12.04.2014

Hakimiyyətdən Rövnəq Abdullayevə sərt hədə

ARDNŞ prezidenti Rövnəq Abdullayevlə bağlı hakimiyyət son qərar vermək ərəfəsindədir. Xəbərlərə görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakı səfərindən sonra R.Abdullayev çox gərgin və pərişan görünür.
Ərdoğanın səfərindən sonra ARDNŞ prezidentinin taleyinə də böyük ölçüdə aydınlıq gətiriləcəyini yazmışdı. Bu barədə məlumatlarda deyilirdi ki, R.Abdullayevin adı Ərdoğanın hörgüt adlandırdığı “Hizmət” hərəkatına (nurçular) həm Bakıdan, həm Türkiyədən ciddi maliyyə dəstəyi verənlər siyahısındadır.
AKP hökuməti ARDNŞ-in (beynəlxalq adı SOCAR) Türkiyə bölümü üzərindən “Hizmət” hərəkatına bağlı qurum və şəxslərə, o cümlədən də azərbaycanlı nurçulara külli miqdarda vəsait ötürməsindən şübhələnirdi.
Həm baş nazirin, həm Azərbaycan prezidentinin bəyanatlarından da belə məlum olurdu ki, “Hizmət” hərəkatı ilə hər hansı ilişgisi olanlarla bağlı ciddi qərarlar veriləcək.
Digər ekspertlər də bu səfərdən sonra R.Abdullayevlə bağlı hərəkətlilik olacağını düşünürdülər.
Beləliklə, etibarlı mənbənin xəbəri təsdiq edir ki, R.Abdullayevlə bağlı proses artıq başlayıb. Məlumata görə, R.Abdullayevin hakimiyyətdə ciddi səs-küy yaratmış media layihəsinə “stop” işarəsi qoyulub. Jurnalistlərə ən yüksək məvacib vəd edən və artıq formalaşmağa başlayan “Rövnəq Abdullayev komandası” bütün hazırlıqlarını qəfil dayandırıb. Komandada işləməyə razılaşanlara deyilib ki, “gözləsinlər”. R.Abdullayevin yaxın adamları media-proyektinin dayandırılmasında dolayısı ilə başqa bir media-oliqarxın “barmağı” olduğuna işarə etsələr də, əslində “dayanın” əmrinin daha yuxarıdan gəldiyi məlumdur. Çünki R.Abdullayev və komandası əlbəttə ki, ən yuxarıdakı şəxslə razılaşdırmadan bu işə başlaya bilməzdilər. Daha yuxarıdan sanksiyalaşdırılan media proyektini isə ən güclü oliqarx belə təbii ki, istəsə də öz təşəbbüsü ilə durdura bilməzdi. Bu səbəbdən də aydındır ki, R.Abdullayevin yaxın ətrafı “tormozun” əsl səbəbini gizlətmək zorundadırlar. Və ya bəlkə bundan sonra nələr olacağından, hakimiyyətin, nəhayətdə, hansı qərar verməsindən ümumiyyətlə xəbərsizdirlər...
“Azadlıq” qəzetinin iddiasına görə isə Rövnəq Abdullayev yaxın günlərdə baş nazir təyin edilməli imiş. Qəzet yazır ki, prezident aprelin 15-də Rövnəq Abdullayevin hətta bu posta təyin olunması barədə sərəncam imzalamalı imiş. Lakin Ərdoğanın səfərindən sonra qərar dəyişib. Səbəbini yuxarıda dedik..
R.Abdullayevin yaxın ətrafı da hazırda çox narahatdır. Aprelin 3-də 49 yaşı tamam olan R.Abdullayev bu tədbiri təmtəraqsız, yalnız ailə üzvlərinin və bir neçə yaxın qohumunun iştirakı ilə keçirib. Hətta rəhbəri olduğu AFFA-da belə bu təqvimin yada salınmasını istəməyib. Onun yaxın ətrafı da son günlər bizneslərində ehtiyatlı mövqe tutmağa çalışırlar və hər an R.Abdullayevin işdən azad olunacağını gözləyirlər. R.Abdullayevin bir neçə rayona rəhbərlik edən icra başçıları olan kadrları (məsələn, Şamaxı, Pirallahı) da ciddi təlaş içərisində olduqları deyilir.
Gələn il ARDNŞ-ə rəhbərlik etməsinin 10 ili tamam olacaq R.Abdullayevə hakimiyyətin münasibətinin dəyişdiyini media layihəsinin dayandırılmasından görmək olar. Son 9 ildə R.Abdullayev ölkəni ən imkanlı oliqarxlarından birinə çevrilib və hakimiyyətdə inanılmış məmurlardan sayılır. Amma hakimiyyət daxilində daima yeniləşən və bəzən amansız xarakter alan daxili savaşda həmişə qalib olmaq mümkün də deyil. Ona görə də R.Abdullayevin qəzəbə gəlməsini birmənalı olaraq “Hizmət” hərəkatına bağlamaq fikrində deyilik. 
Ola bilsin ki, R.Abdullayev həm də baş nazirlik uğrunda gedən mübarizədə rəqiblərinin “yeminə” çevrilsin. Çünki illərdi bu vəzifəyə can atanlar siyahısında fövqəladə hallar naziri Kəmaləddin Heydərov, maliyyə naziri Samir Şərifov, nəqliyyat naziri Ziya Məmmədov, baş nazirin birinci müavini Yaqub Eyyubov və spiker Oqtay Əsədov kimi nüfuzlu məmurların adı hallanır. O da istisna deyil ki, R.Abdullayev sadəcə, öz “neftxuda” dövrünü başa vurub və hakimiyyət onunla yollarını ayırmaq istəyir.
Hər halda belə xəbərlər də var ki, artıq ARDNŞ prezidenti olmaq uğrunda da gizli mübarizə başlayıb. Bu sırada ARDNŞ-in iki vitse-prezidentinin adı çəkilir. Bakı klanın himayəsində olan həmin vitse-prezidentlər R.Abdullayevə formal olaraq tabedirlər və ona hesabat vermirlər. Amma ARDNŞ prezidenti sürpriz ad da ola bilər. Gözləyək... /politika.az/

Комментариев нет:

Отправить комментарий