06.09.2013

MƏKTƏBLİ FORMALARININ SATIŞI, YOXSA KEYFİYYƏTSİZ MƏHSULLARIN MONOPOLİYASI?

“İngiltərədə rənglənir, sonra Türkiyənin BOSSA firmasına göndərilir, ordan isə...”

Məktəbli formalarının satışı ilə bağlı yaranan ən müxtəlif problemlər ilk növbədə valideynləri, bəzi hallarda isə həm də istehsalçıları məyus edir. Mütəxəssislər isə əksər problemlərin yaranma səbəbini bu sahədə Təhsil Nazirliyinin monopoliya yaratmaq cəhdləri ilə izah edirlər. Paltarın keyfiyyətinə gəldikdə isə...
Reyhan adlı valideyn geyimlərin keyfiyyətindən və ölçülərindən razı olsa da, başqa fikirdə olanlar da var.
Valideyn Tofiq İsmayılov geyimlərin ölçülərində problem görməsə də istehsalında çatışmazlıqlar olduğunu deyir. “Hələ almamışam , amma keyfiyyət yaxşı olmur. Köynək, kostyumun özü hiss olunur ki, aşağı keyfiyyətli materialdan hazırlanıb. Uşaqlar onların içində tərləyirlər. Yüksək keyfiyyətlisi yoxdur”.
Birinci sinifdə oxuyacaq Fatiməyə forma alan Bəhruz Məmmədov isə qızının əyninə geyim tapa bilmədiyini deyir: “Ölçülərin düz gələni də var, gəlməyəni də. Məsələn, 27 ölçü götürürsən, gah qolu gödək çıxır, gah da uzun. Yəni dəqiq ölçü yoxdur. 3 geyim seçdik. İkisi gödək oldu. Birinin isə bütün ölçüləri düz gəldi, amma qolları uzun oldu. Onu götürdük. Qollarını kəsdirib təzədən tikdirəcəyik”.
Başqa bir valideyn Tünzalə xanım isə qiymətlərin bahalığından şikayətlənir: “40 manat verib həm forma alırıq, həm də əlavə olaraq onun köynəyini, ayaqqabısını və başqa çatışmayan nəyi varsa özümüz almalı oluruq. 40 manatadan əlavə də 40 manat veririk – bunun nəyi mənə sərfəlidir? Məcburi olmasa almaram”. 
Azad İstehlakçılar birliyinin sədri Eyyub Hüseynov Simsar.az-a açıqlamasında sezon başlayandan gün ərzində keydiyyətsiz məktəbli formaları ilə bağlı birliyə iki-üç zəngin daxil olduğunu deyir. Ekspert isə bu şikayətlərin daha çox formaların qeyri- peşəkar tikilməsi ilə bağlı olduğunu deyir. Ekspert həmçinin vurğulayır ki, bu məsələ Təhsil Nazirliyinin monopoliyasından götürülməzsə məktəbli formalarında olan problemlər də, valideyn şikayətləri də olduğu kimi qalacaq. “Hazırda məktəbli formalarının istehsalı ilə məşğul olan və ya məşğul olmaq istəyən başqa müəssisələrə qarşı xüsusi kampaniyanın keçirilməsi müşahidə olunsa da, bu haqsız rəqabətin əlaməti ilə yanaşı, nazirliyin yeyinti siyasətinin təzühürü kimi qəbul olunmalıdır”. 
Ekspert həmçinin,istehsal ilə yanaşı, satışı da monopoliyaya götürmüş satış mərkəzlərində uzunmüddətli növbələr, insidentlər və bütün bunların fonunda yenə də forma ala bilməyən minlərlə şagirdin müşahidə olunduğunu bildirir. Mütəxəssis bildirir ki, keyfiyyətsiz parçadan hazırlanan bu məktəbli formaları dəri xərçəngi kimi xəstəliyin yaranmasını belə risk altına alır. “Maya dəyəri ucuz başa gələn məktəbli formalarının tikilməsində istifadə olunan tikiş materiallları keyfiyyətsiz və Çin istehsalı olan paltar materiallarıdır. Oğlan və ya qızlar üçün tikilən kostyumların astarı, astarla parça arasında əsas rol oynayan “klyoş” və sapların keyfiyyətsizliyi açıqca seçilir”. 
Bunu Simsar.az-a açıqlamasında Bakı Tikiş evinin Satış şöbəsinin rəisi Etibar Əzimov deyib ki, geyimlərin materiallarına söz ola bilməz. “Çox keyfiyyətli və ekoloji cəhətdən bütün standartlara cavab verirlər. Həmin parçanın ipliyi İngiltərədə yundan istehsal olunur, oradan Türkiyəyə göndərilərək BOSSA firmasında rənglənir və buraya gətirilir. Biz 45 gün əvvəldən ödəniş edirik, 45 gün ərzində həmin iplik Türkiyəyə gəlir, orda istehsal olunaraq bizə göndərilir. Bütün materiallarımız Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən yoxlanılaraq təsdiq edilir. O, həmçinin "BTE"-nin məhsullarının Avropa labaratoriyalarının sertifikatına malik olduğunu bildirdi”. 
Mağazada adamların növbəyə dayanmalarına gəlincə, satış şəbəsinin rəisi satışların il boyu davam etdiyini qurtarmadığını bildirir. “12-15 satış mərkəzimiz fəlaiyyət göstərir. Bu ildən məktəbli geyimlərinin satılacağı mərkəzlərin sayını artıracağıq. Artıq Abşeron və Sumqayıt məktəblərinin də şagirdləri məktəbli geyimlərini öz ərazilərindən əldə edirlər. Abşeron rayonu üzrə 4 məntəqədə - 2-si Xırdalanda, 1-i Saray və 1-i Mehdiabad qəsəbəsində, Sumqayıtda isə 2 mağazada yeni qiymətlərlə məktəbli formasının satışına başlanılıb. Ümumilikdə isə 20-ə yaxın mağazada məktəbli geyimlərinin satışı həyata keçirilir. Bunda əsas məqsəd isə Sezon başladıqda saysız növbələrin və yarana biləcək insidetlərin qarşısını almaqdan ibarətdir. Məktəbli geyimlilərinin 26 ölçüdən 44 ölçüyədək geyimlərin qiyməti 40-45 manat idisə, hazırda ibtidai sinif şagirdləri üçün 26 ölçüdən 44 ölçüyə kimi bütün geyimlərin qiyməti yalnız bir qiymətə, 40 manata olacaq. Yuxarı sinif şagirdləri üçün əvvəl 34 ölçüdən 54 ölçüyədək geyimlər 53-55 manat idisə, 52 manata satılacaq”.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Simsar.az-a açıqlamasında bildirir ki, hər il saxta məktəbli formalarının istehsalı və satışı ilə bağlı müəssisələrdə yoxlamalar aparılır. Bakı Tikiş Evinin məhsullarının keyfiyyətində heç bir problem yoxdur, lakin hər il bizə siqnallar daxil olur ki, BTE-nin adından bir neçə ünvanlarda məktəbli formalarının satışı həyata keçirilir. Artıq avqust ayından başlayaraq, məktəbli formalarına istehlakçı tələbatı çoxalmağa başlayır. Bu ərəfələrdə isə qeyri-legal fəaliyyət göstərən sexlər peyda olmağa başlayır. İstehsal yeri məlum olmyan, lakin satış yeri bəlli olan satış mərkəzlərində bu formaların satışı həyata keçirirlir. Belə hallarla rastlaşdıqca lazımi tədbirlər həyata keçirilir. Mətbuatı da bununla bağlı məlumatlandırırıq. Məsələn, dünən bizə bir neçə belə siqnal daxil oldu. Təbii ki, həmin yerə gedərək lazımi tədbirləri həyata keçirtdik. Mən istehlakçılara bildirmək istəyirəm ki, keyfiyyətsiz və təhlükəli olan məktəbli formaları “BTE” adından satılaraq alıcıların aldadılmasına səbəb olur. Beləliklə, rəqabət şəraiti yaranır və sahibkarın və istehlakçının hüquqlarının pozulmasına gətirib çıxarır. Alıcılar məktəbli formalarını “BTE”-nin firma və mağazalarından alsınlar, çünki yalnız orda satılan məhsullar BTE-nin məhsullarıdır.
Təhsil Eksperti Məhərrəm Zülfüqarlı isə məktəbli formalarının məcburi qaydada satılmasını təhsil nazirinin şəxsi maraqlarından irəli gəldiyini deyir. “Vahid Məktəbli formalarının olması əslində müsbət haldır. Ancaq bunun məcburi olaraq bir yerdən alınması fikri məqsədəuyğun deyil. Söhbət milyonlarla manat dəyərində böyük biznes əməliyyatından gedir. Məktəbli formaları Çində istehsal olunan həddən artıq keyfiyyətsiz parçalardan tikilir. Bu da şagirdlərin müxtəlif dəri xəstəliklərinə yoluxma riskini artırır. Şirkətlərə Patent Komitəsi uyğunluq sertifikatı verib. Lakin komitə parçaların mənbəyi ilə maraqlanmayıb. Qanunvericilikdə nəzərdə tutulduğu kimi formalar analizlərdən keçirilməyib. Sadəcə, qarşılıqlı razılaşma əsasında şirkətlərə lisenziya verilib. Burada ciddi cinayət hadisəsi baş verib. Lakin valideynlər də üzərlərinə düşən məsuliyyəti dərk etməlidirlər. Əslində, valideynlər formaların ekspertizasını tələb etməli, paralel olaraq müstəqil ekspertlərə müraciət olunmalıdır”. 
Məsələ ilə bağlı Təhsil Nazirliyinə mürtaciət etsək də sorğumuzu cavbalandıran olmadı. Görünür təhsil naziri dəyişilsə də, nazirliyin mətbuat xidməti köhnə abu-havadadı. 

simsar.az


Комментариев нет:

Отправить комментарий