları ilə bitirirəm.
Tanrım, sənin də yanında yalançı oldum,
Göndərə bilmədim əmanətini.
Sənə də can borcum qalıb,
Nisyə dəftərinə yazarsan məni.
İlham Əsgərov
Комментариев нет:
Отправить комментарий