11.04.2014

Cəlal Əliyevin adamları həbs olundu

AMAY Şirkətlər Qrupunun prezidenti Abdulla Abdullayevin həbsi gündəmin əsas mövzularından biri olaraq qalır. Abdulla Abdullayevin həbsi barədə Baş Prokurorluq məlumat yayıb. Məlumatda deyilir ki, Iqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan A.Abdullayevlə bağlı daxil olan material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. İlkin araşdırma zamanı toplanan sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Bu günlərdə Baş Prokurorluq başqa bir iş adamının həbsi barədə məlumat yaymışdı. Söhbət “Meridian Company” MMC-nin təsisçisi Rauf Kərimovdan gedir.
2002-ci ildə yaradılan “Meridian Company” nəqliyyat şirkətidir və Rauf Kərimov da “Qaradağ Sement” ASC-nin əsas nəqliyyat partnyorlarından olub. Həmin vaxt “Qaradağ-Sement” Cəlal Əliyevin patronajlığı altında fəaliyyət göstərib. Deməli, Rauf Kərimovun da Cəlal Əliyevlə hansısa bağlılığı olub. 
Abdulla Abdullayev də Cəlal Əliyevin yaxın adamlarından biri olub. Və maraqlıdır ki, onun da bir neçə il əvvəl “Texnikabank”la problemləri olub. Hətta adıçəkilən bankla aralarında yaranmış qalmaqala görə, Abdulla Abdullayevə yaxın şəxslər həbs olunmuşdu. Lakin sonradan Abdulla Abdullayev onların azadlığa çıxmasına nail oldu.
Qəzetimizin ötən saylarında məlumat vermişdik ki, Abdulla Abdullayevə təzyiqlər Cəlal Əliyevə görə olub. Cəlal Əliyev küncə sıxışdırıldıqdan sonra onun adamlarının də zərərsizləşdirilməsi prosesinə başlanılıb. Rauf Kərimovun həbsi də bu qənaəti yaradır. 
Bununla belə Abdulla Abdullayevin həbsilə bağlı başqa mülahizələr də var. O, hələ 2010-cu ildə mətbuata açıqlamasında bildirmişdi ki, AMAY Şirkətlər Qrupunun fəaliyyətinə maneələr var. O, konkret ad da çəkmişdi: “Azərsun” holdinqin prezidenti Abdulbari Gözəl.
Abdulla Abdullayevin sözlərinə görə, Abdulbari Gözələ məxsus olan “Sənaye” bankından götürdükləri kreditin əsas hissəsini geri qaytarsalar da, bank girov qoyulan əmlakı geri qaytarmır. “Abdulbari Gözəl cəmiyyətdə elə qorxu yaradıb ki, Azərbaycanda nüfuzlu şəxslər ondan qorxur və buna görə ümumiyyətlə ona söz deməyə cəhd göstərmirlər. Mənsə Abdulla Gözələ deyirəm ki, Azərbaycanda səndən hər kəs qorxa bilər, amma bil ki, səndən nə qorxuram, sözünü tutmadığın üçün nə də sənə hörmətim var. Gözəlin bu davranışının adı zorakılıqdır. Əgər zorakılıqla mənim malıma-mülkümə əl qoymaq fikri varsa, bunu güclü bir iş adamı kimi mənə elan etsin, mən də işimi bilim. Amma onu da bilsin ki, bu fikrə düşübsə, yalnız və yalnız mənim meyitimin üstündən keçəndən sonra buna nail ola bilər”, - deyə o sərt açıqlamalar vermişdi.
Abdulbari Gözəl hakim ailəyə yaxın şəxsdir. Daha doğrusu o, hakim ailənin biznesini idarə edən şəxsdir. Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun (ICIC) müxbiri Stefan Candeanın araşdırması nəticəsində “Azərsun”un hakim ailəyə məxsus olduğu üzə çıxıb.
Beləliklə də Abdulla Abdullayev Gözəllə toqquşmaqla əslində hakim ailəyə meydan oxuyub. Bu 2010-cu ildə baş versə də, Abdulla Abdullayevin həbsini şərtləndirən səbəblərdən biri kimi qiymətləndirilir. /politika.az/

Комментариев нет:

Отправить комментарий